• 22 Noyabr 2024

Axirət

AXİRƏT

Əziz müsəlmanlar, öldükdən sonra dirilib Uca Allahın hüzurunda hesab verməyə inanmaq imanın bir şərtidir. Bu səbəblə axirətə inanmayan kimsə müsəlman ola bilməz. Gecədən sonra səhərin, qışdan sonra baharın gəlməsi nə qədər mütləqdirsə, öldükdən sonra diriliş də o qədər mütləqdir. Hər şey axirətin varlığına dəlildir. Allahın varlığını qəbul edib axirəti inkar etmək, Günəşi qəbul edib işığını inkar etmək qədər ağılsızlıqdır. Çünki Allah insanları təkrar dirildib hesaba çəkəcəyinə söz vermişdir. Bunu göndərdiyi bütün peyğəmbərlər və müqəddəs kitablar vasitəsilə bildirmişdir.

Allah hikmət sahibidir. Hər şeyi zamanında və yerində edər. Onun boş və anlamı olmayan bir iş görməsi mümkün deyildir. Bu boyda kainatı və mükəmməl insanı yaradıb, sonunda da onları büs-bütün yox etməsi çox mənasız olardı.

Bir bağban böyük əmək və qayğı ilə yetişdirdiyi bağçasını yandırıb yox edərmi? Meyvələrini çuxurlara doldurub çürüməsinə yol verərmi? “Xeyr” deyəcəksiniz. Elə isə Allah da insanı ona görə yaramtmayıb ki bu dünyada bir müddət yaşayıb öldükdən sonra çürüyüb toprağa qarışıb yox olub getsin. Xeyir bu mümkün deyildir. Peyğəmbərimizin (səs) də buyurduğu kimi “Bu dünya axirətin tarlasıdır” Dünyada nə əksən axirətdə onu biçərsən. Mükəmməl bir nizam içərisində olan bu kainat onun üçün yaradılmayıb ki insanlar doğulub boya-başa çatsın 70-80 il ömür sürsün sonra yox olub getsin. Xeyir bu çox bəsid bir səbəbdir.

Bir əkinçi çürüyüb yox olsun deyə toxumu torpağa səpməz. Kök atıb boy versin deyə tarlaya əkər. İnsan da ölüb torpağa basdırılar. Fəqət çürüyüb yox olmaq üçün deyil, yeni və sonsuz bir həyata gözünü açmaq üçün basdırılar. Ölüm bir növ bizim üçün ikinci bir doğuşdur. Allah anamızın bətnində-qaranlıq bir dünyada bizi doqquz ay bəsləyib inkişaf etdirdi. Dünyada yaşamağımız üçün hər cur əzalarla – baş, əl, ayaq, və digər orqanlarla təmin etdi. Ondan sonra da doğumla bizi dünyaya göndərdi. Ölümlə ikinci dəfə bir də doğulacağıq. İnsanlar dirilmək üçün ölürlər. Bunun üçün ölüm yox olmaq deyil yeni bir həyatın başlanğıcıdır. Bizi ana bətnindən dünyaya göndərən Allah, dünyadan da Axirətə göndərəcək. Dünyadakı halımız yumurtadakı cücənin halına bənzəyər. Ölümlə yumurtanın qabığını çatladar, tamamilə ayrı və sonsuz bir həyata gözümüzü açarıq.

Əziz möminlər, hər ölkədə qanunlara əməl edən, vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirən həqiqi vətəndaşlar seçilir və sevilir. Qanunları pozan, hər kəsi narahat edən pis insanlar isə cəzalandırılır. Dünya deyilən məmləkətin sahibi də Allahdır. Allah sonsuz ədalət sahibidir. Yaxşı və sevilən qullarını mükafatsız, pisləri də cəzasız qoymayacaqdır. Onsuz da bu dünyada ədalət tam olaraq görünmür. Zalım və məzlum, əzən və əzilən eyni torpağın altına basdırılır. Deməli, haqq-hesaba böyük bir məhkəmədə baxılacaqdır.

İnsanın iki cür yaradılışı vardır. Birincisi, dünyaya gələrkən yaradılışıdır. İkincisi isə Axirətdəki yaradılışıdır. Əslində ikinci yaradılışımız birincisinə görə daha asandır. Çünki birincisində bütün orqan, sistem və duyğularımız tək bir hüceyrədən yaradılır. İkincisində isə dağılan vücudun atom və hüceyrələri toplanılır. Bir şeyi yoxdan var etmək asandır, yoxsa dağılan bir şeyi toplamaq daha asandır? Bizi yoxdan var edib dünyaya göndərən Allah ikinci dəfə də yaradacaqdır. Yasin surəsi 77-79 cu ayələrdə belə buyurulur: “Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək. . Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”

Möhtərəm möminlər, axirətə inanmağın saysız faydaları vardır. Hər şeydən əvvəl insan üçün böyük təsəlli qaynağıdır.

Doğulan körpə anasının bətnindən daha gözəl bir dünyaya gəldiyini bilsəydi heç ağlayardımı? Eləcə Axirətə inanan insan da ölümü sonsuz bir dünyaya doğulmaq kimi görər və ölümdən qorxmaz.

Əsgərliyini bitirən əsgərin sevincinin həddi olmaz. Çünki öz boynuna düşən vəzifəni yerinə yetirib öz yurduna dönər. Yüzlərcə qohum, yaxın əqrəba və dostlarına qovuşar.

Uzaq bir ölkəyə təhsil almağa gedən bir tələbə vətəninə dönərkən heç ağlayarmı? Ağlayarsa əgər o da sevincindən ola bilər. Eləcə də dünya həyatı da insanlar üçün bir əsgərlikdir. Sanki bir oxumaq, dərk etmək, təhsil və elm almaq fürsətidir. Ölüm isə “buraxılış” əmridir. Gerçək vətənimiz olan Cənnətə dönüşdür. Axirətə köçmüş milyonlarca qohum, dost və yaxınlarımıza qovuşmaqdır.

Axirətdə hesab verəcəyinə inanan bir kəs zülm və haqsızlıq etməkdən çəkinər. Çünki etdiyi hər əməlin axirətdə hesabını verəcəyinə inanır. Bu dünyada insanın başına bir çox fəlakətlərin gəlməsi mümkündür. Hətta bəzən bu fəlakətlər insanın nəyi varsa hamısını yox edə bilər. Bu kimi vəziyyətlərdə Allaha və Axirətə inanan insan təsəlli tapar və səbr edər. İnithar etməz, stresə girməz ümidsizliyə qapılmaz. Çünki O, itirdiyi şeylərin ona savab qazandırdığını dərk edər. Həyatın yalnız bu dünyadan ibarət olmadığına inanır.

Xütbəmi axirətlə əlaqəli bir neçə ayə ilə yekunlaşdırıram:

“Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.” (Nisa 39)

“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (Ənam 32)

05 May 2011 / 03 C.Axır 1432

Read Previous

Vay onların halına

Read Next

ƏSL XOŞBƏXTLİK NƏDİR?

One Comment

  • he Peygamberimiz Deyir Her Yatib Durandan Sonra : ”Meni Oldurub Yeniden Dirilden Allaha Shukurler Olsun” hetta bu dunya insan her axwam olur ve her seher yeniden dirilir hele qaldi mohtewem axiret gunune…. xutbeye gore twkler cox sag olun 🙂

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.