• 23 Dekabr 2024

Sədəqə.

Əziz qardaşlar, bu gün ki, xütbəmizin mövzusu varlının da, kasıbın da yerinə yetirə biləcəyi bir ibadət olan sədəqə haqqında olacaqdır. Bildiyiniz kimi zəkat ibadətini yerinə yetirə bilməyimiz üçün müəyyən bir mala sahib olmağımız şərtdir. Bunun üçün zəkat, yalnız varlı müsəlmanların yerinə yetirəcəyi bir ibadətdir. Sədəqə isə bir az fərqlidir. Hər bir müsəlman səmimiyyəti və sədaqəti nisbətində sədəqə verə bilər. Sədəqə verə bilmək üçün müəyyən bir mala sahib olmaq kimi bir şərt yoxdur. Hətta sədəqə yalnız  mal ilə verilən bir ibadət də deyildir. Hz. Peyğəmbərin (səs) ifadəsiylə desək: “(Bir müsəlmanın) qardaşına göstərəcəyi təbəssüm sədəqədir. Yaxşılığı əmr edib pislikdən çəkindirmək sədəqədir. Yolunu azana yol göstərmək sədəqədir; gözü görməyən kimsə üçün kömək göstərmək sədəqədir; yoldan daş, tikan, sümük (kimi şeylər) götürüb kənara atmağın sədəqədir…”[1]Heç bir müsəlman sədəqə verməklə malının azalacağını düşünməsin. Əksinə sədəqəsi verilən malın bərəkətini Allah təala artırar. Belə ki, Uca Allah belə buyurur: “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar.”[2]

Yalnız halal yolla qazanılan maldan verilən sədəqə qəbuldur. Əks halda haram yolla qazanılan maldan verilən sədəqənin Allah qatında heç bir dəyəri yoxdur. Rəsulullah (səs) belə buyurur: “…Bir adam haramdan mal qazanar və onu xərcləyərsə, bu ona bərəkətli  olmaz; sədəqə versə qəbul edilməz. Arxasında saxladığı da onu ancaq atəşə yaxınlaşdırar. Çünki Allah-azzə və cəllə-pisliyi pisliklə silməz, lakin pisliyi yaxşılıqla yox edər. Heç şüphəsiz xəbis xəbisi silib yox etməz.”[3]

Digər tərəfdən sədəqə dünyəvi və üxrəvi bir çox sıxıntını dəf edər. Bunların bir neçəsi hədisi-şəriflərdə belə xəbər verilir: “Suyun odu söndürdüyü kimi, sədəqə də günah (ın əzabını) söndürür.”[4]

“Sədəqə Rəbbin qəzəbini söndürür və insanı  pis ölümdən uzaqlaşdırır.”[5]

“Sədəqə, sahibi üçün qəbrin istilyini söndürür. Mömin qiyamət günü sədəqəsinin altında kölgələnir.”[6]

Əziz möminlər, əshabələr sədəqə verərkən bir-birləriylə yarışardılar. Çünki Uca Allah: “xeyirli işlərdə bir-birinizlə yarışın”[7] buyurur. Belə ki, Hz. Ömər (r.a.) belə nəql edir: “Rəsulullah (səs) bizə sədəqə verməyi əmr etmişdi. O günlərdə var-dövlətim də vardı. Öz-özümə “Əbu Bəkri üstələyə bilsəm, ancaq bu gün üstələyə bilərəm” –dedim və sərvətimin yarısını gətirib Peyğəmbərimizə (səs) verdim. Allah Rəsulu (səs): “-Ailənə nə saxladın?”-deyə soruşdu. “-Bu gətirdiyim qədər də onlara saxladım.”-dedim. Əbu Bəkr də əlində olan sərvətininin hamsını götürüb gətirdi. Rəsulullah (səs): “ Ey Əbu Bəkr ailənə nə saxladın?”-deyə soruşdu. Əbu Bəkr (r.a.): “Allah və Rəsulunu saxladım.” –cavabını verdi. Elə o an öz-özümə “Vallah, onu heç bir xüsusda əsla üstələyə bilmərəm!”-dedim.[8]

Digər tərəfdən insan özünə hər hansı bir şey verilərkən onun necə olmasını istəyərsə, başqasına verərkən də onun elə olmasına diqqət etməlidir. Bir gün Hz. Aişə anamız qoxusu azca dəyişmiş əti sədəqə olaraq vermək istədi. Rəsululllah (səs) –ona: “Özün yemədiyin bir şeyi sədəqə veərəcəksən?!” buyurdu.[9] Həmçinin bir gün Hz. Aişə anamız Allah Rəsulunun xoşlamadığı bir qida məhsulu ilə bağlı: “-Ey Allahın Rəsulu, bunu yoxsullara verəkmi?”-deyə soruşdu. Rəsulullah (səs): “-Onlara özünüzün yemədiyi şeyləri verməyin!”-buyurdu.[10]

Digər bir məsələ sədəqə verməyi kecikdirməməkdir. Daha sonra verərəm düşüncəsi şeytanın hiyləsidir. Xeyirli işləri gecikdirmək məqsədəuyğun deyildir. Bunun üçün hər bir müsəlman sədəqə verməyi sonraya buraxmamlıdır. Hər kəs ölüm  yaşdadır. Ölüm ərəfəsində verilən sədəqənin savabı isə çox az olar. Allah Rəsulu (səs) belə buyurur: “İnsanın həyatında (sağ ikən) bir dirhəm sədəqə verməsi, ölümü zamanı yüz dirhəm sədəqə verməsindən daha xeyirlidir.”[11] Bir ayədə isə Uca Allah belə buyurur: “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!”[12]

Sədəqə vermək hər zaman gözəl olmaqla yanaşı, ümumiyyətlə onu gizli vermək daha üstündür. Allah təala belə buyurur: “Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!”[13]

Hz. Peyğəmbər (səs) sədəqəni gizli vermənin başqa bir faydasını belə bildirir: “Gizli verilən sədəqə Rəbbin qəzəbini söndürər.”[14]

Sədəqə vermənin yuxarıda bəhs etdiklərimizdən başqa bir neçə ədəbi də vardır. Onlardan bir hissəsi bu şəkildə sıralana bilər:

1.Sədəqə verən kəs onu kasıba şəxsən öz əliylə təqdim etməsi daha yaxşıdır.  İbn Abasın bildirdiyinə görə Peyğəmbərimiz (səs) sədəqəsini heç kəsə həvalə etməz, şəxsən özü verərdi.[15]

2.Sədəqə verən kimsə başa qaxmaq, minnət qoymaq, incitmək və könül sındırmaqla sədəqələri boşa çıxarmamalıdır.[16]

Əksinə zəkat və sədəqə verən kimsə sədəqəni alana təşəkkür etməlidir. Çünki onun mühüm bir borcdan qurtulmasına və savab qazanmsına səbəb olur.

3. Sədəqə verən müsəman verdiyi sədəqəni daha sonra hansı səbəb  olursa olsun əsla geri almamlıdır. Çünki Hz. Peyğəmbər (səs) belə buyurmuşdur: “Verdiyi sədəqəni geri alan kimsə, yediyini qusduqdan sonra qayıdıb onu yeyən köpəyə bənzər.”[17]

4.Sədəqə vermə ədəblərinin ən mühümü isə sədəqəni səmimiyyət və ixlasla, sırf Allah rizası üçün verə bilməkdir. Özünü göstərmək və dünyəvi məqsədlər üçün verilən sədəqələr boşa gedər və insana heç bir fayda verməz.[18]

Xütbəmə bir ayə ilə son verirəm: “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. . (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. . Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq! Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir).”[19]

Müşfiq Xəlilov.


[1] Tirmiz, Birr, 36, 1956.

[2] Bəqərə, 276.

[3] Əhməd, I, 387.

[4] Tirmizi, İman, 8, 2616.

[5] Tirmizi, Zəkat, 28, 664.

[6] Heysəmi, III, 110.

[7] Bəqərə, 148.

[8] Tirmizi, Mənaqib, 16, 2675.

[9] Heysəmi, III, 113.

[10] Əhməd, VI, 105, 123.

[11] Əbu Davud, Vasaya, 3, 2866.

[12] Münafiqun, 10-11.

[13] Bəqərə, 271.

[14] Beyhəqi, Şuab, III, 244; VI, 255.

[15] İbn Macə, Təharət, 30.

[16] Bəqərə, 262-264.

[17] Müslim, Hibat, 5.

[18] Bəqərə, 264.

[19] İnsan, 8-11.

Read Previous

Salavat.

Read Next

Xəstə ziyarəti.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.