• 23 Dekabr 2024

Asan şəkildə oruc tutmaq sizin öz əlinizdədir.

 

Asan şəkildə oruc tutmaq sizin öz əlinizdədir

Builki Ramazan ayı yay mövsümünə təsadüf etdiyinə görə, oruc tutmaq bir o qədər də asan olmayacaq. Ancaq bu ayda daha rahat oruc tutmaq mümkündür. Budur, həkimlər bədənin immunitetini artıran tərkibi təqdim edirlər: hər gün üç kasa qatıq, azı 8 stəkan su, üç müxtəlif rəngli meyvə!

Həkimlər insan bədəninin aclığa 40, susuzluğa isə cəmi 7 gün müqavimət göstərə bildiyini, bu səbəbdən, açıq havada və ya fiziki işlərlə məşğul olanların daha diqqətli davranmalı olduqlarını qeyd edirlər. Aşağıda sizə bədəninizin immunitet qüvvəsini artıracaq qidalanma rejimini təqdim edirik:

Hər gün obaşdanlığa (sahura) qalxarkən, iftar zamanı və iftarla obaşdanlıq arasındakı vaxtlarda olmaqla 3 kasa qatıq yeməyə çalışın. Çünki qatıq tərkibində protein, karbohidrat və yağ olmasından dolayı balanslaşdırıcı qidadır. Tərkibindəki vitamin və minerallarda bədənin müqavimətini artırıcı xüsusiyyətlər vardır…

Ramazan ayında bağırsaqların fəaliyyəti yavaşlaya və bundan dolayı qəbzlik problemi yarana bilər. Buna görə, süfrənizdə liflə zəngin qabağa da yer verin. Qabağı şorbalarınızda istifadə edə, xırda doğrayaraq, üzərinə sarımsaqlı qatıq əlavə edərək, salat kimi yeyə bilərsiniz. Həmçinin, salatlarda limonla yanaşı, balqabaqdan da istifadə etmək tövsiyə olunur…

Bədənin qan dövranı üçün su son dərəcə mühüm qidadır. Bu səbəbdən, həkimlər oruc tutanların iftarla obaşdanlıq arasındakı vaxt ərzində azı 8 bardaq su içmələrini tövsiyə edirlər. Həmçinin, tərkibi su baxımından bol olan pomidor, xiyar və digər tərəvəzlərdən salat hazırlayın. Əgər təzyiq və böyrək xəstəliyindən əziyyət çəkmirsinizsə, onda hər gün bir ədəd mineral su içməyə çalışın. Belə ki, mineral su gündəlik tərlə birlikdə itirilən elektroliki bərpa edir, həzmi asanlaşdırır. Bir butulka mineral suya yarım limon şirəsi sıxaraq, üzərinə doğranmış nanə əlavə edərək, içə bilərsiniz.

Hər gün azı üç müxtəlif rəngli meyvə yeməyə çalışın. Belə ki, meyvələrə rəng qatan fitokimyəvi maddələr bədənin immunitetini artırır. Məsələn, hər gün 2 ədəd ərik, 7-8 ədəd gilas və s. yeyə bilərsiniz…

Əgər siz xolesteroldan əziyyət çəkmirsinizsə, obaşdanlıqda 1 ədəd suda azbişmiş yumurta yeməyiniz tövsiyə olunur. İftar zamanı bişirdiyiniz yeməkləri obaşdanlıqda, sahurda bişirdiklərinizi isə iftar açarkən yeməyin. Çünki iftar üçün hazırlanan yağlı və duzlu yeməklər gündəlik su tələbatını artırır…

Habelə obaşdanlıqda çay və qəhvə içilməsi tövsiyə olunmur. Artıq çəkidən əziyyət çəkənlərin isə əla növ ağ undan hazırlanan məmulatları yeməmələri tövsiyə olunur. Çünki un məmulatları qan şəkərinin miqdarını sürətlə artıra və azalda bilir.

Ramazanda oruc tutanlar həftədə üç gündən çox olmamaq şərti ilə dondurma və digər şirniyyatlardan yeyə bilərlər. İftar süfrələrinə çörək, plov, dolma və şirniyyat məhsullarının bir arada verilməsi məqsədəuyğun deyildir. Göstərilənlərdən birini seçərək, yanına ət, toyuq və ya balıq, salat və qatıq əlavə etmək mümkündür…

Həkimlər oruc tutmanın bədənin metabolik balansını dəyişdirmədiyini, ancaq şəkər xəstəliyindən əziyyət çəkənlərin uzun müddət ac qalmasının riskli olduğunu bildirirlər. Orucun arıqlamaq metodu olmadığını bildirən mütəxəssislər hərəkətin azalmasının bədəndə maddələr mübadiləsini zəiflətdiyini qeyd edirlər…

Oruc tutarkən ağızdakı bakteriyaların artmasından dolayı ağız və diş sağlamlığı əhəmiyyət kəsb edir. Dişlər fırçalanmadığı təqdirdə çoxalan bakteriyalar dişlərin çürüməsinə gətirib çıxarır. Bu səbəbdən, həkimlər istər obaşdanlıqdan, istərsə də iftardan sonra dişlərin fırçalanmasının lazımlığını qeyd edirlər. Həmçinin, stomatoloqlar dişlərlə bərabər dilin və diş ətlərinin də fırçalanmasını tövsiyə edirlər.

Read Previous

Orucun Faydaları

Read Next

Orucun orqanizmə müsbət təsir göstərməsi üçün nə etmək lazımdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.