Dünya şöhrətli, Azərbaycan əsilli ingiltərəli müğənni suriyalılara həsr edilmiş mahnı oxuyub.
ANS PRESS-in məlumatına görə, azərbaycan əsilli məşhur müğənni Sami Yusuf suriyalıların ağrı-acılarını öz mahnısında dilə gətirib.
Sami Yusuf suriyalıların yaşadığı qaçqın düşərgəsinə səfəri zamanı qarşılaşdığı mənzərənin ürəkağrıdıcı olduğunu və orada hiss etdiyi ağrının izah edilə bilməyəcək dərəcədə çətin olduğunu bildirib:
“Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı elçisi olaraq getdiyim düşərgədə qarşılaşdığım insanlara onlar üçün nə edə biləcəyimi soruşdum. Orta yaşlı bir qadın mənə bu cavabı verdi: “Sami, yalnız bizim üçün mahnı oxu. Biz bu dərdləri inşallah geridə qoyacağıq. Sadəcə bir mahnı oxu ki, bütün dünya bizim dərdimizi bilsin”. Ona görə “Səssiz kəlimələr” adlı mahnımı Suriyalı insanlara həsr etdim”.
Mahnını hazırlayarkən mümkün qədər siyasətin təsirindən uzaq qalmağa çalışdığını söyləyən müğənni, “Siyasəti sevmirəm, buna görə bu mahnımda bütün bölgəyə dağılmış 1 milyondan çox insanın ağrı-acılarını və nə qədər güclü olduqlarını izah etməsi baxımından yalnız “səssizliyi” göstərməyi istədim. Bu vəziyyət çox kədərlidir, ancaq Suriya əhalisi bu vəziyyətin öhdəsindən gələcək, onlar çox mətanətli və möcüzəvi insanlardır”- deyə sözlərini bitirib.
mənbə:
anspress