İnsan sözə başlamadan əvvəl fikirləşməlidir:
Nə danışıram? Niyə danışıram? Necə danışmalıyam?
Bundan sonra insan öz fikrini müəyyən istiqamətdə, tərzdə və xüsusi şəkildə ifadə ilə izah edə bilər. Nə danışdığını bilməyən, lazımsız, mənasız danışan adama heç kim qulaq asmaz.
Bir şey izah edərkən danışanın çox vaxtı, təkrar oxuma və düzəltmə imkanı olmaz. Buna görə də üsuluna uyğun və təsirli nitq söyləmək, yazı yazmaqdan daha çətindir. Gözəl və təsirli danışmaq istəyənlər aşağıdakı qaydaları oxuyub lazımınca tətbiq etmələri məsləhədir.
- Əvvəlcə dinləməyi öyrənmək lazımdır. Ən gözəl natiqlər məhz ən gözəl dinləyicilərdir. Qarşındakını tam və axıra kimi dinləmək böyük qabiliyyətdir. Başqalarını dinləməyinin, özünü dinləmələrini tələb etməsi doğru deyildir.
- Danışmadan əvvəl yerin, vaxtın və vəziyyətin uyğunluğuna bax. Qarşındakı insana uyğun, onu maraqlandıracaq mövzu seçin. Boş-boş danışmaqla qarşınızdakı insanı daha da özünüzdən uzaqlaşdırmış olarsınız.
- Düşüncələrinizin hamısını söyləməyin, amma söylədiklərinizin hamısını əvvəlcədən düşünün. Söyləyəcək sözünüz olmadığı zaman susmağı bilin.. Unutmayın ki, danışmaq gümüşsə, susmaq qızıldır.
- Qarşınızdakı adama dəyər verin və onun fikirlərinə hörmətlə yanaşın.
- Sözünüzü qısa kəsin. Lazımsız sözlərlə qarşınızdakını bezdirməyin. Çatdırmaq istədiyiniz fikri mümkün qədər aydın tərzdə ifadə edin. Uzun ifadələr səbrin daşmasına və əsas mövzunu anlamamağa səbəb ola bilər.
- Ətrafınızdakı insanlara tez-tez nəsihət verməyə çalışmayın. Bir mövzuda fikriniz soruşularsa o zaman münasibət bildirn.
- Danışarkən sözlərin tələffüz qaydalarına riayət edin. Mənasını bilmədiyiniz sözlər işlətməyin.
- Özünüzə güvənin, rahat olun amma səmimilikdən də uzaqlaşmayın.
Unutmayın! Sadaladığımız bu qaydaları həyatına tətbiq edən hər kəs, gözəl danışmaq üçün ciddi şəkildə səy göstərmişdir.
Çalışmaq bizdən, müvəffəqiyyət isə Allahdandır.