• 09 Dekabr 2019

Zaman İsrafı

     Möhtərəm müsəlmanlar, bu günkü xütbəmizin mövzusu zaman israfı haqqında olacaqdır. Bəlkə də çoxlarımız zamanın Allahın bizə ən böyük neməti oldğunun fərqində deyilik. Uca Yaradan hər canlıya  ömrü bir dəfə bəxş edir və vaxt yetişdikdə onu geri alır. Hər yeni gün gəldiyi kimi də sona yetir və ömrümüzdən daha bir gün azalır. Qarşıda isə bizi hələ neçə səhərin gözlədiyi də məlum deyil. Buna görə də bəxş olunmuş ömrü layiqincə dəyərləndirib, daha səmərəli çalışmalıyıq. Vaxtı boş keçirməklə həm mənasız ömür sürür, həm də axirət həyatımızı təhlükə altına alırıq.

Uca Rəbbimiz Qurani-Kərimdə buyurur:  “…yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”[1]İsraf deyildikdə ağlımıza ilk olaraq mal dövlət və digər maddi dəyərlər gələ bilər. Lakin Allah-Təalanın verdiyi hər neməti, o cümlədən vaxtı da boşuna xərcləməyimiz israfdır. Həzrət Peyğəmbər (səs) bildirmişdir: “ Bəndə Qiyamət günü beş şeyin hesabını vermədikcə Rəbbinin hüzurundan ayrlımayacaq: ömrünü harada sərf etmiş, dünyada hansı əməl sahibi olmuş, malını harada qazanıb, harada xərcləmiş, gəncliyini harada keçirmiş, bildiyinə nə dərəcədə əməl etmişdir”[2]

Dəyərli möminlər, bəşər övladı daim vaxtın azlığından, ömrünün qısalığından şikayət edir. “Vaxtım yoxdur” bəhanəsi ilə namaz qılmayan, qohum-əqrabaları ziayrət etməyən, Allah-Təalanın bizə göndərmiş olduğu məktubu yəni Quranı oxumayan, hətta ailə üzvləri ilə iki-üç kəlimə kəsməyən və problemlərinə biganə  yanaşanlar da vardır. Bu, əsasən, sahib oldğumuz zamanı doğru dəyərləndirməməyimizdən qaynaqlanır. Unuduruq ki, zamanın idarəsi bizim nəzarətimiz altındandır və onun məhsuldarlığı da özümüzdən asılıdır. Dedi-qodulara əsaslanan mənasız televiziya proqramları, serialları, internetdən düzgün faydalanmamaq və s. “dövrümüzün zaman öldürən silahları” dır.

Hər müsəlman əgər “bu gün Allah üçün, yaşadığımız bu vətən üçün nə etdim” sualına müsbət cavab verə bilirsə, deməli vaxtını layiqincə dəyərləndirə bilmişdir. Dünya və axirət səadəti qazandıran işlər görmək zaman sərmayəsindən doğru istifadə deməkdir. Elm öyrənən, ailəsinin dolanışığını təmin etmək məqsədilə halal yolla pul qazanan, faydalı söhbətlərdə, müzakirələrdə iştirak edən, digərlərinə kömək əli uzadıb, onların maddi və mənəvi ehtiyaclarını təmin edən və dinin buyuruqlarını yerinə yetirənlər ömrünü səmərəli şəkildə keçirərək israfçılıq etməyənlərdir. Normadan artıq yatan, vaxtını saatlarla internetdə, televiziya qarşısında, çayxanalarda keçirən, ibadət vaxtlarını ötürənlər isə həyatını israf edənlərdir.

“Sabah olsun, filan işi görərəm” deyənlər ömrünü bada vermişlər. Faydalı işləri təxirə salan “sabah edərəm” cümləsi şeytanın vəsvəsəsidir. Çünki zaman şeytanın ən çox təsir dairəsində olandır. O, ötəri, faydasız olan hər şeyi gözəl göstərməklə, diqqətimizi boş, lüzumsuz işlərə yönəltməklə zamanın necə gəlib-keçdiyini unutdurur.

    Əziz qardaşlar, sevimli Peyğəmbərimiz (səs) buyurmuşdur: “iki günü bir-birinə bərabər olan kəs ziyandadır”[3]  Buna görə də hər gün həyat xəzinəmizi gözəl, faydalı əməllərlə zənginləşdirməyə çalışmalıyıq. Unutmamalıyıq ki, zaman heç kimi gözləmir, qum dənələri kimi barmaqlarımızın arasından axıb gedir. Xütbəmi “əl-Fatir” surəsinin 36- 37-ci ayələri ilə yekunlaşdırıram:

“Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq!”

“Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”

      Zaman israfi

17 Fevral  2012/ 25  R. Əvvəl 1433


[1] əl- Əraf, 31

[2] ət-Tirmizi.

[3] Beyhaki.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 119 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Biz kimik?

Read Next

Ziyarətlərə yəni pirlərə getmək olar?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.