• 24 Noyabr 2024

İslamdakı fərqli məzhəblərin meydana gəlməsinin hikməti nədir?

Sual: İslamdakı fərqli məzhəblərin meydana gəlməsinin hikməti nədir?

 Cavab: Bir qisim insanlar tərəfindən gündəmə gətirilən mövzulardan biri də “məzhəb” məsələsidir. Məzhəb məsələsini bir tərəfdən İslamda bir ayrılıq səbəbi kimi göstərməyə çalışır, digər tərəfdən bir sıra demaqoqluqlarla saf zehinləri bulandırmaq istəyirlər. Məsələyə bir az diqqətlə yanaşsaq, məzhəblərin bir ehtiyacdan meydana gəldiyi, heç cür ixtilaf ünsürü olmadığı aydın olacaq. “Etiqad və əməl deyə iki qisimdən meydana gələn İslam dinində, məzhəblər, əməli (praktikada yaşanan) qisimləri əhatə edir. Birdən çox məzhəbin meydana gəlməsi, nəzəri prinsiplərin məzhəb imamları tərəfindən fərqli başa düşülməsindən irəli gəlmişdir.” (Məktubat, 449 ) Məsələn, Hz. Peyğəmbər (s.ə.v.) əfəndimiz namaz qılarkən mübarək alınlarına daş batır və alınları qanayır. Hz. Aişə (r.ə.) anamız daşı Peyğəmbər (s.ə.v.) əfəndimizin alnından götürərək yerə atır. Peyğəmbər (s.ə.v.) əfəndimiz yenidən dəstəmaz alaraq namazına davam edir. Hənəfi məzhəbi imamı, İmam Azam Əbu Hənifə həzrətləri ilə Şafii məzhəbi imamı, İmam Şafii həzrətləri dəstəmazı pozan halları ələ alarkən bu məsələni qiymətləndirirlər. İmamı Azam həzrətləri, “Peyğəmbər (s.ə.v.) əfəndimizin alnına batan daş qan çıxardığı üçün əfəndimiz dəstəmaz almışdır,” hökmünə gəlir; Şafii həzrətləri isə dəstəmazın pozulmasını Hz. Aişə (r.ə.) anamızın Peyğəmbər (s.ə.v.) əfəndimizin alnına toxunmasına bağlamışdır. Beləcə Hənəfi məzhəbində az bir qan dəstəmazı pozan səbəblərdən biri olduğu halda, Şafii məzhəbində qadının təmasıyla dəstəmazın pozulması qayda olaraq mənimsənmişdir. Görüldüyü kimi hər iki hökm də doğrudur və haqlı bir səbəbə əsaslanır.

Məzhəblərin meydana gəlişi

Peyğəmbər (s.ə.v.) əfəndimizə qədər etiqadi nöqtələrdə eyni olan şəriətlər təfərrüat qisimlərində dəyişərək gəlmiş, hətta bir əsrdə ayrı-ayrı qövmlərə ayrı şəriətlər göndərilmişdir. Ancaq Peyğəmbər (s.ə.v.) əfəndimizlə birlikdə daha başqa şəriətlərə ehtiyac qalmamış və onun dini bütün əsrlərə kafi gəlmişdir. Lakin təfərrüat məsələlərdə bir sıra məzhəblərə ehtiyac qalmışdır. Haqq məzhəblərin imamları bu vəzifəni haqqıyla yerinə yetirmişlər və insan oğlunun bütün ehtiyaclarına cavab vermişlər. Peyğəmbər (s.ə.v.) əfəndimiz bir möcüzə olaraq bu imamların gələcəklərini və böyük bir vəzifə ifa edəcəklərini daha bunlar gəlmədən xəbər vermiş və bu görkəmli şəxsiyyətlər də etmiş olduqları xidmətlərlə Rəsulullah (s.ə.v.) əfəndimizi felən təsdiq etmişlər… İslam məzhəbləri – bir iki cüzi məsələ xaric – heç bir zaman daxili müharibə və qarışıqlıqlara gətirib çıxarmamış və bu məzhəblərin imamları da bir-birinə daim hörmətlə yanaşmış, bir-birlərini rədd və inkar etməmişlər. Ayrıca bir məzhəb təsis etmək niyyətiylə ortaya iddialı bir şəkildə çıxmamışlar, daha sonra bir yerə toplanaraq bir məzhəb halına gətirilən ictihadlarını ehtiyac anında ortaya qoymuşlar. Məsələn: İmamı Azam (H. 80-150) bir hadisə ilə əlaqədar olaraq fətva verdikləri zaman, “Bu Numan bin Sabitin (İmamı Azam) rəyidir. Çıxara bildiyimiz rəylərin ən gözəli budur. Kim bundan daha gözəlini irəli sürsə, doğruya daha yaxın olan odur,”-deyərdi. İmam Malik (Maliki məzhəbi qurucusu, H. 93-179), “Mən bir bəşərəm. Bəzən səhv, bəzən də isabət edərəm. Bu səbəblə mənim rəy və ictihadımı araşdırın. Kitab və ya sünnətə uyğun görsəniz, qəbul edin, görməsəniz rədd edin,”-demişdir. (Hayreddin Karaman, Fiqh Üsulu, 33) Hənbəli məzhəbi qurucusu İmamı Hənbəli (H. 164-241) və İmamı Şafii həzrətləri (H. 150 – 204) də heç bir zaman iddialı danışmamış və həmkarlarını təhqir edici sözlər söyləməmişlər. Daha sonra bu böyük insanların rəy və ictihadları tələbələri və alimlər tərəfindən bir araya gətirilərək Müsəlmanların könül rahatlığı ilə ibadət etmələri təmin edilmişdir.

Haqq birdən çox olarmı?

 Bir zamanlar qəzet səhifələrində Müsəlmanlara meydan oxuyarcasına soruşulan və hələ də təkrarlanan bir sual vardır: “Haqq bir olar; necə dörd məzhəbin ayrı-ayrı, bəzən bir-birinə zidd hökmləri haqq ola bilər?” Hesab edin ki,  “Bir su, beş müxtəlif mizaçlı xəstələrə görə beş hökm alır. Əhəmiyyətli miqdarda su itirən bir xəstəyə su içməsi vacibdir, şərtdir. Yeni əməliyyatdan çıxmış bir xəstəyə zəhər kimi zərərlidir. Tibbən ona haramdır. Digər bir xəstəyə qismən zərərlidir; su içmək ona tibbən məkruhdur. Digər birinə zərərsiz mənfəət verər, tibbən ona sünnətdir. Digər birinə də nə zərərdir nə də mənfəətdir. Tibbən ona mübahdır, nuşla içsin… Bax burada haqq təəddüt etdi, birdən çox oldu. Beşi də haqdır. “Su təkcə dərmandır, təkcə vacibdir, başqa hökmü yoxdur,”-deyilə bilərmi? Bunun kimi İlahi hökmlər məzhəblərə uyanlara görə dəyişir. Həm də haqq olaraq dəyişir və hər biri də haqq olur, məsləhət olur. Bir-birindən fərqli kimi görünən məzhəblərdəki təfərrüat məsələlərinin hansını ələ alsaq, imamların əsaslandıqları nöqtələrin haqq və həqiqət olduğunu görə bilərik. Bu barədə İmam Şarani həzrətləri “Mizan” adlı bir əsər yazmış, məzhəb imamları arasında müqayisə apararaq hansı hökmü necə anladıqlarını ortaya qoymuşdur. Bir misal: Məzhəb imamları İslami məsələlərdə deyil, tətbiq tərzində özlərinə görə haqlı səbəblərlə ixtilaf etmişlər. Məsələn dəstəmaz alarkən başa məsh çəkməkdə bütün imamlar ittifaq etmişlər. Ancaq məshin tərzində və miqdarında ixtilaf etmişlər. Dəstəmazı bizlərə fərz edən Rəbbimizin, “Başınıza məsh çəkin,” əmri “bi ruusikum” ibarəsiylə gəlmişdir. Dillərin ən zəngini olan Ərəbcədə müxtəlif sözlərin əvvəlində gələn “b” hərfi, bəzən “gözəlləşdirmək”, bəzən “bəzi” mənasını vermək, bəzən də “bitişdirmək” mənasını vermək üçün gəlir. Dəstəmaz ayəsinin “ruusiküm” sözünün əvvəlində gələn “b” hərfini məzhəb imamlarının hər biri ayrı mənada anlamışlar və bundan fərqli bir tətbiq ortaya çıxmışdır. Bunun üçündür ki İmamı Malik həzrətləri: “Başa məsh çəkərkən, başın hamısı məsh edilməlidir. Çünki buradakı “b” hərfi sözü gözəlləşdirmək üçün gəlmişdir. Tək başına bir mənası yoxdur” deyir. İmamı Əbu Hənifə həzrətləri isə: “Bu “b”, bəzi mənasını verən “b”-dir. Başın bir qisminə məsh çəkilsə kifayətdir,”-deyir. İmamı Şafii həzrətləri isə: “Bu “b”, bitişmək mənasını verən “b”-dir. Yalnız əlin başa bitişməsi, bir neçə saça dəyməsi kifayət edər, məsh tamam olar,”-deyir. Hal belə olunca məzhəb imamlarının hər birinin haqq yolda olduqları, təfərrüatdakı ayrılıq kimi görünən hökmlərin bir ixtilaf mövzusu olmadığı öz-özünə ortaya çıxır və pis məqsədli olanların iddialarının boş olduğunu göstərir

Read Previous

TÖVHİDƏ ZƏRƏR VERƏN BATİL İNANCLAR

Read Next

Şəhid kimdir? Döyüşdə həyatını itirən hər kəsə şəhid gözüylə baxa bilərik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.