• 25 Dekabr 2024

Müsəlman olmayan valideynlərə münasibət necə olmalıdır?

islamda-anne-baba-300x199[1]Müsəlman olmayan valideynlərə münasibət necə olmalıdır?

Demək olar hamımıza məlumdur ki, İslam dini bizlərə ana-ata, qohum və qonşulara gözəl davranmağı əmr etmişdir.
Saydığımız kateqoriyadan olan insanlar ya müsəlmanlar olur, ya kafirlər
Müsəlman olmaları halında hökm aydındır. Lakin sözügedən kimsələr kafirdirlərsə yenədə onlara yaxşı davranmamız gərəklidirmi? Kafir olmaları onların bu haqqını ibtal edərmi?
Bu barədə elm əhlinin görüşlərini zikr edib, sualımıza cavab axtaracayıq.

Mövzuya toxunma səbəbimiz isə budur ki, bir çox kimsə məhz kafir olduqları üçün ana-atalarının, qohumlarının və qonşularının haqqlarına riayət etmirlər, onları incidirlər. Şəriətin bu haqda qadağası onlara xəbər verildikdə isə, o qadağa və əmrlərin müsəlmanlara aid olduğunu söyləyirlər. Doğrudandamı İslam bu hökmlərdə müsəlmanlarla kafirlərin arasını ayırıb?                                                                                                                                                               

 Məşhur fiqh ensiklopediyası “Əl Kuveytiyyə”də ümumiyyətlə valideynlərə yaxşılıq eləməyin vacibliyi barədə belə deyilir:                                                                                                                                          

   “Dinlərin fərqli olması halında valideynlərə yaxşılıq:

Valideynlərə yaxşılıq etmək öncədən də qeyd olunduğu kimi fərzu ayndır. (Bu yaxşılıq) sadəcə onların müsəlman olması halı ilə məhdudlaşmır. Əksinə hətta kafir olsalar belə, övladlarına şirk və ya günah işləməyi əmr etmədikcə onlara yaxşılıq etmək və gözəl davranmaq vacibdir.
Allahu Təala bu mənada buyurur: “Allah sizə, sizinlə din xüsusunda savaşmayan və sizi yurdunuzdan çıxarmayanlara yaxşılıq etmək və ədalətli davranmağı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətliləri sevər.” (Əl Mumtəhinə: 60/8)
Onlara qarşı yumşaqlığa və sevgiyə dəlalət edən yumşaq, lətif söz deməli, onların nifrətinə səbəb olacaq kobud sözdən çəkinməli, onlara ən sevdikləri şəkildə xitab etməlidir. Onlara dünya və axirətlərində fayda verəcək şeylər söyləməli, onlara hirslənərək, bezginlik və ufuldamaq surətilə narazılıq etməməli, onların üzərinə qışqırmamalıdır. Onlara gözəl söz söyləməlidir.
Buxarinin “Səhih”ində Əsmadan – radiyAllahu anhə – belə dediyi varid olmuşdur: “Anam atası ilə birgə, Qureyşin Peyğəmbərlə  (s)-əhd bağladığı vaxtı yanımıza gəldi. Peyğəmbərdən – sallAllahu aleyhi və səlləm – soruşdum: “Anam mənə baş çəkməyə gəlib, onunla görüşümmü? (s) buyurdu: “Bəli, ananla görüş”.
Ondan gələn başqa bir rəvayətdə deyir: “Peyğəmbərin (s) zamanında anam mənə baş şəkmək üçün yanımıza gəldi. Peyğəmbərdən (s) soruşdum: “Onunla görüşümmü?” Buyurdu: “Bəli”.
İbn Uyeynə deyir: (Bu səbəblə) Allah – azzə və cəllə – onun haqqında bu mənaya gələn ayəni nazil etdi: “Allah sizə, sizinlə din xüsusunda savaşmayan və sizi yurdunuzdan çıxarmayanlara yaxşılıq etməyi qadağan etmir.” (Əl Mumtəhinə: 60/8)
Bu məqamda Allahu Təala bu mənada buyurur: “İnsana valideynlərinə gözəl davranmağı əmr etdik. Əgər sənin mənə, haqqında elmin olmayan bir şeyi ortaq qoşman üçün çalışsalar onlara itaət etmə. Sizin dönüşünüz mənədir və sizə elədiklərinizi xəbər verəcəyəm.” (Əl Ankəbut: 29/8)”                                                                                                                                                            

 

Qaynaq: Əl Məvsuatul Fiqhiyyətul Kuveytiyyə: 8/65-66
Kuveyt: 1408/1988       

 

 

 

1

   Müfəssir Fəxruddin Ər Razi Bəqərə surəsinin 83-cü ayəsinin təfsirində, hörmət baxımından kafir valideynlə Müsəlman valideyn arasında fərq olmadığını və hər ikisinə yaxşı davranmanın fərz olduğunu gözəl bir şəkildə dəlilləndirir:                                                      
“Üçüncü Məsələ: Alimlərin əksəriyyəti ittifaq ediblər ki, kafir olsalar belə valideynə təzim/hörmət eləmək vacibdir. Buna bir neçə şey dəlalət edir:
1. Ayədəki “Valideynə yaxşılıq etmək” buyruğu, valideynlərin mömin olmasıyla məhdudlaşdırılmayıb.
Həmçinin fiqh üsulunda sabitdir ki, vəsf üzərinə qurulmuş hökm, o vəsfin illət olduğunu bildirir. Bu ayə dəlalət edir ki, valideynlərə təzim əmri sırf onların valideyn olmaları səbəbilədir. Bu isə ümumu əhatə edir. Həmçinin Uca Allahın bu kəlamıyla istidlal etmək də belədir (ümum ifadə edir): “Rəbbin ancaq ona ibadət etmənizi və valideynlərə yaxşılıq etməyi əmr edir.” (Əl İsra: 17/23)

2. Uca Allah buyurur: “Onlara “uf” belə demə, onlara sərt davranma!” (Əl İsra: 17/23)
Bu, onlara əziyyət verməyi qadağan eləməkdə ən yüksək mübaliğədir. Uca Allah ayənin sonunda buyurur: “De ki, Rəbbim onlar məni kiçikkən tərbiyə etdikləri kimi, sən də onlara rəhm et.” (Əl İsra: 17/23 -24)
Beləcə Uca Allah, valideynlərə təzimin vacibliyindəki səbəbi açıq şəkildə ifadə edib.

3. Uca Allah, İbrahimdən – aleyhissəlam – nəqlən, onun öz atasını küfrdən imana dəvətdə ona necə iltifat etdiyini bu ayəsində açıqlayır:
“Ey atacığım! Niyə eşitməyən görməyən və sənə heç bir faydası olmayan şeylərə ibadət edirsən?” (Məryəm: 19/42)
Onun atası ona əziyyət verir və ağır sözlər deyir, İbrahim – aleyhissəlam – isə buna tab gətirirdi.
Bu, İbrahim – aleyhissəlam – haqqında sabit olunca, bu ümmət üçün də eynisi sabit olar. Çünki, Uca Allah buyurur: “Sonra sənə “Hənif olaraq İbrahimin dininə tabe ol!” deyə vəhy etdik.” (Ən Nəhl: 16/123)”                                                                                                                                          

Qaynaq: Fəxruddin Ər Razi: Məfatihul Ğayb: 3/177
Beyrut: Darul Fikr: 1401/1981

Müfəssir, Alləmə Əbu Abdillah Əl Qurtubi “Ən Nisa” surəsinin ilk ayəsini təfsir edərkən, kafirlə belə qohumluq əlaqələrinin qorunması haqda deyir:                    

“Ümmət qohumluq əlaqələri saxlamağın vacib (fərz), onu kəsmənin haram olduğunda ittifaq etmişdir.
Əsma, ondan “Anamla qohumluq əlaqəsi saxlayımmı?” deyə soruşduqda, Nəbinin – sallallahu aleyhi və səlləm – “Bəli! Ananla qohumluq əlaqəsi saxla!” dediyi səhih şəkildə rəvayət edilmişdir.
Ona, anası kafir olduğu halda qohumluq əlaqələri saxlamağı əmr etdi. Qohumluq əlaqəsi saxlama əmrini təkid üçün, kafirlə (qohumla) belə əlaqə saxlamağın fəzilət olduğu bildirilmişdir.”                                                                                                                                                              

Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 6/14
Beyrut: Ər Risələ: 1427/2007

  Şərh:  Gördüyümüz kimi, İmam Qurtubi qohumluq əlaqəsi saxlamaq və qohumluq haqqlarına riayət etmək üçün onların müsəlman olmasını şərt görmür. Əksinə kafir qohumlarla belə əlaqələr qorunmalıdır.

İmam Əbu Abdillah Əl Qurtubi “Əl İsra” surəsinin 23-cü ayəsini təfsir edərkən kafir valideynlər haqda deyir:

 “Valideynlərə yaxşılıq sadəcə onlar müsəlman olduqları zaman deyil. Əksinə – əhdləri olduğu zaman – kafir olsalar belə övladları onlara yaxşılıq etməli, gözəl davranmalıdır.
Uca Allah buyurur: “Allah sizə, sizinlə din xüsusunda savaşmayan və sizi yurdunuzdan çıxarmayanlara yaxşılıq etməyi qadağan etmir.” (Əl Mumtəhinə: 60/8).”                                  

   Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 13/53
Beyrut: Ər Risələ: 1427/2007

2

 

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (ən-Nisa, 36)

İmam Əbu Abdillah Əl Qurtubi yuxarıdakı ayəni təfsir edərkən qonşuluq haqda deyir:
“Nəvf Əş Şami belə demişdir: Ayədəki “yaxın qonşu” ilə qəsd edilən müsəlman, “uzaq qonşu” ilə qəsd edilən isə yəhudi və xristianlardır.
Mən (Qurtubi) deyirəm: Buna görə, qonşu haqlarına riayət edilməsi əmr edilmiş və təşviq edilmişdir. İstər qonşu müsəlman olsun istər kafir. Doğru olan görüş də budur.
Yaxşılıq bəzən xeyriyyəçilik/yardım etmək şəklində, bəzən yaxşı keçinmək, onlara əziyyət verməmək və onları qorumaq şəklində olur.”                                                                                        

   Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 6/403
Beyrut: Ər Risələ: 1427/2007

  Eyni ayənin təfsirinə daha sonra İmam Qurtubi belə deyir:
“Alimlər belə demişlər: Qonşulara ikram etməyi əmr edən hədislər qeydsiz mütləqdir. Daha öncə açıqladığımız kimi kafir də bura daxildir.”                                                                                       

       Qaynaq: Əbu Abdillah Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 6/412

                                                                                                                   Beyrut: Ər Risələ: 1427/2007

         

   Şərh: Gördüyümüz kimi, İmam Qurtubi qonşulara yaxşı davranmaq, onların haqqlarına riayət eləmək haqda olan ayəni və hədisləri mütləq qəbul edir və bu mövzuda kafiri müsəlmandan ayırmır.
Qonşulara gözəl davranış, dəvət sahəsindədə təsirli elementlərdən biridir. İnsanlar onlara yaxşı davrananların fikirlərini daha tez qəbul edir, onlara meylli olurlar. Dolayısıyla qonşulara qarşı pis davranış sadəcə şəxsi problem olmaqla qalmır, həmçinin insanların bizdən, bizim düşüncələrimizdən uzaqlaşmasına səbəb olur.
Qonşular, qohumlar, valideynlər və ümumiyyətlə insanlarla münasibətlərimizdə, nəfsimizə ağır gəlsə belə bu nöqtəyə diqqət edək.
Şəxsi motivlərlə insanları İslamdan uzaqlaşdırmayaq. İslamın mənfəəti üçün nəfsi mənfəətlərimizi əzməyi bacaraq.

وَإِنْجَاهَدَاكَعَلَىأَنْتُشْرِكَبِيمَالَيْسَلَكَبِهِعِلْمٌفَلَاتُطِعْهُمَاوَصَاحِبْهُمَافِيالدُّنْيَامَعْرُوفًا                     

         “Əgər haqqında elm sahibi olmadığın bir şeyi mənə şərik qoşman üçün sənə təzyiq göstərsələr onlara itaət etmə! Onlarla dünyada gözəl davran”.
(Loğman: 31/15)                                                                                                                                                            İmam Əbu Bəkr Əs Səraxsi “Şərhus Siyəril Kəbir” adlı əsərində, kafir valideynin də müsəlman kimi hörmət və qayğıya layiq olduğunu gözəl və sadə bir istidlalla isbat edir:                                                                                                                                                                          

   “(Döyüşdə atanı öldürmək caiz deyil). Çünki, uca Allah buyurur: “Onlarla dünyada gözəl davran”. Bu ayədə qəsd edilən müşrik valideynlərdir. Bunun dəlili ayənin digər qismidir: “Əgər haqqında elm sahibi olmadığın bir şeyi mənə şərik qoşman üçün sənə təzyiq göstərsələr onlara itaət   etmə!”.”

                                                                                                                     

Qaynaq: Əbu Bəkr Əs Səraxsi: Şərhus Siyəril Kəbir: 1/76/Bab:16
Beyrut: Darul Kutubil İlmiyyə

 

3

 

Kitabın digər bir yerində İmam Əbu Bəkr Əs Səraxsi deyir:

     “(Kafir olsalar belə valideynlərin izni olmadan cihada çıxmaz). Çünki, Valideynlərə yaxşılıq mövzusunda kafir valideynlə müsəlman eynidir.
Uca Allah buyurur: “Onlarla dünyada gözəl davran”. Bu ayədə qəsd edilən müşrik valideynlərdir. Bunun dəlili ayənin digər qismidir: “Əgər haqqında elm sahibi olmadığın bir şeyi mənə şərik qoşman üçün sənə təzyiq göstərsələr onlara itaət etmə!”.”                             

     Qaynaq: Əbu Bəkr Əs Səraxsi: Şərhus Siyəril Kəbir: 1/135/Bab:36
Beyrut: Darul Kutubil İlmiyyə

Şərh: İmam Səraxsinin bu gözəl istidlalının anlaşılmasını asanlaşdırmaq üçün biraz daha sadə şəkildə izah edim.
Kafirlər iki qisimdir:
1. Mücərrəd kafir olan, lakin insanlara bu küfrə inanmaları üçün təzyiq göstərməyən.
2. Kafir olmaqla yanaşı bu mövzuda insanlara təzyiq göstərən.

Sözsüz ki, ikinci qismdən olan kafirlər küfrdə və düşmənlikdə daha şiddətlidirlər.
Uca Allah ayədə məhz kafirlərin ikinci qismini zikr etdikdən sonra, bizə onlara şirk mövzusunda itaət etməyi qadağan etmiş, lakin yenədə onlara yaxşı davranmamızı istəmişdir.
Öz şirkini qəbul etdirmək üçün övladına təzyiq göstərən valideynə belə yaxşı davranmaq əmr edilibsə, mücərrəd kafir olan və müsəlman valideynlər bu hökmə təbii şəkildə öncəliklə daxildirlər. Sanki, Rəbbimiz ən şiddətli kafirləri zikr etməklə bu nöqtəni vurğulamaq istəyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4

Read Previous

Böyük günahların ən böyüyü

Read Next

Tesettur ve tekfir meselesi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.