• 19 Sentyabr 2020

UŞAQLARIMIZA SƏLİQƏLİ OLMAĞI NECƏ ÖYRƏDƏ BİLƏRİK

18659066Uşaqlar öz oyunlarını oynadıqdan sonra, adətən, valideynlər otağa daxil olmağa qorxur. Belə ki, uşaqlar bütün oyuncaqlarını tökür, bir oyuncaqla oynamağı bitirməmiş, başqasına keçirlər. Bu cür hal xüsusilə də uşaq çox olan evdə hər gün təkrarlanır.

Uşaq psixoloqu Sitarə Zeynalovanın sözlərinə görə, bu cür halla xüsusilə də hər şeyin qaydasında olmasını və səliqəni sevən analar barışa bilmir. Bu cür analar oyuncaqları özləri yığışdırmağa ərinmirlər. Lakin onlar uşaqlarının gələcəyinə görə narahat olurlar. Onların özləri kimi məsuliyyətli və qaydalara əməl edən olmalarını arzulayırlar. “Bəzi valideynlər yanlış olaraq, uşaqlara qarşı çox tələbkar olurlar. Onlar təkid edərək, ya da uşağı döyərək oyuncaqlarını yığışdırmağa məcbur edirlər. Bu isə əksinə uşaqda oyuncaqlarını yığışdırmağa qarşı nifrət hissini yaradır. Uşaqlar sonradan nəinki oyuncaqlarını, böyüdükcə otağı səliqəyə salmaq, paltarlarını yerinə qoymaq, kitab-dəftərini də yığışdırmaq istəməyəcək. Ya bunu qorxudan edəcək, ya da pinti insana çevriləcək”, – deyən müsahibimiz hesab edir ki, bu səbəbdən də məktəbə qədər yaşda olan uşaqlardan tam səliqəli olmağı tələb etmək düzgün deyil.

Onun sözlərinə görə, oyuncaqları yığışdırmaq prosesini əyləncəyə, oyuna çevirməklə uşağı maraqlandırmaq olar: “Oyuncaqlar üçün nəzərdə tutulan dolabları fərqləndirin. Bir dolaba yalnız maşınları, o birisinə konstruktor tipli oyuncaqları, digərinə də musiqili oyuncaqları və ya gəlincikləri yığmaq olar. Uşaqlar daim oyun oynadıqları və hərəkətdə olduqları üçün oyuncaqları dolablara yerləşdirməyi unuda da bilərlər. Ona görə də uşağa səliqənin vacib olduğunu xatırlatmaq lazımdır”.

Oyuncaqları uşaqla birgə yığışdırmaq isə həm uşağa, həm də valideynlərə sevincli anlar yaşadacaq. Eləcə də fikir verin ki, uşaq oyuncaqları vaxtında yığışdırsın. Bunun müntəzəm etsəniz vərdiş halını alacaq. S.Zeynalovanın dediyinə görə, oyuncaqların dolablarını rahat yerlərə qoymaq lazımdır ki, uşaq yığışdıranda əziyyət çəkməsin. Oyuncaqları saxlamaq üçün dolablar, rəngli qutular, müxtəlif rəfləri ayırmaq olar.

Bəzən elə olur ki, oyuncaqlar çox olduğu üçün uşağa onları yığışdırmaq çətin olur. Uşaq yerə, rəfə, çarpayıya və s. o qədər oyuncaqlar qoyur ki, otağa girəndə səliqəsizlikdən insanın əsəbləri korlanır.

S.Zeynalova bildirib ki, oyuncaqları yığışdırmaq prosesini oyuna çevirəndə uşaq üçün maraqlı olur: “Yaxşı olar ki, bu zaman uşaqla rollu oyunlar oynayasınız. Misal üçün, oyuncaq özü oyuncaqları yığışdırsa, daha macəralı olar. Guya ki, gəlincik və ya maşın özü oyuncaqları götürüb yerinə qoyur. Bu oyun ələ keçirilən oyuncaq olduqda daha şən keçir. Uşaq oyuncağı, məsələn, ayını bir əlinə keçirib onun köməyilə oyuncaqları yığır. İstənilən uşaq bu cür rollu oyundan zövq alır. Rollu oyunlar uşaqların təxəyyülünü daha da inkişaf etdirir”.

Onun dedyinə görə, uşaq oyuncaqlarını yığışdıranda mütləq onu tərifləmək lazımdır: “Əgər o, nəyisə düz eləməsə də, onu danlamayın. Axı o, balacadır və oyuncaqlarını yığışdırmağa çalışıb. Sizdən tərif və əzizlənməyi gözləyir. Otaqları uşağın öz zövqünə görə yığışdırmağa imkan verin. Qoy oyuncaqları, qutuları və s. şəxsi əşyaları zövqünə görə düzsün. Balaca hazır evciklərin, maşınlar üçün qarajların otaqda olması isə həm şən əhval-ruhiyyə yaradır, həm də oyuncaqları həmin yerlərə qoymağa həvəsləndirir”.

Bəzi valideynlər yanlış olaraq uşaqları mükafatla həvəsləndirirlər. Psixoloq isə bildirir ki, bu cür tərbiyə üsulu yolverilməzdir: “Uşaq artıq kiçik yaşlarından səliqənin mühüm olduğunu anlamalıdır. Bunu mükafat hesabına etməməlidir”.

mənbə:

xezerxeber.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 116 dəfə.

calal calalov

Read Previous

İSLAM VƏ ELM (GÖRÜNTÜLÜ XÜTBƏ)

Read Next

Bu ölkədə ateistlər terrorçu kimi cəzalandırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.