• 23 Dekabr 2024

FALA BAXMAQ VƏ BAXDIRMAQ

images14 Uca Allah  insanlara nəyi qadağan edibsə, onların nəticə etibarilə insana ziyanı var. Nəyi də halal edibsə, onun insanlar üçün faydası var. Misal üçün, əgər içki içmək bir müsəlmana haram buyrulubsa, demək ki, bunun insan sağlamlığına və ümumilikdə cəmiyyətə zərəri var.

      Budəfəki mövzumuz olan “fala” gəldikdə isə İslam fala baxmağı da, baxdırmağı da qəti şəkildə qadağan edib və bu əməllə məşğul olmağı küfr saymışdır. İslam bu əməli küfr olaraq qəbul edirsə, demək ki, falın həm, fərd həm də ki, cəmiyyət üçün bir çox zərərləri var.  Bunun üçün özünü  müsəlman sayan hər kəs “fala” baxmağı da, baxdırmağı da eyni günah olaraq görməli və bu çirkin oyunun qurbanı olmamalıdır.

Çox təəssüflə qeyd etmək istərdim ki, müsəlman cəmiyyətində, dinimizə zidd olan bu əməllərin qarşısını almaq qeyri-mümkündür, hətta biz onların bir çox yerdə reklamlarına da rast gəlirik. Televiziya kanallarımızdan qəzet səhifələrimizədək bütün mətbuatımızda bunun şahidi oluruq. Müsəlman xalqımız isə dini tədris və təbliğin zəifliyinin üzündən özləri də bilmədən bu günahlara şərik olur.

Falçılıq elmi ta qədimdən məşğul olunan batil elmlərdəndir. Bu elmin müxtəlif növləri var: oxlarla, ulduzlarla, quşlarla və s. Ən məşhur fal növlərindən biri də ulduzlarla baxılan kəhanət elmidir. Kahinlik və sehrbazlıq sayılan ulduz elmi qeybdən və gələcək haqqında xəbərlər verməkdir. Peyğəmbər (s.ə.s) belə buyurur: “Rəbbiniz nə buyurduğunu bilirsinizmi?” Səhabələr: “Allah və Rəsulu daha yaxşı bilir” – dedilər.

Allah-Təalə buyurdu: “Qullarımdan bir qismi Mənə iman gətirərək, bir qismi də kafir olaraq səhərə çıxdı. “Allah fəzli və rəhməti ilə bizə yağış yağdırdı”-deyən mənə iman gətirmiş, ulduzları da inkar etmiş olaraq səhərə çıxdı. Kim də “filan və filan ulduz sayəsində bizə yağış yağdırıldı” dedisə, o da məni inkar etmiş, ulduza isə iman gətirmişdir” (Buxari, Azan, 156, İstisqa, 38).

Bütün bu qeyd edilənlərdən məlum olur ki, fala baxmaq da, baxdırmaq da  haramdır. Ona iman gətirən də küfrə bulaşmış olur. Qədim zamanlardakı falçılıqla bugünkü arasında şəkil baxımından fərqlər olsa da, mahiyyət baxımından çox bənzərlikləri var.

Bəzən falçıların dedikləri doğru ola bilər. Amma bu onların haqlı olduğu mənasına gəlməz. Falçının yanına gedən insanlar, əsasən, öz əməllərinə haqq qazandırmaq üçün belə bir sual verirlər: “Bəs necə olur ki, falçı bəzən bir çox şeyi olduğu kimi deyir, bəs o bunları hardan bilir?”.

Quran ayəsindən məlum olduğu kimi, fal şeytan əməlidir. Şeytan bəzi qeybi məsələlərə məlumatlı olur və “falla” məşğul olanlara bəzi məlumatları pıçıldayır və falçı da bunları fala baxdırmağa gələn insana söyləyirlər.

Cinlər arasında da insanlar kimi Allaha ibadət edəni və şeytana inananı var. Cinlər fiziki cəhətdən insandan güclüdürlər. Misal üçün hədislərdə bir cində qırx kişi gücü olduğu və cinlərin göyün birinci qatına kimi qalxa bildiklərinə dair məlumatlar var. Həmçinin göydə mələklərin müxtəlif mövzularda, insanların taleyi və işləri haqda söhbət olur. Deməli, cin göyə qalxıb mələklərin söhbətlərinə oğrun-oğrun qulaq asmaq istəyəndə, bir-iki şey eşidir, çox qala bilmir, ulduzlar onu yandırır, o da enir yerə və eşitdiyi cüzi məlumatı falçıya pıçıldayır. Falçı da bunları qarşısındakı insana deyir. Bədbəxt “falçı” da zənn edir ki, bu ona Allah tərəfindən verilən “vergi”dir.

Fala baxan şəxs sanki qeybi (gələcəkdə olacaqları) bildiyini iddia edir. Halbuki, qeybi Allahdan başqa heç kəs bilməz. Kim də qeybi bildiyini iddia edərsə, Allahın Qurani-Kərimdə nazil etdiyi bu ayəni inkar etmiş olar.

Uca Allah buyurur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” Ənam, 59.

Hətta Peyğəmbərimiz (s.ə.s) də Uca Allahın ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (s.ə.s)  qeybi bilsəydi, özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ey Peyğəmbər! Onlara belə) de: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf, 188).

Elə ona görə də Peyğəmbər (s.ə.s) kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin (fala baxanın) yanına gedərsə, və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur” (Tirmizi, Taharə 102). Çünki fala baxanın yanına gedən şəxs, sanki iddia edir ki, qeybi Allahdan başqa fala baxan da bilir. Bu da Allahın ayəsini inkar etmək deməkdir.

Falçılar nəinki kiminsə bir problemini həll edir, tam əksinə insanların arasına düşmənçilik salır. Məsələn, falçıların dediyi əsas sözlərdən biri də budur: “Filankəs sənə cadu edib, etdirir və ya etdirəcək”. Sonra da həmin adamın bəzi əlamətlərini sayır. Sayır deyəndə ki, özünə görə bəzi şeylər uydurur, evinizə gəlib-gedir, boyu belədir, saçının rəngi belədir və s… Falçıya inanan da həmin əlamətlərdən öz düşmənini “müəyyən edir”: ya baldızıdır, ya qayınatası, ya xalası qızıdır, ya qonşusudur, ya da başqa birisidir. Düşmənçilik üçün hər şey var, artıq müharibəyə başlamaq olar. Falçının nəyinə lazımdır ki, onlar bir-biriləri ilə əlbəyaxa oldular, yoxsa bir-birilərini öldürdülər, onsuzda cinayət məcəlləsində falçılıqla bağlı bir Maddə nəzərdə tutulmayıb.

Yazımı bir ayə ilə yekunlaşdırıram: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə  90).

MƏNBƏ:

İRFANDERGİSİ.COM

Read Previous

HZ. PEYĞƏMBƏRƏ CADU EDİLDİMİ???

Read Next

“Wİ-Fİ YOXDUR, BİR-BİRİNİZLƏ DANIŞIN!”

3 Comments

  • Butun bunlarla raziyam insanin basinagelenleri deyirler cunki arti hadise bas verib melumdur,ama gelecek haqda hecne deyebilmirler cunki heqiqetende bunu Allahimizdan basqa heckim bilmez,mene cadu piti haqqinda cox marawlidir dinimizde buhaqda necedir xahisedirem melumat verin de biraz

  • Daha dogrusu deyirler e konkret hecbir sey deyebilmirler gsh deyirlerki get filan yerde qurdyagi var onu tap sonra yada cadu var hele gorunmur filan

  • Salam men bilmey isterdim heyat yoldasim meni aldadir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.