• 22 Dekabr 2024

Allah qorxusu

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Allah yanında ən üstününüz Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” Elə isə ilk olaraq öz nəfsimə, daha sonra siz əziz oxuyucularımıza, hər şeydən zəruri olan Allah qorxusunu xatırlatmaq istəyirəm.  O Allah qorxusu  ki, bizə, içdiyimiz sudan və aldığımız havadan daha önəmlidir. Allah Rəsulu (s.ə.s) örnək həyatına baxdığımız zaman, Onun (s.ə.s) təqva mövzusunda öz səhabələrinə tövsiyə etdiyi: “Allahdan qorxun, təqvalı olun, həqiqətən Allah qatında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır ” hədisi şərifi günümüzün müsəlmanları olaraq bizim üçün çox əhəmiyyətlidir.

Rəvayət edilir ki, Ənəs (r.a) belə buyurmuşdur: Bir gün Peyğəmbərimiz (s.ə.s) bizə elə bir xütbə verdi ki, biz hələ bu vaxta qədər belə bir xütbə eşitməmişdik. O belə buyurdu: “Əgər mənim bildiklərimi siz bilsəydiniz, az gülüb çox ağlayardınız ” Bu hadisəyə şahid olan Ənəs (r.a) deyir ki, bunu eşidən səhabələrin hamısı üzlərini tutaraq, inilti ilə ağlamağa başladılar . Bir başqa hədisi şərifdə də Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Ümmətimdən elə kimsələr tanıyıram ki, qiyamət günündə dağlar qədər savablarla gələcəklər, lakin Allahu Təala onların əməllərini puç edəcəkdir.” Bunu eşidən səhabələrdən Səvban (r.a) peyğəmbərimizə (s.ə.s) belə dedi: “Ey Allahın Rəsulu! Bizə o insanları tanıt ki, biz də bilməyərək o insanlardan olmayaq.” Peyğəmbərimiz (s.ə.s) isə ona belə cavab verdi: “Ey Səvban! Onlar da sizin cinsinizdən olan qardaşlarınızdır. Gecələr siz namaza qalxdığınız kimi onlar da namaza qalxarlar, lakin onlar günahlarla baş-başa qaldıqda onlar günah işləyərlər”.

 Demək ki, əsl Allahdan qorxanlar o kimsələrdir ki, insanlar arasında olduqda da, heç kimin görmədiyi yerdə də günah işləməkdən çəkinərlər. Qurani Kərimdə Allah Təala bu haqda belə buyurur: “Allah sizin etdiklərinizdən xəbərsiz deyil.”[1], “Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını da  aşkara çıxartdıqlarını da bilir”[2]. Bir başqa ayədə də: “Biz insana şah damarından  daha yaxınıq. Sağında və solunda iki mələk oturub, onun əməllərini yazır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün hazır durmuş bir gözətçi olmasın.” [3]Bəli, Allah Təala hər birimizi hər yerdə görür və hər işimizdən xəbərdardır.

 Bildiyiniz  kimi Peyğəmbərimiz (s.ə.s)-in səhabələri Allah yolunda ən çox çalışan kimsələrdi. Lakin onlar bizim burnumuza qonan, sonra isə əlimizlə qovduğumuz milçək kimi dəyər vermədiyimiz , bəlkə də, heç günah belə hesab etmədiyimiz əməlləri, dağlar boyda günah hesab edirdilər. Onlar namazlarını 2-3 dəqiqəlik bir iş hesab etmirdilər. Rəbblərinin hüzurunda duracaqları üçün qəlbləri titrəyərdi, rəngləri solardı.

Onlar, isti havada sadəcə sərinləmək üçün dəstamaz alan və ya soyuq havada bir az soyuq su görən kimi dəstəmaz almaq fikrindən dönən kəslər kimi də deyildilər.. Səhabələr dəstəmaz alarkən rəngləri saralardı.. Bunun səbəbi soruşulduqda isə: “İndi kimin hüzurunda duracağımızı bilirsinizmi?!” – deyə cavab verərdilər.

Onlar, verdiyi sədəqələri, etdiyi bütün yaxşılıqları, birdən görən olar, savablarım puç olar və mənə riya olaraq yazılar qorxusuyla gizlincə etməyə çalışardılar.

Onlar, bir-iki ayə və hədis öyrənən kimi özlərini alim hesab etmirdilər. Öyrəndiklərini əmələ çevirməyənə qədər bunu elm saymaz, bundan qürur duymazdılar.

Onlar, ölümü sadəcə cəsədin dəfn edilməsi və dünyəvi bir itki kimi qəbul etmirdilər. Ölüm haqda daima fikirləşər, tədarük görərdilər.. Tədarükləri isə – təqva, əxlaq və elm idi. Bütün saydığımız bu misallara səhabələrdən Hz. Öməri misal vermək necə də yerinə düşərdi. O Ömər ki, səhabələrin ən öndə gedənlərindən idi; O Ömər ki, Peğəmbərimiz  (s.ə.s) onu: “Cənnətə girən şəxslərin ilki sən olacaqsan!”-deyə müjdələmişdir. Yenə o, nəfsinin münafiq olmasından çox qorxardı və bu səbəblə bir gün Peyğəmbərimizin sirdaşı olan Hüzeyfəyə (r.a) soruşmuşdu: “Ey Hüzeyfə sənə and verirəm Allaha, Peyğəmbərimiz mənim adımı münafiqlərlə birgə çəkdimi?” Hüzeyfə (r.a)-dan “Yox”- cavabını aldıqda sonra rahatlamışdı. Burada, Hz. Ömər (r.a) öz nəfsinin münafiq olmasından ehtiyat edirdi. Bəs biz? Baxaq görək, biz günahlarımız barədə bu qədər düşünürükmü, yoxsa yox?

Xülasə, gəlin indi özümüzü bir anlıq imtahan edək: Biz Allahdan nə qədər qorxuruq ? Gün ərzində Allahı nə qədər xatırlayırıq? Baxdığımız  televiziya kanallarında, və ya qarşısında oturub vaxtımızın çox hissəsini keçirdiyimiz komputerdə internet saytlarını dolaşarkən, Allah nə qədər yadımıza düşür?  Və ya küçədə gəzərkən, iş yerlərimizdə, bazarda Allahdan qorxaraq gözümüzü nə qədər haramlardan qoruya bilirik..? Görəsən Allah, bu gün cib telfonlarımıza yerləşdirdiyimiz foto, video və  musiqilərdən  nə dərəcədə razı qalır? Allah Təala bizi ondan layiqincə qorxanlardan və sorğu-sualsız  cənnətə girən qullarından eyləsin! Peyğəmbərimiz (s.ə.s) bir hədisi şərifi ilə yazımıza son vermək istəyirəm: Harada olursan ol Allahdan qorx!”


[1] Nəml 88

[2] Mülk 13

[3] Qaf 16-18

Read Previous

BU GECƏ MERAC GECƏSİDİR

Read Next

MÜSƏLMANI XOR GÖRMƏYİN ÇİRKİNLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.