• 22 Noyabr 2024

Müsəlmanın Kredit Kartı

kreditkartiBəşəriyyət tarixində mübadilə vasitəsi kimi əvvəlcə dəmir (qızıl, gümüş və s.) pullar daha sonra da kağız pullar kəşf edilərək istifadə olunmuşdur. Zəmanəmizdə alış-verişi daha da asanlaşdırmaq məqsədilə sənəd, çek və kredit kartı kimi vasitələr pul əvəzi istifadə olunmaqdadır. Bank və digər oxşar müəssisələr gəlir əldə etmək və dövriyyəsini artırmaq məqsədilə öz müştəriləri ilə “vəkalət, zaminlik, həvalə və ya kredit” münasibətlərini nizamlayan bir kredit kartı müqaviləsi bağlayaraq “kredit kartı”ndan istifadə etmələrini təmin edir. Bundan əlavə, bəzi mağaza və marketlərlə də göstərilən xidmət və ya satılan malın pullarını müştərinin bankdakı hesabından ödəmək üzrə müqavilə bağlayır. Bank ilə mağazanın arasındakı sözügedən müqavilədə də əksər hallarda qəbzdəki məbləğin 4-6 % qədər bir əvəzin banka komissiya kimi verilməsi tələb olunur.

Məşhur Hənəfi alimlərindən biri olan Sərəxsi (v. 490/1097) “bir şəxsin etdiyi alış-verişə kəfil olmaq (zamin durmaq)” başlığı altında bu mövzuya təmas etmiş və: “Bir şəxs digərinə: “Filankəslə alış-veriş et, nə alıb versən mən ona zaminəm”, – deyərsə, bu, dediyi formada caiz olar” ifadəsini qeyd etdikdən sonra, satıcı ilə zamin duran və malı satın alan arasındakı hüquqi münasibətləri təfərrüatı ilə şərh etmişdir.[1]

Əvvəla zəmanəzimdə ən çox istifadə olunan kart növlərinindən, sonra da İslami baxımdan onlardan istifadənin hökmü ilə bağlı məlumat verək yerində olacaqdır:

  1. Debet (debit) kartı: bankomat və ya bankın kassalarında yerləşən POS-terminalları vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsaitdir. Yəni, mal və xidmətlər üzrə ödənişlər etmək, bankomatlarda nağd pulların çıxarılması üçün istifadə olunan bank ödəniş kartıdır. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağda pul keçirilməsindən asılı olmayaraq, kart sahibinin bank hesabından müəyyən məbləğ çıxılır. Debet kartının sahibi hesabında olandan artıq pul xərcləyə bilməz. Burada bank hesab sahibinin mağazalara olan borcunu, onun hesabındakı puldan ödəyir.
  2. Kredit (credit) kartı: bu kartlar öz sahibinə bankdan götürülən borc pul vəsaitlərindən istifadə etmək imkanı verir və müəyyən zaman intervalında borcalan onu geri qaytarır. Əks təqdirdə, faizi ilə ödəmək məcburiyyətində qalır. Debet kartları kimi kredit kartları da məhdud pul vəsaitinə malikdir və onun həcmi yalnız potensial kredit götürənin ödəmə qabiliyyəti ilə müəyyən edilir. Burada əvvəlcədən hesaba pul qoymaq məcburiyyəti yoxdur.
  3. Ödəmə (charge) kartı: bu növ kartlarda kart sahibinin bank hesabına əvvəlcədən  pul qoyma məcburiyyəti olmamaqla yanaşı, mağazalarda etdiyi alış-verişlərin pulunu otuz gün ərzində ödəmə məcburiyyəti də yoxdur. Belə ki, kart sahibi borcunu imkanına görə və ya bank ilə bağladığı müqaviləyə əsasən faizi ilə birlikdə kreditlə, yəni hissə-hissə ödəyir.
  4. Kredit kartı ilə mal alan müştəri pulu ödəmir və sabahı gün posdan istifadə edənə bank pulu nağd olaraq ödəyir. Burada bank pos cihazının istifadəçisindən, yəni sahibkardan xidmət haqqı adı altında müəyyən qədər komissiya alır.
  5. Müştərinin kartla alış-veriş etdiyi malların 30 gün və ya 40 gün ərzində ödəməsi ilə bağlı müqavilə bağlanır və posdan istifadə edən sahibkar da bankla sövdələşdiyi gün nağd olaraq pulunu alır.
  6. Kredit kartından istifadə edən müştəri satın aldığı əşyanın pulunu bir dəfəyə verər və kredit kartı borcunu tam vaxtlı-vaxtında ödəyərsə, kredit kartından faizsiz olaraq faydalanmış olar. Burada bank müəyyən qədər xidmət haqqı da ala bilər. Ancaq, əgər kredit kartı istifadəçisi nisyə mal alar və borclarını vaxtında ödəyərsə, borcunu bank vasitəsilə ödəmiş olar. Burada da bank satıcı ilə alıcı arasında vasitəçilik etdiyi üçün xidmət haqqı, yəni komissiya ala bilər. Bunun faizlə əlaqəsi yoxdur. Ancaq kredit kartı sahibi borcunu vaxtlı-vaxtında ödəməzsə, faizə girmiş olar.
  7. Bank pos cihazından istifadə edən sahibkarla bağladığı “pos cihazından istifadə etmə sövdələşməsi” ilə sahibkarın kredit kartı ilə mal satışına səlahiyyət/vəkalət vermiş olur. Sahibkar da bu səlahiyyətə söykənərək kredit kartı ilə həm nağd, həm də satış qiymətinin üstünə əlavə məbləğ qoyaraq nisyə satış edə bilir. Nisyə satışda əlavə olunan məbləğ malın qiymətinə əlavə olunduğu üçün faiz sayılmır.

Əvvəla qeyd edək ki, İslama görə, yuxarıdakı kart növlərindən üçüncüsünü, yəni ödəmə (charge) kartını tamamilə faiz olduğu üçün istifadə etmək caiz deyil. Debet və kredit kartları isə, faizli kredit götürməmək və borcu da faizə girmədən vaxtlı-vaxtında ödəmək şərtilə istifadə oluna bilər. Ən çox istifadə olunan ikincisində, yəni kredit kartında kart sahibi borcunu bankın müəyyən etdiyi vaxtda ödəyərsə, faizə girməmiş olar. Bank da müqavilə bağladığı mağazadan xidmət haqqı olan öz komissiyasını alır. Ancaq borc vaxtında ödənmədiyi təqdirdə, bank bir zamin kimi borcu mağazaya ödəyər və daha sonra kart sahibindən faizi ilə birlikdə borcu götürər.

Nəticə etibarilə, vurğulamaq lazımdır ki, bir müsəlman məcbur deyilsə, faizli bankların kredit kartlarından istifadə etməməlidir. Çünki həm faizə bulaşma ehtimalı, həm də faizli bankın dövriyyəsinə iştirak etmək məsələsi var. Ona görə də bu kimi hallardan uzaq durmaq lazımdır. Əks təqdirdə, “Maidə” surəsinin 2-ci ayəsində buyurulan “Günah işlər görməkdə bir-birinizə köməkçi olmayın” ayəsinə əməl edilməmiş olunar. Əgər faizli bankın kredit kartı məcburi şəkildə istifadə olunarsa, borclar vaxtlı-vaxtında ödənməlidir ki, faiz meydana gəlməsin. Onu da qeyd edək ki, bankların etdiyi kampaniyalar faizli sistemin hədiyyəsi olduğu üçün götürülməsi caiz deyil.

Pos terminallardan istifadə qaydaları

Məlumdur ki, pos terminalı kredit kartlarının istifadəsini təmin edən cihazlardır. Post cihazlarından bir neçə formada istifadə olunur:

Bu üsulla edilən alış-verişlərdə bank pos istifadəçi ilə müqavilə bağlayaraq nisyə (kreditlə) satışa imkan verirsə, pos istifadəçisi sahibkardan komissiya adı altında müəyyən qədər xidmət haqqı alır. Həmin sahibkar da bu məbləği ya tamamilə, ya da qismən müştərisinə əks etdirir.

Yaxşı, bəs günümüzdə hansına üstünlük verilməlidir?

Pos cihazından istifadə edən sahibkar nisyə satışlarda, əksər hallarda ertəsi gün pulu nağd olaraq bankdan təmin edir. Kredit kartı sahibindən xəbərsiz meydana gələn bu proses nəticəsində faiz meydana gəlirmi? Bu məsələni pos cihazından istifadə edən sahibkar baxımından aşağıdakı kimi şərh edə bilərik:

Odur ki, kredit kartı və pos cihazının istifadəsində diqqət edilməli olan məsələləri aşağıdakı kimi qeyd oluna bilər:

Birincisi, müştəri nisyə satın aldıqdan sonra borclarını banka keçirdikdə, müştəriyə məxsus olan pul dərhal pos cihazı istifadəçisi olan sahibkarın hesabına köçürülərsə, sahibkar müştərisinə aid olan pulu almış olur. Bank da bu xidməti müqabilində xidmət haqqı/komissiya alar. Nisyə olan borcları gözləyə bilən sahibkar üçün ən məqsədəuyğun əməliyyat məhz budur.

İkincisi, pos cihazı istifadəçisi olan sahibkarın kredit kartı yolu ilə etdiyi satışlarda bankın onunla “mürabihə”[2] müqaviləsi bağlaması; belə olan təqdirdə, sahibkar kredit kartı yolu ilə satdığı bütün malları nağd pulla banka satmış və həmçinin onun verdiyi səlahiyyətə istinadən nisyə olaraq müştəriyə dövr etmiş olur. Sözügedən bütün bu əməliyyatlar kompüter və internet vasitəsilə çox qısa müddət ərzində reallaşdırılır.

Onu da qeyd edək ki, kredit kartı ilə satış gerçəkləşdikdən sonra sahibkar ortadan çıxır və müştəri artıq bankla işlərini davam etdirir. Bundan əlavə, mürabihə müqaviləsi pos cihazı istifadəsi sövdələşməsində açıq-aydın ifadə edilməsə belə, İslam hüququnun ümumi prinsiplərindən olan “əqdlərdə ləfzə yox, mənaya etibar olunur” qaydasına müvafiqdir. Əlbəttə ki, daha açıq ifadələrlə qeyd olunması, mövcud olan şübhələri tamamilə aradan qaldırar.[3]

Anar Qurbanov

(fiqh elmləri üzrə mütəxəssis)


[1] Ətraflı məlumat üçün bax. Sərəxsi, “Məbsut”, XX, 50-52.

[2] Bu müqavilə növündə bank sifarişlə bir malı nağd satın alır və qazancını əlavə etdikdən sonra həmin şeyi nisyə olaraq satır.

[3] Hamdi Döndüren, “Kuran ve Sünnete Göre Güncel Fıkhi meseleler”, s. 282-285.

Mənbə: sunna.az

Read Previous

“DƏHŞƏT” Hər il aclıqdan 1,1 milyon uşaq ölür.

Read Next

Aşura günü hansı hadisələr baş vermişdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.