• 23 Dekabr 2024

Ramazan Bayramı.

Əziz müsəlmanlar, hər dinin öz əlamətdar günləri və xüsusi zövqlə qeyd edilən bayramları vardır. Həmin bayramlar cəmiyyətdə birlik və həmrəyliyin daha geniş vüsət almasında böyük əhəmiyyət daşıyırlar.
İslam aləmində iki böyük bayram-Rmazan və Qurban bayramları xüsusilə möhtəşəmdir. Hicrətin ikinci ilindən yəni miladi tarixlə 624 –cü ildən başlayaraq qeyd edilən Ramazan bayramına “iftar ziyafəti” anlamına gələn “fitir bayramı” da deyilir.
Bu bayramın mahiyyəti haqqında Peyğəmbərimiz (səs) bir hədisi-şərifdə belə buyurmuşdur: Ərəfə, Qurban və Ramazan günləri biz müsəlmanların bayramıdır. Bu günlər, yemək-içmək və hədiyyələşmək günləridir”
Hədisdə vurğulandığı kimi, İslam bayramları, sadəcə, ibadətdən ibarət deyildir. Ona görə də Rəsulullah (səs) dini bayramlarda həddi aşmayan İslami çərçivədə oyun və əyləncələrə qarşı çıxmamışdır. Bunu Hz. Aişə anamız (r.a.) belə nəql edir: “Rəsulullah (səs) Qurban bayramı günlərində yanıma gəlmişdi. O otağa daxil olarkən qarşımda iki qız dəf çalaraq oxuyurdu. Elə bu an Hz. Əbu Bəkr (r.a.) də otağa daxil olub: “Bu nədir?”- deyərək məni danlamağa başladı. Rəsululllah (səs) ona tərəf dönərək: “Onlara toxunma! Hər ümmətin bayramı vardır. Bu da bizim bayramımızdır,-dedi.
Ramazan bayramı gecələrini ibadətlə, Quran oxumaqla, Allahdan bağşlanmaq diləməklə, dua etməklə keçirmək müstəhəbdir və savab qazandırır. Çünki bayram gecələri duaların qəbul edildiyi günlərdən sayılır.
Ramazan bayramı Peyğəmbərimizdən (səs) nəql olunmuş bir hədisdə buyurulduğu kimi, iki rükətli bayram namazı ilə başlayır.
Bayramda valideynlərə baş çəkilir, küsülülər barışdırılır, qohum-əqraba ziyarət edilir. Dünyasını dəyişənlər üçün dua edilir. Ramazan bayramında zəkat və fitrələrlə yoxsullara yardım göstərilir ki, bununla da varlı-kasıb arasında xoş münasibətlər yaranır.
Əziz qardaşlar, bir məsələyə xususi ilə diqqətinizi çəkmək istəyirəm ki, bu qara bayram anlayışıdır. Qeydsiz şərtsiz hər kəs bunu yaxşı bilməlidir ki, xalq arasında qara bayram anlayışının İslamda heç bir yeri yoxdur. Bayramın qarası ağı olmaz. Bayram bayramdır. Bu batil bir inancdır. Hüzn sahibləri Ramazan bayramının qaraya çevirməklə vəfat edənə heç bir xeyir vermirlər. Yaxşı olar ki, bayram ərəfəsində yaxınlarını itirənlər bayramı qaraya çevirməkdənsə onlar üçün dua etsinlər. Bu xurafatın ən acınacaqlı tərəfi bundadır ki, nədənsə digər bayramlar deyil yalnız Ramazan bayramı qaraya çevrilir. Məsələn yeni il bayramı heç qaraya çevrilmir. Bunun üçün üzərimizə düşən vəzifə bu kimi batil inancların İslamla heç bir əlaqəsinin olmadığını təbliğ edərək İslamı bu kimi xurafatlardan təmizləməkdir.
Əziz möminlər, bütün bunlarla bərabər gəlin bu mubarək günü fürsət bilib kin və həsəd kimi mənfi xususiyyətləri qəlbimizdən atıb çıxaraq. Peyğəmbərimiz (sav) belə buyurur: “Bir- birinizə hədiyyələr verin, bir- birinizi sevin, bir- birinizi mudafiyə edin ki, kin və düşmənçilik hisləri qəlblərinizdən silinsin.”
Bu mübarək gündə, dostlarımızı, doğma və din qardaşlarımız ziyarət edib onların bayramlarını təbrik edək. Valideynlərimizin könlünü alaq. Kasıb və yoxsulları, yetimləri, ehtiyac sahibi olan hər kəsi imkan daxilində maddi və mənəvi dəstəklə sevindirək. Zəkatlaırmızı, fitrə sədəqəmizi vermədiksə verək. Din qardaşlarımızdan küsülü olan varsa barışaq və barışdıraq. Peyğəmbərimizin (səs): “Bir müsəlmanın din qardaşından üçü gündən artıq küsülü qalması halal deyildir.” hədisi-şərifini heç vaxt unutmayaq.
Bir ayədə buyurulur: “Həqiqətən möminlər (dində) qardaşdırlar. Buna görə (aralarında bir mubahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız.”
Əziz möminlər, Ramazan bayramınız xeyirli və mübarək olsun! Bu bayram vətənimiz, millətimiz və bütün dünya müsəlmanları üçün mübarək olsun! Uca Allah neçə-neçə bleə bayramlar keçirməyi çümləmizə nəsib etsin.

Ramazan bayrami

Read Previous

Şəhidlik

Read Next

YETİMLƏRİ HİMAYƏ ETMƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.