• 23 Dekabr 2024

Zina.

Əziz müsəlmanlar, bugünkü xütbəmizin mövzusu zina haqqında olacaqdır. Zina qədimdən bu günə qədər insan təfəkkürünün, əxlaq və hüquq normalarının və digər səmavi dinlərin tamamilə səhv və çirkin gördüyü bir davranış olub İslamda da böyük  günahlardan sayılmışdır. Hz. Peyğəmbər (səs) bir Hədisi-Şərifində belə buyurur: “Kim mənə iki çənəsi arasındakı (dilini), bir də ismət və namusunu qo­rumağa söz verərsə, mən də ona cənnət sözü verərəm.”[1] Başqa bir hədisdə zinanın ən qiymətli cövhər olan imana zərər verdiyi belə bildirilir: “İnsan zina etdiyi zaman iman ondan çıxar, üzərində bir kölgə kimi durar. Zina-dan (tövbə edib) tamamilə əl çəkdiyi zaman iman təkrar ona qayıdar.”[2] Digər bir hədisi şərifdə Rəsulullah zinanın maddi tərəfdən zərərlərini  belə açıqlayır: “Bir millətin içində zina və əxlaqsızlıq ortaya çıxıb, nəhayət, o millət bu günahı açıq-aşkar etməyə başladıqda mütləq aralarında vəba xəstəliyi və onlardan əvvəl gəlib-getmiş millətlərdə olmayan başqa xəstəliklər yayılar.”[3]

Zina nəslin qarışmasına, ailənin dağılmasına, qohumluq, qonşuluq, dostluq kimi əlaqələrin kəsilib cəmiyyətdəki mənəvi və əxlaqi dəyərlərin kökündən  sarsılmasına səbəb olur. İnsanı cismani zövqlərin əsiri edərək ləyaqət və şərəfini ayaqlar altına atır.

Digər tərəfdən zinanın səhhət üçün də həddindən çox zərərləri mövcuddur. Zina bataqlığına düşən insanlarda müalicəsi mümkün olmayan və bel boşluğu kimi bir çox xəstəliklər müşahidə edilir. Bu gün tibbin çarə tapa bilmədiyi ölümcül xəstəlik olan QİÇS əsasən zina yolu ilə keçir.

Əziz möminlər,  zina elə bir çirkin günahdır ki, onu eləmək bir tərəfə, hətta ona yaxınlaşmağı belə Allah Təala qadağan etmişdir. Mövzumuzla əlaqəli bir ayədə belə buyurulur: “Açıq və gizlin pis işlərə yaxın düşməyin.”[4] Başqa bir ayədə isə belə buyurulur: “-Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!”[5]

Bütün bu ayələrdən başa düşüldüyü kimi Uca Allah yalnız zina etməyi deyil, zinaya zəmin hazırlayan hər bir yolu və vasitəni də qadağan etmişdir. Ümumiyyətlə İslam dini insanı günaha aparacaq hər cür yol və vasitəni də qadağan etmiş, xüsusilə zinaya zəmin hazırlayacaq bütün yolları bağlamışdır. Bunun üçün kişi və qadınlar müəyyən yerlərini örtmələri, bir-birlərini təhrik edəcək davranışlardan uzaqlaşmaları, yad kişi və qadının təklikdə qalmamaları şərtdir. Eləcə də zinaya təhrik edən baxmaq, dinləmək, danışmaq, gəzmək, oxumaq və iyləmək kimi hərəkətlər də qadağan edilmişdir. Bu halda qeyri-ixtiyari gözün harama baxmasından  söhbət gedərsə, dərhal nəzəri yayındırmaq və günahın cazibəsinə qapılmamaq lazımdır. Belə ki Hz. Peyğəmbər (səs) Hz Əliyə xitabən belə buyurmuşdur: “Ey Əli, anidən bir haramı gördükdə dönüb təkrar baxma! Çünki ilk baxış sənin (üçün əfv edilmişdir), ancaq ikinci baxış əleyhinədir (günahdır).”[6]

Çünki baxmaq gözlərin zinasıdır və günahdır. Eyni ilə qulaqların zinası dinləmək, dilin zinası danışmaq, əlin zinası tutmaq, ayaqların zinası gəzmək, qəlbin və nəfsin zinası da arzu etməkdir.[7] Bəli İslam zinaya yaxınlaşdıracaq bütün bunları qadağan edərək feli zinanın yolunu bağlamışdır. İnsanı zinaya yaxınlaşdıracaq səhv hərəkətlərdən biri də kişinin məhrəmi olmayan, yəni evlilik əlaqəsi və ya daimi evlənmə maneəsi olmayan qadınla tənha bir yerdə qalmasıdır. Yanında əri, anası, atası, oğlu, qardaşı, xalası, bibisi, süd qardaşı kimi bir məhrəmi olmayan qadınlarla birlikdə olmaqdan və onlarla oturmaqdan çəkinmək lazımdır. Eyni ilə qadınlar da özgə kişilərlə təklikdə qalmamağa diqqət yetirməlidirlər. Çünki Allah Rəsulunun ifadəsiylə desək: “Bir kişi yad bir qadınla yalnız qalanda mütləq üçüncüləri şeytan olur.”[8] Bir gün Rəsulullah (səs)-: “-(Yanında məhrəmi olmayan) qadınların yanına girməkdən çəkinin!”-buyurdu. Bunun müqabilində ənsardan biri: “-Ey Allahın Rəsulu! Ərin kişi qohumu haqqında nə deyisiniz?” deyə soruşdu. Rəsulullah (səs) “-Onlarla xəlvətdə (təkbətək) qalmaq ölüm deməkdir.” buyurdu.[9] Yaxın qohum olduqları üçün hər zaman rahatlıqla evə girib-çıxmaq imkanına sahib olanlar daha çox təhlükə ilə üz-üzədirlər. Onların bu amilə hamıdan daha çox diqqət etmələri və təkbətək qalmaqdan çəkinmələri lazımdır. Doğrudur bu insanların niyyətləri çox yaxşı ola bilər. Ancaq İslam dini mümkün ola bilən və arzu olunmaz təhlükələrin qapısını bərk-bərk bağlayır ki, daha sonra insanlar sıxıntıya düşüb zərər görməsin. Məhz bu xüsusa diqqət etməyən neçə-neçə ailənin dağıldığı hamıya məlumdur. Digər tərəfdən, belə hallarda insanların dedi-qodusundan xilas olmaq da mümkün deyildir.  Əziz qardaşlar, xübəmə yuxarıda oxuduğum bir ayə ilə son verirəm: “-Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur.!”[10]

Müşfiq Xəlilov.


[1] Buxari, Riqaq, 23.

[2] Əbu Davud, Sünnə, 15, 4690.

[3] İbn Macə, Fitən, 22: Hakim, IV, 583, 8623.

[4] Ənam 151.

[5] İsra, 32

[6] Əbu Davud, Nikah, 42-43, 2149.

[7] Buxari, İstizan 12, Qədər 9. Müslim, Qədər 20-21.

[8] Tirmizi, Rida, 16, 1171.

[9] Buxari, Nikah, 111. Müslim, Salam, 20.

[10] İsra, 32

Read Previous

Yemək ədəbi.

Read Next

Salavat.

One Comment

  • ALLAH razi olsun,qardaw. Cox sag ol. Ela sozler yazmisan. Yene twk!!!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.