• 21 Dekabr 2024

BİDƏT NƏ-(deyil)-DİR?

imagesBİDƏT – sözü ərəb dilində “bənzəri olmayan”, “sonradan ortaya çıxan”, “yenilik” və sair mənalarda işlədilir. Son dövrlərdə xüsusilə mübahisə obyektinə çevrilən bu kəlmənin dini-terminoloji mənası haqqında İslam uləması ümumi olaraq iki görüş bildirmişdir;

a) Dini məqsədlərə müvafiq olub onunla örtüşən və ya şəri əsaslara bağlılığı olan bidətlər;

b) Şəriətdə heç əsli olmayan, zəlalət təmayüllü (bidəti-seyyiə) hökmündə olanlar .

İkinci tərif hamı tərəfindən dinə xələl gətirən və təhrif edici xüsusiyyəti olması səbəbilə caiz olmayan bidət kimi görülür. Birbaşa qəbirdə yatan kimsədən nəsə istəmək, bir şeyin uğursuzluğuna inanmaq və sair bunlara misaldır. Səbəbi isə Quran, sünnə, icma kimi şəri əsaslara zidd olmasıdır. Ancaq birinci tərif isə, onu qəbul edənlərlə və etməyənlər arasında geniş mübahisələrə səbəb olmuşdur. Bütün mübahisələr Həzrət Payğəmbər (ﷺ) tərəfindən söylənmiş “ hər bidət zəlalətdir, hər zəlalət cəhənnəmə aparar” (Müslüm, Cümə, 43; Əbu Davud, Sünnə 5; Nəsai, İydeyn, 22; İbn Macə, Müqəddimə, 6-7) hədisi-şərifi ətrafında dönür.

Hədisi anlama baxımından təəssübkeşlikdən uzaq və düzgün nəticə əldə etmək üçün yenə Peyğəmbər (ﷺ) həyatına baxmaq ən doğru yoldur. Çünki bidət kəlməsini “yenilik” kimi lüğət mənası ilə almaq, hədisə zahiri mənada yanaşmaq obyektivlikdən uzaq nəticələr doğura bilər.

Həzrət Peyğəmbər (ﷺ) hələ həyatda ikən səhabələr tərəfindən sünnədə nümunəsi olmayan bəzi əməllər ortaya çıxmışdır. Bunları iki yerə bölmək mümkündür;

1) Peyğəmbərin xoşluqla qəbul etdiyi yeniliklər

2) Peyğəmbərin rədd etdiyi yeniliklər.

Səhabələrdən biri belə bir rəvayət edir: “Allah Rəsulunun arxasında namaz qılırdıq. Peyğəmbər (ﷺ) rükudan başını qaldırıb, “səmiallahu limən hamidəh” dedikdən sonra camaatdan biri “rabbəna və ləkəl-hamd hamdən kəsiran tayyibən mübarəkən fih” deyərək Allahı zikr etdi. Allah Rəsulu namazı qurtardıqdan sonra:

– Onu söyləyən kim idi? -deyərək soruşduqda həmin adam “mən” dedi. Hz. Peyğəmbər:

– Otuza yaxın mələk gördüm ki, bunun səvabını yazmaq üçün yarışırdılar .” (Buxari, Əzan, 126). İbn Həcər öz müzakirələrində qeyd edir ki, bu hədis əslində şəri əsaslara müxalif olmaması şərti ilə namaz daxilində zikri çoxaltmağın dəlilidir (İbn Həcər, Fəthul-bari, II/287. Digər bir alim isə namaz xaricində zikri çıxaltmaq elə isə daha əvladır (yaxşıdır) demişdir).

Digər misal Əbu Hüreyrənin Həzrət Peyğəmbərdən rəvayətidir. Həzrət Peyğəmbər (ﷺ) buyurdu:

– Ey Bilal! Müsəlman olduqdan sonra işlədiyin və ən çox xeyir ümid etdiyin əməli deyə bilərsənmi? Çünki röyamda cənnətdə sənin ayaq səslərini məndən öndə eşitdm. Hz. Bilal belə cavab verdi:

– İslamda, nəzərimdə daha çox xeyir ümid etdiyim bu əməlimdən başqasını işləməmişəm. Gecə olsun, gündüz olsun dəstəmaz aldığım zaman mənə qılmağım lazım olan namazı qılıram (Buxari, Təhəccüd, 17; Müslüm, fəzailus-Səhabə 108). Bu kimi misalları çoxaltmaq mümkündür. Məlum olur ki, səhabə tərəfindən çıxarılan bu növ yeniliklər Hz Peyğəmbər (ﷺ) tərəfindən xoşluqla qarşılanmış və o səhabəni müjdələmişdir. Məhz bu mənada Həzrət Peyğəmbər (ﷺ) demişdir ki:

“Hər kim gözəl bir adət qoyarsa işləyənin səvabı qədər ona da səvab vardır” (Müslüm, Elm 15/Zəkat 69; Əhməd ibn Hənbəl, 4/369). Bir digər cəhətdən səhabənin ortaya çıxardığı bəzi məsələlər də var ki, Peyğəmbər (ﷺ) onu dərhal rədd etmişdir. Səhabədən üç nəfərin biri heç evlənməyərək həmişə ibadət edəcəyini, digəri həmişə oruclu olacağını, bir digəri isə gecələri heç yatmayacağını və həmişə ibadət edəcəyi fikrini söyləmişlər. Həzrət Peyğəmbər (ﷺ) onları çağıraraq: “Belə danışanlar sizsiniz? Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınızam və sizdən daha çox təqva sahibiyəm… Mənim sünnəm budur. Kim mənim sünnəmdən üz çevirərsə məndən deyildir. ” (Buxari, Nikah 1; Müslüm, Nikah 5; Nəsai, Nikah 4). Hədisdən açıqca məlum olur ki, daha çox ibadət istəyi ilə səhabələr rahiblik prinsipinə qapı açmış olurlar ki, bu da İslama görə qadağan edilmiş bir davranışdır (Hadid, 57/27; Maidə 5/87). Bu mənada Həzrət Peyğəmbər:

“Bizim bu işimizdə (dində) ondan olmayan bir şeyi ortaya çıxaranın bu əməli rədd olunar” (Buxari, Sülh, 5; Müslüm, Əqdiyə 17) demişdir.

Quran ayələrində və hədislərdə möminlər üçün tövsiyə edilən və yerinə yetirilməsi çox səvab olan elə şeylər var ki, bunların tətbiqdə bir nümunəsi yoxdur. Məsələn Qurani-Kərimdə 200-dən çox yerdə zikirlə bağlı ayələr var. Onlardan bəziləri belədir: “Ey iman gətirənlər! Allahı çox zikr edin!” (Əhzab, 33/ 41; Cümə, 62/10) “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən … yayındırmaz.” (Nur, 24 /37) Ayələrdəki və ya bu mövzuda hədislərdə söylənmiş çoxluqdan məqsəd nədir? Müəyyən sayı ilə bunun məhdudlaşdırılması və gündəlik oxunmasının hökmü rədd olunan bidət ola bilməz? Həmçinin “mövlud” bunun bir digər nümunəsidir. Kaab ibn Züheyir Həzrət Peyğəmbərin (ﷺ) hüzurunda onu öymüş və müqabilində ondan hədiyyə ilə mükafatlandırılmışdır. Hassan ibn Sabit də mədhiyyə şeirləri müqabilində təşviq edilmişdir. Həmin qəsidələrin və ya fərqli formasının müasir üslubda oxunması qınaq obyekti ola bilməz.

Ona görə də İslam alimləri Hz. Ömər kimi bidəti-həsənə terminindən istifadə etmişdir. Çünki onun əsli dində olduğu halda şəkli və formasıın nümunəsi sünnədə yoxdur. Hənbəli alim İbn Rəcəb (ö. 795/1393) bidətin bu qismi haqqında belə demişdir: “Əslində bidət, şəriətdə əsli olmayan bir şeyi ortaya çıxarmaqdır. Ancaq bir şeyin əsli şəriətdə varsa lüğətdə bidət olsa da ona bidət demək olmaz.” (İbn Rəcəb əl-Hənbəli, Camiul-ulum vəl-hikəm, Daru İbn Kəsir, s 223) Həmçinin İmam Gəzzali (ö.505/1111) eyni mənanı ifadə edərək: “Ortaya çıxarılan hər şey haram deyil. Qadağan olanlar, sabit olmuş sünnənin ziddinə və şəri-şərif tərəfindən qadağan edilmiş bidətlərdir.” (Əbu Hamid Gəzzali, İhyau ulumiddin, II/248).Namazdan sonra əl sıxışmaq “المصافحة/musafahə” belə bir əməldir. Bunun əsli sünnədir. Ancaq sırf namazdan sonra insanlar arasında adət halına gəlməsinin şəri bir istinadı yoxdur. İnsanların çox vaxtlar adətləşdirdikləri də, əsli şəriətdə olan sünnə əməldən ayrı qalmamalıdır (İmam Nəvəvi, əl-Əzkar, s 382).

Nəticə olaraq əslində bu tərif və üsul hamının istifadə etdiyi üsuldur. Hətta əsli dində olsun və ya olmasın Peyğəmbər (ﷺ) sünnəsində olmayan hər şeyə bidət deyənlər belə nəzəri olaraq qarşı çıxsalar da bir çox məsələdə əməldə bu yolu tətbiq edirlər. Fitrə və fidyəni pulla, yaxud müasir ərzaqlarla verilməsi, təraveh namazının bir ay boyu qılınması, vitir namazının il boyu və ya bir ay işa (yatsı) vaxtında qılınması, Quran tilavətində kitabdan istifadə etmələri və sair tətbiq edilən şeylər var ki, Peyğəmbərin (ﷺ) sünnəsində yoxdur. İslam sadəcə namaz və orucdan ibarət deyil. Ticarət, ailə, miras və sair əhkama dair çox misal sadalamaq olar.

Məsələnin sünnədən fərqli cəhətini müəyyən yorumlara bağlamaq bir ictihad məhsuludur və heç də həmin mənada bidət görüntüsünü dəyişdirməz. Məsələn fitrənin hədisi-şərifdəki əsli olan buğda, arpa və quru üzümün pul və ya müasir ərzaq məhsulları ilə əvəz edilməsi əməl baxımından hər halda sonradan ortaya çıxmış bir məsələdir və sünnədəki şəkli olmadığı kimi, əsli dində olan bir əməlin fərqli tətbiqidir. Fitrənin buğda əvəzi istər qida, istər pul müqabilində dəyişdirilməsində üsul baxımından məqsəd nədirsə, zikirdə təsbehdən istifadə edilməsi, eyni zamanda duaların cəm halda tətbiqi və sair əhkamda əsli dində olan bir şeyin fərqli icrasından ibarətdir. Həmçinin Həzrət Peyğəmbərin (ﷺ) vitir haqqında rəvayətlərin əksəriyyəti gecənin son üçdə birində qılınmasıdır və özünün (ﷺ) tətbiqi də budur. Hədisdə buyurulur: “Vitir gecənin son vaxtlarında qılınan bir rükətdən ibarətdir. ” (Müslüm, Səlatu-müsafirin, 153-154; Əbu Davud, Vitir, 3). Əgər bir məzhəb prinsipinə görə hədisin zahiri və Peyğəmbərin tətbiq şəkli əsasdırsa vitirin işa vaxtında qılınması həmin anlayış üçün mümkünsüz hal olmalıdır. Əks təqdirdə üsulsuz və məsnədsizlik olar. Həmçinin təraveh namazı. Bunun Həzrət Peyğəmbər sünnəsində tətbiqi üç və ya dörd gün olmuşdur. (Buxari, Səlatut-Təraveh 1, Cümə 29, 5; Müslüm, Musafirin, 177; Muvatta, Səlat fir-Ramazan 1; Əbu Davud, Səlat 318; Nəsâi, Qıyamul-Leyl 4).

Abdurrahman ibn Abdulqari rəvayət edir ki, insanlar qruplar halında ayrı-ayrı, kimi öz başına namaz qılır, kimilərinə də bir nəfər namaz qıldırırdı. Hz. Ömərlə birlikdə məscidə gəldik və o, belə dedi: “Görürəm ki, mən bunları tək bir imamın arxasında cəmləşdirsəm daha yaxşı olar”. Sonra insanları Ubey İbn Kaabın imamlığında topladı. Sonra bir başqa gecə yenə Hz. Ömərlə birlikdə məscidə getdik. İnsanlar Ubey İbn Kabın imamlığında namaz qılırdılar. Hz. Ömər: “bu nə gözəl bidətdir, ancaq bunların yuxuda olacaqları vaxtı qılmaq, indi qılmalarından daha fəzilətlidir” Həzrət Ömərin “nə gözəl bidətdir” deməsi özünün bu namazı gecənin son qismində qılması səbəbilədir (Bax: Ə bu Davud, Vitir, 7. Həmçinin bax: “Vitir namazı və vitir namazında kunut oxumaq)”. Eyni zamanda bu namazın məsciddə daimi olaraq işa vaxtında imamla qılınması bidəti-hasənədir .

Həzrət Peyğəmbər həyatında bu namazı üç və ya dörd dəfə qılmışdır. Bir ayın tamamının tətbiqi sünnədə yoxdur. Onun üç gün qıldırmasını əsas alaraq bir ay buna davam etmək əsli dində olan bir şeyin sünnədəki şəkildən fərqli tətbiqidir və yuxarıda sadalanan prinsip əsasında bir haldır. Bu da məzhəbindən asılı olmayaraq bütün möminlərin tutduğu yoldur. İbn Rəcəbin dediyi kimi, lüğəvi mənada bidət adlandırılsa da bir şeyin əsli şəriətdə varsa ona bidət demək olmaz. (İbn Rəcəb əl-Hənbəli, Camiul-ulum vəl-hikəm, Daru İbn Kəsir, s 223).

Bir digər cəhətcə işin əsli odur ki, şəri baxımdan bidət, onu işləyənin günah qazandığı bir şeydir ki, onun da əsli şəriətdə olmadığı üçün zəlalətdir . Bu baxımdan səhabənin cəm halda zikri və ya təsbehdən istifadələri (Müslüm, Zikir, 40 ) sünnədə şəkli olmayan, ancaq əsli dində olan əməllərdir və Həzrət Peyğəmbərin də onları gördüyü halda bidətlə, günahla deyil, müjdə ilə sevindirdiyi haldır.

Dr. Əhməd Niyazov

(İlahiyyat üzrə fəlsəfə doktoru)

sunna.az

Read Previous

Kəbədə fasiləsiz təmizlik işləri (VİDEO)

Read Next

Nəzir qurbanın ətindən kimlər yeyə bilməz? Əgər bir insan səhvən yeyibsə nə etməlidir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.