• 26 Dekabr 2024

Hicrət və Məhərrəm ayı

468239c2b4044651e5c0 Möhtərəm möminlər, İslam gəlməmişdən əvvəl bəşəriyyət, əxlaqsızlıqlar, xurafələr, düşmənçiliklər, və pütpərəstliklər içində qıvranırdı. İçki, qumar, faiz, iftira və qan davaları dözülməz həddə çatmışdı. Yetimlərin, kimsəsizlərin, gücsüzlərin malları əllərindən zorla alınırdı. Zülm və işgəncədən zövq alınır, əsirlər diri-diri yandırılırdı. Qadın bir ticarət malı kimi alınıb satılırdı. Qız uşaqları canlı-canlı torpağa basdırılırdı. Hər yer bütlərlə doluydu. Qısaca insalıq yanırdı, qıvranırdı, çökürdü. Bir şəfa axtarırdı. Bir nura, bir dinə həsrətdi.
Məhz bu qorxunc fəlakətlər içində çırpınan insanlığa, miladi tarixlə 610 cu ildə Uca Rəbbimiz tərəfindən gözlənilən peyğəmbər göndərildi. Bəli insanllıq aradığı şəfaya, həsrət olduğu nura və dinə qovuşdu. O şəfa, o nur, Allahın kitabı Qurani-Kərimdi. O din Allahın diliylə desək İslamdı.
Əziz müsəlmanlar, insanlıq üçün qaranlıqlara işıq saçan, xəstə qəlblərə şəfa verən bu dindən müşriklər narahat olaraq Müsəlmanlara işgəncə və əziyyət etməyə başladılar. İslam günəşi ilə aydınlanan qəlblər çoxalınca işgəncə və əziyyətlər da artırdı. Bütün bu işgəncələrə müsəlmanlar iman gücüylə səbir və təmkinlə dözürdülər. Çünki onların nəzərində nə can, nə mal nə də sərvət vardı. Onlar üçün var olan, var olması gərəkən şey İslamdı, İslamın zəfəriydi.
Nəhayət, miladi 622 ci ilin Məhərrəm ayında, İslamı yaymaq, İslamın üstünə çökən qara buludları dağıtmaq üçün, Allah Rəsulunun (səs) əshabələri Məkkədən Mədinəyə göçməyə başladılar. İmanlı könüllər, Allah və Onun Rəsulunun rizası üçün, doğulub boya-başa çatıdqları, havasını tənəffüs etdikləri öz vətənlərindən ayrıldılar. Var-dövlətdən, sərvətdən, vazkeçdilər. Bu baxımından hicrət; Dinləri üçün evlərini, yurtlarını, mal-mülklərini tərk edən müsəlmanların iman və ixlas simvoludur.
Hicrət, İslamın zəfər əldə etməsi üçün nəfsin bütün arzularından sıyrılması deməkdir.
Əziz möminlər, müsəlmanların Məkkədən Mədinəyə göçmələri müşrikləri yenə də qorxutdu. Əgər Hz. Muhamməd (səs) Mədinəyə gedərək müsəlmanlara başçılıq etməyə davam edərsə, bu bizim üçün böyük bir fəlakət olar deyə düşündülər. Bunun qarşısını almaq üçün müxtəlif planlar hazırlamağa başladılar. Nəhayət Əbu Cəhlin təklifi ilə Hz. Muhammədi (səs) öldürməyə qərar verdilər.
Bu hadisə ilə əlaqədar Qurani-Kərimdə belə buyurulur: “(Ya Peyğəmbər!) Yadına sal ki bir zaman kafirlər səni həbs etmək və ya öldürmək yaxud da (Məkkədən) çıxarıb qovmaq üçün “Darun –Nədvədə” sənə qarşı hiylə qurdular. Allah da (onların hiyləsinə qarşı) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır!”
Müşriklər bu qorxunc planı hazırlayarkən, Allah Təala, Cəbrayıl (ə) vasitəsi ilə bu hadisəni öz Peyğəmbərinə (səs) bildirmiş və hicrət etməsinə icazə vermişdir. Peyğəmbərimiz (səs) də o gecə yatağına Həz. Əlini yatıraraq, öz doğma yurdundan ayrılmış və Həz. Əbu Bəkrlə birlikdə M. 622 ci ildə Mədinəyə hicrət etmişdi.
Hicrət, İslam və dünya tarixində çox böyük bir hadisədir. Bu hadisə İslamın qurtuluşu və İslam inqilabının başlanğıcı olmuşdur. İslam dini, hicrət sayəsində istiqlaliyyətinə qovuşub, yayılma imkanı tapmışdır.
Həzrəti Peyğəmbərin (səs) Məkkədən Mədinəyə hicrəti ilə İslam tarixində yeni bir dönəm başlamışdır.
Rəsulullahın (səs) bu hicrəti daha sonra Hz. Ömərin xəlifəliyi dövründə hicri təqvimin birinci ili olaraq qəbul edilmiş və Məhərrəm ayının ilk günü yeni ilin başlanğıc günü olaraq tarixə keçmişdir. Bu səbəbdən İslami yeni il Məhərrəm ayı ilə başlayır. Müsəlmanlar yeni ilə Məhərrəm ayi ilə girər, bir il boyunca etmiş olduqları işlər, ibadət və itaətlərinin hesabını çəkərlər. Məhərrəm ayı haram aylardan biridir. Belə ki, bir ayədə belə buyurulu:
“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”
Bu ayın Məhərrəm adlandırılması sözügedən ayın haram ayı olması yəni onun müqəddəs olması üçündür.
Əziz möminlər!
Hədisi-şəriflərdə “Şəhrullah – Allahın ayı” deyə bildirilən Məhərrəm ayı, içərisində aşura günü olması baxımından çox əhəmiyyətli bir aydır.
Xitbəmə Peyğəmbərimizin (səs) Məhərrəm ayının fəziləti haqqında söylədiyi hədisi şəriflərlə son verirəm.
“Ramazan orucundan sonra ən fəzilətli oruc, Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz isə gecə vaxtı qılınan namazdır.”
“Ramazandan sonra oruc tutmaq istəyirsənsə Məhərrəm ayında tut. Çünki O, Allahın ayıdır. O ayda bir gün vardır ki, o gündə Allah keçmiş qövmlərdən birinin tövbəsini qəbul etmişdir. Yenə o gündə (Allah) gələcək digər qövmlərin də günahlarını bağışlayır.”

Qeyd: Xütbənin səsli (mp3) və yazılı (Word və PDF) versiyalarını www.minber.az saytından və ya www.facebook.com/minberaz səhifəsindən əldə edə bilərsiniz.

Read Previous

Peyğəmbər əfəndimiz (səv)-dən bir nəsihət

Read Next

“FETÖ cəmiyyətdəki 3 boşluqdan istifadə edib”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.