• 15 Noyabr 2024

Muhyiddin İbn Ərəbi haqqında nə bilirsiz?

İslam tarixində bəlkə də ikinci bir fikir adamı, alim yoxdur ki, Muhyiddin İbn Ərəbi (ölümü h. 543 / m. 1148)  qədər həm ölçüsüz, ifrat dərəcədə sevilsin, mədh edilsin və ya  əksinə söyülərək təkfir edilsin. Həqiqətən bu gün xristianların idarəsində olan Əndəlüsdə (İspaniyada) bir zamanlar var olmuş nəhəng İslam mədəniyyətini yetişdirdiyi simalardan biri də Muhyiddin İbn Ərəbidir. Ömrünün böyük hissəsini səyahətlərdə keçirmiş və çox saylı əsərlərini də bu səyahətlərdə yazmışdır. Əsərlərinin ən mşhurları “Füsusi-hikəm”, “Fütuhati-Məkkiyə”dir. İbn Ərəbi təsəvvüfdə yeni bir səhifə açmış, “vəhdəti-vücud” təlimini işləmişdir. İbn Ərəbinin şəxsində təsəvvüf daha fəlsəfi bir formaya girmişdir. İbn Ərəbinin görüşləri özündən sonra sufi fikrinə və buradan da ədəbiyyata, şerə də təsir etmişdir.
Özündən sonra 400 – ə qədər əsər qoymuş bu sufi fikir adamı bəzi sevənləri tərəfindən “şeyxul-əkbər” (ən böyük şeyx), “xatəmul-evliya (övliyaların sonuncusu) adlandırılmış, digər əleyhinə olanlar isə onu Muhyiddin (dini dirildən) deyil, mumitiddin (dini öldürən) olduğunu bildirmiş, onu təkfir etmişlər. İbn Teymiyyə, İbn Əbil İzz kimi böyük fəqihlər onu təkfir edərkən İbn Abidin, İbn Kamal, Cəlaləddin Süyuti kimi fəqihlər isə onu təkfirdən qaçmış, onu məqamına görə anlamağa çağırmışlar.
Təəssüf ki, bu gün də İbn Ərəbiyə qarşı bu ifrat və təfrit münasibət davam etməkdədir. Bəziləri onu bütün sözləri müzakirə olunmaz, bütün dedikləri doğru olan bir övliya kimi qəbul edirlər. Bu adamlar iddia edirlər ki, İbn Ərəbinin dediklərini hər adam başa düşməz, onun fikirlərini, yazdıqlarını da tənqid etmək olmaz.
Digər qrupdan olanlar isə onun haqqında çox şeylərdən xəbərləri olmadığı halda belə, əsərindən bir səhifə də oxumadıqları halda, haqqında kimdənsə eşidərək yeri gəldi gəlmədi onu təkfir edərlər.
Əlbəttə bu iki münasibətin ikisi də xətalıdır. Əvvəlcə də qeyd etdiyimiz kimi İbn Ərərbi İslam düşüncə tarixində xüsusi yerə sahib bir şəxsiyyətdir. Əsərlərindəki fikirləri hansı şəraitdə yazmış, niyyəti nə olmuş, sözünün əvvəlində və axırında nə dediyini nəzərə almadan fikirləri içərisindən birini pinsetlə çıxarıb onu təkfir etmək düzgün bir metod deyildir. Eyni zamanda onun dediyi hər sözü qəbul edib tənqidə tabe tutmamaq, küfr olduğu açıqdırsa onu inkar etməmək də yanlış bir yoldur. Həqiqətən də yazdıqlarının bəzilərinə ehtiyatlı yanaşılmalıdır. Bəzi sözlərinin zahiri baxımdan küfr olduğu aydındır. Fəqət sözün küfr olması hələ onu söyləyənin də kafir olması demək deyildir. Bizdən yüz illər əvvəl yaşamış və yüzlərlə əsərə müəlliflik etmiş, İslam mədəniyyətində dərin iz buraxmış bir şəxsi bütün ehtiyat və məsuliyyəti unudaraq kafirliyinə hökm vermək doğru olmaz.
Əlbəttə ki, İbn Ərərbi oxunmalı tənqid edilən yerləri tənqid edilməli, təsvib edilən fikirləri də təsvib edilməlidir. Ümumiyyətlə bütün yazarlara,  alimlərə, onların əsərlərinə qarşı həmişə orta bir yol izlənməlidir. Onlar nə peyğəmbər kimi məsum qəbul edilməli, nə də onların haqlarını tapdayıb, dediyi hikmətlərə arxa çevirib, hansısa məzhəbin, cərəyanın təəssübü ilə onlara münasibət göstərməliyik.

Read Previous

Fərz namazları minikdə (nəqliyyatda) qılmaq olarmı? Olarsa necə qılınmalıdır?

Read Next

Dəccal Kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.