Yemək ədəbi.
Möhtərəm möminlər, həyatın hər sahəsində ədəbə riayət etməyi şüar kimi qəbul edən hər müsəlmanın yeyib-içməsi də peyğəmərimizin sünnəsinə uyğun olmalıdır. Yeyib-içmək ehtiyacı ödənilərkən, halal yolla qidalanmağa və israfdan qaçmağa səy göstərilməsi əmr edilmişdir. İslam cəmiyyətinin özünəməxsus bir süfrə mədəniyyəti və qidalanma ədəbi vardır. Bunların bilinməsi və ona görə hərəkət edilməsi, sağlam və xoşbəxt bir həyatın yaşanmasında ən mühüm rol oynayır.
İslam ədəbinə görə yeməyə başlamazdan əvvəl və yeməkdən sonra əllər yuyulmalıdır. Bu təmizlik və sağlamlıq nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Hədisi-şərifdə; “Yeməyin bərəkəti, yeməkdən əvvəl və sonra əllərin yuyulmasıdır.”[1] buyurularaq bu hala işarə edilmişdir. Yeməkdən əvvəl əllərin yuyulması kirləri, sonra yuyulması isə ələ bulaşan yağ və bənzəri şeyləri təmizləyir.
Hz. Peyğəmbərimiz (səs) belə xəbərdarlıq edir: “Əlində yemək bulaşığı qaldığı halda yumadan yatan kimsə hər hansı bir zərərə uğrayarsa özündən başqa heç kimi günahlandırmasın!”[2]
Hər xeyirli işdə olduğu kimi yeməyə də “bismillah”-deyərək başlamaq İslamın gətirdiyi gözəlliklərdəndir. Hz. Peyğəmbərimiz (səs) belə buyurmuşdur:
“Kim evinə girərkən və yemək yeyərkən bəsmələ çəkərsə (bismillah deyərsə) şeytan əsgərlərinə, “Burada nə gecələyə, nə də yemək yeyə bilərik”-deyir. Əgər o kimsə evə girərkən bismillah deməzsə şeytan onlara “Gecəni keçirəcək bir yer tapdıq”-deyir. O şəxs yemək yeyərkən bismillah deməzsə, şeytan yenə əsgərlərinə, “Həm sığınacaq yer, həm də yeyəcək yemək tapdınız”- deyir.”[3]
Yeməyə başlayan kimsənin bismillah deməyi unutduğunda nə edəcəyini yenə Peyğəmbərimizin (səs) tövsiyələrində görürük.
Hz. Aişə (r.a.) belə nəql edir: Bir dəfə Allah Rəsulu (səs) əshabından 6 nəfərlə birlikdə yemək yeyirdi. Bir bədəvi gələrək yeməyi iki loğmada yeyib qurtardı. Hz. Peyğəmbərimiz (səs):
“Əgər bu kimsə “bismillah” desəydi yemək hamınıza yetərdi. Elə isə biriniz yemək yediyi vaxt “bismillah” desin. Yeməyin əvvəlində bunu söyləməyi unudarsa: “bismilləhi əvvəlihi və axirihi, əvvlində də sonunda da bismillah” desin.” buyurdu.[4] Bununla bağlı digər bir heyrətamiz hadisə də belə cərəyan etmişdir. Əshabdan Üməyyə bin Mahşinin (r.a.) nəql etdiyinə görə Rəsulullahın (səs) yanında bir adam yemək yeyirdi. Həmin adam son loğmaya qədər bəsmələ çəkmədi. Son loğmanı ağzına apararkən “bismilləhi əvvəlihi və axirihi, əvvlində də sonunda da bismillah” –dedi. Bunu eşidən Hz. Peyğəmbərimiz (səs) təbəssüm etdi və: “Şeytan onunla birlikdə yemək yeyirdi. O, bəsmələ çəkən kimi şeytan yediklərini qaytardı.” buyurdu.[5]
Yemək, mümkün olduqca bir yerdə yeyilməlidir. “Topluluqda rəhmət, ayrılıqda əzab vardır.” buyuran Peyğəmbərimiz (səs) yeyərkən də bir yerdə yeməyi tövsiyə etmişdir. Bir gün bir qrup əshabələr:
-Ya Rəsuləllah! Yemək yeyirik, amma doymuruq, dedilər. Hz. Peyğəmbərimiz (səs) onlara: “Hər halda tək-tək yeyirsiniz.”-dedikdə:
-Bəli, elə edirik dedilər. Allah Rəsulu (səs): “Birlikdə yeyin və bəsmələ çəkin ki, yeməyiniz bərəkətlənsin!”-buyurdu.[6]
Əziz qardaşlar, yeməyə böyüklərdən əvvəl başlamamaq da yeməyin ədəblərindəndir. Əshabələrdən Hüzeyfə (r.a.) belə deyir, “Birlikdə yemək yeyəcəyimiz zaman, Peyğəmbərimiz başlamadan biz əlimizi yeməyə uzatmazıdıq.”[7] Əshabələrin Rəsuləllahın (səs) böyüklüyünə hörmət edib tətbiq etdiyi bu gözəl ədəb, əsrlərlə müsəlman ailələrdə öz əksini taparaq günümüzə qədər gəlib çatmışdır. Evin böyüyü oturub yeməyə başlamadan əvvəl yeyib-içmək böyük ədəbsizlik kimi qiymətləndirilmişdir.
Bundan əlavə bir mömin yeməyini sağ əli ilə qabağından yeməlidir. Ömər bin Əbu Sələmə (r.a.) belə nəql edir:
“Rəsulullahın (səs) himayəsində böyüyən bir uşaq idim. Yemək yeyərkən əlimi qabın hər tərəfinə uzadardım. Bunu görən Peyğəmbərimiz (səs) mənə belə buyurdu: -“Balam, bəsmələ çək, sağ əlinlə və həmişə qabağından ye.”[8]
Sələmə bin Əqva (r.a.) da bu barədə belə nəql edir: “Bir nəfər Peyğəmbərimizin yanında sol əliylə yemək yeyirdi. Peyğəmbərimiz (səs) –ona: -“Sağ əlinlə ye!” buyurdu. Həmin adam: -“Yeyə bilmərəm, deyə cavab verdi. Allah Rəsulu (səs) həmin adama: “Heç yeyə bilməyəsən!”-dedi.
Sələmənin bildirdiyinə görə, həmin adam təkəbbürünə görə belə demişdi. Rəsulullahın (səs) bədduasını aldıqdan sonra, həqiqətən də əlini ağzına apara bilmədi.[9]
Bu gün cəmiyyətimizdə islamdan uzaq mədəniyyətlərin təsiri ilə müasirlik adı altında sol əllə yemək yeməyi adət halına gətirmək meyli görünür. Xüsusilə yeməkxana və restoran kimi yerlərdə bıçaqların sağ tərəfə, qaşıq və çəngəllərin sol tərəfə qoyulması və dəyişməz bir qayda kimi tətbiq edilməsi bunun bir təzahürüdür. Bu yanlış bir davranışın İslamın yemək ədəbi ilə uyğun olmadığı özünü bariz şəkildə göstərir. Müsəlmanlar bu mövzu ilə bağlı həddindən çox diqqətli və tələbkar olmalıdırlar.
Bir kimsə xoşuna gəlməsə belə hazırlanan yeməyə hörmətsizlik etməməli, bəyənmədiyini birüzə verməməlidir, heç olmasa bunu dil ilə ifadə etməkdən çəkinməlidir. Əbu Hüreyrə (r.a.) Rəsulullahın (səs) heç bri zaman yeməkdə qüsur axtarmadığını, ürəyi istəyərsə yeyər, istəməzsə yemədiyini bildirirdi.[10] Yeməklə əlaqəli digər bir ədəb də yeməkdən sonra dua verməkdir. Peyğəmbərimiz (səs) süfrəsini toplayarkən belə dua edərdi: “Bizi yedirən, içirən və müsəlman edən Allaha həmd olsun.” Digər bir hədisdə də yermək duasının əhəmiyyəti belə ifadə ediməkdədir: “Bir kimsə yemək yedikdən sonra, “Mənə bu yeməyi yedirən, nəticəyə təsir edəcək bir güc və qüdrətim olmadan onu mənə nəsib edən Allaha həmd olsun!”-deyərsə keçmiş günahları bağışlanır.”[11]
Yemək ədəblərindən biri də soğan və sarımsaq kimi qoxusu insanları narahat edən yeyəcəkləri yedikdən sonra, cəmiyyət içinə çıxmamaqdır. Çünki, Allah Rəsulu (səs): “Kim sarımsaq və ya soğan yeyərsə, bizdən uzaq dursun!” Digər bir rəvayətdə: “Məscidimizə yaxınlaşmasın!” buyurmuşdur.[12]
Yemək yeyərkən ölçülü davaranıb həddən artıq çox yeməmək lazımdır. Belə ki, Peyğəmbərimiz (səs) bir hədisində bu barədə belə buyurur: “Heç bir insan mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki, insana onu ayaq üstə saxlaya biləcək bir neçə loğma kifayətdir. Əgər bir kimsə mütləq çox yemək istəyirsə mədəsinin üçdə birini yeməyə, üç də birini içməyə, üç də birini də nəfəsinə ayırsın!”[13]
Əziz müsəlmanlar, xütbəmə az yeməyin fəziləti ilə əlaqəli bir hikmətli sözlə son verirəm: “Gənə kimi üfunətli bir dəriyə yapışıb işləməkdənsə, quşlar kimi yarı ac ol ki, fəzalarda dolaşasan.”
Müşfiq Xəlilov.
[1] Tirmizi, Ətimə, 39.
[2] Əbu Davud, Ətimə,53.
[3] Muslim, Əşribə, 103.
[4] İbn Macə, Ətimə, 7; Əbu Davud, Ətimə, 15.
[5] Əbu Davdu, Ətimə, 15.
[6] Əbu Davud, Ətimə, 14.
[7] Müslim, Əşribə, 102.
[8] Buxari, Ətimə, 2.
[9] Müslim, Əşribə, 107.
[10] Buxari, Mənakib, 23.
[11] Əbu Davud, Ətimə, 54.
[12] Buxari, Azan, 160.
[13] Tirmizi, zöhd, 47.