• 22 Dekabr 2024

Zənn etməkdən çəkinin!

Zenn etmek.

Əziz müsəlmanlar, bugünkü mövzumuz dəqiq bilmədiyimiz bir şey haqqında dəqiq bir fikir söyləmək, yəni zənn etmək haqqında olacaqdır. Zənn iki cürdür. Hüsnü zənn; yəni yaxşı zənn. Sui zənn; yəni pis zənn. Hər hansı bir kimsəyə hüsnü zənn etmək günah deyil. Əksinə bəyənilən bir haldır. Sui zənn etmək isə günahdır və bəyənilməyən bir haldır. Sui zənn bir müsəlmanı pis insan olaraq zənn etməkdir. Bir müsəlmanın günah işlədiyini zənn etmək sui zəndir.  Biz insanlar əsasən hadisələri öz gördüyümüz şəkliylə şərh edirik. Hətta çox vaxt dəqiq olaraq görmədiyimiz və ya bilmədiyimiz bir hadisəni şüphə və tərəddüt etmədən  yüzdə yüz bu iş belədir deyə fikir irəli sürürük. Ancaq heç bir zaman, görəsən yanılmış ola bilərəmmi, bəlkə məsələ mən fikirləşdiyim kimi deyildir deyə heç düşünmürük. Halbuki bu, zəndən başqa bir şey deyildir. Zənnin çoxu isə yalandır. Yalan isə Allah qatında ən böyük günahdır. Elə  bu səbəblə Uca Allah zənn etməyi qəti bir şəkildə qadağan edərək belə buyurur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[1]

Bunun üçün hadisələri öz anlayışımıza görə yorumlamaq və başqa kimsələrə də bu şəkildə çatdırmaq böyük bir səhvdir, zəndir və günahdır.

Əziz möminlər, Quranın ifadəsiylə desək həqiqətən zənnin bəzisi yəni heç bir əsası olmayan zənn günahdır. Və çox vaxt insan zənnində yanııla bilər. Bunu bir misal verərək açıqlamağa çaılşaq:

Hesab edin ki,  seyr edilən bir filmin son on dəqiqəsinə yetişdik və seyr etməyə başladıq.  Bu filmdə bir adam qaçaraq yolun kənarına gəlir və  yaşlı bir xalanın qoluna girərək yolun qarşı tərəfinə keçirməyə başlayır. Elə bu əsnada  başqa bir adam əlində silahla gəlir və xalanı yolun qarşısına keçirməyə çalışan adamın kürəyindən vurur və film burada qurtarır. Filmin yalnız bu bölümünə baxdıqdan sonra nə düşünərdik görəsən? Yaşlı xalanı yolun o tərəfinə keçirən bu xeyirxah insanı öldürən o adama çox hirslənərik. Hətta ona nifrət edərik  yəqin ki. Ancaq filmi başdan-ayağa izləsəydik qoca xalanı yolun qarşı tərəfinə keçirən adamın bir qatil olduğunu və xalanı da qızıllarını oğurlamaq üçün qaçıracağını, bu səbəblə də qoluna girib güya yaxşılıq etməyə çalışdığını əslində isə bu hərəkətiylə iz azdırmaq olduğunu bilərdik. Onu vuran adamın isə polis olduğunu və qatili vuraraq xalanı qurtarmış olduğunu görəcəkdik.

Möhtərəm möminlər, ətrafımızda baş verən hadisələr də belədir. İnsanların yaşadığı həyatları, baş verən hadisələri başından sonuna qədər bilmədən, o anda gördüyümüz haqqında fikir irəli sürmək zəndir. Nəcm surəsi 28 ci ayədə buyurulduğu kimi “Zənn isə əsla həqiqət ola bilməz!” Və zənnin çoxu yalandır. Yalan isə ən böyük günahdır. Böyük günahların cəzası isə cəhənnəmdir.

Əziz qardaşlar, sui zənn yalnız insanlara qarşı deyil bəzən Allaha qarşı da olur ki bu da doğru deyildir. Məsələn; Allah məni bağışlamaz mən cəhənnəmliyəm, demək Uca Allaha qarşı sui zənn etməkdir. Halbu ki, Qurani Kərimdə Allah bağışlayan və rəhm edəndir, tövbələri qəbul edəndir. Allahdan ümidinizi kəsməyin deyə bir çox ayələr vardır. Həmçinin bir qüdsi hədisdə belə buyurulur:  “Qulum məni necə zənn etsə, ona zənn etdiyi kimi rəftar edərəm.”[2] Bu barədə digər hədislərdə isə belə buyurulur:

“Uca Allaha hüsnü zənn edin”[3]

“Allah Təalaya hüsnü zənn bəsləmək ibadətdir.”[4]

Xütbəmi bir hədisi şəriflə yekunlaşdırıram: “Zəndən çəkinin. Çünki, sözün ən yalanı zəndir”[5]

 

Müşfiq Xəlilov.


[1] Hucurat, 12.

[2] İbni Hibban.

[3] Müslim.

[4] Əbu Davud.

[5] Müslim.

Read Previous

İntihar.

Read Next

Sələm (Faiz)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.