• 23 Dekabr 2024

HZ. PEYĞƏMBƏRƏ CADU EDİLDİMİ???

images13Həyatın hər dövründə olduğu kimi, günümüzdə də aktuallığını qoruyan sehr, cadu, falçılıq kimi xüsusların bəşəriyyət tarixi qədər qədim olduğunu ifadə etsək yanılmarıq. Bu xüsusların hər biri geniş əhatəli mövzulardır. İllər boyu bu barədə əsərlər qələmə alınmış, fikirlər səsləndirilmişdir. Əlbəttə ki,  bu mövzular geniş və maraqlı olduğu qədər mübahisəlidir. Bəzi insanları bu xüsusların varlığının və təsirinin mümkünlüyünü ifadə edərkən, bəziləri də belə fikirlərin cəfəngiyatdan ibarət olduğunu söyləmişdir. Biz bu yazımızda bu mübahisələrə və məlumatlara yer vermək yerinə İslam dinin, daha doğrusu, Hz. Peyğəmbərin (s.ə.s) səbəb-cadu, sehir, fal kimi xüsusların qarşısındakı durumu barəsində yazmaq istədik.

       Dinin bu xüsuslara baxışı önəm kəsb edir. Çünki Hz. Musanın (ə.s) sehrbazlar qarşısında göstərmiş olduğu “sehr” təkbaşına ələ alınacaq mövzudur. Hz. Peyğəmbərin (s.ə.s) müşrik ərəblər tərəfindən sehrbazlara bənzədilməsi də əslində o dövrdə  sehrbazların və sehrin gündəmi ciddi mənada zəbt etdiyini söyləməyə, həmçinin insanlar tərəfindən çox da sevilməyən və bəyənilməyən bir özəllik olduğunu söyləməyə əsas verir. Dini mənada sehrin mövcudluğu Qurani-Kərimdə qeyd edilməkdədir. Odur ki, sehrin mövcudluğunun inkar edilməsi bu ayələrə ziddir. Yəni Hz. Musanın (ə.s) sehrbazlara qarşı sehrdən istifadə etməsi bunun varlığını isbat edir. Ancaq unutmamaq lazımdır ki, Qurani-Kərimdə varlığının ifadə edilməsi bizə sehrlə məşğul olmağa əsas vermir.

Mövzuya keçmədən onu da ifadə etmək istəyirik ki, fal və falçılıq ilə sehr-cadu ve sehrbazlıq bir-birindən tamamilə fərqli şeylərdir. Falçılıq etmək və falçının yanına getmək onun dediklərini nəin ki, qəbul etmək, hətta “görəsən ola bilərmi?” deyərək şübhələnmək belə dini nöqtəyi-nəzərdən ciddi şəkildə qadağan edilmiş və bu barədə ciddi xəbərdarlıqlar edilmişdir. Falçılıq xüsusi qabiliyyətə əsaslanır və bu qabiliyyət vasitəsilə insanların xoş niyyətlərindən sui-istifadə edilir.

Səbəb-cadu bəzi təbiət üstü varlıqlarla ünsiyyət quraraq və yaxud da gizli gücünün olduğu qəbul edilən bəzi təbii vasitələrdən istifadə edərək zərərli, faydalı və ya mühafizə etmə məqsədli nəticələr əldə etmək üçün görülən işlərə deyilir. Bu əməllərin əsas məqsədi, əlbəttə ki, maddi mənfəət əldə etməkdir. Burada hər hansı xeyriyəçilikdən və Allah rizasından söz açmaq sadəlövhlükdür.

Sehr kəlməsi cadu ilə eyni mənaya gəlsə də, əslində bir-birindən fərqli şeylərdir. Sehrbazlıq əslində günümüzdə daha çox şou xarakterli bir məslək halına çevrilmiş, hətta demək olar ki, insanların əksəriyyətinin sevərək seyr etdiyi bir şoudur. Sehrbazlıqda gözü, görüşü aldadan hoqqabazlıq və illüziya, hipnoz, telepatiya kimi vasitələrdən istifadə edilir. Cadugər isə xeyir və şər qüvvələrin yardımını təmin edən, tilsim və cadu terminlərindən səbəb və digər materiallardan istifadə edən kəslərdir.

Bu qədər əsas məlumatlar verdikdən sonra günümüzdə mübahisə mövzularından biri olan Hz. Peyğəmbərə (s.ə.s) səbəb-cadunun edilib-edilməməsi məsələsinə toxunmaq istəyirik. Bu mövzu barəsindəki mübahisələrə yer vermədən səbəb-cadunun necə edildiyi və Hz. Peyğəmbərin (s.ə.s) bu vəziyyətdən necə xilas olduğu barəsində məlumatları paylaşmağın daha doğru olduğunu düşünürük.

Hz. Peyğmbərə (s.ə.s) sehr, cadu bir yəhudi tərəfindən edilmişdir. Peyğəmbərimiz (s.ə.s) bu cadu vasitəsilə səhhətində narahatlıq hiss etmilş və bir mələyin göstərməsi ilə o cadunu gizlədildiyi yerdən çıxarmışdır. Daha sonra “Fələq”-“Nas” surələrini oxuyaraq bu cadunun sehrindən qurtulmuşdur (Buxari, Müslim, İbn Macə).

Mənbələrimizdə bu hadisə belə qeyd edilir: Hüdeybiyyə sülh sazişindən sonra Rəsulullah (s.ə.s) Mədinəyə döndü. Hicrətin 7-ci ilində Xeybər yəhudilərinə Mədinədən bir heyət getdi. Orada məşhur sehrbaz, cadugər Lübeyd ibn Asim ilə görüşdülər. Heyət Lübeydə belə müraciət etdi: “Bilirsən, Məhəmməd bizə nə edib? Bir neçə dəfə ona cadu etmək istədik, amma alınmadı. İndi də sənin yanına gəlmişik. Çünki sən bizdən daha böyük sehrbaz və cadügərsən. Bu üç qızılı götür və Mühəmmədi güclü əfsunla”. O dövrdə Rəsulullaha (s.ə.s) bir yəhudi uşağı xidmət edirdi. Onlar bu uşaq vasitəsilə Rəsulullahın (s.ə.s) darağını və saç tellərini ələ keçirdilər. Lübeyd də bu saç və daraqdan istifadə edərək Rəsulullaha (s.ə.s) cadu etdilər. Sonra bu cadunu xurmadan düzəldilmiş bir qılıfın içinə yerləşdirdilər. Lübeyd bu sehri bir quyunun içindəki daşın altında gizlətdi. Bir müddət sonra Rəsulullah (s.ə.s) səhhətində bəzi narahatlıqlar hiss etməyə başladı. Etmədiyi bəzi işləri etmiş kimi, bəzi işləri də etmədiyi halda etmiş kimi xatırlamağa başladı. Yeri gəlmişkən onu da ifadə edək ki, bu qarışıq hal onun şəxsinə aid işlərlə əlaqəlidir. Yəni heç bir mənbədə onun namazını qılmadığı halda qıldı kimi zənn etməsi, hər hansı ayəni səhv oxuması və s. qeyd edilməmişdir. Əgər belə bir şey olsaydı, bütün Ərəbistana yayılar və ona iftira etdikləri sehrin həqiqət olduğu və ondan təsirləndiyi hər tərəfdə danışılardı. Ona edilmiş cadunun peyğəmbərlik vəzifəsinə heç bir zərəri olmamışdır. Onun bir ayəni unutduğu və yaxud da yalnış oxuduğu ilə əlaqəli heç bir məlumat yoxdur. Həmçinin onun peyğəmbərlik tərəfi Uca Allah tərəfindən mühafizə edilmiş, hər hansı xəta edilərsə, dərhal müdaxilə edilmişdir. Sadəcə olaraq sehr onun şəxsi həyatına bir az təsir etmişdir. Onu da Allahın köməyi ilə aradan qaldırmışdır. Cadu edilmə hadisəsi ilə  Hz. Peyğəmbərin (s.ə.s) bəşər olması baxımından Uhud müharibəsində dişinin qırılması, Hüdeybiyyədə zəhərlənməsi kimi hadisələrlə öldürülmək istənməsi hadisələrini yan-yana qoysaq, sehrin ona təsir etdiyini və təsirləndiyini ifadə etmək yalnış olmaz. Bir bəşər kimi onun belə şeylərdən təsirlənməsi, xəstələnməsi təbii hadisədir.

Bir gün Rəsulullah (s.ə.s) Aişənin (r.a) evində ikən: “Mən Allahdan soruşdum və sualımın cavabını aldım”- deyə buyurdu. Hz. Aişə də: “Nəyi soruşdun və nə cavab aldın?- deyə soruşduqda: “İki mələk insan şəklində yanıma gəldi. Biri başucumda, digəri də ayaq tərəfimdə durdu. Biri o birindən belə soruşdu: “Buna nə olub?” Digəri cavab verdi ki, buna sehr-cadu edilib. Birincisi soruşdu: “Kim ona sehir edib?”. İkincisi: “Lübeyd ibn Asim”-deyə cavab verdi“. Bu dialoq cadunun daraq və saçları ilə edildiyi xurma lifləri ilə bağlanaraq quyuda gizlədildiyi şəklində davam etdi. Bundan sonra Rəsulullah (s.ə.s) bir neçə səhabəsi ilə həmin quyuya getdi, suyunu boşaldaraq daşın altında gizlədilən cadunu çıxartdılar. Daha sonra mələk Cəbrayıl (ə.s) gələrək Hz. Peyğəmbərə (s.ə.s) “Fələq” və “Nas” surələrini oxuyaraq caduya atılan düyünlərin açmasını söylədi. Peyğəmbərimiz (s.ə.s) də bu surələri oxuyunca bir-bir düyünləri açıldı və caduya batırılmış iynələr tökülməyə başladı.

Xülasə olaraq deyə bilərik ki, Hz. Peyğəmbər (s.ə.s) özünə edilən cadudan şəxsi olaraq təsrilənmiş və xəstələnincə də “Fələq”-“Nas” surələrinin nazil olmasına səbəb təşkil etmişdir. Ayrıca, bu sehrin bildirilməsi ilə onun bir möcüzəsi də gerçəkləşmişdir. Allahın bildirməsi ilə serhin yerini və onu edəni bilmişdir.

Bu kimi bir hadisə ilə üzləşən müsəlmanlar bundan xilas olmaq üçün bu surələri oxumalıdırlar. Yuxarıda qeyd edilən rəvayətlər həmin surələrin ovsundan qorunmaq məqsədilə oxunması üçün bir növ dəlil təşkil edir. Əlbəttə ki, oxunma əsnasındakı səmimiyyət, nəticə ilə düz mütənasibdir. Nöqtəni “Bəqərə” surəsinin 102-ci ayəsi ilə qoyaq: “Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər”.

mənbə:

irfandergisi.com

Read Previous

SAMİ YUSUF SURİYALILARIN DƏRDLƏRİ BARƏDƏ OXUDU

Read Next

FALA BAXMAQ VƏ BAXDIRMAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.