• 26 Dekabr 2024

Namazda əllərin yeri

n00121686-b[1]Namazda əllərin yeri

Əsasən məlum firqə bu məsələni çox şişirdirlər və elə düşünürlər ki, namazda əlləri sinəyə qoymaq sabit olmuş sünnətdir və onlardan fərqli hərəkət edənlər isə bidət əhlidirlər. Onların çox zaman bu məsələdə əl atdıqları metod elmi ədəbdən kasıb olur və çox zaman fərqli düşünənlərə də məzhəb təəssübkeşi damğası vuraraq onları cahil elan edirlər. Halbuki, məsələni araşdıran kəslər heç də bunu belə olmadığı görər.

Əvvəla bəzi yalnış anlayışlara toxunmaq istəyirəm:

1. “Məlum firqə” iddia edir ki, namazda əlləri yana qoymaq İmam Malikin məzhəbi deyildir. Bunun üçün hətta bir izahları da vardır ki, guya İmam Maliki elə döyüblər ki, taqətsizlikdən və ya əlləri qırıldığı üçün qaldıra bilməmişdir. Ona görə də onu bu şəkildə namaz qılarkən, yəni əlləri yanda namaz qılarkən görənlər onun məzhəbinin bu olduğunu zənn ediblər.

Bu hekayə barədə bir söz söyləməyə ehtiyac yoxdur, çünki bunun həqiqətə nə qədər uyğun olması çox böyük bir sual altındadır və digər dəlillərin işığında isə batil bir iddiadır. Əlləri yana qoymağın maliki məzhəbindən olmadığını iddia etmək isə yalandan başqa bir şey deyildir.

2. Bizim məmləkətimizdəki “məlum firqə” elə düşünür ki, əlləri göbəkdən altda tutmaq bidətdir və bu hənəfilərin dinə gətirdiyi yenilikdir. Ona görə də hər dəfə bir hənəfini namaz qılarkən gördükdə, ona üz turşudarlar. Halbuki, nə qədər fiqhi məsələlərdən xəbərsiz olduqlarını düşünməzlər.

Biz müsəlmanları fiqhi ixtilaflarda səbrli olmağa çağırırıq və fərqli düşünənləri bidət və zəlalətlə ittiham etməkdə tələsməməyi məsləhət görürük. Bütün bu yazdıqlarınız belə bir münasibətin əhəmiyyətini göstərmək üçündür.

 İndi isə namazda əli yana salmaq haqqında İmam Malik və Maliki məzhəbinin alimlərinin görüşlərinə nəzər yetirək:

MALİKİ alimi İmam Əbu Abdullah Əl Qurtubi “Kəvsər” surəsi ikinci ayəsinin təfsirində bu barədə deyir:

“Alimlərimiz (Malikilər) bu mövzuda 3 görüş olmaq üzrə ixtilaf etmişlər:

1. Fərzdə olsun, nafilədə olsun əllər üst-üstə qoyulmaz. Çünki, bu söykənmək/dayanmaq qismindədir.

2. Fərzdə bunu etməz, nafilədə yardım olaraq bunu edər. Çünki, nafilə ruxsatların/icazələrin məqamıdır/yeridir.

3. Həm fərzdə, həm də nafilədə bunu edər.

Çünki, Rəsulullahdan – sallallahu aleyhi və səlləm – onun sağ əlini sol əlinin üzərinə qoyduğu, Vail bin Hacər və digərlərinin rəvayət etdiyi hədislə sabit olmuşdur.

İbni Munzir dedi: İmam Malik, İmam Əhməd və İshaqda bu görüşdədirlər. Bu İmam Şafidən də nəql edilmişdir.

Əshabur Rəy də bunu müstəhab qəbul etmişdir.

Bir camaatın rəyi də, əli yana salmaq yönündədir. Bunu rəvayət etdiyimiz insanlar arasında, İbni Munzir,(bəzi nüsxələrdə İbni Zubeyr) Həsənul Bəsri və İbrahim Nəxai də vardır.

Bu eyni zamanda İmam Malikdən də rəvayət edilmişdir. İbni Abdul Bər dedi: Əlləri yana salmaq və sağı solun üzərinə qoymaq, bunların hamısı namazın sünnətlərindəndir.

Əllərin qoyulacağı yer haqda ixtilaf vardır.

Əli bin Əbu Talibdən əllərini sinəsinə qoyduğu rəvayət edilmişdir.

Said bin Cubeyr və Əhməd bin Hənbəl dedi: Göbəkdən yuxarı qoyulmalıdır, göbəyin altında olmasında isə bir bəis yoxdur.

Bir qrup deyir: Göbəyin altına qoyular. Bu, Əlidən, Əbu Hureyrədən, Nəxaidən və Əbu Miclizdən rəvayət edilmişdir. Sufyan Əs Səvri və İshaq da belə demişdir.

Qaynaq: Əbu Abdullah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 20/ 200

 

Əndəlus alimlərindən İbni Rüşd Əl Hafid “Əl Bidayə” adlı kitabında bu barədə deyir:

“Beşinci Məsələ: Alimlər, namazda bir əlin digərinin üzərinə qoyulmasında ixtilaf etmişlər.

İmam Malik fərz namazında bunu etməyi məkruh görmüş, nafilədə isə icazə vermişdir. Bir qrup isə bu əməli namazın sünnətlərindən saymışdır. Bu qrup çoxluqdur/cumhurdur.

İxtilafın səbəbi: İçində Nəbinin – sallallahu aleyhi və səlləm – namazının xüsusiyyətləri nəql edilən sabit əsərlər varid olmuşdur ki, bunlarda onun sağ əlini sol əli üzərinə qoyması nəql edilməmişdir. Eyni zamanda insanların bununla (əl bağlamaqla) əmr olunduğu sabit olmuşdur.

Bir qrupun görüşü budur ki, bunun (əl bağlamağın) sabit olduğu əsərdə/rəvayətdə, digər əsərin üzərinə ziyadə/əlavə var. Ziyadə olanla əməl etmək vacibdir.

Digər bir qrupun görüşü isə budur ki, bu ziyadənin olmadığı əsərə dönüb onunla əməl etmək vacibdir. Çünki, bunların sayı çoxdur.

Lakin, bununla namazın felləri arasında bir münasibət yoxdur. Bu sadəcə kömək istəmə qismindəndir. (Yəni söykənməklə dəstək almaq)

Bu səbəblə də, İmam Malik nafilədə buna icazə vermiş, fərzdə isə icazə verməmişdir.

Qaynaq: İbni Rüşd: Əl Bidəyətul Muctəhid: 1/112

Beyrut: Darul Fikr: 1415/1995

 

İmam ən-Nəvəvi, rahiməhullah, İmam əş-Şirazinin, rahiməhullah, bu barədə sözlərini “əl-Muhəzzəb” əsərindən nəql edir:

“Müəllif, rahiməhullah, deyir: “Təkbir gətirdikdən sonra sağ əli sol əlin üzərinə qoymaq müstəhəbdir və sağ əlini sol əlin bir hissəsinin və biləyin bir hissəsinin üzərinə qoysun, çünki Vail bin Huceyr belə dediyi rəvayət olunmuşdur. “Allahın Elçisinin, salləllahu aleyhi va səlləm, necə namaz qılarkən gördüm və gördüm ki, sağ əlini sol əlinin üstünə, biləyinə və qoluna qoydu.” Əlləri sinədən aşağıda tutmaq müstəhəbdir, çünki Vail rəvayət edir: “Allahın Elçisini, salləllahu aleyhi va səlləm, namaz qılarkən gördüm və bir əlini o birinin üzərinə qoyaraq sinəsinə qoydu.”

İmam ən-Nəvəvi bunun şərhində buyurur:

Şərh: Əshabımız deyir: Təkbirdən sonra əlləri boşaltmaq sünnətdir və sağ əli sol əlinin üzərinə qoymalıdır. Sağ əlin içi ilə sol əlin bilək sümüyünü, biləyinin bir hissəsini və qolunun bir hissəsini tutmalıdır. əl-Qaffəl dedi: Sağ əlin barmaqlarını açaraq hər tərəfli tutmaq ilə onların qol istiqamətində uzatmaq arasında seçim edə bilər. Onları sinədən aşağıda və göbəkdən yuxarıda tutmalıdır, dəlillərə əsasən səhih olan da budur. Burada Əbu İshaq əl-Mərvaziyə aid məşhur görüş vardır, bu isə əlləri göbəkdən aşağıda tutmaqdır. Lakin məzhəbin görüşü birincidir. ər-Rafii dedi: (Namaza başlayarkən) əlləri boşaltmaq haqqında ixtilaf etdilər: onları tam şəkildə yanlara salmaq və sonra yenidən əlləri qaldıraraq sinənin altında sağı solun üzərinə qoymaq yoxsa sadəcə olaraq əlləri boşaldarkən xəfif şəkildə sinədən aşağıya boşaltmaq və sonra bir əli digərinin üzərinə qoymaq lazımdırmı? Mən isə deyirəm: Səhih olan ikincidir, əl-Ğazali də bunu “ət-Tədrib”də bildirir və “Xülasə”də isə birinci görüşü qəbul etmişdir.

İbn əl-Munzir isə Abdullah bin Zubeyrdən, əl-Həsən əl-Basridən və ən-Nəxaidən rəvayət etmişdir ki, əllər yana salınmalıdır və bir əli digərinin üzərinə qoymamalıdır. Bunu Qadi Əbu Tayyib həm də İbn Sirindən rəvayət edir. əl-Leys bin Said dedi: “Hər iki əlini boşaltmalıdır. Əgər bundan yorularsa, istirahət üçün sağ əlini solun üzərinə qoyar.” əl-Əvzai isə deyir: “Əllərini üst-üstə qoymaqla boşaltmaq arasında sərbəstdir.” İbn əl-Qasim isə ondan əlləri yana salmaq görüşünü rəvayət etmişdir, İmam Malikdən məşhur olan görüş də budur. İmam Malikin məğribdəki əshabının hamısı və ya çoxu bunun üzərindədir. Bunun üçün isə namazını doğru qılmayan biri haqqında gələn hədisi dəlil gətirirlər ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, ona namazı öyrətdi, lakin sağ əlinin sol əlin üzərinə qoymağı zikr etmədi. Bizim əshabımız isə Əbu Hazimin hədisini dəlil gətirirlər: Səhl bin Saidin belə dediyi rəvayət olunur: İnsanlar namazda sağ əlini sol qolunun ön hissəsinə qoymaqla əmr olunurdular. Əbu Hazim dedi: “Bunun yalnız peyğəmbərdən, salləllahu aleyhi va səlləm, qaynaqlandığını bilirəm.” və bunu əl-Buxari rəvayət etmişdir. Bu ifadə tərzi açıq şəkildə bu əməlin Allahın Elçisindən, salləllahu aleyhi va səlləm, gəldiyini bildirir. Vail bin Hucrdən rəvayət olunur ki, o, Allahın Elçisini, salləllahu aleyhi va səlləm, namaza daxil olarkən əllərini qaldırdığını, sonra paltarı ilə örtündüyünü və sonra isə sağ əlini solun üzərinə qoyduğunu görmüşdür.” Bunu Muslim bu ləfz ilə rəvayət etmişdir.

Yenə Vail bin Hucrun belə dediyi rəvayət olunmuşdur: “Peyğəmbərin, sallallahu aleyhi va səlləm, necə namaz qılmağını müşahidə etdim. Allahın Elçisi, salləllahu aleyhi va səlləm, ayağa qalxdı, qibləyə yönəldi, qulaqları səviyyəsinə qədər əllərini qaldıraraq təkbir gətirdi, sonra sağ əlini sol əlinin çöl tərəfinin üzərinə, biləyinin və qolunun üzərinə qoydu.” Bunu Əbu Davud səhih isnadla rəvayət etmişdir. Əbu Davudun, Beyhəqinin və başqalarının rəvayətində bu şəkildədir.

Bizim əshabımız (şafi alimləri) deyir: “Namazda əlləri əllərin üstünə qoymaq namaz qılanı artıq şeylərlə məşğul olmaqdan qoruyur və təvazökarlıqda, Allaha yalvarmaqda və Allah qarşısında acizlikdə ən gözəl duruşdur. Lakin namazını doğru qılmayan kəs haqqında gələn hədis barədə cavabımız isə budur ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, ona yalnız namazın vaciblərini öyrətmişdir. Doğrusunu Allah bilir!

Əlləri qoymağın yeri barədə alimlərin məzhəbi: Biz zikr etdik ki, bizim məzhəbə görə əlləri sinədən aşağıda və göbəkdən yuxarıda tutmaq müstəhəbdir. Bunu Said bin Cubeyr və Davud söyləmişdir. Əbu Hənifə, əs-Səvri və İshaq isə əlləri göbəkdən aşaqda tutmağı söyləyirlər. Daha əvvəl qeyd etdiyimiz kimi, bizi əshabımızdan Əbu İshaq əl-Mərvazi də bu görüşdədir. İbn əl-Munzir bu görüşü Əbu Hureyrədən, ən-Nəxaidən, Əbu Məclizdən rəvayət edir, Əli ibn Əbi Talibdən isə, radiyallahu anhu, iki rəvayət gəlmişdir: Birincisi göbəkdən yuxarıda, ikincisi isə göbəkdən aşağıda. Əhməddən isə üç görüş rəvayət edilmişdir: (Əlidən rəvayət olunan) bu iki görüş və üçüncüsü isə bu ikisi arasında sərbəstdir.  İbn əl-Munzir isə “əl-İşrəf”dən başqa yerdə, zənn edirəm “əl-Əvsat”da deyir: “Bu barədə peyğəmbərdən, salləllahu aleyhi va səlləm, heç bir şey sabit olmamışdır və müsəlman bu ikisi arasında seçim edə bilər.”

Göbəkdən aşağıya üstünlük verənlər bunun üçün Əlidən, radiyallahu anhu, rəvayət olunanı dəlil gətirirlər. “Əli əlin üstündə göbəyin altında tutmaq namazdakı sünnətdəndir.” Bizim əshabımız isə Vail bin Hucrun hədisini dəlil gətirirlər. Doğrusunun Allah bilir!

“Məcmu Şərh əl-Muhəzzəb”, 3/267-270

 

Yuxarıda qeyd etdik ki, namazda əlləri göbəkdən aşağıda tutmaq sadəcə hənəfi məzhəbinə xas deyildir, bu həm də hənbəli məzhəbinin rəyidir. Bu rəy hətta hənbəli məzhəbindəki ən məşhur rəydir. İmam İbn Qudamə, rahiməhullah, buyurur:

Əlləri tutmağın yeri barədə gələn rəvayətlər müxtəlifdir. Əhməddən rəvayət olunur ki, əllərini göbəkdən aşağıda tutmuşdur. Bu Əlidən, Əbu Hureyrədən, Əbu Məclizdən, ən-Nəxaidən, əs-Səvridən və İshaqdan rəvayət olunmuşdur. 

  Həzrət. Əlidən, radiyallahu anhu, bu hədis rəvayət olunmuşdur: “Sağ əli sol əlin üstündə göbəyin altında tutmaq namazdakı sünnətdəndir.” Bunu İmam Əhməd və Əbu davud rəvayət etmişdir və bu, peyğəmbərin, salləllahu aleyhi va səlləm, sünnətinə aid edilir və yuxarıda zikr etdiyimiz səhabələrdən rəvayət olunmuşdur.

İmam Əhməddən bir başqa rəvayətdə isə əlləri göbəkdən aşağıda və ya yuxarıda tutmaq mövzusunda sərbəstlik vardır. çünki bunların hamısı haqqında rəvayətlər gəlmişdir. Bu məsələdə genişlik vardır.”

Qaynaq: “əl-Muğni, 1/281-282

 

Qeyd: İmam İbn Qudamənin də dediyi kimi məsələdə sərbəstlik vardır, yoxsa bəzi cahillərin zənn etdiyi kimi özlərindən fərqli olanların bidətçi olması doğru deyildir.

İmam Əhmədin məzhəbində məşhur olan görüş əlləri göbəkdən yuxarıda deyil, göbəkdən aşağıda tutmaqdır. Bunu İmam Əhmədin məzhəbindən olan müctəhidlər nəql etmişlər və onlara görə doğru olan da budur. Məsələn hənbəli məzhəbindəki məşhur imamlardan olan İmam Muvafəqaddin Əbu Muhamməd Abdullah bin Əhməd bin Muhamməd bin Qudamə əl-Maqdisi, rahiməhullah, hənbəli məzhəbinə əsasən namazın vəsfini verərkən əlləri göbəyin altında tutmağı qeyd edir. Digər məşhur hənbəli alimi Aləuddin Əbu əl-Həsən Ali bin Süleyman bin Əhməd əl-Mərdavi, rahiməhullah, hənbəli məzhəbindəki ən doğru görüşləri təsbit etmək üçün yazdığı və “əl-İnsaf fi Marifəti ər-Racih min əl-Xiləf” adını verdiyi kitabında İbn Qudamənin sözlərini şərh edərək deyir:

“Müəllifin “Əllərini göbəkdən aşağıda tutmalıdır” görüşü məzhəbin görüşüdür. Hənbəli alimlərinin çoxu bu görüş üzərindədir. İmam Əhməddən eləcədə əlləri sinədən aşağıda tutmaq da rəvayət olunmuşdur. İmam Əhməddən gələn digər görüşə görə namaz qılan bunda sərbəstdir və “əl-İrşad” və “əl-Muharrar”ın sahibi bu görüşə üstünlük vermişdir. İmam Əhməddən eləcədə ümumi anlamda əlləri yana salmaq görüşü də rəvayət olunmuşdur. Ondan fərz namazda deyil, nafilələrdə əlləri yana salmaq rəvayət olunmuşdur. “ər-Riayə”də isə məlum rəvayətdə belə bir əlavə var: “nafilə ilə cənazədə”. əl-Xalləldən isə nəql olunur: “Əhməd İbn Hənbəl, əlini cənazə namazında yanına salardı.”

Qaynaq: “əl-İnsaf”, 2/48

 

İmam İbn Muflih “əl-Muqni” əsərini şərh edərkən deyir:

“Sonra sağ əlini sol əlinin- sol biləyinin və sol ön qolunun- üzərinə qoyur. Əbu Talib nəql edir ki, əlin üzərinə və qolun üzərinə qoymalıdır. Əlin içinə deyil, sol əlinin üz hissəsinə qoymalıdı. Buna bənzər görüşü əl-Qadi “əl-Cami” əsərində mənimsəmişdir… İmam Əhməddən eləcədə bunda sərbəst olmaq görüşü rəvayət olunmuşdur. Ondan eləcədə cənazə namazında və nafilə namazlarında da əlləri yana salmaq rəvayəti də gəlmişdir. “Əlləri göbəkdən aşağıda tutmalıdır” və bu İmam Əhməddən gələn ən məşhur rəvayətdir. İbn əl-Cəvzi və başqaları bunu səhih saymışlar, çünki Həzrət. Əli deyir: “Sağ əli sol əlin üzərində göbəkdən aşağıda tutmaq sünnətdəndir.” Bunu Əhməd və Əbu Davud rəvayət. İmam Əhməddən həm də sinədən aşağıda və göbəkdən yuxarıda əlləri qoymaq görüşü də rəvayət olunmuşdur, həm də bunda sərbəst olmaq görüşü də vardır və “əl-İrşad”da buna üstünlük verilmişdir, çünki bunların hamısı üçün dəlil vardır. İmam Əhmədin sözünün zahirindən bəlli olur ki, əlləri sinənin üzərinə qoymağı məkruhdur. ..”

Qaynaq: “əl-Mubdi”, 1/381

 

Ümumiyyətlə hənbəli alimləri öz məzhəblərindəki namazı vəsf edərkən əlləri göbəkdən aşağı tutmağı uyğun görürlər. Məsələn Şeyx əl-Xiraqi əl-Hənbəli, rahiməhullah, namazın qılınışı haqqında deyir:

“Sonra sağ əlini sol biləyinin üzərinə qoymalı və göbəkdən aşağıda tutmalıdır. Daha sonra deməlidir: “Subhənəkə Allahumə va bihəmdik və Təbərakə İsmuk və Təalə Cədduk va lə İləhə Ğayruk”, Daha sonra şeytandan Allaha sığınaraq “əlhəmdulilləhi Rabbil-Aləmin” surəsini oxuyur və bu surəni “bismilləhir-rahmənir-rahim”lə başlayır və bunu səssiz deməlidir. Əgər “va ləd-dallin” desə, “ƏMİN” deməlidir. Daha sonra bir surə oxuyur və başlarkən “bismilləhir-rahmənir-rahim” deməlidir və bunu səssiz oxumalıdır. Bunu bitirdikdən sonra ruku üçün təkbir gətirməlidir, birinci dəfə əllərini qaldırdığı kimi bu səfərdə əllərini qaldırır. Sonra (rukuda) əllərini dizlərinə qoyur və barmaqlarını açıq halda saxlayır və belini düz tutmalıdır. Bu zaman başını nə yuxarı qaldırmalı, nə də aşağı salamlıdır və rukuda “Subhənə Rabbiyəl-Azim” sözünü üç dəfə deməlidir. Bu kamilliyə yaxındır, lakin bir dəfə söyləsə kifayət edər….”

Qaynaq: “əl-Muxtəsar əl-Xiraqi”, səh: 25

əl-Məktəbə əl-İsləmiyyə, Beyrut, 1403

Üçüncü nəşr, təhqiq: Zuheyr əl-Şaviş

 

Hənbəli alimlərinin çoxu bu görüşün daha doğru olduğunu söyləmişdir. Əgər bu əməl bidət olsaydı, bunu əvvəlki alimlərimiz bizdən əvvəl bilərdi. Hətta zamanımızdakı ən böyük hənbəli alimlərindən olan səudiyyəli Şeyx Abdulaziz bin Aqil namazda əllərini göbəkdən aşağıda tutur və ona görə doğru olan da bu rəydir. Bu şeyx çox yaşlı biridir və o, digər rəyləri və onların dəlillərini də çox gözəl bilir. Lakin bütün bunlara baxmayaraq alimlərdən heç kəs digərini bidətdə ittiham etməmişdir. Bu məsələdə genişlik vardır və bu cür ixtilaflar əslində ümmət üçün rəhmətdir. Namazda əlləri göbək altında tutmaq lazımdır görüşündə olan böyük alim əl-Xiraqi, Hənbəli muftisi, faqih və zahid olmuşdur. İmam əl-Xalləlin tələbəsi idi. Əslən Bağdadlı olsa da, Dəməşqdə yaşamışdır. Onun şah əsəri “əl-Muxtasar əl-Xiraqi”dir. Bu əsər hənbəli məzhəbinin ana əsəri sayılır və əsrlər boyu bu kitaba şərhlər yazılmışdır, beləki bu şərhlərin sayı üç yüzə çatmaqdadır.

əl-Xiraqi yerli valinin fasiqliyinə qarşı çıxdığına görə öldürülmüşdür.

Onun əsərləri içində “əl-Miftəh” əsəri də məşhurdur.

Hicri 334-cü ilə vəfat etmişdir və Cərrahi məscidinin qarşısındakı Bab əs-Sağir məqbərəsində dəfn edilmişdir. Allah rahmət etsin

Məğribin Hafizi, Maliki məzhəbinin böyük alimlərindən Əbu Ömər – İbn Abdul Bərr “İstizkar” kitabında ki, bu kitab məhz “Muvatta” şərhidir, müvafiq babda hədisləri zikr elədikdən sonra deyir:

“Namazda, bir əlin digəri üzərinə qoyulması babı.

… Bu barədə alimlərin görüşlərinə gəlincə… İbnul Qasimin rəvayətinə görə, İmam Malikin görüşü budur ki, namazda əllər yana salınar. Bu həmçinin, Leys bin Sadın görüşüdür.

İbnul Qasim dedi ki, İmam Malik namazda bir əlin digəri üzərinə qoyulması barədə dedi: Bu sadəcə nafilə namazlarında, qiyamın uzunluğu səbəbilə edilər. Tərk edilməsi mənim üçün daha sevimlidir.

Leys dedi: Namazda əllərin yana salınması mənim üçün daha sevimlidir. Lakin, qiyamın uzun olması halı bundan istisnadır. Bu halda sağ əli sol əlin üzərinə qoymaqda bir problem yoxdur.

İbn Nafi, Abdul Malik və Mutarrif, İmam Malikdən onun belə dediyini rəvayət edib: Fərz və nafilə namazında sağ əli solun üzərinə qoyular, bunda bir problem yoxdur.

Əbu Ömər dedi ki, bu onun əshabından Mədinəlilərin görüşüdür.

İmam Əvzai dedi ki, kim dilərsə bunu edər, kim dilərsə bunu tərk edər. Bu həmçinin İmam Atanın görüşüdür.

Qaynaq: İbn Abd Əl Bərr: Əl İstizkar: 6/195-196

Qahirə: 1414/1993

 

Şeyx Xalil Əhməd əs-Səhəranfuri – rahiməhullah – deyir:

“Müsəlmanların (bu barədə) məzhəbləri üç dənə ilə məhdudlaşır. Birinci: Göbəkdən aşağıda, ikinci: Göbəkdən yuxarıda və sinədən aşağıda Üçüncü: əlləri yana salmaq. Hətta əlləri qoymaq yeri iki yer ilə məhdudlaşır: Sinədən aşağı və göbəkdən aşağı. əş-Şəvkaninin dediklərində müsəlmanların əlləri sinəyə qoymaq kimi bir məzhəblərinin olduğu görünmür. Əlləri sinəyə qoymaq görüşü müsəlmanların məzhəblərindən kənar bir görüşdür və müsəlmanların birgə icmalarından kənardır.”

“Bəzlul Məchud fi Halli Əbi Davud”, 4/485

Dar əl-Kutub əl-İlmiyyə

Read Previous

Haram və onun hökmü

Read Next

Misirdə çevrilişi dəstəklədi, müsəlmanların qəzəbinə səbəb oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.