• 22 Dekabr 2024

Fala baxmaq da baxdırmaq da haramdır

Fal.

Əziz möminlər,  Uca Allah  insanlara nəyi qadağan edibsə, onların nəticə etibarilə insana ziyanı var. Nəyi də halal etmişsə onun insanlar üçün xeyiri var. Misal üçün, əgər içki içmək, qadağan edilibsə bunun insan sağlamlığına və ümumilikdə cəmiyyətə zərərləri var.

Bu günkü mövzumuz olan fala gəldikdə, İslam fala baxmağı da baxdırmağı da qəti şəkildə qdağan edib və bu əməllə məşğul olmağı küfr saymışdır. İslam bu əməli küfr olaraq qəbul edirsə demək ki, bu işində fərd və cəmiyyət üçün bir çox zərərləri vardır.  Bunun üçün mən də müsəlmanam deyən hər bir kimsə fala baxmağı da baxdırmağıda eyni günah olaraq görməli və bu çirkin oyunun bir parçası olmamalıdır. Ancaq çox təəssüflər olsun ki, nəyinki müsəlman cəmiyyətimizdə dinimizə zidd olan bu əməllərin qarşısını almaq hətta onların reklamına da geniş yer ayrılır. Televiziya kanallarımızdan qəzet səhifələrimizədək bütün mətbuatımızda bunun şahidi oluruq. Müsəlman xalqımız isə dini tədris və təbliğin kasadlığı üzündən özləri də bilmədən bu günahlara şərik olur.

Möhtərəm müsəlmanlar, falçılıq elmi ta qədimdən bəri məşğul olunan batil elmlərdəndir. Bunun müxtəlif növləri var. Oxlarla, ulduzlarla, quşlarla və s. Ən məşhur fal növlərindən biri də ulduzlarla baxılan kəhanət elmidir. Kahinlik və sehirbazlıq sayılan ulduz elmi qeybdən və gələcək haqqında xəbərlər verməkdir. Peyğəmbər (səs) belə buyurur: “Rəbbiniz nə buyurduğunu bilirsinizmi?” Səhabələr: “Allah və Rəsulu daha yaxşı bilir” – dedilər. Allahu-təalə buyurdu ki: “Qullarımdan bir qismi Mənə iman edərək bir qismi də kafir olaraq səhərə çıxdı. “Allah fəzli və rəhməti ilə bizə yağış yağdırdı”-deyən mənə iman etmiş, ulduzları da inkar etmiş olaraq səhərə çıxdı. Kim də “filan və filan ulduz sayəsində bizə yağış yağdırırldı” dedisə, o da məni inkar etmiş, ulduza isə iman etmişdir”[1]

Bütün bu qeyd edilənlərdən məlum olur ki, fala baxmaqda baxdırmaqda  haramdır. Ona iman edən də küfrə bulaşmış olur. Qədim zamanlardakı falçılıqla bu günkü arasında  şəkil baxımından fərqlər olsa da mahiyyət baxımından çox bənzərliklər var.

Əziz möminlər, bəzən falçıların dedikləri doğru çıxa bilər. Amma bu onların haqq olmasına dəlalət etməz.

Falçının yanına gedən insanlar əsasən öz əməllərinə haqq qazandırmaq üçün belə bir sual verirlər: “Bəs necə olur ki, falçı bəzən bir çox şeyi olduğu kimi deyir, bəs o bunları hardan bilir.” Quran ayəsindən məlum olduğu kimi, fal şeytan əməlidir. Şeytan bəzi qeybi məsələlərə məlumatlı olur və falla məşğul olanlara bəzi məlumatları pıçıldayır və falçı da bunları fala baxdırmağa gələn insana söyləyirlər.
Bu proses belə baş verir: cinlər arasında da, insanlar kimi Allaha ibadət edəni və şeytana uyanı var. Cinlər fiziki cəhətdən insandan güclüdürlər, misal üçün hədislərdə  bir cində qırx kişi gücü var və cinlər göyün birinci qatına kimi qalxa bilirlər kimi məlumatlar var. Həmçinin, göydə mələklərin müxtəlif mövzularda, insanların taleyi və işləri haqda söhbəti olur. Deməli, cin göyə qalxıb mələklərin söhbətlərinə oğrun-oğrun qulaq asmaq istəyəndə, bir-iki şey eşidir, çox qala bilmir, ulduzlar onu yandırır, o da enir yerə və eşitdiyi cüzi məlumatı falçıya pıçıldayır. Falçı da bunları qarşısındakı insana deyir. Bədbəxt falçı da zənn edir ki, bu ona Allah tərəfindən verilən “vergi”dir.

Fala baxan şəxs sanki qeybi (gələcəkdə olacaqları) bildiyini iddia edir. Halbu ki, qeybi Allahdan başqa heç kəs bilməz. Kim də qeybi bildiyini iddia edərsə Allahın Qurani Kərimdə nazil etdiyi bu ayəni inkar etmiş olar.
Uca Allah buyurur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”[2]

Hətta Peyğəmbərimiz (səs) də uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (səs)  qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ey Peyğəmbər! Onlara belə) de: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!”[3]

Elə ona görə də Peyğəmbər (səs) kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin (fala baxanın) yanına gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur.”[4] Çünki fala baxanın yanına gedən şəxs, sanki iddia edir ki, qeybi Allahdan başqa fala baxan da bilir. Bu da Allahın ayəsini inkar etmək deməkdir.
Falçılar nəyinki kiminsə bir problemini həll edir tam əksinə insanların arasına düşmənçilik salır. Məsələn, falçıların dediyi əsas sözlərdən biri də budur: “Filankəs sənə cadu edib, etdirir və ya etdirəcək”. Sonra da həmin o filankəsin bəzi əlamətlərini sayır. Sayır deyəndə ki, özünə görə bəzi şeylər uydurur, evinizə gəlib-gedir, boyu belədir, saçının rəngi belədir və s… Falçıya inanan da həmin əlamətlərdən öz düşmənini “müəyyən edir” : ya baldızıdır, ya qaynadası, ya xalası qızıdır, ya qonşusudur, ya da başqa biri. Vəssəlam, düşmənçilik üçün hər şey var, artıq müharibəyə başlamaq olar. Falçının nəyinə lazimdir ki, onlar bir-biriləri ilə əlbəyaxa oldular, yoxsa bir-birilərini öldürdülər, onsuzda cinayət məcəlləsində falçılıqla bağlı bir şey nəzərdə tutulmayib.

Əziz müsəlmanlar, xütbəmə bir ayə ilə son verirəm: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”[5]


[1] Buxari, Azan, 156, İstisqa, 38.

[2] Ənam, 59.

[3] əl-Əraf, 188.

[4] Əbu Davud, Tirmizi.

[5] Maidə, 90.

Read Previous

Xalqa görə deyil Haqq görə yaşamaq

Read Next

Boşanma

One Comment

  • Abi tebrık ederim. Çok güzel hitabetin var.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.