• 28 Mart 2024

KİŞİLƏR EV İŞLƏRİNDƏ ÖZ XANIMLARINA KÖMƏK ETMƏLİDİRLƏRMİ?

32Qadına verilən dəyər ailədə ona qarşı göstərilən münasibətdən aydın olur. Əgər həyat yoldaşı xanımının ən xırda əziyyətini qiymətləndirməyi bacarırsa, bu onun alicənablığından, xanımına qarşı həssaslığından xəbər verir. Bu düşüncədə olan həyat yoldaşı yəqin ki, ev işlərində də xanımından öz köməyini əsirgəməz. Kişilərin bir qismi “mətbəx kişinin yeri deyil” düşüncəsi ilə çıxış edərkən, bir qismi isə bunu xanımına qarşı bir sevgi nümunəsi olaraq görür. Bəziləri “bu iş mənlik deyil, mən kişiyəm” deyərək kənara çəkilir, bəziləri isə empatiya quraraq xanımlarından öz yardımlarını əsirgəməzlər. “Kişi ev işlərində xanımına yardım etməlidirmi?” deyə kişilərə sual versək, hər kəsin buna yanaşması fərqli olacaq. Kimisi “bəli, etməlidir” deyəcək, kimisi də “yox, kişi ev işi görməz” deyib etiraz edəcək. Təbii ki, bu məsələdə hər kəs öz “doğru”suna arqumentlər gətirərək insanları haqlı olduğuna inandırmağa çalışır. Bəs görəsən, xanımlar bu məsələ barədə nə düşünürlər? “Bütün günü ev işləri görüb yoruluram, bir az da həyat yoldaşım iş görsün”, yoxsa “o yorulub gəlir, mən özüm həyat yoldaşıma qulluq etməliyəm” deyirlər?

“Kişilərin ev işlərində xanımına yardım etməsi sevgi göstəricisidir”

Yəqin ki, çoxunuz ev işlərinin qadının vəzifəsi olduğu fikri ilə razılaşarsız. Paltar yumaq, ütüləmək, ev süpürmək, yeməyi vaxtı-vaxtında hazırlamaq və s. bu kimi işlər qadın səliqəsi və səbri tələb edən işlərdir. Əgər kişilər xanımlarını hər gün gördükləri bu işlərdən 1 saatlıq belə ayırarlarsa, bu kiçik jestlə həyat yoldaşlarını sevindirmiş, onlara rahatlıq bəxş etmiş olarlar.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Gülər Məmmədova ev işlərində kişinin həyat yoldaşına yardımını sevgi nümunəsi olaraq qiymətləndirir: “Ev işlərində kişilərin qadınlara kömək etməsi ailədə sevginin, hörmətin bərqərar olmasına gətirib çıxarır. Əgər o xanımının əziyyətini bölüşərsə, bu zaman evdə sağlam ünsiyyət, sağlam mühit formalaşar. Bu məsələ fərdi xarakter daşıdığından hər kəsin yanaşması da fərqli olur. Elə qadın var ki, kişinin ev işlərinə qarışmasına razı olmaz. Bir qisim qadınlar isə həyat yoldaşlarından kömək görmədikləri üçün şikayətlənirlər. Ümumiyyətlə, mentalitetimizdə qəbul olunmuş bir fikir var ki, “mətbəx kişinin məkanı deyil”. Hər kişi də önlük taxıb mətbəxdə işləməyi qəbul etmir. Lakin bəzi istisna hallar var. Əgər xanımın səhhətində problem varsa və ya həmin gün xanımın işi həddindən çox olubsa, bu zaman kişi mətbəx işlərində də xanımına kömək edə bilər. Bu heç də kişinin xislətinə toxunan bir hal deyil. Belə vəziyyətlərdə yardımlaşma olmalıdır. Düşünürəm ki, bu da ailədə sağlam münasibətin olmasından irəli gəlir”.

Kişi hər işi görməməlidir”

“Kişinin ev işlərində xanımına kömək etməsi xoş bir haldır. Məncə, bu hər iki tərəfin bir-birinə qarşı sevgisindən və hörmətindən irəli gələn bir şeydir”, deyən evdar xanım Ramilə Hacıyeva bu məsələdə də müəyyən sərhəddin gözlənilməsinə diqqət çəkdi: “Əgər kişi xanımına kömək edirsə, bu ona dəyər verdiyini göstərir. Amma burada da müəyyən sərhəd olmalıdır. Mənə görə kişi hər işi də görməməlidir. Elə ev işləri var ki, mən razı olmaram həyat yoldaşım onları görsün. Mənim fikrimcə, ev süpürmək, paltar yumaq, qab yumaq qətiyyən kişi işi deyil. Hər şey ölçüsündə olduqda daha qəbul edilən olur. Axı “hər şeyin çoxu zərərdir” deyiblər. Kişiyə çox iş yükləsən bu dəfə də bütün ev işlərində sənə müdaxilə etməyə başlayacaq. Bəzən elə hallar olur ki, insan özünü yaxşı hiss etmir. Bu zaman kişinin hansısa işdə xanımına kömək etməsi yerinə düşür”.

“Kişi-qadın bərabərhüquqludur” desək də….

“Məsələyə gender aspektindən yanaşsaq, “kişi-qadın bərabərhüquqludur” desək də, bu o demək deyil ki, kişi bütün günü evdə iş görməlidir. Hər ailədə müəyyən iş bölgüsü var. Kişinin öz vəzifələri, qadının isə öz vəzifələri olur. Önəmli olan faktorların nəzərə alınmasıdır.

Qafqaz Universitetinin müəlliməsi Tovuz Cəfərova isə özü həyat yoldaşına qulluq etməyi daha üstün tutur: “Biz hər zaman kişilərdən kömək gözləməli deyilik. Onlar da yorulurlar, işləri ağır ola bilər, bu zaman onların daha çox qulluğa, diqqətə ehtiyacları olur. Mənim vaxtım imkan verirsə çalışıram ki, özüm yoldaşıma qulluq edim. Fikrimcə, bu həm də hörmət qazanmaq deməkdir. Məncə, onlardan ev işlərinə kömək tələb etmək doğru olmaz. Bu ailədə problemlərə səbəb ola bilər. Əgər kişi özü xanımına yardım əlini uzatmaq istəyərsə, təbii ki, bu da qarşı tərəfi sevindirər. Peyğəmbərimiz (s.ə.s) özü də ev işlərində xanımlarına kömək edib. Düşünürəm ki, bunun özü də bir örnəkdir”.

“Hər şey təməli ailədə qoyulur”

Bəs bu məsələdə ailə tərbiyəsi nə dərəcədə rol oynayır?

Psixoloq Gülər Məmmədova: “Elə ailələr var ki, uşaqlar orada bir-birlərinə hörmətlə yanaşan, sevgi göstərən, yardımlaşan valideynlər görürlər. Bu cür ailədə böyüyən uşaqda qadına qarşı nəvaziş, qayğı kimi xüsusiyyətlər formalaşır. Onlar böyüyüb ailə qurduqda öz həyat yoldaşlarına atalarından analarına qarşı gördükləri münasibəti tətbiq edirlər”.

Evdar xanım Ramilə Hacıyeva: “Əslində hər şey ailədən gəlir. Oğlan uşaqları atanı örnək götürdükləri üçün düşünürəm ki, bu mövzuda da ailənin rolu danılmazdır. Əgər uşaq atasının bəzi ev işlərində anasına kömək etdiyini görürsə, bu zaman uşaq da buna normal baxacaq və gələcəkdə öz xanımına yardım əli uzatmaqda heç bir qəbahət görməyəcək. Ananın təbliğindən də çox şey asılıdır. Oğlan uşağına ev işlərini öyrətmək başqadır, “kömək etmək” düşüncəsini aşılamaq başqa”.

Hazırladığı təamlardan dadarkən…

Xəyalə Sadıqova

“Ailədaxili münasibətlərin bərpasında mühüm məsələlərdən biri də gərgin həyat şəraitində hər iki tərəfin bir-birini anlamaq bacarığının olmasıdır. Həyat yoldaşlarının hər işdə biri-birlərinə dəstək olmaları dövrün ən bariz nümunəsi sayılır. Kişilərin gərgin iş rejimində işlədiklərini və evə yorğun gəldiklərini nəzərə alsaq, qadınlar da bəzi incə məqamlarda daha həssas və empatik davranmalıdırlar. Kişilər ev işlərində xanımlarına kömək etmə imkanları olmasa da, ömür yoldaşının hazırladığı təamlardan dadarkən, ona xoş, ürəkaçan sözlər deməyi, onun zəhmətini, bacarığını dəyərləndirməyi unutmamalıdır. Gün ərzində xanımın ev işlərinə əmək sərf etdiyini, yorulduğunu nəzərə alıb, onun könlünü almağı bacarmalıdır. Bu ki, ev işlərində yardımdan daha asandır!”

MƏNBƏ:

XEZERXEBER.COM

Read Previous

AİLƏDAXİLİ MÜBAHİSƏLƏR UŞAQLARIN BEYNİNİ ZƏDƏLƏYİR

Read Next

DOSTUNU MƏNƏ GÖSTƏR SƏNİN KİM OLDUĞUNU DEYİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.