• 23 Dekabr 2024

Salavat.

Salavat

Əziz müsəlmanlar, Rəsulullah (səs) Allahın ən çox sevdiyi, peyğəmbərlərin ən üstünü olan çox alicənab və möhtərəm bir nəbidir. Allah təala, Özünü sevən bəndələrinə bu məhəbbətin bir təzahürü olaraq Rəsulullaha (səs) tabe olmalarını əmr etmişdir. Yalnız belə etdikləri təqdirdə Özünün də onları sevəcəyini və işlədikləri günahları bağışlayacağını müjdələmişdir. Uca Allahın Peyğəmbərimizə olan sevgisini göstərən ayələrdən biri belədir: “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”[1]Bu ayədə Uca Rəbbimiz Peyğəmbərimizə olan sevgi, ikram və ehsanını göstərdikdən sonra bizə də ona salavat göndərməyimizi, tam bir itaətlə salam verməyimizi və əmrlərinə sözsüz təslim olmağımızı əmr edir.

Salavat sözü istiğfar, bağışlanma, dua, bərəkət, tərif, təbrik və təzim kimi mənalara gəlir. Uca Allahın bir bəndəyə salavat gətirməsi: ona rəhm etməsi, şan və şərəfini ucaldaraq bəraət qazandırması, savab verməsi, müvəffəqiyyətə nail edib onu qoruması deməkdir.

Mələklərin salavat gətirməsi: həmin bəndə üçün bağışlanma diləmələri, qədr-qiymətini anıb yüksək mərtəbələrə çatması üçün Allaha dua etmələri deməkdir.

Möminlərin Peyğəmbərimizə salavat gətirməsi isə: ona xeyir-dua etmələri, təzim etmələri və şanını ucaltmalarıdır.

Bu halda biz Rəsulullaha (səs) salavat gətirərkən sanki Uca Allaha belə dua etmiş oluruq:

“Ey Rəbbim! Rəsulullahın (səs) şərəfini, şan-şöhrətini həm bu dünyada, həm də axirətdə yüksəlt! Onun gətirdiyi İslam dinini bütün dünayaya yay və bu dini dünya durduqca yaşat! Ona axirətdə ümmətinə şəfaət etmə haqqı ver və ona saysız savablar ehsan eylə! Ona salamtlıq, rahatlıq və əmin-amanlıq bəxş eylə!”

Əziz möminlər, Heç bir zaman unutmamaq lazımdır ki Rəsulullah (səs) ona  göndərdiyimiz salam və duanı şəxsən özü aldığınıbizə xəbər verir: Belə ki, bir hədisdə belə buyurur: “Yer üzündə Allahın səyyah mələkləri vardır. Onlar ümmətimin salamını mənə çatdırırlar.”[2]

Başqa bir hədisdə isə belə buyurur: Bir kimsə mənə salam göndərdiyi zaman onun salamını almaq üçün Allah təala ruhumu geri verər.”[3]

Peyğəmbərimizə (səs) salavat gətirmək  üçün xüsusi bir şərt və hazırlığa ehtiyac yoxdur. İnsan hər zaman və harada olursa-olsun Peyğəmbərimizə salət və salam göndərə bilər. Belə ki, Rəsulullah (səs): “…Mənə salət və salam göndərin. Çünki harada olursuzsa olun sizin salət və salamınızı mənə çatır.”[4]buyurmuşdur.

Hər an salavat göndərmək mümkün olmaqla yanaşı, xüsusən Cümə günü salət və salam demənin fəziləti daha böyükdür. Bir gün Rəsulullah (səs):

Müşfiq Xəlilov.

“-Günlərinizin ən fəzilətlisi Cümə günüdür. Buna görə də həmin gün mənə həddindən çox salavat gətirin; çünki sizin salət və salamınızı mənə təqdim edilir.” buyurdu. Əshabələr:  “-Ya Rəsuləllah! Vəfat etdiyiniz və sizdən heç bir iz  qalmadığı zaman salət və salamlarımız sizə necə təqdim edilir?”-deyə soruşdular. Bunun müqabilində Peyğəmbərimiz (səs):

“-Allah Təala peyğəmbərlərin bədənlərini çürütməyi torpağa haram etdi.”[5] –buyurdu.

Cümə günü salavat gətirməyin fəziləti ilə bağlı olaraq Hz. Əli (r.a.) belə deyir: “Hər kim Cümə günü peyğəmbərimizə yüz dəfə salavat gətirərsə, qiyamət günü məhşər yerinə üzü çox gözəl və nurlu olaraq gələr. İnsanlar qibtə ilə:

“Görəsən bu adam hansı əməl edib?” deyə bir-birlərindən soruşarlar.”[6]

Salavatın necə gətirələcəyi məsələsinə gəldikdə isə bunları deyə bilərik. Əvvəla bunu yaxşı bilmək lazımdır ki, Peyğəmbərimizə (səs) salavat gətirmək heç bir şey demədən quru-quru əli üzə çəkməkdən ibarət deyildir. Salavatın əli üzə çəkməkdən ibarət olduğunu düşünənlər yanılırlar. Salavatın müxtəlif  şəkilləri vardır.

اَللَّهُمَّ صَلِّ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ * اَللَّهُمَّ صَلِّ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَوَعَلَى آلِ  سَيِّدِنَا مُحَمَّدٍ* اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِهِ وَصَحْبِهِ وَبَارِكْ وَسَلِّمْ * صَلَى اللهُ عَلَيْهِ وَسَلَّمَ * عَلَيْهِ السَّلاَمُ  * عَلَيْهِ الصَّلاَةُ  وَالسّلاَمُ

Əziz qardaşlar, peyğəmbərimizə göndərdiyimiz salavatlar ilk növbədə özümüzə fayda verir. Etdiyimiz  salavatlar sayəsində Allahın bizə rəhm etməsi, günahlarımızı bağışlaması, mələklərin dua və istiğfar etməsi, mənəvi aləmimizin zənginləşməsi kimi son dərəcə əhəmiyyətli qazanclar əldə edirik. Bunların ən mühümü də axirətdə Rəsulullaha (səs) yaxın olmaqdır. Bir mömin Qurani-Kərimi oxuduqca cənnətdəki dərəcəsini yüksəltdiyi kimi, salavat göndərdikcə də Peyğəmbərimizə yaxınlığını artırır.

Ayrıca Peyğəmbərimizə salavat gətirənlərə Allah təala on qatıyla əvəzini verər və günahlarını bağışlayaraq dərəcəsini yüksəldər. Hədisi-şərifdə belə buyurulur:

“Kim mənə bir dəfə salvat gətirərsə, Allah ona on dəfə salavat deyər, on günahı silinər və mərtəbəsi on dərəcə yüksəldilər.”[7]

Həmçinin Rəsulullah (səs) dualarında həddində çox salavati-şərif deyəcəyini söyləyən əshabəsinə:

“-O təqdirdə Allah sənin bütün sıxıntılarını yox edər və günahlarını bağışlayar.”[8]-buyurmuşdur.

Kamil bir imana sahib olmağın şərtlərindən biridə Rəsulullaha (səs) sevgi bəsləməkdir. Onu anamızdan atamızdan, övladlarımızdan, bütün insanlardan və hətta öz nəfsimizdən daha çox sevmədikcə kamil bir mömin ola bilmək mümkün deyildir.

İnsan bu sevgini təmin etməlidir ki, imanı kamil olsun, həm bu dünyada, həm də axirətdə əmin-amanlığa qovuşsun. Çünki dünya və axirət səadətini təmin edən İslamı Peyğəmbərimiz (səs) təbliğ və bəyan etmişdir. Bu səbədən də ona olan sevgisini artırmayanın hər ikidünyada səadətə qovuşması mümkün deyildir. Bu sevgini təmin edən ən mühüm amillərdən biri də Allah Rəsulu (səs) zikr edilərkən ona salavat gətirməkdir. Bütün bunlara baxmayaraq, öz mənfəətini düşünməyərək salavatı tərk edən kimsə artıq pərişan olmuş, həm insanlar, həm də Allah qatında dəyərsiz və əhəmiyyətsiz vəziyyətə məruz qalmış və özünü də tək-tənha qoymuş deməkdir. Möhtərəm mominlər xütbəmə bir hədisi-şəriflə son verirəm: “-Kim mənə salat və salam deməyi unudub tərk edərsə, cənnətin yolunu itirər.”[9]

Müşfiq Xəlilov.


[1]Əhzab, 56.

Read Previous

Zina.

Read Next

Sədəqə.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.