• 22 Dekabr 2024

ƏN QİYMƏTLİ XƏZİNƏ

Allah hər insana müəyyən bir şeylər bəxş etmişdir. Buna baxmayaraq yenə də hər kəsin  umduğu bir sıra şeylər vardır. Bu umacaqlar əksəriyyətinizin xəyallarını təşkil edir. Məsələn, uşaqkən bir kompüter, bir oyuncaq xəyallarınızı bəzəyərkən, böyüdükdən sonra şəxsi evinizin və maşınınızın olmasını istəyirsiniz. Bunun kimi reallaşmasını istədiyiniz bir çox istək ola bilər. Bir anlıq düşünün! Həyatdan nələr istəyirsiniz? Bəs yaxşı, arzularınız həyata keçməsə kədərlənərsinizmi?

Hər istəyimizin reallaşması əlbəttə ki, qeyri-mümkündür. Bu həyatı idarə edən, hər şeyi yoxdan var edən Rəbbimizdir. Hər şey Onun gücü ilə olur. Buna görə də həyata keçməyən arzular qarşısında kədərlənmək doğru olmaz. Bir də ki, halından razı olmayan kədərlənən insan Rəbbinə qarşı nankorluq etmiş olar. Nə üçün? İndi bir az düşünün! Rəbbimiz bu həyatda bizə nələr vermiş? Göy üzünə ulduzları, ayı və günəşi yerləşdirmiş. Hər birinə ayrı-ayrı mühüm vəzifələr vermiş. “Görəsən bu gün günəş çıxmasa nə olar?” deyə düşünmədən yeni günə başlayırıq. Günəş bir az dünyaya yaxınlaşsa yanıb kül olarıq, eyni şəkildə bir az uzaqlaşsa donarıq. Hər şeyi bir nizam-intizam içində yaradan Rəbbimiz bizə də saysız nemətlər bəxş edib. Havanı, suyu, torpağı, bir sözlə hər şeyi bizim üçün yaradıb. Su olmasaydı nə olardı, bir anlıq düşünün! Sonra bu bədənimizi, bədən üzvlərimizi, əlimizi, ayağımızı…

Bizi insan olaraq yaradan Odur! O, bizə ağıl nemətini verərək bizi digər canlılardan üstün tutmuşdur. Sahib olduqlarımızı saymaqla qurtara bilmərik. Müsəlman olaraq doğulmağımız, atamızın və anamızın olmağı, sonra müsəlman bir ölkədə yaşamağımız, bütün bunların hər biri bizə bəxş edilən qiymətli bir xəzinədir. Bu qədər neməti görmədən, əlindəkilərin qiymətini bilməyib kədərlənmək Rəbbimizə qarşı nankorluq deyil, bəs nədir? Bu, eyni zamanda şükür etməyi də bilməməkdir. Bir stəkan su verən insana belə təşəkkür edərkən, bizə saysız nemətini bəxş edən Rəbbimizə şükür etməmək olar?

Təşəkkür qarşımızdakına qarşı razılıq ifadəsidir. Şükür də hər hansı nemət səbəbi ilə həmin neməti verənə qarşı sözlərlə və ya hərəkətlərlə göstərilən hörmət və minnətdarlıqdır. Bunu “Allahım, verdiyin nemətlərə şükürlər olsun!” deyərək söz ilə ifadə edə bilərik. Ancaq dediyimiz sözü hərəkətlərimizlə də göstərməliyik. Necə? Təbii ki, Rəbbimizin verdiyi nemətlərin fərqində olaraq! Həyatını kor, kar, dilsiz və şikəst olaraq yaşamaq məcburiyyətində qalan insanlar var. Biz də onlar kimi ola bilərdik, elə deyilmi? Ona görə də sahib olduğumuz hər şey çox dəyərli bir xəzinədir. İnsan xəzinəsini itirməmək üçün diqqət göstərər. Deməli, biz də sahib olduqlarımızı Rəbbimizdən verilən bir əmanət kimi görməliyik. Sağlamlığımızın, ağlımızın qiymətini bilib, onları ən gözəl şəkildə istifadə etməliyik.

Şükür etməyi bilın insan hər halında Rəbbindən razı olar. Ancaq şükür etməyi bilməyən daim daha artığını istəyər, halından razı olmaz. Saləbəni eşitmişiniz, zəngin olmaq üçün Peyğəmbərimizdən dua etməyi istəyən bir insandır. Bu istəyinə cavab olaraq Peyğəmbərimiz (s.a.s):

Şükürünü edə biləcəyin az mal, şükürünü edə bilməyəcəyin çox maldan xeyirlidir” –buyurdu. Saləbə isə bu sözdən sonra istəyindən əl çəksə də, bir müddət sonra içindəki tamah yenidən alovlandı. Peyğəmbərimiz (s.a.s) yanına gələrək: “ Əgər məni zəngin edərsən, Allaha and içirəm ki, fağır-füqəranı qoruyub hər haqq sahibinə haqqını verəcəyəm.” –dedi. Bunun müqabilində Peyğəmbərimiz (s.a.s) dua etdi və Allah da Saləbəyə çoxlu var-dövlət verdi. Ancaq bu zənginlik Saləbəni çox dəyişdirdi. O zamana qədər məsciddən heç çıxmayan Saləbə camaatla namaza gəlmədi. Bir müddətdən sonra zəkatını belə vermədi. Bunu görən Peyğəmbərimiz (s.a.s): “Saləbəyə heyif oldu!” –buyurdu.

Bax budur şükür etməməyin və nemətlərin əsl sahibi olan Allahı unutmağın həzin aqibəti!

Read Previous

MƏRHƏMƏTİN HƏDDİ YOXDUR

Read Next

NİYƏ XARİCİ DİL?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.