Yenidən Diriliş

     Möhtərəm möminlər, bütün insanlar ən azı ildə bir dəfə qiyamət sonrası dirilişi yaşayır. Qış təbiətin qiyamətidir. Qara soyuqlar gülü, çiçəyi, otu, yarpağı “öldürməklə” sanki onlar üçün  kiçik qiyamət qopardır. Uzun, nəhəng qollu-budaqlı ağaclar qış yuxusuna gedirmiş kimi  bir toxumun içində gizlənib yox olur. Qış üstümüzü kəsib soyuqlar hücum edəndə elə bil bir daha yaz gəlməyəcək, təbiət dirilməyəcək. Ancaq hər il quru torpaqdan yaşıl otları cücərdərək torpağı dirildən Uca Allah bizə qiyamətdən sonrakı dirilişin nümunəsini göstərir.

Ölümdən sonra dirilmə mövzusu hər zaman mübahisələrə səbəb olub. Hətta insanın öldükdən sonra yenidən dirilmə hadisəsini inkar edənlər də  az deyildir. Ancaq bu heç bir şüphəyə yer verməyəcək dərəcədə bir həqiqətdir. Əslində yenidən dirliməni biz hər il öz gözlərimizlə görürük. Təbiətdə ən müxtəlif yerlərdə, hadisələrdə qiyamətdən sonrakı dirilmənin əyani misalına rast gəlirik. Qurani-Kərimin bir çox ayələrində keçən, bizə sirli görünən, “bilinməsi mümkün deyil!”,- deyilən məsələlər əslində  hər gün gözümüzün qabağında baş verir, lakin biz onun fərqinə varmırıq. Nə etmək olar ki bizim pərdəli gözlərimiz ən yaxını belə görmür. Görmədiyimiz şeyləri inkar etdiyimiz üçün ən sadə hadisələri də görməməzliyə vururuq, yaxud “boş şeydir”,-deyib, diqqət yetirmirik. Ən mürəkkəb hesab etdiyimiz şeylər, əslində, çox sadə və bəsitdir.

Qurani-Kərimə görə, adı belə bizi vahiməyə salan qiyamət təsəvvür etməyəcəyimiz dərəcədə, ağılları başdan alan dəhşətli hadisədir. Ancaq “Dünya möminlərin Cəhənnəmi, kafirləirn Cənnəti” təsəllisi bizi bir az sakitləşdirir. Ağaclar qış gəlmədən bəzək-düzəyini yerə qoyub, yarpaqlarını, meyvələrini töküb, çıl-çılpaq qalaraq “qiyamətini” hazır şəkildə gözləyirsə, biz də ona yaşayışımızla hazırlaşırıq.

“Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?”-deyəcəkdir. Xeyr, (o gün heç bir sığınacaq olmayacaq!”[1] Bütün imidlərin tükənəcəyi, canını qoymağa yerin tapılmadığı o gün tək çarəni də yenə Uca Yardan özü nişan verir “O gün duracaq (pənah aparılacq) yer ancaq Rəbbinin hüzurudur!”[2]

“(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! Yenə də vay sənin halına, vay! Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!”[3]

Əziz möminlər, meyvə balaca bir toxumda yerləşdiyi kimi insan da bir qətrə nütfədə kodlaşır. Barmaq uclarından seçilən insanı təkrarsız və yoxdan yaradan Allah onu yenidən yaratmaqda çətinlik çəkərmi?

Bəzən biz Allahın möcüzələrini axtarır, onun uzaqlarda əlçatmaz olduğunu sanırıq. Məsələn, desələr ki, dırnaq boyda bir qramlıq toxumun içində on kiloluq bir qarpız var, gülərlər. Ancaq vaxtı gəlib bir qramlıq toxumdan on kiloluq qarpız çıxanda heç kim heyrət etmir. Halbuki ən  böyük möcüzələrdən biri elə budur: toxumdan bitkinin, ağacın çıxması, bir damla nütfədən bu boyda  insanın yaranması.

Ölüm deyirik, biz hər gün yuxunun necə görüldüyünü dərk edib  aça, hökm edib idarə edə bilmirik. İstəsək də nəfəsimizi ciyərlərimizdə tuta, onsuz yaşaya bilmirik. Hər gün yuxudan oyanmağımız Allahın bizi yenidən yaradacağına ən bəsit sübutdur.

İnsanın ölümlə qiyaməti başlayırsa, onun yatması həm də kiçik qiyamətidir. Toxumların torpağın altında gizləndiyi kimi səsimiz, sözümüz, düşüncəmiz, iradəmiz yuxunun sirrində gizlənir. Təkcə nəfəsimiz gedib gəlir, o da bizdən ixtiyarsız. Sübh çağı, dan yeri söküləndə bizdən asılı olmadan səsimiz, sözümüz, iradəmiz, ağlımız özümüzə qayıdır. Yer üzünə aydınlığın qayıdıb yayıldığı kimi bizim də üzərimizə dirilik gəlir. Hər il ölüb gedən çiçəklərin yenidən tumurcuqlanıb həyata qayıtdığı, itib gedən ətrinin yenidən ləçəklərə qonduğu, quruyub qaralmış gövdənin yenidən  yaşıllaşdığı kimi insan da yenidən “cücərir”, dirilir:  Necə ki, bir ayədə buyurulur: “Biz onunla (o su il) ölü bir məmləkəti cana gətiririk. (Qəbirlərdən dirildilib) çıxmaq da belədir!”[4]

Yeniden DIrilis


[1] əl-Qiyamə, 10-11

[2] Qiyamə, 12

[3] əl-Qiyamə, 25, 35-40

[4] Qaf, 11