• 24 Noyabr 2024

İctihad məsələlərində qətiyyətlə “bəli” və ya “yox” deməkdən çəkinin!

ictihad-ol İctihad məsələlərində qətiyyətlə “bəli” və ya “yox” deməkdən çəkinin!

“Bir neçə məna daşıyan və fərqli izahlara açıq olan ictihad məsələlərində qəti fikir söyləməkdən çəkinmək mübahisəli mövzulara görə islam dəvətçiləri arasında yaranmış məsafəni, bəlkə də, qısaldacaqdır. Həmçinin, başqalarının belə məsələlərə dair görüşlərini inkar etməmək bu məsafəni qısaldan əsas amildir. Bu səbəbdən alimlərimiz demişlər:

“İctihad məsələlərinə görə kimsə kimisə inkar edə bilməz. Müctəhid digər müctəhidin fikirlərini inkar etməməlidir. “Müqəllid”in də (təqlidçinin) digər “müqəllid”i inkar etmək haqqı yoxdur, o ki qaldı bir müctəhidi inkar etsin”.

Şeyxülislam İbn Teymiyyədən (Allah rəhmət etsin!) soruşurlar: “İctihad məsələlərində bəzi alimləri təqlid edən və ya mövcud iki yanaşmadan (görüşdən) birini əsas götürən şəxs məzəmmətə layiqdirmi? Ona digər görüşlərdən istifadəni qadağan etmək olarmı?”

Alim belə cavab verir: “Allaha həmd olsun! İctihad məsələlərində bəzi alimlərin dediklərinə riayət edənləri bu səbəbdən qınamaq olmaz. İki görüşdən birinə əməl edəni məzəmmətləmək yolverilməzdir. Əgər bir məsələ ətrafında iki görüş (yanaşma) mövcuddursa və bir insana onlardan biri üstün tutulmağa daha layiq görünürsə, ona əməl edə bilər. Əks halda, üstün tutulmağa ən layiq görüş haqda etibar etdiyi alimləri təqlid etməlidir. Doğrusunu Allah bilir”[1].

Həmçinin, Şeyxülislama belə bir sual verilmişdi: “Bir şəxs müsəlmanların əmiri təyin edilir. Bu əmirin məzhəbində “şirkəti-əbdan”* caiz** hesab olunmadığı halda o, insanlara bunu (“şirkəti-əbdan”ı – mütərcim) qadağan edə bilərmi?”

Belə cavab verir: “Həmin əmir ictihada açıq bu və bənzəri məsələləri qadağan edə bilməz. Belə ki, bu cür məsəlləri qadağan edən nə bir ayə, nə bir hədis, nə icma***, nə də bu qəbildən bir dəlil vardır. Alimlər bu cür məsələlərin caiz olmağı haqda çox danışmışlar. Bütün məmləkətlərdə müsəlmanlar bu cür şərikliklər qururlar.

Habelə, hakim (qazı) bu qəbil məsələlər haqda başqalarının çıxardığı hökmü inkar etməməlidir. Nə bir alim, nə də bir müfti belə məsələlərdə insanları özünə təhkim edə bilməz.

Bu səbəbdəndir ki, xəlifə Harun ər-Rəşid belə məsələlərdə insanlara “Müvətta” kitabını qəbul etdirmək üçün İmam Maliklə məsləhətləşdiyində sonuncu onu bu işdən çəkindirərək demişdi: “Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) səhabələri müxtəlif ölkələrə dağılışdılar. Bununla da, hər bir xalq ona çatan elmdən öz payını götürdü”.

Fiqhi fikir ayrılıqlarına dair kitab yazan birisinə İmam Əhməd demişdi: “Onu “İxtilaf kitabı” deyil, “Sünnə kitabı” adlandır”.

Odur ki bəzi alimlər demişlər:

“Onların (səhabələrin – mütərcim) bir məsələ ətrafında həmrəy olmaqları (icma) qəti dəlil, fikir ayrılığına (“ixtilaf”a)**** düşməkləri isə geniş lütfkarlıqdır (rəhmətdir)”.

Ömər ibn Əbdüləziz deyirdi:

“Əgər Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) səhabələri fikir ayrılığına (“ixtilaf”a) düşməsəydilər, heç sevinməzdim. Çünki onlar bir görüş ətrafında həmrəy olsaydılar, onlarla razılaşmayanlar zəlalət əhlindən sayılardılar. Halbuki səhabələr “ixtilaf”a düşmüşlər; bir qrup insan bu görüşü, başqaları da digər görüşü mənimsəmişlər, – bu ki genişlik və rahatlıqdır”.

İmam Malik istisna olmaqla digər imamlar demişlər:

“İnsanları ancaq öz məzhəbinə təhkim etməyə fəqihin haqqı yoxdur”.

Yaxşılığa çağırıb, pis işlərdən çəkindirmək mövzusunda kitablar yazmış şafei alimləri və başqaları demişlər:

“Bu cür ictihad məsələlərini əlin tərsi ilə bir kənara atmaq olmaz. Heç kəs insanları bu məsələlərdə yalnız özünün arxasınca getməyə məcbur etməməlidir. Bu məsələlər haqda yalnız elmi dəlillərə əsaslanıb danışmaq lazımdır. Kimə ki iki görüşdən birinin doğruluğu aydın oldu, ona əməl etmək haqqı vardır. Kim də ki digər görüşdə olanları təqlid etdi, onu məzəmmətləmək olmaz”.

Bu qəbil ictihad nümunələri çoxdur. Məsələn, alimlər aşağıdakı məsələlərdə fikir ayrılığına (“ixtilaf”a) düşmüşlər:

1. Yaşıl paxlanın (lobyanın) qabığı ilə birlikdə satılması;

2. Qabaqcadan pulunu ödəməklə alış-veriş etmək (bey`i-müatat);

3. Malı dərhal təhvil almaq;

4. İçərisinə nəcis düşmüş, amma tərkibi, rəngi dəyişilməmiş çox miqdar sudan istifadə etmək;

5. Tənasül orqanına və qadına toxunduqda, qabaq və arxadan savayı digər yerlərdən nəcis çıxdıqda dəstəmazın alınıb-alınmamağı;

6. Qəhqəhə ilə güldükdə dəstəmazın pozulub-pozulmamağı;

7. Namazda gizli və ya aşkar şəkildə “bismilləhir-rahmənir-rahim” sözünün deyilib-deyilməməyi;

8. Əti yeyilən heyvanların sidik və peyinlərinin nəcis olub-olmamağı;

9. Necəliyi bilinməyəm malın satılıb-satılmamağı;

10. Təyəmmüm üçün əllərin içini neçə dəfə torpağa vurmaq lazımdır; təyəmmüm zamanı əllərin hansı hissəsi və hara qədər məsh edilməlidir;

11. Hər bir namaz üçün ayrıca təyəmmüm edilməlidir, yoxsa bir təyəmmüm bütün namazlar üçün kifayətdirmi;

12. Bir zimmi digər zimmiyə şahidlik edə bilərmi və sair”[2].

Bəli, səhabələr yuxarıdakı məsələlərdə “ixtilaf”a düşmüş, fərqli fikirlər səsləndirmişlər.

Rəvayət olunur ki, bir dəfə Həzrəti Ömər (Allah ondan razı qalsın!) “məsəleyi-hücəriyyə” adlandırılan vərəsəlik məsələsində hökm çıxararaq, ana-ata bir qardaşları ana bir qardaşlardan fərqləndirərək, onları mirasda ortaq tutmamışdı. Daha sonra Həzrəti Ömər eyni məsələdə fərqli hökm çıxarmışdı. Bunu görənlər ona deyirlər: “Axı sən filan vaxt valideynləri bir qardaşları mirasda ortaq tutmamışdın?” Xəlifə belə cavab verir: “O hökmü həmin vaxt vermişdik. Bunu isə indi veririk”.

Həzrəti Ömərin (Allah ondan razı qalsın!) Əbu Musa əl-Əş`əriyə yazdığı məktubu sonralar İbn əl-Qəyyim də bu cür izah etmişdir. Həmin məktubda deyilir:

“Bugün verdiyin hökm onu yenidən nəzərdən keçirməyinə, yanılmışsansa, haqqa qayıtmağına mane olmamalıdır! Çünki haqq əzəlidir və onu heç nə puç edə bilməz. Hökmün doğru olub-olmadığını gözdən keçirmək hey batil içərisində olmaqdan yaxşıdır”[3].

Belə rəvayət olunur ki, Həzrəti Ömər bir məsələ ilə əlaqədar olaraq qazıya müraciət etmiş kəslə görüşdüyündə soruşur: “Nə edə bildin?” Həmin şəxs deyir: “Mənim və Zeydin barəsində filan hökmü çıxardılar.” Həzrəti Ömər deyir: “Əgər mən olsaydım, başqa hökm çıxarardım.” Həmin şəxs Ömərə baxır: “Elə isə sənə nə mane olur? Aramızda hökmü sən kəs.” Həzrəti Ömər deyir: “Səni Allahın kitabı və peyğəmbərinin (Ona Allahın xeyir-duası və salamı olsun!) sünnəsinə qaytarmaq istəsəydim, bunu edərdim. Amma mən istəyirəm ki, sən “rəy”ə* müraciət edəsən. Çünki “rəy” ortaq məsələdir”[4].

Mübahisəli məsələlərdə dözümlülüyü artırıb, üzrxahlıq mədəniyyətini formalaşdıran amillərdən biri də alimlərin müxtəlif fikirləri ilə tanış olmaqdır. Bizə məlum olacaqdır ki, müxtəlif məzhəblər, fərqli mənbələr mövcuddur; hər bir alimin öz görüşü, öz dəlili vardır; bütün alimlər şəriət dəryasından su içmişlər. Və bu ümman necə də genişdir!

Bu səbəbdən alimlərimiz bildirmişlər ki, fəqihlərin həmrəy olduqları məsələlərdən xəbərdar olmaq nə qədər vacibdirsə, fikir ayrılığına düşdükləri problemləri də öyrənib bilmək bir o qədər zəruridir. Fəqihlərin ixtilafı rəhmət, həmrəyliyi isə höccətdir (istinad olunacaq dəlildir). Bu məqamda deyilib: “Fəqihlərin “ixtilaf”ına bələd olmayanlar alim sayılmazlar. Kim ki fəqihlərin “ixtilaf”ından xəbərsizdir, deməli, fiqh elminin qoxusunu ala bilməyib!”

Elmdən bixəbər kəslər ancaq bir görüşdən, nöqteyi-nəzərdən yapışarlar ki, bu da qəbuledilməzdir. Onlar yalnız bir şeyxin (alimin) görüşlərindən istifadə edir, təkcə bir məktəblə kifayətlənirlər. Başqalarının görüşünü əsla dinləməzlər, əks nöqteyi-nəzərlərin müqayisəsini aparmazlar, digər məktəblərin fərqli fikirlərini nəzərə almazlar.

Təəccüblüsü budur ki, təqlidi qeyri-məqbul davranış hesab edən bu insanlar özləri təqlidçidirlər; onlar əvvəlki imamların təqlid edilməsinə qarşı çıxsalar da, nədənsə özləri indiki dövrün bəzi alimlərinin təqlidçilərinə çevriliblər. Onlar məzhəbləri inkar edirlər, amma özlərinə aid beşinci məzhəb yaratmışlar; onlar həmin “məzhəb”i beyinlərə yeritmək üçün hamı ilə vuruşur, ondan qeyri məzhəbləri rədd edirlər. Və bu insanlar ənənəvi kəlam elminin üstündən xətt çəksələr də, yeni kəlam elmi təsis etmişlər. Bu “kəlam elmi”nin işi-gücü əqidədə mübahisə etmək “sevgi”sini qəlblərə aşılamaqdan ibarətdir!

Bu insanların həqiqətə dair təsəvvürləri korların fil haqqındakı təsəvvürlərinə oxşayır. Qədim hind nağılında deyilir: “Filin ayrı-ayrı yerlərinə toxunan korların hər biri elə təsəvvür edir ki, fil elə toxunduğu hissədən ibrətdir”.

Həmin kəslər bir az geniş düşünsələr, görəcəklər ki, məsələ zənn etdiklərindən daha mürəkkəbdir, müxtəlif yanaşmalara açıqdır; görüşlər hər nə qədər müxtəlif olsa da, onları məqbul hesab etmək mümkündür. Mühüm olanı budur ki, insaflı davranıb, təəssübkeşliyi bir qırağa ataq, başqalarının da dediyini dinləyək. Nə bilirsən, bəlkə də, məhz onların dediyi daha doğrudur.

Neçə-neçə insaflı tədqiqatçı biləndə ki, bu və ya digər problem haqda bir neçə mötəbər alimin fərqli görüşləri mövcuddur, təəssübkeşlikdən əl çəkmişlər.

Misal üçün götürək həcdə daş atmaq məsələsini. Bəziləri deyir ki, günəş əyilməkdən qabaq daş atanların həcci Sünnəyə əks davrandıqları üçün batildir.

Səhabələrdən Cabir deyib:

“Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) qurban kəsilən günü züha vaxtında, sonrakı günlərdə isə günəş səmada əyildikdən sonra daş atdı”[5].

Vəbərə deyib: “İbn Ömərdən (Allah ondan razı qalsın!) soruşdum: “Daşı nə vaxt atım?” O da: “İmamın (həcc rəhbərin) nə vaxt atdı, sən də o vaxt at. Biz gözləyərdik. Elə ki günəş səmada əyildi, daşlarımızı atardıq”[6].

“Fəth əl-Bari” kitabının müəllifi yazır:

“Bu (rəvayət) göstərir ki, qurbankəsmə günündən sonrakı günlərdə günəş səmada əyildikdən sonra daş atmaq sünnədir. “Cümhur” da bunu təsdiqləmişdir.

Alimlərdən Əta və Tavus bu görüşlə razılaşmamışlar. Onlar demişlər: “Günəş səmada əyilməzdən qabaq daş atmaq mütləq mənada caizdir. Hənəfilər də Minadan enmə günündə, yəni qurbankəsmə günü günəş səmada əyilməzdən qabaq daş atmağa izn vermişlər. İshaqdan da bu haqda rəvayət bizə gəlib çatmışdır”[7].

Otuz ildən çoxdur ki, bu məsələ Ustad Abdullah ibn Zeyd Mahmud və Ər-Riyad alimləri arasında ixtilafa səbəb olub. Ustad bu haqda “İslamın asanlığı” adlı risalə qələmə aldığı zaman həmin şeyxlər qətiyyətlə ona qarşı çıxmışdılar. Halbuki İbn Ömərin – Sünnəyə riayətdə mühafizəkarlığı ilə tanınırdı – yuxarıdakı cavabı onun bu məsələyə asanlaşdırıcı münasibət bəslədiyini göstərir. Müsəlman daş atmaq məsələsində tez də atsa, gec də atsa, həcc rəhbərinə uymalıdır.

Bu bir yana qalsın, fəqihlər hətta daş atmağın hökmü ətrafında “ixtilaf”a düşmüşlər. “Fəth əl-Bari” kitabında deyilir:

“Cümhur”a görə, daş atmaq vacibdir. Kim atmazsa, qurban kəsməlidir. Malikilər daş atmağı sünneyi-müəkkədə hesab edirlər. Onlarda belə bir görüş mövcuddur ki, Əqəbədə daş atmaq həccin əsaslarındandır və onu etməyənlərin həcci batildir.

Bəzi alimlər isə demişlər:

“Daş atmaq “Allahu Əkbər” sözlərini davamlı demək üçündür. Birisi daş atmayıb, “Allahu Əkbər” sözlərini deməklə kifayətlənərsə, caizdir. Bunu Həzrəti Aişəyə və digərlərinə istinadən İbn Cərir rəvayət etmişdir”[8].

Bəzi qardaşlarımız deyirlər: “Alimlərin böyük əksəriyyəti ilə (“cümhur”la) razılaşmamış bir və ya iki fəqihin görüşü mötəbər sayıla bilməz”.

Bəziləri isə iddia edirlər ki, müsəlmanların məqbul saydıqları dörd məzhəbə zidd olan hər bir şey kənara atılmalı, mötəbər qəbul edilməməlidir.

Əslində, bu iddialar əsassızdır, nə Qurana, nə də Sünnəyə müvafiqdir.

Məlumdur ki, dəlil mənasında “icma” dedikdə bütün müctəhidlərin bu və ya digər məsələnin dini hökmü ətrafında ortaq fikrə gəlmələri başa düşülür. Heç kəs iddia etməmişdir ki, icma əksəriyyətin və ya böyük əksəriyyətin – “cümhur”un ortaq fikrə gəlməsidir. Məsələ say məsələsi deyildir.

O da düzdür ki, “cümhur”un rəyi çox mühümdür. Bu səbəbdən ona əks görüşləri diqqətlə araşdırmalıyıq. “Cümhur”un görüşü ilə o vaxt razılaşmaya bilərik ki, daha tutarlı dəlillər, daha sağlam əsaslandırmalar mövcuddur. Hər halda “cümhur” məsum deyildir.

Neçə-neçə səhabə vardır ki, fikirləri ilə başqa səhabələrdən fərqlənmişlər. Səhabələr həmin fikirlərlə razılaşmasalar da, bunun onlara heç bir ziyanı olmamışdır.

Şəxsi görüşləri ilə digərlərindən fərqlənmiş tabein dövrü alimləri də vardır. Bu “ixtilaf” onların görüşlərinin mötəbərliyini əsla zədələməmişdir. Əsas olan şey dəlildir, çoxluq deyil!

Dörd İmamdan eləsi olmuşdur ki, digər üçünün dediyi ilə razılaşmamış, fərqli mövqedən çıxış etmişdir. Onların bu fərqli görüşlərini davamçıları doğru sayıb mənimsəmişlər.

Əhməd ibn Hənbəlin məzhəbi dini mətnlərə köklənmiş məzhəbdir. Bu məzhəb özünəməxsus görüşləri (müfrədat) ilə məşhurdur. Çoxları bu görüşlər haqqında şer yazmış, əsərlər qələmə almışlar. Tədqiqatçılar fiqh kitablarında tez-tez bu cümləyə rast gəlirlər: “Filan görüş hənbəlilərin “müfrədat”ındandır”.

Müsəlmanların böyük əksəriyyətinin nəzərində etibar qazansa da, Dörd Məzhəb Allahın dininə aid yeganə höccət deyildir. Əksinə, höccət o şeydir ki, nəqli və əqli dini dəlillərə əsaslansın.

Bəzi görüşləri “şazz” (anormal, müstəsna), “köhnəlmiş” (məhcur) və “zəif” adlandırmaq ümumi və mütləq mənada doğru deyildir.

Neçə-neçə “köhnəlmiş” görüş vardır ki, sonradan yayğın hala gəlmişdir. Vaxtı ilə “zəif” qəbul edilən görüşlər gün gəlmiş, alimlər tərəfindən təsdiqlənərək mötəbər sayılmışdır. Sonradan alimlərin sahib çıxıb, dəlillərlə mötəbərliyini əsaslandırdıqları, fitvalarında başlıca arqument olaraq seçdikləri “şaz” fikirlərə də tarixdə rast gəlinir.

Misal üçün götürək Şeyxülislam İbn Teymiyyənin bir sıra görüşlərini. İmam bu görüşləri üzündən hansı əziyyətlərə qatlaşmamışdı ki?! Əsrlər boyu alimlər onun bu görüşlərini “icmanı yarıb keçən” (icmaya zidd) görüşlər adlandırmışdılar. XX əsr tarixə qədəm basdığında hamı anladı ki, şeyxülislamın bu görüşləri ailə təsisatını dağılmaqdan qoruyan xilasedici gəmi rolunu oynayır…”.

Tərcümə etdi: Elvüsal Məmmədov

Məqalə Əllamə Yusif əl-Qərdavinin İcazəli “ixtilaf” və məzəmmətlənən təfriqə baxımından islam oyanışı” (ərəb dilində – Qahirə: “Dar əş-Şüruq” nəşriyyatı, 2001, səh. 74-80) kitabından tərcümə edilmişdir.

[1] Şeyxülislam İbn Teymiyyə. Fitvalar toplusu, cild XX, səh. 207.

* Şirkəti-əbdan: İki və daha artıq şəxsin müəyyən bir işdə (odunçuluq, ovçuluq, faydalı qazıntıları çıxarma və s.) şərik olmalarıdır. Əldə olunan gəlir razılaşdıqları şərtlərə əsasən bölünür. İmam Şafei bu cür ortaqlığı məqbul hesab etmədiyi halda digər üç məzhəb imamı edirlər – tərcüməçinin qeydi.

** Caiz: (ərəb. “icazəli”). Fiqh termini olub şəriət baxımından icrası qadağan olunmayan əməli, işi ifadə edir – tərcüməçinin qeydi.

*** İcma: İslam alimlərinin dini bir məsələnin şəriət statusu ətrafında yekdil qərara gəlmələri və bütün müsəlmanların bu qərarı qəbul etmələrini ifadə edən termin; konsensus; müsəlman hüququnun (fiqhin) üç mənbəyindən biri. Azərbaycan dilindəki “icma” sözü ilə qarışıq salınmamalıdır – tərcüməçinin qeydi.

**** Fiqhi məsələlər ətrafında yaranmış fikir ayrılıqları, fərqli yanaşmalar nəzərdə tutulur. Biz ixtilaf sözünü terminoloji mənaya xələl gətirməmək üçün dırnaq arasında göstərmişik. Halbuki bu söz dilimizdə mübahisə, çəkişmə mənalarında işlədilir – tərcüməçinin qeydi.

[2] Şeyxülislam İbn Teymiyyə. Fitvalar toplusu, cild XXX, səh. 79-81.

[3] İbn əl-Qəyyim. E`lam əl-müvəqqəin, cild III, səh. 99.

* Rəy islam fikrində problemlərin rasional həlli əməliyyatının adı olub, Peyğəmbərin və səhabələrin zamanında da bu və ya digər şəkildə istifadə edilmişdir – tərcüməçinin qeydi.

[4] İbn əl-Qəyyim. E`lam əl-müvəqqəin, cild I, səh. 74.

[5] Hədisi İmam Buxari rəvayət etmişdir.

[6] Hədisi İmam Buxari rəvayət etmişdir.

[7] İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, cild III, səh. 580.

[8] İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, cild III, səh. 579.

Read Previous

ƏSL XOŞBƏXTLİK NƏDİR?

Read Next

Azad Suriya Ordusu Dəməşq uğrunda həlledici döyüşə hazırlaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.