• 23 Dekabr 2024

Plastik əməliyyat, döymə və bu kimi məsələlərə İslamın baxışı

İçerikİslam dini insana xüsusi yer verməklə yaradılış qayəsindən başlayaraq insanla bağlı dünya həyatından ölüm və sonrakı həyat, fərdi yaşayışından sosial təsirlərinə, ruh və duyğu aləmindən bədən və şəklinə qədər hərtərəfli məlumat vermişdir. Qurani-Kərimdə insanın yer üzündə xəlifə olmaqla[1] ən gözəl surətdə yaradıldığı[2] və ona müxtəlif nemətlər, imkanlar və qabiliyyətlər bəxş olunduğu bildirilmişdir.

İnsanı ən gözəl biçimdə xəlq edən Uca Allah onun məqsəduyğun və mötədil ölçülərlə bəzənməsinə, gözəl görünməsinə, gözəlliklərini qorumasına izn vermiş və onun fitrətinə qoymuşdur. Qurani-Kərimdə yaxşı və gözəl şeylərin halal, pis və çirkin şeylərin isə haram olduğu vurğulanır[3]. Bir ayədə Allah-Təala belə buyurur: “De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik”[4]. Hz. Peyğəmbər (səs) gözəl geyinmə haqqında soruşulan bir suala “Allah gözəldir, gözəlliyi sevər”[5] ifadəsi ilə cavab vemiş və özü də həyatında daim təmiz və tərtibli olmuş, eləcə də sadə və gözəl geyinməyi, gözəl ətir sürtməyi təşviq etmişdir.

Bunun müqabilində İslamda insanda anadangəlmə mövcud olan xüsusiyyət və şəklinin dəyişdirilməsi və bu məqsədlə edilən hər cür plastik və tibbi müdaxilələr xoş qarşılanmamış və fitrəti təhrif edən müdaxilələr kimi qəbul edilmişdir. Beləliklə də fitrəti pozmaq, təhrif etmək və yaradılışı dəyişdirmək məqsədi daşıyan hər cür əməliyyatlara və cərrahi müdaxilələrə qadağa qoymuşdur.[6]

Qeyd etmək lazımdır ki, plastik əməliyyatlar ümumiyyətlə, ya diqqət çəkmək, cazibədar olmaq və daha gözəl görünmək, yaxud müalicə məqsədilə həyata keçirilir. Belə olan təqdirdə, diqqət çəkmək, daha gözəl görünmək və cazibədar olmaq məqsədilə anadangəlmə mövcud olan xüsusiyyət və şəkillərin dəyişdirilməsi İslam dinində fitrəti təhrif etmək hesab olunaraq qəti şəkildə qadağan edilmişdir. Belə ki, Hz. Peyğəmbər (s.ə.s) bəzənmək məqsədilə bədənə döymə etdirmək, dəriyə bəzək və ya yazı köçürtmək, dişləri yonduraraq seyrəkləşdirmək kimi əməliyyatları yaradılışı dəyişdirmək, fitrəti pozmaq kimi qəbul etmiş, bunu edənləri və etdirənləri qınamışdır[7].

Bundan əlavə vurğulamaq lazımdır ki, bədənin hər hansı nahiyəsində digər insanlar tərəfindən yadırğanan, ikrah hissi doğuran, yaxud da insanın psixoloji cəhətdən təsirlənməsinə, onu müxtəlif gərginliklərinə və onda kompleksin yaranmasına səbəb ola bilən hər hansı qeyri-adilik, əskiklik və ya artıqlıq olarsa, bunun əməliyyatla düzəldilməsi fitrəti pozmaq hesab olunmur. Əksinə bu kimi əməliyyatlar müalicə mahiyyətini daşıyır və insanın rahat yaşaması üçün mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən müalicə məqsədi daşıyan plastik əməliyyatla edilən hər cür müdaxiləyə dinimizdə icazə verilmişdir. Belə ki, Ərfəcə adlı bir səhabə bir savaşda burnu qopduğuna görə gümüşdən bir burun düzəltdirmişdi. Bundan qoxu gəldiyinə görə ona qızıldan bir burun düzəltdirməsinə Hz. Peyğəmbər (s.ə.s) icazə vermişdir.[8] Belə olan təqdirdə, xəstəlik səbəbilə saçları tökülənlər, qəza nəticəsində burun, qulaq və göz kimi orqanlarını itirənlər və ya vücudunda anadangəlmə, yaxud sonradan meydana gələn bir sıra fiziki qüsurların və anormal halların plastik əməliyyatla aradan qaldırılması bir növ müalicə olub, fitrəti pozmaq kimi qələmə verilə bilməz.

İslam dinində qadağan edilən davranışlardan biri də bədənə döymə etdirmək və dişləri incəltməkdir. Belə ki, Hz. Peyğəmbər (s.ə.s) bir hədisində döymə edənlə etdirəni və bəzək məqsədilə dişini incəltdirənlə incəldəni lənətləmişdir.[9]

Döymə üzün və əllərin əsl rəngini müxtəlif çeşidli naxışlarla təhrif etmək və dəyişdirməkdir. Hələ cahiliyyə dövründə ərəblərin bəziləri və xüsusilə də qadınları döymə etdirməkdə həddi aşmışlar və vücudun bir çox qismini naxışlarla doldururmuşlar. Günümüzdə də bəzi millətlər də döymə ilə duyğularına və ilahilərinə məxsus bəzi rəsimlər çəkmişlər. Xristianların da əllərinə və sinələrinə döymə ilə xaç rəsmini çəktirdikləri müşahidə olunur. Bu kimi davranışlar insan vücudunun təbii rəngini pozmaqla yanaşı, döymə üçün istifadə edilən iynələrin vücuda batması ilə insanın çəkdiyi əzab və iztirab döymənin haram olması üçün digər səbəbi də öz-özlüyündən ortaya çıxır. Beləliklə, qeyd olunan bütün səbəblərə görə döymə edənlə etdirən lənətlənmişdir.

Dişləri incəltmək, yəni kəskinləşdirmək və qısaltmaq məsələsinə gəldikdə, Həzrət Peyğəmbər əleyhissalam dişlərini incəldənlə incəltdirəni lənətləmişdir. Həzrət Peyğəmbər əleyhissalam dişləri incəltməyi qadağan etdiyi kimi dişlərin arsını ayırmağı da qadağan edərək belə buyurmuşdur: “Allah gözəllik üçün dişlərini bir-birindən ayırıb, Allahın yaratdığını dəyişdirən qadınlara lənət etmişdir.”[10]

Nəticə etibarilə bu kimi səhih hədislərlə zəmanəmizdə “plastik əməliyyat” adı verilən əmməliyyatın da hökmünü öyrənirik. Lakin hədisdə vurğulanan “gözəllik üçün” qeydi-şərti bir zərurət səbəbilə aparılan əməliyyatları sözü gedən hökmdən istisna etmişdir.

Yuxarıda qeyd olunan izahdan aydın olur ki;

Plastik əməliyyatın;

1. Sağlam fitrəti pozmaq məqsədinin olmaması,

2. Edilməsində bir fayda və ya edilməməsində bir zərərin əmələ gəlməsi,

3. Hiylə, aldatma və ya qarşı cinsə oxşama məqsədinin olmaması,

4. Hüquqi cəhətdən qarşıqlığa və səhv başa düşülməyə yol verilməməsi qeydi ilə bir növ müalicəvi xarakter daşıyan bu kimi əməliyyatların aparılmasında hər hansı qadağanın olmadığına qərar verilmişdir.

 


[1] Bax. Bəqərə, 2/30.

[2] Bax. Tin, 96/4.

[3] Bax. Maidə, 5/4-5.

[4] Əraf, 7/32.

[5] Müslim, İman, 41.

[6] Bax. Nisa, 4/119.

[7] Bax. Buxari, Libas, 83-87; Müslim, Libas, 33.

[8] Bax. Əbu Davud, Xatəm, 7; Timizi, Libas, 31.

[9] Buxari, Libas, 82-87; Müslim, Libas, 119-120.

[10] Buxari, Libas, 82-87; Müslim, Libas, 119-120.

mənbə:

irfandergisi.com

Read Previous

UTANIRAM

Read Next

YETKİNLİK YAŞINA ÇATMIŞ BİR QIZ AİLƏSİNDƏN GİZLİ EVLƏNƏ BİLƏRMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.