• 22 Dekabr 2024

Əsrimizin xəstəlikləri

xercengg-azmus

Xərçəng. Latın dilindən tərcümədə “xərçəng” mənasını verən bu xəstəlik dövrümüzün ən ölümcül xəstəliklərindəndir. Belə ki dünyada hər beş nəfərdən biri həyatının müəyyən dövründə sözügedən xəstəlikdən əziyyət çəkir. Bütün təkmilləşdirilmiş yeni müalicə üsullarına rəğmən xərçəng xəstəliyindən dolayı qeydə alınan ölümlər inkişaf etmiş cəmiyyətlərdə ikinci sırada yer alır.

Xərçəng bədənin müəyyən hissəsində hüceyrələrin nəzarətdən çıxaraq, çoxalıb həmin bölgədən ətrafa yayılmasından irəli gələn xəstəliklərə verilən ümumi addır. Bu söz müəyyən bir xəstəliyi deyil, hüceyrələrin həddən artıq çoxalması və toxumaların böyüməsi şəklində ortaya çıxan müxtəlif pozğunluqları ifadə edir. Məlum olduğu kimi, hüceyrələr əmələ gələr, inkişaf edər və ölər. Bu hadisə genetik nəzarət altında baş verir. Bu nəzarətin aradan qalxması nəticəsində balansın pozulması ilə ya xeyli sayda hüceyrə əmələ gəlməsi, ya da əmələ gələn hüceyrələrin ölməməsi sonda hüceyrələrin şiş toxumasını meydana gətirməsinə səbəb olur. Hüceyrələrdə bu prosesin inkişafına səbəb olan bir çox kanserogen maddə vardır.

Köklük. Bədəndə həddən artıq yağ toplanması (piylənmə və çəkinin artması) ilə ortaya çıxan və ətraf mühitin də təsiri ilə inkişaf edən genetik əsaslı xroniki xəstəlikdir. Şişmanlıq insan səhhətiinə bir çox neqativ təsir göstərir. Bu təsirlərdən ürək, həzm, tənəffüs və immunitet sistemlərinin fəaliyyətinə mənfi təsiri xüsusi qeyd edilməlidir.

Xolesterol: Bədənimizin bütün hüceyrələrində mövcud olan yağabənzər maddədir. Xolesterol hüceyrə zərinin və bəzi hormonların əmələ gəlməsində istifadə edilir, ancaq onun qanda çox miqdarda mövcudluğu zərərlidir. Belə ki, xolesterol qaraciyərdə əmələ gəlməklə yanaşı, qidalardan da qəbul edilir. Ət və süd məhsulları, eləcə də yumurta kimi tərkibində heyvan mənşəli qidalarda xolesterola rast gəlinir. Meyvə, tərəvəz və taxıl məhsullarının tərkibində isə xolesterol mövcud deyildir.

Təzyiq. Bir insanın hipertəzyiqdən (yüksək qan təzyiqi) əziyyət çəkməsi onun yuxarı təzyiqinin 14-dən, aşağı təzyiqinin isə 9 sm civə təzyiqindən çox olması deməkdir. Hipertəzyiqin müəyyən edilməsində xüsusilə aşağı təzyiqin göstəricisi əhəmiyyət kəsb edir. Həmçinin, bir insanın təzyiqinin aşağı olduğunu demək üçün onda yuxarı təzyiq 10 sm civə təzyiqindən az olmalıdır. Başqa sözlə, təzyiq aşağı olması öyrənilərkən yuxarı təzyiq nəzərə alınır.

Şəkərli diabet (Şəkər xəstəliyi)
. İnsulin hormonunun çatışmazlığı və ya effektivliyini itirməsi nəticəsində yaranan və ömür boyu davam edən xəstəlikdir. İnsulin insanın “pankreas” adlandırılan orqanından ifraz olunan və qandakı qlükozanın (şəkərin) yüksəlməsinə səbəb olan hormondur. İnsan bədəni insulin olmadan qəbul edilən qidaları lazımi şəkildə həzm və istifadə edə bilmir. Bədəndə insulin hormonunun tamamilə azlığı və ya olmaması tibdə insulindən asılı diabet adlanır ki, bu xəstəliyə əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Bədəndə insulin hormonunun qədərindən az miqdarda olması və ya toxumaların insulinə müqavimət göstərməsi isə insulindən asılı olmayan diabet adlanır. Bu xəstəlik adətən 35 yaşını adlamış insanlarda meydana gələ bilir. Birinci halda xəstələr ömürlərinin sonunadək insulindən istifadə etmək məcburiyyətindədirlər. İkinci halda isə xəstələr diyet, idman hərəkətləri və ağızdan qəbul edilən dərmanlarla müalicə oluna bilirlər. Belə xəstələrə xəstəliyin sonrakı inkişaf dövründən asılı olaraq, ehtiyac yaranacağı halda bədənlərinə insulin yeridilir.

Şəkərli diabetdən əziyyət çəkən insanlarda açar funksiyasını yerinə yetirərək, hüceyrə qapılarını açan insulin diabetik olduğuna görə, bədən bu “açar”lardan lazımi şəkildə faydalana bilmir. Şəkər əzələ və digər hüceyrələrə enerji vermək üçün daxil ola bilmədikdə bədəndə yorğunluq özünü büruzə verir. Digər tərəfdən, şəkər hüceyrələrə daxil ola bilməməsindən dolayı qanda şəkər miqdarı çoxalır.

İnsanın gündəlik həyat fəaliyyətini davam etdirə bilməsi üçün bədən “qlükoza” adlandırılan şəkərə ehtiyac duyur. Qlükoza bədənimizə karbohidratlı qidalarla daxil olur və həzm zamanı sorularaq, qana qarışır. Qandakı qlükozanın enerjiyə çevrilib yandırılması üçün onun hüceyrələrə daxil olması gərəkdir. Qlükozanı hüceyrələrə yalnız “pankreas”dan ifraz olunan insulin daxil edə bilir. Hüceyrəyə “sirayət” edən qlükoza enerji əldə edilməsində istifadə olunur. Şəkərli diabetdən əziyyət çəkməyən insanların bədəni kifayət qədər insulin ifraz etdiyinə görə qanda şəkərin miqdarını lazımi səviyyədə saxlayır. Belə ki, yemək qəbulundan sonra qanda şəkərin miqdarı çoxalır və insulin ifraz olunur. İnsulin bədəndə açar funksiyasını yerinə yetirərək, hüceyrələrin qapısını açır və şəkərin hüceyrəyə daxil olmasını təmin edir. Beləcə qanda şəkərin miqdarı normala (70 – 100 mg / dı) qayıdır.

Stress. İsanın həyatı boyu qarşılaşdığı haldır. Stress insanın ətrafı ilə adaptasiyasını pozur, qabiliyyətlərini korşaldır. Hər bir insan stress keçirib-keçirmədiyini başa düşə bilir. Stressi fərdin özünü narahat hissə etməsinə səbəb olan mühitdə orqanizmin buna verdiyi reaksiya kimi xarakterizə etmək mümkündür. Bədən stresdə ikən hər vəziyyətə eyni reaksiya nümayiş etdirmir. Başqa sözlə, bir insanın xoş bir hadisə ilə qarşılaşmasından və ya xoşagəlməz situasiya ilə üzləşməsindən asılı olmayaraq, bədən hər iki hala da uyğunlaşmaq məcburiyyətindədir.

Stress keçirməyən insan təsəvvür etmək qeyri-mümkündür. Çünki insan ətrafda baş verən hadisələrə reaksiya verir. Stress halı olmadıqda insan heç bir şeyə reaksiya verə bilməz; çünki belə insanın artıq enerjisi tükənmişdir ki, bu da onun öldüyü deməkdir. Buna görə stress zəruri hal kimi qəbul edilir. Həddən artıq stress vəziyyətində isə insan yaşaya bilməz. Çünki bu vəziyyətdə o həddən artıq enerji sərf edir. Bu səbəbdən, stressi lazımi səviyyədə saxlamaq lazımdır.

Depressiya. Əsas əlamətləri istəksizlik, həyatdan zövq ala bilməmə, bir iş görməyə qabil olmama halıdır. Daha dəqiq ifadə etsək, depressiya beyin pozğunluğu, ön beyində, alın və gicgah nahiyələrində meydana gələn xəstəlikdir. Depressiv pozğunluq həm bədənə, həm də düşüncə və duyğu halına təsir göstərə bilir. Bu xəstəlik insanın qidalanmasından yatmasına, fiziki möhkəmliyindən sağlam düşünmə qabiliyyətinədək hər bir şeydə pozğunluğa səbəb ola bilir. Depressiya, qətiyyən “ötəri məyusluq” halı ilə qarışdırılmamalıdır. Bəzən insan gücünün tamamilə tükəndiyini güman edir, lakin bu heç də həmişə depressiya kimi qiymətləndirilməməlidir. Depressiyada olan insanlar özlərini yalnız həyatın axarına buraxaraq sağalmaya bilərlər. Bu xəstəliklə üzləşən insanların yarısının öz-özünə sağalması mümkündür. Ancaq müalicə olunmadığı təqdirdə depressiv simptomların həftələrlə, aylarla, hətta illərlə qalması mümkündür. Halbuki müvafiq müalicə depressiyaya düşən bir çox insanın sağalmasına kömək edir.

Depressiya zamanı həddən artıq məyusluq və ya ümidsizlik hissi yaranır və azı iki həftə davam edir. Belə olan halda insanın işləmək, yemək yemək, yatmaq kimi gündəlik həyat fəaliyyəti pozulur. Depressiv insanlar ümidsizliyə qapılır və heç kimdən yardım görməyəcəklərinə inanmağa meyllidirlər. Onlar belə hiss etdikləri üçün isə özlərini ittiham edirlər. Belələri sosial fəaliyyətlərə qoşulmaqdan imtina edir, ailəsindən və dostlarından uzaqlaşır, hətta bəzən ölüm və ya intihar etmək barədə belə düşünürlər.

Read Previous

Batil inanclar

Read Next

Dünya Onunla Şərəfləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.