• 03 Oktyabr 2024

Dinimizə Görə Orqan Bağışlamaq Olarmı?

Qurani Kərim və Hədisi şəriflərdə orqan və toxuma köçürülməsi mövzusunda açıq bir hökm yoxdur. İlkin dövr müctəhid və fəqihləri (islam hüquqçuları) də öz dövrlərində belə bir məsələ  ilə qarşılaşmadıqları üçün, belə bir bağışın hökmü barəsində fikir bildirməmişlər.  Ancaq dinimizdə, Kitab  və Sünnənin  dəlalətindən çıxarılan ümumi hökmlər və qaydalar da vardır. Kitab  və Sünnədə  açıqca hökmü olmayan və hər dövrdə qarşılaşılan yeni məsələlərin hökmləri, fəqihlər tərəfindən bu ümumi qaydalar ilə, hökmü bilinən bənzər məsələlərə qiyaslanaraq ortaya qoyulmuşdur.  Organ və toxuma köçürülməsi barəsindəki hökmün verilməsində də eyni metoda müraciət olunacaqdır.

Bilindiyi kimi, insan hörmətə layıq bir varlıqdır. Canlılar içində Allah onu mümtaz qılmışdır. Bu etibarla, adi hallarda ölü və diri kimsələrdən alınan bir parça və  orqanlardan faydalanmaq, insanın möhtərəmliyinə zidd olduğu üçün caiz görülməmişdir. (Buxari, Libas, 83-87; Müslim, Libas, 33; Kasani, Bədai, V,125; İbn Qudamə, əl-Muğni, I, 107; İbn Nüceym, əl-Bəhr, VI, 133). Ancaq zəruri hallarda, zərurətin mahiyət və miqdarına görə bu hökm dəyişir.

İslam alimləri; a) qarnında  canlı halda tapılan uşağın xilas edilməsi üçün ölü ananın qarnının yarılmasına, b) başqa yollardan müalicəsi mümkün olmayan kimsələrin qırıq sümüklərinin yerinə başqa sümüklərin köçürülməsinə, c) bilinməyən xəstəliklərin müayinə və müalicəsinin edilməsinin təmini üçün yaxınlarının razılığı alınaraq, ölülərin yarılmasının (otopsi) caiz olduğuna fitva vermişdilər, d) canlı bir kimsəni xilas etmək üçün ölünün bədənini yarıb – kəsməyi caiz hesab etmişlər. (Nəvəvi, əl-Məcmu, III, 145; Fətaval Hindiyə, V, 440).

Eyni şəkildə aclıq və susuzluq kimi, xəstliyi də, haram olan işləri mübah (dində icazə verilən) edən bir zərurət saymışdır. Bir başqa yoldan müalicəsi mümkün olmayan xəstələrin adi vaxtlarda haram olan, dərman və maddələrlə  müalicəsini caiz görürlər. Günümüzdə qan, toxuma və orqan köçürülməsi, müalicə üsulları arasında yer almaqdadır.

Belə olduqda, müəyyən şərtlərə bağlı olaraq, həyatı xilas etmək üçün başqa çarə də qalmayıbsa, qan, toxuma və orqanın köçürülməsi ilə müalicənin caiz olması lazımdır. “Hər kim bir həyatı xilas edərsə, bütün insanları xilas etmiş kimi olar” (Maidə, 5/32) ayəsi də, buna işıq tutmaqdadır.

Bu kontekstdə, aşağıdakı xüsuslara diqqət etmək şərti ilə, orqan köçürülməsi caiz olur. Necə ki, İslam Konfransına bağlı millətlər arası fit va təşkilatı olan Məcməul Fiqhil İslam da, bu istiqamətdə qərar almışdır. Belə ki;

a) Zəruri hallarda, yəni xəstənin həyatını və ya həyati bir orqanını xilas etmək üçün , başqa yolunun da olmadığını, mütəxəssis və dürüstlüyünə güvənilən həkimlər tərəfindən təyin edilməsi

b) Xəstəliyin bu yolla müalicə edilməsinin əsaslı qənaətinin olması

c) Orqan və ya toxuması alınan şəxsin, bu işin görüldüyü əsnada ölü olması. Əgər orqan canlı bir insandan alınacaqsa, bu orqanın həmin insanda (donor) əsas həyati funksiyalardan birini qeyri – aktiv hala gəlməməlidir

d) Cəmiyyətin rahatlığının və nizamının alt – üst olmaması yönündə orqan və ya toxuması alınacaq şəxsin sağ ikən buna icazə vermiş olmalı və ya sağ ikən fikrindən daşındığına dair bir bəyanının olmaması şərti ilə yaxınlarının razılığının alınması

e) Alınacaq orqan və ya toxuma müqabilində heç bir formada ödəniş alınmaması

f) Müalicəsi olunacaq xəstənin də özünə ediləcək bu köçürülməyə razılıq verməsi lazımdır.

g) Dövlət nəzarəti altında transplantasiya edilməlidir.

Read Previous

Baxmaq və Görmənin Hekayəsi

Read Next

Onları nə ticarət nə də alış-veriş Allahdan uzaqlaşdırmaz