Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq Quran oxuma yarışması dünyanın dörd bir yanından Quran hafizlərini bir yerə cəmləyib.
ANS PRESS-in xəbərinə görə, yarışma iştirakçıları sadəcə Quranı əzbər oxuma bacarıqlarını deyil, eləcə də gözəl oxuma qabiliyyətlərini də nümayiş etdiriblər. Rusiya Xarici İşlər Naziriliyi və Müftilər Şurasının təşkilatçılığı ilə bu il sayca 16-cı dəfə keçirilən beynəlxalq Quran oxuma yarışmasında 44 ölkədən 100-ə yaxın hafiz iştirak edib. Dünyanın ən yaxşı hafizi adını qazanmaq üçün yarışan müsabiqə iştirakçılarından sadəcə 6-sı beynəlxalq münsiflər heyəti tərəfindən finala seçilib.
ANS PRESS-in məlumatına görə, hafizlər arasında gərgin mübarizəyə səhnə olan finalda İranlı hafiz Musa Motamedi, Quranı əzbər və gözəl oxuma bacarığı ilə hamını valeh edib. Yarışmada ikinci və üçüncü yerləri isə Yəmən və Tanzaniyadan olan yarışmaçılar gazanıb. Müsabiqə iştirakçıları arasında Avropa və Amerikadan belə yarışmaçıların olmasına rəğmən yenə də Azərbaycan təmsilçilərinin yoxluğu təəssüf hissi oyadıb.
Müsabiqənin xüsusi gonağı Əl Haram məscidinin imamı Mahir Əl Muaykli isə 6 min nəfərlik Krokus konsert salonunu dolduran tamaşaçılara tam bir Quran ziyafəti yaşadıb.
ANS PRESS-ə müsahibə verən Rusiya Müftisinin köməkçisi Nafigulla Aşirov bildirib ki, Quran dinin əsasıdır. Qurandan bilgisi olmayan dini də bilməz:”Ona görə də dünyanın ən güclü hafizlərinin iştirakı ilə belə bir müsabiqənin keçirilməsi həm Moskva, həm də Rusiya üçün böyük şərəfdir. Bu onu göstərir ki, ölkədə islam düzgün istiqamətdə inkişaf edir.“
Moskva Əhli- beyt Cəmiyyətinin sədri Nimazi Baloğlanov ANS PRESS-ə müsahibəsində deyib ki, Quran hafizlərinin buradakı Quran oxumaları, Moskvada yaşayan müsəlmanların Quranla daha yaxından tanış olmasına təsir göstərə bilər.
Müsabiqənin sonunda üç tamaşaçıya püşk atma yolu ilə Ümrə ziyarəti hədiyyə edilib. Daha sonra İslam dünyasında sülh üçün birlikdə dualar oxunub və müsabiqənin qalibləri diplomlarla mükafatlandırılıb.
Mənbə:anspress.com