• 25 Dekabr 2024

Böyük günahların ən böyüyü

     buddhism[1]   Əziz din qardaşlarım,  böyük günahlar Quranda və ya hədisi-şəriflərdə onlara qarşı təhdid və lənət yönəldən, cəza veriləcəyi bildirilən, edənə fasiq deyilən, qəbirdə və axirətdə, dözülməz əzaba düçar olmağı zəruri edən günahlardır. Həmçinin Allahın lənət etdiyi, rəhmətindən uzaq tutduğu və sonu həlak olan işlərin haram və ya böyük olduğu aşkardır.

       Əziz müsəlmanlar, əgər böyük günahlardan çəkinərsək Uca Allah kiçik günahlarımızın üstünü örtər və bizi bağışlayar. Belə ki, Allah təala Nisa surəsi 31 ci ayədə buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.”

   Bir gün Rəsululllah (s)- “ Böyük günahların ən böyüyünü sizə xəbər verimmi?”-deyə üç dəfə soruşdu. Əshabələr:

“ Bəli, ya Rəsuləllah!” – dedi. Rəsulullah (s) – “-Allaha şərik qoşmaq, ata-anaya itaətsizlik etmək.”-buyurduqdan sonra söykəndiyi yerdən qalxaraq: “-Yaxşı dinləyin, bir də yalan danışmaqdır”-buyurdu.

    Bəli hədisi-şərifdən də görüldüyü kimi günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Elə isə gəlin görək Allaha şərik  qoşmaq nə deməkdir. Şirk, Allahı  tanımamaq, zatında, sifətlərində və hərəkətlərində ona ortaq  qoşmaq deməkdir.

    Ümumiyyətlə Uca Allahın bağışlamadığı şirk günahını bu şəkildə sıralaya bilərik. 1. Allahdan başqasına səcdə etmək. 2. Eytiyacları Allahdan başqasına ərz etmək, yalnız Allahdan gözlənilməsi lazım olan nəticələri Ondan başqa güc və şəxslərdən gözləmək. 3. Bəzi varlıqlara – haşa “Allahın qızları”, “Allahın oğulları” kimi adlar vermək. 4. Halal və haramlar müəyyən edən şəxsləri rəbb kimi qəbul etmək. Çünki, insanlara bir şeyi qadağan etmək və ya sərbəst buraxmaq səlahiyyəti yalnız Allaha məxsusudur.

5. Allahdan başqasının adına qurban kəsmək. 6. Uşaqlara şirki xatırladan adlar qoymaq. 

  Bütün bu günahlara, günahların ən böyüyü mənasını verən “Əkbərul-kəbəir” deyilir. Bundan başqa Allah təala Qurani-Kərimdə şirki “ən böyük zülm və haqsızlıq.”[1] “Özünə atılan böyük bir iftira” kimi ifadə etmişdir. Çünki insan şirkə düşməklə özünə zülm etmiş və Allaha qarşı böyük bir haqsızlıq etmişdir.

    Şirk bütün kainatı və bizi idarə edən Allaha qarşı böyük bir hörmətsizlik və ədəbsizlikdir. Abdulla ibn Məsud (r.a) Peyğəmbərimizdən: “- Allah qatında ən böyük günah hansıdır? – deyə soruşduqda Allah Rəsulu (s)-: “-Səni yaratmış olduğu halda Allaha şərik qoşmağındır.”-buyurmuşdur.[2]

   Təbii ki, Şərik qoşmaq Allaha heç bir zərər verməz. Şirkin bütün zərəri insanın özünədir. Allaha şərik qoşmaq böyük bir fəlakətdir.  Həm bu dünyasını həm də axirətini puç etməkdir. İnsan hansı vəziyyətdə olursa olsun bu günahdan son dərəcə uzaq durmaılıdır.

   Peyğəmbərimiz (s) buyurur: “Parça-parça edisləndə alovlarda yansanda heç bir şeyi Allaha şərik qoşma!..”[3]

     Əziz möminlər, şirkin digər bir növü olan gizli şirkdən də qətiyyən uzaq durmağımız lazımdır. Çünki gizli şirk böyük şirkə qapı açır. Böyük şirk isə Allah qorusun insanı dindən çıxardır.

    İnsanlardan bir qisminə bir zərər və yaxud bir fayda toxunanda bu hadisəni yeganə yaradıcı olan Allahdan deyil, fani varlıqlardan bilirlər. Məsələn, bir adamın “Ey filankəs! Həyatımı sənə borcluyam”, “Allah və sən istəyirsənsə bu iş olar” və ya “Həkim olmasaydı ölüb getmişdim” kimi sözlər gizli şirkin bir nəticəsidir. Halbu ki kainatda cərəyan edən hadisələrin  həqiqi fail (yaradıcısı) Allahdır. İnsanlar yalnız və yalnız səbəbkar ola bilərlər.  Baxın görün ibn Abbas (r.a) gizli şirki necə tərif edir: “ Gizli şirk gecə qaranlığında qara bir daşın üzərində gəzən qara qarışqanın ayaq hərəkətlərindən də gizlidir.”

    Gizli şirkin bir növü də göstərişə dayanan ibadət və əməllərdir. Bir gün Peyğəmbərimiz (s): “-Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir.”-dedi. Yanındakılar: “Kiçik şirk nədir, ey Allahın Rəsulu?”-deyə soruşdular. Rəsulullah (s) – bu cavabı verdi: “Riya, yəni göstərişdir. Qiyamət günü insanlar əməllərinin əvəzini alarkən Allah təala riya (və göstəriş) əhlinə buyuracaqdır: “Dünyada ikən onlara etdiyiniz, əməllərinizi göstərmək istədiyiniz kəslərin yanına gedin! Baxaq görək onlar yanında hər hansı bir əvəz ala biləcəksinizmi?”[4]

     Əziz qardaşlar, xütbəmə bir ayə ilə son verirəm:

 “… Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”[5]

 

28 İyun  2013 /19  Şaban 1434



[1]Loğman, 31/13

[2]Müslim, İman, 141

[3]İbn Macə, Fitən, 23

[4]Əhməd, V, 428, 429

[5]Kəhf, 110

Read Previous

İbn Teymiyyə və Onun sözdə davamçıları

Read Next

Müsəlman olmayan valideynlərə münasibət necə olmalıdır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.