• 26 Dekabr 2024

İman və Əxlaq

unnamed

Əziz qardaşlar, iman insanı yaxşılıqlara yönəldən və dünyaya aldanmaqdan qoruyan güclü bir qüvvədir.
Peyğəmbərimizin (s.ə.s bildirdiyi kimi, imanı güclü olan əxlaqı da güclü olar. Əxlaqı olmayanın ya imanı yoxdur ya da ki zəifdir.
Arsız, həyasız, heç kəsə əhəmiyyət vermədən günah bataqlığına dalan şəxslər haqda Allahın rəsulu (s.ə.s) buyurur:
“İman və həya bir-birinə bağlıdır. Biri gedərsə, digəri də gedər”
Qonşularını incidib, onlara pislik edənlər barəsində dinimiz çox sərt hökmlər qoymuşdur. Peyğəmbərimiz (s.ə.s) buyurub:
“Allaha and olsun ki, iman etməmişdir, Allaha and olsun ki, iman etməmişdir, Allaha and olsun ki, iman etməmişdir.” Soruşdular: “Kim iman etməyib, ey Allahın rəsulu?” Cavab verdi: “Əlindən qonşularının zar ağladığı şəxs iman etməmişdir”
Peyğəmbərimiz (s.ə.s) ümmətinə boş sözlərdən uzaq durub gəvəzəlikdən çəkinməyi öyrədər və deyərdi:
“Allaha və Axirətə inanan şəxs ya xeyir söyləsin, ya da sussun!”
Əziz möminlər, bəzi müsəlmanların ibadətlərini yerinə yetirdiyi halda əxlaq problemləri var. Namaz qıldığı halda müsəlmana yaraşmayan hərəkətlər edərlər. Oruc tutaraq səhərdən axşama kimi heç nə yeməzlər ancaq qul haqqı yeyərlər. Donuz əti haramdır deyə yeməzlər ancaq yetim haqqı yeyərlər, qardaşının qeybətini edərək onun ölmüş ətini yeyərlər. Camaat namazına diqqət edərlər amma camaatın haqlarına diqqət etməzlər. “…Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər…” ayəsini əzbər bilirlər. Ancaq namaz qıla-qıla çirkin və pis işlər görməyə davam edərlər. “(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!” ayəsini qıldığı namazlarda belə oxuyarlar. Amma özləri müsəlmanların üzünə gülüb arxasınca qeybətini edərlər.
Bəli haqqında bəhs etdiyim bu insanlar ibadətlərin əsl məqsədlərini dərk etməyənlərdir. Bu şəxslər Allahın istədiyi həqiqi namazı qılmırlar. Sadəcə əyilib qalxaraq idman edirlər. Bunlar namaz hərəkətlərini şüursuzca təkrarlayan azyaşlı uşaqlardır kimidir. Daha doğrusu bunlar namaz hərəkətlərini təqlid edən aktyorlara daha çox oxşayırlar.
Bir dəfə bir nəfər Peyğəmbərimizə (s.ə.s) deyir:
“Ey Allahın rəsulu, filan qadın çoxlu namaz qılır, oruc tutur və sədəqə verir. Ancaq dili ilə qonşularına əziyyət edir.” Peyğəmbərimiz: “O cəhənnəmlikdir”, – deyə buyurdu. Həmin adam növbəti sualını verir:
“Ey Allahın rəsulu, filan qadın isə az namaz qılıb, oruc tutsa da, pendir parçalarını sədəqə verir, qonşularına da zülm etmir.” Peyğəmbərimiz buyurdu: “O cənnətlikdir”
Əxlaq çox mühüm bir məsələdir. Könüllərdə və düşüncələrdə möhkəmlənməsi üçün davamlı mənəvi təlimatlara və mütəmadi nəsihətlərə ehtiyac vardır. İman, xeyirxahlıq və əxlaq bir-biri ilə sıx bağlıdır. Onları bir-birindən heç kəs ayıra bilməz.
Möhtərəm möminlər, bir gün Peyğəmbərimiz (s.ə.s) səhabələrindən soruşur:
– Müflis kimdir, bilirsinizmi? Səhabələr:
– Bizə görə, müflis pulu və malı olmayandır, – deyə cavab verdilər. Peyğəmbərimiz (s.ə.s) dedi:
– Ümmətimdən əsl müflis o kəsdir ki, Qiyamət günü namazla, zəkat və orucla (Allahın hüzuruna) gələr. Gəlməyinə gələr, amma ona-buna söymüş, iftira atmış, başqasının malını qəsb etmiş, kiminsə qanını tökmüş, kiməsə əl qaldırmışdır. Odur ki, yaxşı əməllərindən haqına girdiyi kimsələrə verilər. Mühakiməsi başa çatmadan yaxşı əməlləri tükənərsə, haqq sahiblərinin günahları ilə yüklənər, sonra da cəhənnəmə vasil edilər
Bəli, həqiqi müflis budur. O, dükanında min manatlıq malı, iki min manat da borcu olan tacirə oxşayır. Beləsinə varlı demək olarmı?!
Bəzi ibadətləri yerinə yetirsə də, fitnə-fəsad salan, ədavət bəsləyən “dindar”ları təqva sahibi hesab etmək olarmı?
Peyğəmbərimiz (s.ə.s) buyurub: “İsti su buzu əritdiyi kimi, gözəl əxlaq da günahları “əridər. Pis əxlaq da sirkə balı necə korlayırsa, eləcə yaxşı əməlləri korlayar”
Bir kimsə yalnız nəfsinin istəklərini yerinə yetirərsə, paltarını soyunan şəxs lüt-üryan qaldığı kimi, bu insan da dinsiz qalar. Belə insan mömin olduğunu söyləsə də, yalan deyir. Əxlaq olmadan dinin nə dəyəri? Allaha bağlılıq adı altında bu cür çürüklüyün bir mənası varmı?!
Allah Rəsulu (s.ə.s) buyurub: “Namaz qılan, oruc tutan, həccə və ümrəyə gedən, “mən müsəlmanam” – desə də bu üç xasiyyət varsa, deməli, münafiqdir: a) ağzını açdımı, yalan danışar; b) verdiyi sözü tutmaz; v) əmanətə xəyanət edər”
Başqa bir hədisdə isə deyilir:
“Bu dörd xislət kimdə varsa, o, həqiqi münafiqdir. Bu xislətlərdən birinə sahib olan kəs isə həmin xisləti tərgitənədək münafiq sayılar. (Həmin dörd xislət aşağıdakılardır:) a) əmanətə xəyanət edər; b) yalan danışar; v) əhdə vəfa göstərməz; q) mübahisə edərsə, kin qusar (ürəyində nə varsa, qarşı tərəfə söyləyər)”

20 Oktyabr 2016/19 Məhərrəm 1438

Read Previous

Cənnətin bütün qapılarından çağırılan bəxtəvər insan

Read Next

Onunla kral kimi rəftar et, kraliça ol!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.