• 03 Oktyabr 2024

Osman Nuri TOPBAŞ – HACI SƏLİM ƏFƏNDİ

Qardaş Azərbaycanın mənəvi iqliminin mühüm simalarından, xidmət və könül insanı, Quran aşiqi Hacı Səlim Əfəndini rəhmətlə yad edirik.

Səlim Əfəndi Sovet rejiminin yetmiş ildə səbəb olduğu ağır mənəvi təxribatdan ürəyi yanan dərdli bir mömindi. Yıxılıb yerlə-yeksan olunan məscidlər, torpağın altında kəfənsiz yatan din xadimləri onun qəlbini incidirdi. Yetmiş illik kommunist rejimin ardından millətinin maddi aclığından çox mənəvi aclığını özünə dərd edən şüurlu bir müsəlmandı. Çünki dinlərini öyrənmək və öyrətmək üçün nə bir mədrəsə qalmışdı, nə müəllim, nə də Qurani-Kərim.

Şəxsən özü kilometrlərlə uzaq məsafəni aşaraq Quran öyrənməyə getdiyini, oxuyacaq Qurani-Kərim tapa bilmədiklərini, sadəcə bir Quran kitabını almaq üçün 600 kq şəkərin pulunu verməli olduqlarını danışmışdı.

Səlim Əfəndi Azərbaycanın istiqlaliyyətinə qovuşduğu ilk illərdə, 1992-ci ilin soyuq və qarlı bir qış günündə qəlb yanğısı ilə yanımıza gəldi. Qısa tanışlıqdan sonra belə dedi:

“Hz. Peyğəmbərin gözəl bir hədisi-şərifi var: “Qonşusu ac ikən tox yatan bizdən deyil”.[1] Allaha şükürlər olsun ki, bizim mədəmiz toxdur. Amma bizim ruhumuz acdır. Biz dinə acıq. Əlimizdə heç bir imkan yoxdur. Mən din xadimiyəm, amma nə halda olduğumuzu bir Allah bilir. Sizin Quran kursunda oxuyan bir tələbəniz belə bizdən daha savadlıdır. Gənclərimiz əsas dini bilikləri bilmirlər. Aramızda “Fatihə bilənlərin sayı barmaqla göstəriləcək qədər azdır. Atamızın qəbrində bir Fatihə oxuya bilmirik. Nə olar, gəlib xalqımıza İslamı öyrədin!..”

Hacı Səlim Əfəndi Türkiyəyə gələrkən məhz bu qəlb yanğısı ilə gəlmişdi. Onun yanıq qəlbi bizim də qəlbimizi özü ilə sürükləyib apardı. Deməli, əsas məsələ qəlbi ümmətin dərdi ilə dərdlənən bir rəhmət dərgahına çevirə bilməkdir. Səlim Əfəndi bura o vəziyyətdə gəlmişdi. “Biz yanırıq!” – demişdi. Hətta belə bir misal da vermişdi:

“Azərbaycan gəncliyinin mənəviyyatı eynilə yanan bina kimidir. Sizdə isə yanğınsöndürənlər var. Əgər gəlib bu yanğını söndürməsəniz, iki əlim yaxanızdadır!..”

Qafqazın ətəklərindən gələn bu yanıq qəlb bizi Azərbaycanın Şəki şəhərinə dəvət etdi. İlk fürsətdə altı nəfərlik bir heyətlə Bakıda olduq. Yollar yağan qar səbəbi ilə bağlı olsa da, Səlim Əfəndi Bakıya gəlib bizi orada qarşıladı.

Gecə yarısı yoldaşlarla Şəkiyə çatdıq. Gecənin o saatında insanlar bizi gül-çiçəklə qarşıladı. Çünki daha əvvəl radiodan elan edilmişdi ki, Türkiyədən alimlər gələcək. Ətraf şəhər və kəndlərdən gənc-yaşlı demədən insanlar axın etmişdi, Şəkiyə. Eynilə övladını itirən ata-ananın uzun ayrılıqdan sonra yenidən ona qovuşmasını andıran bir mənzərə yaşandı. Onlarda müşahidə etdiyimiz o məhəbbət, həyəcan, səmimiyyət və cəhdlərlə qarşımızda geniş üfüqlər açıldı. Azərbaycanda dini xidmət səfərbərliyi başladı.

Vəqfimizin dəstəyi ilə orada mədrəsələr açıldı, buradan müəllimlər və kitablar göndərildi. Səlim Əfəndi dini elmlərə o qədər iştahlı idi ki, buradan göndərilən cildlərlə fiqh ensiklopediyasını belə sətirbəsətir, başdan-ayağa oxuyub bitirmişdi. Sanki on illər ərzində yaşadığı məhrumiyyəti bir an əvvəl aradan qaldırmağa çalışırdı.

Azərbaycanda həyata keçirilən dini xidmətlər xalq nəzdində böyük hüsn-rəğbət doğurdu. Çünki insanlar itirmiş olduqları qiymətli bir varlığı yenidən əldə etmiş kimi böyük həyəcanla dinlərinə sarıldılar.

Hacı Səlim Əfəndi də bu cəhdlərin ən ön cərgələrində yer aldı. Xarabaya çevrilmiş bir neçə məscidin inşası üçün, Quran təliminə tələbə yığmaq üçün böyük fədakarlıqlar göstərdi.

Vəqfimiz yüzlərlə tələbəni Türkiyəyə aparıb orada oxutdu. Səlim Əfəndi öz doğma qızını da İstanbula göndərilən ilk tələbə qrupu ilə göndərdi. Sonra da bir çox gəncin ölkəmizdə təhsil alması üçün səy göstərdi. Yetişən bu tələbələr vətənlərinə qayıdanda buranın mənəvi iqlimini oraya daşıdılar. Uzun illər bir-birindən ayrı qalan iki qardaş xalqın qəlbləri arasında yenidən məhəbbət körpüləri inşa etdilər. Hətta bu məhəbbət o qədər böyüdü ki, bu gün də bir millət, iki dövlət olan qardaş xalqlar arasında böyük könül sərmayəsi olaraq davam etməkdədir. Zatən dil, adət-ənənə baxımından Azərbaycanla Anadolunun şərq vilayətləri arasında böyük yaxınlıq var. Yetişən tələbələrlə qısa müddət ərzində böyük inkişaf yolu keçildi. O tələbələrlə Azərbaycanın dini həyatında irəliləyiş yaşandı.

Yeri gəlmişkən bu çalışmalara himayədarlıq edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə də göstərdiyi yardımlara görə minnətdar olduğumuzu söyləmək istərdim.

Azərbaycana ilk gedişimizdə oradakı insanları həddən artıq iztirab içində gördük. Kommunist rejim uzun illər insanları istismar edərək pərişan hala salmışdı. Spirtli içkilərin qiymətini bilərəkdən aşağı salmışdılar ki, insanlar rahatlıqla alıb içsin, sərxoş olub millətin gələcəyi haqda düşünməsin. Bu qədər acınacaqlı hala salınmış bir cəmiyyətlə qarşı-qarşıya idik. Amma daxilən eynilə bizim Anadolu insanı kimi tərtəmiz idilər.

Azərbaycandakı müsəlmanların böyük hissəsi şiə, digər hissəsi sünni idi. Hətta bir məclisdə məndən sünni, yoxsa şiə olduğumu soruşdular. Bu cavabı verdim:

“Gəlin Cəfəri Sadiq həzrətləri ilə Əbu Hənifə həzrətlərinə baxaq. Onlar müəllim-tələbə idilər. Hər ikisi bir-birinin ayrılmaz parçası idilər. Biz o zamankı könül birliyi içində bu gün İslam qardaşlığını yaşayaq. Siyasi mücadilələrin nəticəsi olan süni ixtilaf və ayrılıqları bir kənara qoyaq. Hər bir müsəlman Rəsulullah (s.ə.s)-ə olan məhəbbəti və onun izindən getmək baxımından sünnidir; əhli-beytə məhəbbəti və onların mənəvi dəyərlərinə sahib çıxmaq baxımından da şiədir. Biz məsələyə bu gözlə baxaq. Biz buraya İslam qardaşlığını yaşamaq və iman bağları ilə bir-birimizə bağlanmaq üçün gəldik”.

Şükürlər olsun, elə bir qardaşlıq yaşandı ki, ümməti ikiyə bölmək istəyən əcnəbilərin ortaya atmağa çalışdığı fitnələrin qarşısı alınmış oldu.

Xülasə, ilk təməlləri Səlim Əfəndi vasitəsi ilə Şəkidə atılan mənəvi xidmətlər qısa zamanda Azərbaycanın bütün şəhərlərinə yayıldı. Ömrünü iman və Quran xidmətinə həsr edən Hacı Səlim Əfəndi Azərbaycanda gənc nəsillərin Quranla tanış olmasında və xeyli hafizin yetişməsində böyük rol oynadı. Onun vasitəçiliyi ilə bir çox məscid inşa edildi, insanlar yenidən öz dinlərini öyrənmək imkanı əldə etdi. Yəni böyük bir xeyir qapısına açar oldu. Rəbbimiz bu mübarək qapıdan feyz alan hər bir mömin vəsiləsi ilə ona əcr versin.

15 avqust 2019-cu il tarixində əbədiyyətə uğurladığımız Hacı Səlim Əfəndiyə Allahdan rəhmət diləyirik. Haqq-Təala Səlim Əfəndi kimi din və iman xadimlərinin yerini boş qoymasın. Onların xidmət eşqini könüldən-könülə daşıyacaq dini həssasiyyət sahibi, fədakar Quran xadimlərinin sayını artırsın.

Amin!..

İrfan Dərgisi 2019-cu il Oktyabr № 155

Read Previous

Ateizm və Deizm

Read Next

Dekabr 2019

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.