• 05 Dekabr 2019

Peyğəmbərimizin (s.ə.s) Vəfatı

Əziz möminlər, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz (s.ə.s) Vida həccindən sonra qızdırması olan bir xəstəliyə tutuldu. O artıq son yolçuluğa hazırlaşırdı. Ölülərlə də, dirilərlə də üstüörtülü bir şəkildə vidalaşırdı. Belə ki, xəstələnməmişdən bir gün öncə Mədinənin “Cənnətül-Baqi” adlanan məzarlığına getmiş və ölülər üçün: “Ey böyük Allahım! Burada yatanlardan əfvini əsirgəmə”deyərək dua etmişdi.
Qəbiristanlıqdan dönəndən sonra minbərə çıxaraq əshabına sanki vida mahiyyətində olan bir xütbə söyləmişdi. Minbərdən endikdən sonra halsız oldu və evinə getdi. Gün keçdikcə xəstəliyi daha da ağırlaşdı. Nəzakət nümunəsi olan Allah Rəsulu (s.ə.s) xanımlarından icazə alaraq həzrət Aişə anamızın evində yaşadı.
Peyğəmbərimizin bu xəstəliyin yaranmasında Xeybərdəki zəhərlənmə hadisəsinin də təsiri böyük olmuşdu. Belə ki, Allah Rəsulu (s.ə.s) xəstəliyinin ağırlaşdığı bir zamanda həzrət Aişə anamıza:
“Ey Aişə! Xeybərdə dadmış olduğum zəhərli ətin acısını hər zaman hiss etdim. İndi qəlbimin damarının qopacağını hiss edirəm”-buyurmuşdu.
Ənəs bin Malik (r.a.) belə demişdir: “Rəsulullahın kiçik dili üzərində bu zəhərin izini və təsirini görürdüm!…”
Rəsulullah (s.ə.s) xəstə olduğundan son günlər camaatla görüşə bilmədi. Öz yerinə imamlıq etməsi üçün həzrət Əbu Bəkri (r.a.) camaata imam təyin etdi. Bir müddət özünü bir az yaxşı hiss edərək məscidə getdi və əshabələrinə nəsihət etdi. Əshabələr: “Ya Rəsulallah! Şəfa üçün Allaha dua et!”-dedilər. Hər zaman sağlamlıq üçün dua edən Allah Rəsulu (s.ə.a) bu dəfə dua etmədi. Həzrət Aişə anamız belə deyir: “Rəsulullah (s.ə.s) xəstələndiyi zaman Fələq və Nas surələrini oxuyub əllərinə üfürər sonra əlini bədəninə sürtərdi. Xəstəliyi ağırlaşdığı zaman mən də bu surələri oxuyub əllərimə üfürdüm və əlimi onun mübarək bədəninə sürtməyə başladım.
Rəsulullah (s.ə.s) əvvəllər xəstələndiyi zaman Cəbrailin Peyğəməbrimizə söylədiyi Allaha sığınma duasını oxudum: “Ey insanların Rəbbi! Bu xəstəliyi sağalt! Şəfa ancaq Sənin əlindədir. Səndən başqa şəfaverici yoxdur! Elə bir şəfa ver ki, heç bir xəstəlik qalmasın!” Ancaq bunu eşidən Allah Rəsulu (s.ə.s) mübarək başını çevirərək:
“Üzərimdən əlini götür! Bu dua oxumağın artıq mənə bir fayda verməz! Mən vaxtımı gözləyirəm…” buyurdu.
Həzrət Aişə anamız sözünə belə davam edir: “Rəsulullah (s.ə.s) möhtərəm qızı, dərin və incə ruhlu Fatiməni çağırtdırdı. O gələndə “Salam, qızım” buyurduqdan və yanında oturtduqdan sonra ona gizlicə bir şey söylədi. Fatimə ağladı. Sonra yenə ona gizlicə bir şey söylədi. Bu dəfə isə Fatimə sevinərək güldü. Daha sonra Fatimənin ağlamağının və gülüşünün səbəbini soruşduqda həzrət Fatimə belə dedi: “Peyğəmbərimiz (s.ə.s) bu xəstəliyin nəticəsində vəfat edəcəyini xəbər verdi. Mən ağladım. Sonra mənim ailə üzvləri arasında ona qovuşacaq ilk şəxs olacağımı söylədi. Mən də sevindim”-
Xəstəlik zamanı Allah Rəsulu (s.ə.s) özünü bir az yaxşı hiss edən kimi camaata bir neçə dəfə namaz qıldırdı. Bir dəfə namaz qıldırdıqdan sonra əshabına belə nəsihət etdi:
“Ey insanlar, eşitdim ki, sizlər Peyğəməbirnizin vəfat edəcəyindən qorxursunuz! Məndən əvvəl göndərilib ümməti içərisində daimi olaraq qalmış bir Peyğəmbər varmı ki, mən də sizin aranızda daimi olaraq qalım? Yaxşı bilin ki, mən Rəbbimə qovuşacağam! Ona siz də qovuşacaqsınız! Sözsüz, bütün işlər uca Allahın icazəsi ilə baş verir. Yaxşı bilin ki, mən sizdən öncə gedəcək və sizi gözləyəcəyəm! Diqqətli olun, sabah axirətdə sizinlə görüş yerimiz Kövsər hovuzunun başıdır. Sabah mənimlə görüşmək istəyən əlini və dilini günahlardan qorusun! Ey insanlar, Günah nemətin əldən çıxmasına səbəb olur. Xalq pis olduğu zaman idarəçilər də pis olur.”
“Əshabım! Mən də bir insanam. Aranızda olan bəzi şəxslərin mənim üzərimdə haqqı ola bilər. Mən hansı şəxsin bədəninə toxunmuşamsa, buyursun, bu mənim bədənim! Gəlsin, o da toxunsun, haqqını alsın! Kimin kürəyinə vurmuşamsa, bu mənim kürəyim! Gəlsin, vursun! Kimin malından səhvən almışamsa, bu mənim malım! O da gəlsin alsın!”
Gün keçdikcə Rəsulullahın xəstəliyi daha da ağırlaşdı. Onun qızdırması çox şiddətliydi. Bunun üçün Həzrət Aişə anamız Onun yanına bir qabda su qoymuşdu. Peyğəmbərimiz (s.ə.s) mübarək əllərini yanındakı su qabına batırıb isladaraq üzünə sürtdü və böyük bir həsrətlə tövhid kəliməsini tərənnüm edərək: “Ey Allahım! Uca Dost, Uca Dost!” deyə-deyə mübarək ruhunu təslim etdi. Üzünü islatıdığı mübarək əli yanındakı qabın içinə düşdü!”
Möhtərəm möminlər, xütbəmi bir Allah dostu olan Əziz Mahmud Hüdayinin Peyğəmbərimizin dünyadan köçməsi və eyni zaman dünyanın faniliyini və vəfasızlığını bildirən bu beytlə tamamlayıram.
Kim umar səndən vəfanı,
Yalan dünya deyilmisən,
Muhammmədül-Musdafanı
Alan dünya deyilmisən?
11.12.2015/29 Səfər 1437

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 130 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Kİşilər ailənin tərbiyəsində nələrə diqqət etməlidir?

Read Next

Suriyalı qızın vəsiyyət məktubu oxuyanların ürəklərini parçaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.