• 27 Dekabr 2024

İSLAMDA HEYVAN HAQLARI

    Əziz möminlər, insan oğlu həyatını davam etdirə bilmək üçün bir çox şeyə möhtacdır. Bunların ən əhəmiyyətlərindən biri də heyvanlardır. Qida, geyim minik kimi zəruri ehtiyacların təmin edilməsindən zinət əşyalarına qədər heyvanlar insan üçün yaradılmışdır. Qurani-Kərimdə bu məsələyə belə diqqət çəkilir: “Davarı da (dəvə, inək, kəl, qoyun, keçi və s. ) O yaratdı. Bunlarda (onların yununda) sizin üçün istilik, cürbəcür mənfəət (südünü içmək; özlərini minmək, yer sürmək) vardır, həm də onlardan (onların ətindən) yeyirsiniz.”[1]

Dinimizdə faydalanmaq niyyəti ilə deyil, sırf zövq və əyləncə xatirinə  heyvanların ovlanması və öldürülməsi uyğun görülməmiş, bu hal onların yaşamaq haqlarına təcavüz olaraq dəyərləndirilmişdir. Peyğəmbəirmiz (səs) buyurur: “Kim bir sərçəni nahaqdan sırf əyləncə  xatirinə öldürərsə, qiyamət günü həmin sərçə fəryad edərək Allaha belə deyər: -Ey Rbbim! Filankəs məni nahaq yerə öldürdü, hər hansı bir fayda üçün öldürmədi.”[2]

Amirdən nəql edildiyinə görə Rəsulullah (səs) bir gün əshabı ilə birlikdə oturarkən əlində üstü bağlı bir şey  olan bir adam gəldi və peyğəmbərimizə (səs) belə dedi: -Ey Allahın Rəsulu, səni görən kimi bura gəldim. Gələrkən bir quş yuvasının yanından keçdim. Orada quş balalarının səsini eşitdim və dərhal onları götürüb paltarımın arasına qoydum. Elə bu vaxt anaları gəlib başımın üstündə oara-bura uçmağa başladı. Quşcuğazların üstündəki örtüyü götürdüm ana quş balalarının yanına uçub qondu. Mən təkrar üstlərini örtdüm. İndi onlar bax burada, mənim əlimdədir. Hz. Peyğəmbərimiz (səs): “-Onları dərhal burax!”-deyə əmr etdi. Həmin adam da onları buraxdı. Amma ana quş balalarını tərk etmədi. Bunu görən Hz. Peyğəmbərimiz (səs) əshabından soruşdu: “Bu ananın öz balalarına göstərdiyi mərhəmətə heyran qaldınız, elə deyilmi?” Əshab: -Bəli, ya Rəsulallah!-dedilər. Bunun müqabilində Hz. Peyğəmbərimiz (səs) “Məni haqq ilə göndərən Zatı-Zülcəlala and olsun ki, Allahın qullarına qarşı rəhməti, bu ana quşun balalarına qarşı göstərdiyi mərhəmətdən daha çoxdur. Onları apar, götürdüyün yerə qoy, anaları ilə bir yerdə olsunlar” buyurdu. Həmin adam da onları təkrar öz yerlərinə qaytardı.[3]

Hədisimizin çərçivəsində məsələlərə toxunduqda təbiətdə azad yaşmaq üçün yaradılan heyvanların qəfəslərdə həbs edilməsi görəsən nə qədər doğrudur?

Bir dəfə də Hz. Aişə anamız hirsli bir dəvəyə minmişdi. Heyvanı sakitləşdirmək üçün sərt bir şəkildə irəli-geri sürməyə başladı.

Hz. Peyğəmbərimiz (səs) Hz. Aişəyə: “-Heyvanla mülayim davran! Çünki mülayimlik harada olursa oranı gözəlləşdirir. Mülayim olmayan hər davranış pisidr.”- buyurdu.[4]

Əbu Hüreyrədən (səs) rəvayət edildiyinə görə Rəsulullah (səs) belə buyurmuşdur: “-Vaxtı ilə bir adam yolla gedərkən çox susayır bir quyu tapır, içinə düşür, su içir və oradan çıxır. Bir də nə görsə yaxşıdır? Susuzluqdan dili bir qarşı çöldə olan bir it nəmli torpağı yalayır. Həmin adam öz-özünə: -Bu köpək də lap mənim kimi susayıb deyir və dərhal quyunun içinə düşür. Ayaqqabısını su ilə doldurur, onu ağzında tutaraq yuxarıya qalxır və suyu itə verir. Həmin adamın bu hərəkətindən Allah razı olur və onu bağışlayır” Səhabələr: -Ey Allahın Rəsulu! Heyvanlara görə bizə savab düşürmü?-dedilər. Hz. Peyğəmbərimiz (səs): “Hər canlıya (etdiyiniz yaxşılığa görə) görə savab vardır”-buyurdu.[5] 

Yenə Allah Rəsulu (səs) buyurur: “Bir qadın, ölənə qədər həbs etdiyi pişiyə görə əzaba uğradı və bu səbəblə cəhənnəmə girdi. Heyvanı həbs etdiyi gündən ona bir şey yedirməmiş, içirməmiş, hətta yerdəki həşaratları yeməsinə belə izin və imkan verməmişdir.”[6]

Bundan əlavə Hz. Peyğəmbərimiz (səs) heyvanları döyüşdürmək məqsədi ilə onları təhrik etməyi də qadağan etmişdir. Bu gün xoruz, dəvə və öküz döyüşləri kimi təşkil olunan yarışlar Rəsulullah (səs) tərəfindən qəti şəkildə qadağan edilmişdir. Məhz bu cür yarışlar Allahın yaratdığı məxluqata verilən zülmdən başqa bir şey deyildir.

Digər tərəfdən Hz. Peyğəmbərimizin (səs) hədislərindən evdə ciddi bir ehtiyac olmadığı halda it saxlamağın düzgün olmadığı başa düşülür. Hədisi-şəriflərdə kənd təsərrüfatı, heyvandarlıq, oğurluq və həyət evini qorumaq kimi səbəblər olmadan it saxlayan hər kəsin savabından hər gün bir miqdar azalacağı,  it olan evə mələklərin girməyəcəyi bildirilmişdir.    

Möhtərəm möminlər, xütbəmi bir hədisi-şəriflə yekunlaşdırıram:      (Bir gün) Rəsulullah (səs) ənsardan bir nəfərin bağına gedmiş və orada bir dəvə görmüşdü. Dəvə Hz. Peyğəmbərimizi (səs) görən kimi inildədi və gözləri yaşardı. Hz. Peyğəmbərimiz (səs) dəvənin yanına getdi, qulaqlarının arxasını mərhəmətlə sığalladı. Dəvə sakitləşdi. Hz. Peyğəmbərimiz (səs): “-Bu dəvənin sahibi kimdir? Bu dəvə kimindir?”-deyə soruşduqda Mədinəlilərdən cavan bir oğlan gəlib: -Bu dəvə mənimdir, ey Allahın Rəsulu!-dedi. Hz. Peyğəmbərimiz (səs): “Bu heyvana sahib olduğun üçün Allahdan qorxmursanmı? Onu ac saxladığına və çox yorduğuna görə səndən şikayət edir.”- dedi.[7]

                                                  13 Yanvar  2011/ 19 Səfər 1433


[1] Nəhl 16/ 5-6

[2] Nəsai, Dahaya, 42

[3] Əbu Davud, Cənaiz, 1

[4] Müslim, Birr, 78-79

[5] Buxari, Şurb, 9; Müslim, Salət, 153

[6] Buxari, Ənbiya, 54; Müslim, Salam, 151

[7] Əbu Davud, Cihad, 44

Read Previous

Şəhid kimdir? Döyüşdə həyatını itirən hər kəsə şəhid gözüylə baxa bilərik?

Read Next

Namaz qılmamaq insanı dindən çıxarar?

One Comment

  • quran oxumaqin öluye xeyri varmi,?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.