• 19 Mart 2024

İntihar.

Möhtərəm mominlər, Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir.

Ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Dünyada intihar edənlərin təxminən bir faizi Azərbaycanın payına düşür.  Statistikaya görə, keçən ilin yalnız 3 ayında respublikada 76 nəfər intihar edib. Onlardan 60-ı kişi, 16-sı qadındır. İntihar faktları daha çox Bakıda, Sumqayıtda, Şəkidə, Gəncədə , Naxçıvanda və şimal bölgəsində qeydə alınıb.

Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Amma çox qəribədir ki, ruhi böhran və intihar hadisələrinin əksəriyyəti rifah səviyyəsi yüksək olan ölkələrdə baş verir.

Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir. Bu günki xütbəmizdə bu və digər sualları cavablandırmağa çalışacağıq.

Bildiyimiz kii, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən kimsə bütün insanları öldürmüş kimidir[1]. Çünki insan dəyərli bir varlıqdır. Bu varlığın canını, malını və namusunu İslam öz mühafizəsi altına almışdır və bu üç şeyə toxunmağı qadağan etmişdir. Qurani-Kərimdə Rəhman olan Allahın qullarının xüsusiyyətləri sadalanarkən belə deyilir: “Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar[2]

Başqa bir ayədə isə belə buyurulur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar![3]

O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha böyük günahdır.

İslama görə, insanın vücudu onun öz malı deyil, ona verilmiş bir əmanətdir. Özünə qəsd etmək, əmanətə xəyanət etmək mənasına gəlir. Buna görə, İslam dini yalnız intihar etməyə mənfi münasibət bəsləmir, bununla yanaşı, insanın hər hansi bir bədən üzvünün kəsilməsinə də icazə vermir. Qurani-Kərimin «Nisa» surəsinin 29-cu ayəsindəki “özünüzə qəsd etməyin” ifadəsi intiharın qəti bir surətdə haram olduğuna dəlildir.

Ayrıca Qurani-Kərim bir insanın öldürülməsini bütün bəşəriyyətin məhv edilməsi ilə eyni səviyyədə tutaraq, insan həyatının qorunmasını dinin əsas məqsədlərindən biri kimi qeyd edir.

Qeyd etdiyimiz kimi, İslam hansı səbədən olursa olsun intiharı qadağan etmişdir. Belə ki, həzrət Peyğəmbər müharibə əsnasında  yaralanan və ağrının şiddətinə dayana bilməyərək özünə qəsd edən kimsənin cəhənnəmə gedəcəyini vurğulamışdır. Bir başqa hədisdə isə intihar edən kimsənin axirətdə davamlı bir surətdə intihar etdiyi kimi cəzalandırılacağını bəyan etmişdir. Allah Rəsulu hədislərilə yanaşı, öz davranışları ilə də intiharın Allah tərəfindən xoş qarşılanmadığını ifadə etmişdir.

İmanı güclü olan şəxs əsla intihara əl atmaz.

Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Halbuki onların daha ağır əzablara düçar olacaqlarını bu hədislərdən görmək olur: “Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir[4] Başqa bir hədisi şərifdə isə belə buyurulur:

Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır[5]

Əziz möminlər, nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır. Rəvayət olunduğuna görə səhabələrdən Amr ibn As Zatu`s-Səlasil səfərində ihtilam olur, (yəni qüsl almaq ona vacib olur) hava çox soyuq olduğu üçün su ola ola ölüm qorxusundan təyəmmümlə namaz qıldırır. Daha sonra bu hadisə Hz Peyğəmbərə xəbər verildikdə Amrın bu hərəkətini bəyənərək onun bu hərəkətini tənqid etmir.[6]

İntihar əvvəlki ümmətlərdə də haram olmuşdur. Cundub ibn Abdullah Hz Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Sizdən əvvəlki ümmətlərdən birində yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyib bıçaq götürərək əlini kəsir. Ancaq qanı kəsə bilmədiyi üçün ölür. Allah-Təala onun haqqında belə buyurdu: “Qulum can (alma) haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım[7]

Hz. Rəsulullah (s) Xeybər döyüşündə aldığı yaralara dözə bilməyib qılıncı ilə özünü öldürən səhabənin də cəhənnəmə gedəcəyini xəbər vermişdir.[8]

Gördüyümüz kimi, intihar qurtuluş yolu deyil, əksinə əbədi olan axirət həyatını bərbad etməkdir. Qurtuluşun yolu “sıratu-mustaqim” deyə ifadə edilən haqq yol ilə gedərək müsibətlərə səbirli və dözümlü olmaqdır. Hər çətinliyin arxasında bir asanlıq, hər məğlubiyyətin arxasında bir zəfər vardır.

Unutmayaq ki, bədən Uca Allahın insan övladına verdiyi ən böyük əmanətdir. Bu əmanəti  qorumaq lazımdır. Buna görə də insanın mənəvi və fiziki sıxıntılara sona qədər səbir göstərməsi İslamın qayəsidir. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edəcəyini düşünən kimsə dərhal üzləşəcəyi qəbir və daha sonra axirət həyatında daha böyük sıxıntı və fəlakətlərlə qarşılaşacaq.

Əziz müsəlmanlar, xütbəmə yuxarıda oxuduğum hədislə son verirəm: “Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir[9]

Müşfiq Xəlilov.


[1] Maidə 32.

[2] Furqan 68-69.

[3] Nisa 93.

[4] Buxari. Müslim.

[5] Buxari, Müslim, Əbu Davud.

[6] Əbu Davud, Əhməd bin Hənbəl.

[7] Buxari.

[8] Buxari, Müslim.

[9] Buxari. Müslim.

Read Previous

Azan.

Read Next

Zənn etməkdən çəkinin!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.