• 22 Dekabr 2024

ZƏKAT İSLAMIN KÖRPÜSÜDÜR

Əziz müsəlmanlar!

Bütün insanlığın yeganə haqq dini olan Uca dinimiz İslam, beş təməl əsas üzərində qurulmuş müqəddəs bir dindir. Bu beş təməl əsaslardan biri, fəzilət və hikməti çox böyük olan zəkat ibadətidir. Zəkat hicrətin ikinci ilində fərz qılınmış mal ilə edilən bir ibadətdir.

 

Uca Allah Qurani-Kərimin bir çox yerində  zəkatdan bəhs edərək zənginlərə qazanclarının qırxda birini fəqirlərə zəkat olaraq vermələrini əmr edir.

Zəkatın lüğəti mənası təmizlik deməkdir. Bu təmizlik zəkatı verənə aid olduğu kimi, zəkatı verilən mala da aiddir. Çünki, zəkat malın mənəvi kiri və yüküdür. Bu səbədən zəkat verən şəxs həm özünü günahlardan təmizləmiş,  həmdə malını bu mənəvi yükdən qurtarmış olur.

Zəkat sözünün başqa bir mənası isə çoxalmaq və artmaq deməkdir. Bunun üçün zəkat verməklə heç vaxt mal azalmaz; əksinə artar və çoxalar.

Zəkatın fərz qılınmasından bəri Allahın əmr etdiyi kimi səmimi olaraq sevə-sevə zəkatını verən heç bir zənginin kasıblaşıb iflasa uğradığı tarix boyu görünməmişdir. Əksinə zəkatlarını verən zənginlərin daha da zəngin olduqları, zəkatlarını verməyənlərin isə fəlakət və müsibətlərə düçar olduqlarını çox görmüşük.

Sevimli Peyğəmbərimiz (səs) bu barədə bir hədisi-şərifində belə buyurur:

 

“Hər səhər yer üzünə iki mələk enər. Bu mələklərdən biri belə deyər: ( Allahım! Malının zəkatını verənə əvəzini ver, ondan daha çoxunu ehsan buyur.) Digər mələk isə belə deyər: (Allahım! Xəsislik edərək malının zəkatını verməyənə cəzanı verərək onu yox eylə.)

Digər bir hədisi-şərifdə isə belə buyrulur:

“Mallarınızı zəkat verməklə qoruyun. Xəstələrinizi sədəqə verməklə müalicə edin. Çeşidli bəlalara qarşı Cənabı Haqqa dua və niyaz edin.”

Deməli, zəkat verməklə nə mal azalır, nə də zəngin kasıblaşır. Uca Rəbbimiz bu barədə belə buyurur:

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül  verən toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi şəxs üçün bunu qat-qat artırar. Allahın lütfü genişdir. O, hər şeyi biləndir.” (Bəqərə 61.)

Qurani-Kərim, zəkat verməyə gücü yetdiyi halda zəkat verməyənlərin axirətdəki vəziyyətini  belə izah edir:

“Ya Peyğəmbər! Qızıl, gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb bunlar vasitəsi ilə onların alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara) “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınızın (əzabını, acısını) dadın!” deyiləcəkdir.” (Tövbə 34,35)

       Allah Rəsulu (səs) isə belə buyurur:

    “Bir şəxs Allahın ona verdiyi malın zəkatını verməmişsə, o mal qiyamət günü onun boynuna qorxunc və zəhərli bir ilan kimi sarılıb və: “mən sənin malınam, mən sənin dövlətinəm” deyərək ona əzab verəcəkdir.

      Möhtərəm müsəlmanlar!

Zənginlik mal-mülk, bir  əmək  məhsulu, bir çalışmanın nəticəsi olsa belə, yenə Allahın lütfüdür. Çünki, Allah istədiyi şəxsə mal, dövlət  ehsan edər. Allahın bu İlahi lütfünə nail olaraq zəngin olanın var-dövlətini Allah rizası üçün deyil, boş şeylərə sərf etməsi o adam üçün çox qorxunc nəticələr verəcəkdir. Bu cür adamların axirətdə acı bir əzaba uğraması yuxarıda oxuduğum ayətdə də bildirilmişdir.

     Əziz möminlər!

Gəlin Allahın bizə verdiyi malı, sadəcə Allah yolunda xərcləyək. Zəkatlarımızı riya və ğöstəriş olmadan tam bir ixlasla ehtiyac sahibi olan həqiqi müsəlmanlara verək. Peyğəmbərimizin (səs):

    “Zəkatını ixlaslı bir şəkildə verməyən kəs, heç zəkat verməyən kimidir.” buyurduğunu heç vaxt yaddan çıxarmayaq. Zəkat vermək üçün bütün sərvətini gətirərək, Hz. Rəsulullahın ailənə və övladlarına nə saxladın?-sualına, Allah və Rəsulunu ya Həbiballah,-deyə cavab verən Hz. Əbu Bəkr kimi möminlərdən  ibrət  alaq.

 

Uca Rəbbimiz cümləmizi, Allahın “zəkat ver” əmrini xəsislik göstərmədən tam bir səmimiyyətlə  yerinə yetirən qullarından eyləsin!

Zekat islamin korpusudur

10 Avqust  2011 / 21  Ramazan 1433

 

 

 

 

Read Previous

Ramazan Və Quran

Read Next

Təbliğ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.