• 22 Dekabr 2024

MƏRHƏMƏTİN HƏDDİ YOXDUR

Peyğəmbərimiz (s.a.s), özündən bir şey istəyən heç kimsəni əliboş qaytarmazdı. Hər kəsə ehtiyacı olan şeyi verər və onları razı salmaq üçün əlindən gələn hər şeyi edərdi. İnsanlar da Peyğəmbərimizin (s.a.s)  bu xüsusiyyətini bildikləri üçün, möhtac olanlar, çətin vəziyyətdə qalanlar onun yanına gələr və ondan kömək istəyərdilər.

Bir gün yenə kasıb bir nəfər Peyğəmbərimiz (s.a.s) yanına gələrək belə dedi: “Ey Allahın Rəsulu! Mən, kasıb bir adamam. Eşitdim ki, sən, kasıblara əl tutursan. Onlara ərzaq verirsən.”

Allah Rəsulu, yanına gələn bu adamın halına yanaraq ehtiyaclarını qarşıladı. Ancaq o, Peyğəmbərimizin (s.a.s) verdiklərini az qəbul etdi və üzünü turşutdu. “Başqalarına daha çox verirsən!” –deyə deyinməyə başladı. Halbuki Peyğəmbərimiz (s.a.s), o anda əlində nə varsa, hamısını ona vermişdi. Qonağın etdiyi bu kobudluq səhabələri hiddətləndirdi. Onu dərhal oradan uzaqlaşdırmaq istədilər. Ancaq Allah Rəsulu əshabını sakitləşdirərək qonağı öz evinə apardı. Evdə olanlardan da ona bol-bol verdi və soruşdu:

          -“ İndi kifayət etdimi? Razı qaldınmı? “

Qonaq sevinclə:

          -Bəli, ey Allahın Rəsulu! Mənə də çox verdin. Allah səni və ailəni xeyirlə ruziləndirsin, -dedi.

Bunun müqabilində Allah Rəsulu belə dedi:

-“ Sən, bir az əvvəl verdiklərimə qane olmayıb xoşagəlməz sözlər demişdin. Ona görə də əshabım sənə qarşı hiddətlənmişdilər. İndi bu dediklərini onların yanında da de ki, sənə qarşı olan hiddətləri yox olsun.”

Qonaq bu sözləri eşidib çox heyrətləndi. Allah Rəsulu necədə mərhəmət sahibi idi. Etdiyi kobudluğa baxmayaraq, hələ də qonağı düşünürdü. Alicənablıq edir və mülayim danışırdı. Qonağını məmnun etdiyi kimi, əshabı ilə də arasını düzəltməyə çalışırdı. Qonaq bir anda Peyğəmbərimizə (s.a.s) qarşı qəlbində bir istilik hiss etdi. Dərhal səhabələrin yanına gedərək onlara razılığını bildirdi. Bir az əvvəl etdiyi kobudluğa görə üzr istədi. Səhabələrin qonağa qarşı hiddətləri yox olmuşdu. Sanki heç bir şey olmamış kimi ona sarıldılar.

Kasıb adam yalnız bura maddi kömək üçün gəlmişdi. Lakin geri qayıdarkən həm maddi ehtiyaclarını qarşılamış, həm də qəlbindəki kobudluq və nifrət yox olmuş, sevgi və mərhəmət qazanmışdır. Gördüyü alicənablıq qarşısında qəlbi yeni bir dil kəşf etmişdi:

Kobud və pis hisslərdən təmizlənmiş bir sevgi, mərhəmət və sevgi dili.

Read Previous

İndoneziya necə İslamlaşdı?

Read Next

ƏN QİYMƏTLİ XƏZİNƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.