• 22 Dekabr 2024

HÜZEYFƏ İBN YƏMAN (RA)

imagesMən dünyadan ayrılacağıma kədərlənmirəm. Əksinə, ölüm mənim üçün daha sevimlidir. Lakin Rəbbimin rizasına uyğun yaşayıb-yaşamadığımı dəqiq bilmirəm.

Huzeyfə ibn Yəman

Rəsulullahın (s.ə.s) sirr ortağı idi. Rəsulullah münafiqlərlə bağlı bütün sirlərini ona danışardı. “Qiyamət gününə qədər baş verəcək hadisələri Rəsulullah mənə xəbər verdi”, ‒deyərdi Huzeyfə ibn Yəman. Ona görə də Hz. Ömər həmişə Huzeyfəni izləyərdi. Bir nəfər öləndə Hz. Huzeyfəni insanların arasında görməsə, onun cənazə namazına getməzdi. Çünki Huzeyfənin o kimsənin cənazə namazına getməməsi Hz. Ömər üçün bir dəlil idi. Hz. Ömər bir dəfə valiləri arasında münafiq olub-olmadığını öyrənmək istəyirdi. Hz. Ömər ondan xahiş edir ki, münafiqlərin adını desin Huzeyfə (r.a.) sirr vermir, lakin deyir ki, aralarında bir münafiq var, onun da adını verməyəcək. Hz. Ömər daha sonra bu şəxsin kim olduğunu öyrənir və vəzifədən kənarlaşdırır.[1]

Hz. Ömər və bir çox səhabələr bir araya gəlib Allaha dua edirdilər. Kimisi ev dolusu qızıl istəyir, kimisi bağ-bağça və ərazi istəyir, bə­ziləri də daha qiymətli şeylər verməsi üçün Allaha dua edirdilər. Lakin Hz. Ömərin duası hamısından fərqli idi. “Mən, ‒ deyirdi, ‒ Allahdan Əbu Ubeydə, Muaz ibn Cəbəl və Huzeyfə ibn Yəman kimi mücahidlər istəyirəm ki, onlarla Allah yolunda xidmət göstərim, özümə köməkçi seçim”. Bəli, o, bütün varlığını din uğrunda qurban verməyə hazır olan qəhrəmanlar istəyirdi. Elə əsl mücahidlər də bunlar deyilmi?[2]

Atasının adı Hisl bin Cabir idi. Çox yaşlı olduğuna görə Uhud döyüşünə qatıla bilməmişdi. Rəsulullaha ona Mədinədə qalıb qadın-uşaqlara baxmağı tapşırmışdı. Uhud döyüşündən gələn məğlubiyyət xəbəri ruhunu həyəcana gətirmişdi. Döyüşə qatılmalı, İslam düşmənlərinə qan qusdurmalı idi. “Ya bu gün, ya sabah, onsuz da, qəbirə girəcəyik, burada ölməkdənsə hərb meydanında ölüb şəhidlik mərtəbəsini qazanaq!” ‒deyirdi. Oğlu Huzeyfə Allahın kəlamını ucaltmaq üçün cihad edərkən, evdə oturmaq onun heysiyyətinə toxunurdu. Qılıncını qurşanıb mücahidlərə qoşuldu. Ata-oğul bir­likdə döyüşəcəkdilər. Döyüşün ən dəhşətli anında Hisl (r.a.) müşriklərin arasına qarışdı. O günkü döyüşün parolunu bilmirdi. Döyüş əsnasında müsəlmanlar onu tanıya bilməmiş və üstünə cummuşdular. Atasını təhlükədə görən Huzeyfə “Siz nə edirsiniz? Bu, mənim atamdır!” ‒ desə də, iş işdən keçmiş, atası şəhid olmuşdu…

Hz. Huzeyfə bu vəziyyətdə nə etməli idi? Atası səhvən dostları tərəfindən şəhid edilmişdi. Huzeyfə (r.a.) ən böyük fədakarlıq nümunəsini göstərirdi. Səhabələrə yönəlib bircə bunu dedi “Allah rəhmət və mərhəmət sahibidir. Bu səhvinizi əfv edər, inşallah…”

Bu cür böyük bir fədakarlıq nümunəsini göstərən Huzeyfə (r.a.) Rəsulullahın təyin etdiyi qan pulunu da Müsəlmanlar arasında sədəqə  kimi paylanmasını istədi.

Hz. Huzeyfə döyüşlərdə çox əhəmiyyətli vəzifələr görərdi. Xəndək döyüşündə də müşrik ordularının vəziyyətini öyrənməklə vəzifələndirildi.

Gecə zülmət qaranlıq idi. Külək və soyuq iliklərə qədər işləyirdi. Rəsulullahın ətrafında yalnız 10 adam qalmış, digərləri dağılmışdı. Bunlardan biri Hz. Huzeyfə idi. Bu hadisəni özü belə nəql edir:

“Rəsulullah gecənin bir hissəsini namazla keçirdi, sonra bizə yönəl­di “Kim müşriklərin arasına gedib onların nə ilə məşğul olduğunu öyrənə bilər? Mən onun üçün Allaha dua edərəm ki, cənnətdə mənim qonşum olsun…”, ‒buyurdu. Heç kəsdən səs çıxmadı. Hamımız qorxudan, aclıqdan və şiddətli soyuqdan ayağa qalxmaq iqtidarında deyildik. Susduq. Rəsulullah sözlərini təkrar­ladı. Yenə cavab verən çıxmadı. Rəsulullah yavaş-yavaş yanıma gəldi. Mənim düşməndən qorunmağa nə qalxanım, nə də qızınmağa paltarım vardı. Əynimdə yalnız dizimə kimi örtən bir köynəyim vardı. Rəsulullah yanıma gəlincə utandım, diz üstə çöküb büzüldüm. Rəsulullah məni göstərib “Bu, kimdir?” ‒deyə soruşunca mən: “Huzeyfəyəm, ya Rəsulallah”, ‒ dedim. “Məni eşitmədinmi? Nə üçün qalxmadın?”‒deyə soruş­du. “Səni haqq ilə göndərən Allaha and içərəm ki, aclıq və soyuqdan dəvətinizə cavab verə bilmədim”.[3]

Rəsulullah bu əmri verdi “Get, müşriklər haqqında məlumat topla. Yanıma qayıdıb gələnə qədər də onlara qarşı heç bir silah çəkmə”.

Peyğəmbərimiz (s.ə.s) təminat vermişdi. Ona heç bir zərər toxunmayacaqdı. Nə aclıq, nə soyuq və nə də öldürülmə təhlükəsi olmayacaqdı. Huzeyfə qılıncını belinə qurşadı, yayını çiyninə aldı, müşriklərə doğru yönəldi. Onda narahatlıq hissi tamamilə yox olmuşdu. Nəhayət, gəlib müşriklərin arasına girdi, bütün məlumatları toplayıb Rəsulullahın yanına gəldi. Onların da şiddətli aclıq və soyuğa məruz qaldığını, Əbu Sufyanın başında toplanmış bir neçə adamdan başqa hamısının dağılıb getdiyini bildirdi. Peyğəmbərimiz ona xoş sözlər söylədi.

mənbə:

Read Previous

PEYĞƏMBƏRİMİZ (SƏV)-İN BİR GÜNÜ

Read Next

PEYĞƏMBƏRİMİZ HZ. MƏHƏMMƏD (SƏV) ÜÇÜN 1 MİLYARD SALAVAT OXUNACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.