• 21 Dekabr 2024

Azərbaycanda halal qidaların siyahısı açıqlandı

halal“Mal, öküz, qoyun, keçi, dəvə, toyuq, qaz, ördək və hind toyuğu əhliləşdirilmiş heyvanlar, maral, antilop, dağ keçisi, mal və bunlar kimi yırtıcı olmayan vəhşi heyvanlar, göyərçin, sərçə, bildirçin, sığırçın və dəvəquşu kimi yırtıcı olmayan quşlar halaldır”.

Sunna.az APA-ya istinadən xəbər verir ki, bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən və iyunun 24-dən qüvvəyə minən “Halal qida. Ümumi rəhbəredici sənəd” dövlət standartında əksini tapıb.

Eyni zamanda bu heyvanlardan əldə edilən süd və süd məhsulları, yumurta və yumurta məhsulları halaldır.

Halal olmayan heyvanlara isə donuz, it və oxşar növlər, Allahın (c.c) adı anılmadan kəsilmiş heyvanlar, islam qaydalarına zidd olaraq kəsilmiş heyvanlar, öz-özünə ölmüş heyvanlar, ovunu öldürmək və ya özünü müdafiə etmək üçün öndə buynuzu və ya uzun iti dişləri olan ayı, fil, meymun, qurd, aslan, pələng, bəbir, pişik, çaqqal, tülkü, sincab, kaftar, köstəbək, dələ, Amerika timsahı və timsah kimi heyvanlar, qırğı, şahin, qartal, kərkəs, quzğun, qarğa, çalağan, bayquş kimi iti pəncələri olan yırtıcı quşlar, siçovul, çayan, əqrəb, ilan, vəhşi arılar, siçan və buna bənzər həşəratlar və zəhərli heyvanlar, kərtənkələ, ilbiz, böcək, sürfələr və oxşar iyrənc heyvanlar, İslamda öldürülməsi qadağan olunan balarısı və şanapipik kimi heyvanlar, uzunqulaq və qatırlar, bilərəkdən və davamlı olaraq halal olmayan yemlə bəslənən ferma heyvanları daxildir. Halal olmayan heyvanlardan əldə edilən hər hansı məhsullar da halal sayılmır.

Su heyvanlarına gəlincə, pulcuqlu balıq növləri, krevet (xırda dəniz xərçəngi) və pulcuqlu balıqların kürüləri və onların məhsulları halaldır. Balıq kimi kəsilməsinə ehtiyac olmayan heyvanlardan əldə edilən kürülər istehlak üçün təhlükəsiz olduğu halda halaldır. Sağlamlığa zərərli bütün zəhərli su heyvanları halal sayılmır. Zəhərli və zərərli hissələri çıxarıldığı halda halaldır. Bütün amfibiyalar halal sayılmır.

Zəhərli və zərərli bitkilərdən başqa bütün bitkilər və onların məhsulları da halaldır. Zəhərli və zərərli bitkilərin zəhərli və zərərli hissələri çıxarıldığı halda halaldır.

İnsan və heyvan mənşəli qan və digər maddələrə gəlincə, hər növ qan və məhsulları halal sayılmır. Sidik, ətənə, peyin, qusuntu, irin, məni (sperma) insanlardan və heyvanların bədən dəliklərindən çıxan yumurta kimi hər növ çirkli maddələr, insan bədəninin hər hansı hissəsinin istehlakı halal sayılmır.

Bundan əlavə, qursaq mayası və jelatin kimi qida əlavələri halal olmayan məhsullardan emal edilməməlidir.

Taxıl və taxıl məhsulları, bitki və heyvan mənşəli piylər və duru yağlar, meyvə-tərəvəzlər və ondan hazırlanan məhsullar, qənd və qənnadı məmulatlar halal əməliyyatlardan istifadə edilərək halal mənşəli maddələrdən emal edilməlidir.  Zəhərli, bihuş edən və ya zərərli içkilərdən başqa hər növ su və spirtsiz içki halaldır.

Spirti özündə birləşdirən hər növ məhsul və ya içki, bişirmə məqsədli ya da şirniyyat qatışığı olaraq istifadə edilməsi belə İslam qaydalarına görə qadağandır.

İçkilərdə boyayıcı və qoruyucu kimi istifadə edilən qida əlavəli maddələri qidada istifadəyə uyğun olmayan və halal olmayan tərkiblərdən emal edilməməlidir. Arıların bitkilərdən yığaraq ifraz etdikləri və insan sağlamlığına zərərli olmayan arıçılıq məmulatları (bal, arı şanı, arı südü) halaldır. Balın içindən çıxan bal arısının hissələri və qarşısı alınmayan digər parçalar halal olaraq xarakterizə edilir.

Standartda qida gücləndiricilərindən də bəhs olunur. Qida gücləndiriciləri bitki və heyvanlar kimi halal qaynaqlardan emal edilməli və halal olmayan komponenti özündə birləşdirməməlidir. Halal yeyinti məhsullarının istehsalında genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının istifadəsi qadağandır.

Qida qatqı maddələri də qida olaraq qəbul edilir. Halal olmayan tərkiblə hazırlanmış qida əlavələri halal sayılmır. Xammal, emala kömək edən maddələr və ya son məhsul olaraq istifadə edilən fermentlər halal qaynaqlardan əldə edilməli və etiket məlumatlarında qeyd edilməlidir.

İnsan sağlamlığı baxımından zəhərli və / və ya zərərli (insanlar üçün patogen və toksiki) olanlardan başqa bakteriya, göbələk, maya kimi mikroorqanizmlər halaldır. Qida və ya qida emalında istifadə edilən mikroorqanizmlər halal mühitdə istifadə olunaraq istehsal edilməlidir. Mayanın çıxarışı və ya bunlardan əldə edilən digər məhsullar üçün pivə mayası istifadə edilməməlidir.

Qeyd edək ki, bu standart İslam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib – boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydaları əhatə edir.

Bu standartdakı bütün qaydalar ümumi olub, ölçüsü və mürəkkəbliyindən asılı olmayaraq qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq olunması tələb edilir. Bura xüsusən qida zəncirinin bir və ya daha çox mərhələsində işləyən təşkilatlar da daxildir.

Mənbə:

sunna.az

Read Previous

Zəkat verməyin 6 mühim faydası

Read Next

Fitrə sədəqəsi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.