• 22 Dekabr 2024

“Ölüyə QURAN oxuyaq?”

HƏDİSLƏR: 1. Maqil ibn Yəsar Peyğəmbərin (s.ə.s.) belə dediyini rəvayət edir: “Ölülərinizə Yasin surəsini oxuyun!” (Əbu Davud, Cənaiz: 24; İbn Macə, Cənaiz:4; Nəsai, Aməlul-Yəvm vəl-Leylə, s. 58). Bu hədisi rəvayət edən Əbu Davud hədisin hökmü haqqında sükut etmişdir. Bilirik ki, Əbu Davud özünün də qeyd etdiyi kimi sükut etdiyi hədisləri doğru hesab edirdi.

Aşağıdakı hədislər də ölüyə Quran oxumanın caiz olduğuna dair irəli sürülən hədislərdən hesab olunur:

-Anam qəfildən vəfat etdi. Elə zənn edirəm ki, onun danışmağa taqəti olsaydı sədəqə verməyi vəsiyyət edərdi. Mən onun əvəzinə sədəqə versəm, səvabı ona çatarmı? Peyğəmbər (s.ə.s.): “Bəli”-deyə cavab verdi. (Buxari, Cənaiz, 95; Vəsayə 19; Müslüm, Zəkat 51.)

-Bacım ard-arda iki aylıq oruc borcu ilə vəfat etdi.

Hz. Peyğəmbər buyurdu:

-Necə düşünürsən! Əgər bacının borcu qalsaydı ödəyərdinmi? Qadın:

-Bəli! –deyə cavab verdikdə, Rəsulullah (s.ə.s.) buyurdu:

-Allaha olan borc ödənməyə daha layiqdir. (Müslüm, Siyam: 27)

3. İbn Abbas (r.a.) rəvayət edir:

-Ey Allahin Rəsulu! Allahın qullarına fərz buyurduğu həcc fərzi yaşlı və qoca atama da vacib oldu. Ancaq o, heyvanın üstündə gedəbiləcək vəziyyətdə deyil. Mən onun əvəzinə həccə gedə bilərmmi?-deyə soruşdu. Rəsulullah (s.ə.s.): Bəli-cavabını verdi. (Buxari, Həcc:1; Cəzaus-Sayd: 23, 24; Müslüm, Həcc : 407, 408), Muvatta, Həcc: 97, Tirmizi, Həcc: 85)

“Kim gözəl bir işə vasitəçi olarsa onun da o işdən bir payı olar” (Nisa, 4/85)

Başqasının yerinə əda olunan həcc, başqasının yerinə verilən sədəqə, ziyarət əsnasında ölülərə oxunan dua barədəki hədislər hamısı bir daha göstərir ki, insan başqalarının saleh əməllərindən və dualarından faydalana bilər. Özlərini s”ələfi” adlandıran insanların böyük imam olaraq qəbul etdikləri İbn Qayyim də yuxarıdakı hədislərdən yola çıxaraq belə deyir: “Bu iddianın (ölüyə Quran oxunmasına qarşı çıxma) sahibləri həcc, oruc, dua və istiğfarın səvabının ölülərə çatacağını qəbul edirlərsə, onlardan soruşmaq lazımdır ki, nə üçün Quranın səvabının ölülərə çatabiləcəyini rədd etdiyiniz halda, yuxarıda qeyd olunan əməllərin səvabının onlara çatacağını qəbul edirsiniz? Səvab əməl edən insanın mülküdür. Könüllü olaraq onu öz müsəlman qardaşına bağışlayarasa, Allah Təala da bu səvabı həmin insana çatdırar.(İbn Qayyim əl-Cövziyyə, Kitabur-Ruh, s. 190.)

İbn Teymiyyənin bu sözünü də bu məsələ ilə əlaqələndirərərk düşünək: “Mömin pis bir iş gördükdə onun cəzası 10 səbəbdən düşə bilər…… Bu səbələrdən biri də, mömin qardaşlarının ona dua etməsi diri və ya ölü olsun ona şəfaət etmələri və öz əməllərinin səvabını ona bağışlamalarıdır. (İbn Teymiyyə, ər-Rəsailul-Muniriyyə, c. 4, s. 33.)

Ölüyə Quran oxunmasına qarşı çıxanların dəlilləri və bunlara verilən cavablar

Ölüyə Quran oxumanı bidət sayanların dəlillərinin birincisi bu hədisdir: Beyhaqi rəvayət edir ki: “Evlərinizdə Bəqərə surəsini oxuyun və evlərinizi qəbrlərə çevirməyin. Hədisin sonrası belədir: Peyğəmbər (s.ə.s) buyurur ki, “Çünki qəbrlər Quran oxunacaq yer deyildir” (Müslim, Musafirun : 212; Tirmizi, Fəzailul-Quran: 2)

Cavab olaraq bildiririk ki, bu hədisin sənədini Hakim, Əhməd və Zəhəbi kimi alimlər zəif hesab edirlər. Bununla yanaşı bu hədisin mənası onların anladığı kimi deyildir. Hədisin mənası belədir: Bəqərə surəsini evlərinizdə oxuyun və evlərinizi Quran qiraətindən məhrum olan qəbrlərlər kimi Quran qiraətindən məhrum etməyin. Çünki qəbistanlıq əhli ölü olduğu üçün Quran oxumazlar.

Onların ölülərə Quran oxumasının doğru olmadığına dair söylədiyi digər dəlilə gəldikdə o dəlil bu ayə: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar! (Nəcm 53/39)” və bu hədisdən:“Adəm övladı öldükdən sonra üç şey xaric digər əməlləri kəsilər: sədəqeyi-cariyə, faydası toxunan elm və onun üçün dua edən övladı. (Bu hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsai və Buxari rəvayət etmişlərdir.) ibarətdir.

Yuxarıdakı ayə Həşr surəsinin 10- cu ayəsi olan “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla.” ayəsi və Tur surəsinin 21-ci: “İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!” ayəsi ilə nəsx olunmuşdur.

Belə ki, birinci ayə göstəriri ki, insan mömin olan digər insanların duasından o duada həmin insanın özünün heç bir rolu olmadığı halda faydalana bilər.

İkinci ayə isə bəyan edir ki, övladlar və zövcələr saleh atalarının və zövcələrinin dərəcələrinə çatarlar və öz əməlləri olmadığı halda saleh əməldən faydalanarlar.

“İnsana sadəcə öz zəhməti (səyi, çalışması) qalar” ayəsi ilə bağlı onu da deyə bilərik ki, ölü mal ibadətlərindən faydalana biləcəyi kimi bədəni ibadətlərdən də faydalana bilər. Kim iddia edə bilər ki bu ayə bu iki məsələdən birinə zidd digərinə isə zidd deyildir. “İnsana sadəcə öz zəhməti qalar” ayəsi başqasının səyi ilə qazanılan mülk və qazancı nəzərdə tutur, yoxsa dua, istiğfar və şəfaəti nəzərdə tutmur.

“Adəm övladı öldükdə üç şey xaric digər məsələlərdə onun əməli kəsilər” hədisinə gəldikdə isə buradan çıxarılan məna da bir çox ayə və hədislərə ziddir. Həmçinin bu məna “İnsana sadəcə öz zəhməti qalar” ayəsinə də tərsdir. Çünki hədisdən başa düşülür ki, ayədə hər bir insana öz qazancı qalar deyilsə də hədis insanın öz övladının qazancından da faydalana biləcəyini göstərir.

Digər dəlilləri isə belədir: Hz. Peyğəmbərdən bu barədə gələn nəqllər istiğfarla (bağışlanma) əlaqədardır. Yoxsa Quran oxumağa dair deyildir.

Bəli, Hz. Peyğəmbərin belə bir hədisi vardır: “Qardaşınız üçün istiğfar edin. Onun (qəbrdəki suallara cavab verməsində) müvəffəqiyyətli olmasını diləyin. Çünki hal-hazırda o sorğu-suala çəkilir”

Lakin eyni zamanda Hz. Peyğəmbərin Quran ayələri oxuduğu və insanları ölüyə Quran oxumağı buyuran rəvayətlər də vardır. Bu rəvayətlrə yuxarıda yer verildi.

Yenə onlar iddia edirlər ki, əgər Quran oxumanın ölüyə bir faydası olsaydı Rəsulullah (s.ə.s.) bunu səhabələrə də söylər və onlar da buna əməl edərdilər.Onların bu iddiası zəifdir. Halbuki ölüyə Quran oxunmasının caizliyinə dair Peyğəmbərin (s.ə.s.) hədisləri vardır və səhabələr, tabeun, müctəhid imamlar və sonrakı fəqihlərin bu barədə bir çox nəqlləri mövcuddur.

Ölülər üçün Quran oxunmaz deyənlər, buna səbəb kimi həm də bu barədə heç bir ayənin olmadığını söyləyirlər. Məsələ onların dedikləri kimidirmi görəsən? Gəlin baxaq:

“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 59/10)

Başqa bir ayədə isə Allah-təala Peyğəmbərə belə xitab edir: “Həm öz günahların üçün, həm də qadın-kişi bütün inanlar üçün əfv dilə!” (Muhamməd, 47/19)

Hər iki ayədə başqalarının da bağışlanmasının, əfv edilməsinin istənildiyini görürük. Bir çox ayədə isə istər yaxın qohum-əqrəbaya istərsə də digər möminlərə dua edilməsi tövsiyə olunmuşdur. Başqalarına edilən dua üz-üzə olduğu kimi, onlar olmadıqları zaman da edilə bilər. Belə ayələrdən birisi belədir: Rəbbim! Məni, ana-atamı və bütün insanları hesab günü bağışla! (İbrahim, 14/41)

Hz. Peyğəmbər də “Ölü üçün namaz qıldığınız vaxt ona ürəkdən dua edin” (Əbu Davud, Cənaiz: 59) buyurmuş, özü də qıldığı cənazə namazlarında ölü üçün dua etmişdir. Əgər bu namaz və duanın ölüyə bir faydası yoxdursa, Rəsulullah (s.ə.s.) bunu nə özü edər, nə də başqalarına əmr edərdi.

Ölüyə Quran Oxumaq barədə məzhəblərin görüşləri

Hənəfilər

Hənəfi alimləri qəbir başında və ya başqa hər hansı bir yerdə ölüyə Quran oxumanın caiz olduğunu və oxunan bu Quranın səvabının ölüyə çatacağını söylərmişdir. Hənəfi fiqh kitablarında bu mövzu ilə bağlı belə deyilməkdədir: “Bir insan namaz, oruc, zəkat, həcc və Quran oxumaq kimi bir əməl işlər və səvabını da bağışlayarsa, bunu hansı niyyətlə edirsə etsin, onun səvabı həmin yerə çatar və həmin şəxs bundan faydalanar. Onun ölü və diri olmasının fərqi yoxdur”.

Hənbəlilər

Sələfilərin ən mötəbər alim hesab etdikləri İbn Teymiyyə “Sırati-Müstəqim” adlı əsərində bu mövzu barədə belə deyir: “Məzarlıqda Quran oxumaq məkruhdurmu, yoxsa deyilmi məsələsi ilə bağlı İmam Əhməddən nəql olunan üç ayrı rəvayət mövcuddur. Bu rəvayətlərin birincisinə görə məzar başında Quran oxumaqda heç bir problem yoxdur. Bu rəvayətin İmam Əhməd İbn Hənbəldən gələn son rəvayət olduğu bildirilir. Hənbəlilər də Hənəfilər kimi ölüyə Quran oxumanın caiz olduğunu düşünmüşlər. Əhməd ibn Hənbəl əvvəllər qəbrlərdə Quran oxumanın bidət olduğunu desə də, daha sonra bu fətvasından vaz keçmişdir. (İbn Qudamə, əl-Muğni, II, 424)

Əhməd ibn Hənbəl Məhəmməd ibn Qüdamə əl-Cövhəri ilə birlikdə bir cənazə mərasimində iştirak etmiş və qəbirstanlıqdan çıxdığı vaxt kor bir adamın qəbrin üstündə Quran oxumağa başladığını gördükdə İbn Hənbəl: “Ey filankəs! Qəbirdə Quran oxumaq bidətdir- deyərək onun oxumasına mane olmuşdur. Bu vaxt Məhəmməd ibn Qüdamə Əhməd ibn Hənbəldən Mübəşşir ibn İsmayıl əl-Hələbi barədə nə düşündüyünü və ondan hər hansı bir hədis nəql edib-etmədiyini soruşur. O da həmin şəxsin siqa (mötəbər, güvənilən) şəxs olduğunu və ondan rəvayət aldığını bildirdikdə Qüdamə aşağıdakı hədisi Mübəşşir ibn İsmayılın ona rəvayət etdiyini söyləyir: “Oğlum! Mən öldüyüm vaxt məni məzarda dəfn et! Məni məzarıma qoyduğun zaman belə de: Bismillahi və əla milləti Rəsulillah. Sonra isə üzərimə torpaq ataraq oranı hamarla. Bundan sonra isə baş ucumda Bəqərə surəsinin əvvəlini və son hissəsini oxu. Mən Hz. Peyğəmbərin belə dediyini eşitmişəm” (Təbarani, XIX, 202, 221.)

Bundan sonra İbn Hənbəl qəbrin üstündə Quran oxumanın bidət olduğunu dediyi adamı çağırtdırmış və ona oxumağa davam etməsini söyləmişdir. (İbn Qüdamə, Muğni, II, 424)

Malikilər

Malikilər dua xaricindəki bədəni ibadətlərin ölüyə çatmayacağını söyləmişlər. Onlara görə ölüm ayağında olanın yanında, Quran oxuna bilər. Amma dəfn vaxtı və dəfndən sonra ölülərə Quran oxunmaz. Lakin İşbili və Qurtubi kimi məşhur Maliki alimləri ölülərə Quran oxunmasını və ölülərin bundan faydalana biləcəyini qəbul etmişlər.

Şafeilər

Hicri VI əsrdən etibarən Şafei alimlərinin hamısı ölülərə Quran oxuna biləcəyi görüşünü qəbul etmiş və bunu müdafiə etmişlər. Şafeilərə görə oxunan Quranın səvabının ölüyə çatması üçün Quran oxuduqdan sonra dua etmək şərtdir.

Məşhur Şafei alimləri Qəzzali, İbn Həcər, Nəvəvi və digərləri ölülərə Quran oxunmasının və səvabının bağışlanmasının caiz olduğunu demişlər.

Nəvəvi İmam Şafeinin belə dediyini nəql etmişdir: “Məzarın başında Qurandan ayə və surələr oxumaq müstəhəbdir”. ( Nəvəvi, Riyazus-Salehin, s. 293.)

sunna.az

Read Previous

Bərəkətin sirri: TƏZİM

Read Next

“Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma!”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.