• 22 Dekabr 2024

Xalqa görə deyil Haqq görə yaşamaq

Xalqa gorə deyil Haqqa gorə yasamak

Əziz müsəlmanlar, bu dünyada ən çətin işlərdən biri ətrafımızda olan insanları özümüzdən razı salmaqdır.  Əslində bu iş qeyri-mümkün olmaqla yanaşı, həm də lüzumsuzdur.

Dünyadakı insanların bir çoxu onu yoxdan yaradan, sonsuz lütfü ilə yaşadan, ona ruzi-bərəkət bəxş edən, göyü və yeri onun istifadəsinə verən Uca Allahdan belə razı deyildir. Belə ki, bir çox insan Onu tanımaz, inkar edər, Ona şərik qoşar, barəsində olmazın boş sözlər danışar. Habelə insanların bir çoxu onlara cənnəti qazandırmağa can atan peyğəmbərlərə qarşı mübarizə aparmışdır. Hər dövrdə Allahın dostlarına xilaf çıxan pisniyyətli insanlara da rast gəlmək mümkündür.

Deməli, əsas olan xalqa görə davranmaq deyil, Haqqa yönəlmək, doğru-düzgün yaşamaqdır. İnsanların çoxu xalqı özünə meyar götürür, “Camaat nə deyər, insanlar mənim haqqımda nə düşünərlər, mən onların qarşısına hansı üzlə çıxaram” kimi fikirlərlə həyatını ictimaiyyətin rəyinə görə nizama salmağa, qıraqdakıları nəzərə alaraq, geyinib-gecinməyə, bəzənib-düzənməyə, əylənməyə çalışırlar. Bir sözlə, bütün hərəkətlərini buna görə formalaşdırırlar. Ancaq ictimai fikri nəzərə alan bu insanlar əsla “Görəsən, Allah nə deyər? Rəbbimin hüzuruna necə çıxacağam? Bu iş halal yoxsa haramdır?, Sonu necə olar?” – deyə heç düşünməzlər. Halbuki bu cür anlayışa sahib olmaq aldanmadan başqa bir şey deyildir və yükü də olduqca ağır olacaqdır.

 Hər bir müsəlman özü barəsində söylənilən pis sözlərə səbr etməklə savab qazana bilər belə ki, insanlar barəmizdə doğru şeylər də, yalan sözlər də danışa bilərlər. Bilməliyik ki, doğru sözdən istifadə edilər, yalan söz isə onu söyləyənə günah olaraq kifayət edər; bu sözlərin bizə heç bir zərəri toxunmaz. Hətta haqqımızdakı yanlış və pis sözlərə səbr etməklə savab belə qazana bilərik. Bu, eyni zamanda gözəl əxlaqın bir tələbidir

İsa (a.s.) Hz.Yəhyaya belə nəsihət etmişdir: “Bir kəs sənin barəndə danışar və doğruları deyərsə, Allaha şükür et. Əgər, sənin barəndə yalan danışarsa, o zaman daha çox şükür et. Çünki onun yaxşılıqları sənə yazılacaqdır”.

Musa peyğəmbər: “İlahi, məni bu xalqın dilindən xilas et. Onlar mənim haqqımda doğru olmayan şeyləri söyləyirlər. Haqqımda olmazın şeylərlə iftira atırlar” – deyə dua etdiyi zaman Uca Allah belə vəhy etmişdir: “Mən bunu özüm üçün belə etmədim. Onlar mənim haqqımda da məndə olmayan şeyləri söyləyirlər, mənə şərik qoşurlar. “Allahın oğlu, qızı var” deyirlər. Sən də mənim kimi səbr eylə, öz işinlə məşğul ol!”. Buna görə də ən yaxşı davranış doğru olan bir işi Allah üçün görərək, yoluna davam etməkdir.

Əziz möminlər, hamı bizdən razı qalsın deyə nə qədər çalışsaq da bu əsla mümkün deyildir. İnsanlar çox danışana “çərənçi”, az danışana isə “elə bil dilini udub”, çox yeyən insana “acgöz, qarınqulu”, az yeyənə isə “malını xərcləyə bilmir, yəqin özü ilə qəbrə aparacaq” deyirlər. Həmçinin, insanlar çox mal xərcləyəni “israfçı”, heç xərcləməyəni isə “xəsis” adlandırırlar. Heç ibadət etməyən kəsə “beynamaz”, çox ibadət edənə isə “başımıza molla kəsilib” deyirlər. Eləcə də insanlar gözəl geyinən bir şəxs gördükləri zaman “forslanır” deyərlər. Elə hey kimə isə nə isə deyərlər, deyərlər….

Molla Nəsrəddinlə bağlı bir məşhur hekayə mövzumuzla çox əlaqəlidir. Belə ki, bir gün Molla Nəsrəddin ilə oğlu bir heyvanın üzərində kənddən şəhərə gedirmişlər. Molla əvvəlcə heyvanın üzərinə oğlunu mindirir. Özü isə heyvanın qarşısında yola davam edir. Molla ilə oğlu yolda bir dəstə insanla qarşılaşırlar. İnsanlar Mollanı piyada, oğlunu isə heyvanın üzərində gördükləri zaman: “Zəmanə dəyişib, insanlarda böyüyə hörmət qalmayıb. Uşaq heyvanın üzərində, zavallı qoca isə piyada gedir!” deyirlər. Bundan sonra Molla heyvanın üzərinə minir, oğlu isə yola piyada davam edir. Bir qədər getdikdən sonra daha bir dəstə insanla rastlaşırlar.  İnsanlar: “İndiki dövrdə mərhəmət hissi qalmayıb. O boyda qoca adam heyvanın üzərində gedir, yazıq uşaq isə piyadadır” deyərək, onların yanından keçirlər. Molla ilə oğlu bu sözü də ciddiyə alaraq, yenə başqa bir şey etmək qərarına gəlirlər; bu dəfə hər ikisi heyvanın üzərinə minirlər. Bir qədər getdikdən sonra daha bir dəstə adamla rastlaşırlar. İnsanlar onları gördükləri zaman: “Bu insanlarda heç insaf qalmayıb. Bu istidə bir heyvanın üzərinə iki şəxs minərmi?” deyərək, yanlarından keçirlər. Molla Nəsrəddinlə oğlu bu sözlərin təsirinə düşərək, vəziyyəti yenidən dəyişirlər. Bu dəfə ikisi də heyvanın üzərindən düşərək, piyada getməyə başlayır. Bir qədər yola davam etdikdən sonra bir dəstə insanla rastlaşırlar. İnsanlar: “Bunlarda ağıl qalmayıb. Məgər Allah bu heyvanı bəzək üçün yaradıb? Heyvan boş gedir, qoca ilə uşaq piyada yürüyür!” deyərək, yanlarından ötüb keçirlər. Molla Nəsrəddin ilə oğlu çarəsiz qalırlar. Necə davransalar da insanları razı sala bilmirlər. Nəticədə Molla Nəsrəddin oğluna: “Biz onun bunun sözünə baxmaq əvəzinə öz bildiyimiz kimi yolumuza davam edək. Heyvana bir az sən, bir az da mən minim və yolumuza davam edək!” deyir. Yuxarıda verdiyim bu misal nə qədər sadə və bəsid görsənsə də əslində çox ibrətli və mənalıdır.

Bir dəfə Peyğəmbərimizin (səs) nəvəsi Hz.Hüseyn bir kasanın içərisinə bir qədər xurma tökərək, onun qarasına danışan bir adamın qapısını döyür. Həmin şəxs: “Ey peyğəmbərin nəvəsi! Bu nədir?” deyə soruşduqda Hz. Hüseyn: “Bunu al! Çünki sənin mənim barəmdə pis danışaraq, yaxşılıqlarını mənə hədiyyə etdiyini öyrəndim. Mən də bunun qarşılığında sənə bunları gətirdim” deyir. Həmin şəxs utanıb tövbə edir və bir daha heç kimin qarasına danışmır.

Bu şəkildə insanların arxasınca danışan, dediqodu edən kimsələr haqqında Uca Allah belə buyurur: «Ey iman gətirənlər! Çox zənnə gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. Bir-birinizin sirrini arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir»![1]

Haqqa görə yaşamağa çalışdığı halda xalqın qınağına çevirilən və bundan dolayı ruhdan düşərək, qəmgin olan kimsələr haqqında isə Allah təala baxın nə buyurur: “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, (Allah qatında) siz  çox yüksəkdə durursunuz!”[2]


[1] əl-Hucurat, 12.

[2] Ali İmran, 139.

Read Previous

Qədər və insan

Read Next

Fala baxmaq da baxdırmaq da haramdır

One Comment

  • Uca ALLAH’ın salamı, mərhəmət və bərəkəti üzərinizə olsun.

    Çox gözəl başlıqlı və dərin mənalı bir xütbə idi.
    Hər bir mövzu yerli-yerində və anlaşıqlı şəkildə izah edildi… Mərhəmətli və qadir Rəbbimiz inşAllah bu gözəl səhifənin ərsəyə gəlməsində zəhməti olan hər kəsdən razı olsun. Amin.

    Çox təşəkkür edirəm.
    Zəhmət olmasa, xütbəni oxuyan müsəlman qardaşın adını yaza bilərsinizmi və əgər sosial şəbəkələrdə səhifəniz varsa linkini ya da adını söyləyin.

    Uca ALLAH’ın rəhmət və bərəkəti daima üzərinizə olsun.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.