• 27 Dekabr 2024

Sələm (Faiz)

Faiz

Möhtərəm möminlər, bugünkü xütbəmizin mövzusu sələm yəni faiz haqqında olacaqdır. Əvəzsiz mal əldə etməyə əsaslanan faiz böyük bir qul haqqına toxunmaqdır. Zahirən insanlara yardım və əlac kimi görünsə də həqiqətdə çətin vəziyyətdəki insanların çarəsizliyini istismar etməkdən başqa bir işə yaramayan böyük bir müsibətdir. Dini və əxlaqı duyğuları söndürən və iqtisadiyyatın içini gəmirən xəbis bir işdir. İnflyasiyanı artırmaqla varlının daha çox güclənməsinə, möhtacların da daha çox əzilməsinə səbəb olur. Beləliklə cəmiyyətdə təbəqələr arasında dərin uçurumlar meydana gətirir. Halbuki, məşhur iqtisadçıların dili ilə desək, iqtisadi cəhətdən ən yaxşı səviyyədə olan cəmiyyət inflyasiya və faiz nisbətlərini sıfıra endirən cəmiyyətdir. Bununla yanaşı, faizin işsizliyi artırmaq, süni qiymət artımına yol açmaq, yardımlaşmaq, sevgi və mərhəmət kimi əxlaqi duyğuları zəiflətmək, mənfəətpərəstliyə təhrik edib pul və nüfuz qazanmaq hərisliyini qamçılamaq kimi bir çox zərərləri vardır.

Faizlə pul vermək insanları çalışıb qazanmaq və istehsal ilə məşğul olmaqdan uzaqlaşdırır. Faizə alışan insanlar əkinçilik, sənət, peşə və ticarət kimi təməl qazanc yollarını tərk edir. Geridə yalnız pul ilə pul qazanmaq yolu qalır ki, onun da qarın doyurmadığı bir müddət sonra hər kəs tərəfindən anlaşılır.

Faiz böyük çəkişmələrə və ardı-arası kəsilməyən düşmənçiliyə səbəb olur. Tərəflər arasında düşmənçilik və ədavətə səbəb olmaq baxımından faizə bənzəri yoxdur. Faizin ən pis tərəfi də insanın ona aludə olub uzun müddət ondan xilas ola bilməməsidir. Yorulmadan pul ilə pul qazanmaq bəzi insanların xoşuna gəlsə də, bu hal fərdlərin və cəmiyyətin əleyhinədir. Hətta uzun zaman cəmiyyətdəki əmək-sərmayə münasibətlərini alt-üst etdiyindən sonda birbaşa faiz yeyən insanların da əleyhinə çevrilir.

Faiz bütün dinlərdə haram buyurulan bir günahdır. Çünki onun zərəri aydındır. Ayələrdə bunun hətta yəhudilərə də qadağan edildiyi bildirir.[1]

Uca Allah bir ayədə belə buyurur: Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar![2]

Əziz möminlər, Allah təala fazi yeyəndən başqa heç bir asi və günahkara Qurani-Kərimdə müharibə elan etməmiş, bu qədər şiddətli şəkildə təhdid etməmişdir. Bu hal faizin nə qədər böyük bir günah olduğunu göstərməyə kifayətdir. Bu ilahi xəbərdarlıqlar arasında kor və kar davranmaq faiz yeməyə davam edənlərin necə pərişan olduqlarını bir fakt olaraq hər gün hər addımda görürük.  Başqa bir ayədə isə Uca Allah belə buyurur: Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

Cabir (r.a.) belə deyir:

Hz. Peyğəmbər  fazi yeyənə, yedirənə, bu müamiləni yazan katibə və şahidlərinə lənət edib: “Onlar (günah qazanmaq baxımından hamısı) eynidir.”[3] buyurdu.

Digər bir hədisi-şərifdə isə belə buyurulur:

“Faiz yoluyla malını artıran hər kəsin aqibəti malının azalaraq kasıbçılığa düçar olmasıdır.”[4]

Rəsulullah (səs) sələm-faiz mövzusunda o  qədər tələbkar davranmışdır ki, hətta ən kiçik bir boşluq belə saxlamamış və bu mövzudakı ölçüləri son dərəcə həssas bir şəkildə ortaya qoymuşdur. Məsələn, bir hədisi-şərifdə belə buyurulur: “Biriniz qardaşına borc pul verdiyi zaman borc alan kimsə ona bir şey hədiyyə edərsə, qəbul etməsin və ya miniyinə mindirmək istəyərsə, ona minməsin. Ancaq daha əvvəl aralarında hədiyyələşmək və yardımlaşmaq varsa bu müstəsna.”[5]

Başqa bir hədisi-şərifdə belə buyurulur: İnsanlar üzərinə elə bir zaman gələcək ki, faiz yeməyən heç kimsə qalmayacq! İnsan (faizi birbaşa özü)  yeməsə də ona tozundan bulaşacaq.”[6]

Əziz müsəlmanlar, bütün bu ifadələrdən “İndiki dövrümüzdə faizsiz bir cəmiyyət düşünmək mümkün deyil” kimi  bir məna çıxarmaq düzgün deyildir. Əgər elə olsaydı, Allah təala faizi qadağan etməzdi. Çox gözəl faizsiz bir həyat yaşanıla bilər və bunun zənn ediləndən daha gözəl olacağı da şüphəsizdir. Bunu bacaran cəmiyyətlər də mövcuddur. Dünyanın bir çox ölkələrində  faizsiz fəaliyyət göstərən banklar mövcuddur  və heç biri də iflas etməmişdir. Hal hazırda dünyanın ən böyük min bankın səksən doqquzu faizsiz fəaliyyət göstərən banklardır. Bunun üçün müsəlmanların üzərinə düşən vəzifəsi faizin yayıldığı zamanlarda ciddi mübarizə etməklə onu həyatlarından çıxartmaq və faizdən uzaq tərtəmiz bir cəmiyyət meydana gətirməkdir. Xütbəmə faiz yeyənlərin cəzası ilə əlaqəli bir hədisi-şəriflə son verirəm:

Hz. Peyğəmbər (səs) belə buyurdu: “Merac gecəsi bir qrup insanlara baş çəkdim ki, qarınları evlər kimi iri idi. Qarınlarının içi ilanlarla dolu idi və bunlar çöldən görünürdü. Mən: “-Ey Cəbrail, bunlar kimdi?” –deyə soruşdum. “-Bunlar faiz yeyənlərdirlər!”- cavabını verdi.”[7]


[1] Nisa, 160-161.

[2] Bəqərə, 278-279.

[3] Müslim, Musaqat, 105-106. Ayrıca bax. Buxari, Buyu, 24, 25, 113.

[4] İbn Macə, Ticarət, 58.

[5] İbn Macə, Sədaqət, 19.

[6] Əbu Davud, Buyu, 3331.

[7] İbn Macə, Ticarət, 58.

Read Previous

Zənn etməkdən çəkinin!

Read Next

Qədər və insan

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.