• 23 Dekabr 2024

Şəhidlik

Möhtərəm möminlər, şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur.
Bildiyimiz kimi şəhidliyin əsas mənası müsəlmanın canını Allah yolunda fəda etməsidir. Belə ki bir ayədə Uca Allah belə buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.” Bu gün İslam həyatımıza döndükcə insanların bu mövzu ilə, yəni şəhidliklə, şəhidlərin əslində kimlər olması ilə sualları daha da çoxalır. Şəhid və şəhadət xüsusi ilə müasir cəmiyyətimizdə çox bəhs edilən bir mövzuya çevrilmişdir. Belə ki, bu xalq dövlət və millət olma yolunda qan tökmüş, ölmüş və öldürmüşdür. Bu ölümlər cəmiyyətimizə özü ilə bərabər şəhidlik məfhumunu gətirmişdir. Əslində şəhidlik anlayışının bir müsəlman xalqı kimi bizim tariximizdə çox dərin köklərə malik yeri var. Çün ki, “haqq, hüquq”, “xalq”, “millət”, “ədalət” və s. kəlmələr kimi şəhidlik də İslami bir dəyərdir, kökü Allahın kitabı Qurana bağlıdır.
Fəqihlər şəhidi üç növə ayırırlar:
1. Həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar.
Bu qrupa aid olan şəhidlər o kimsələrdir ki, qeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülən və ölüm zamanı ağıllı və həddi-buluğa çatmış müsəlmandır. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində dərhal öldürülmüş olan mükəlləf müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarı ilə dəfn edilərlər.
2. Dünya hökmləri ilə şəhid olanlar.
Zahirən müsəlman görünən əslində isə nə olduğunu Allah bilən, ancaq müsəlmanların səfində vuruşaraq düşmən tərəfindən öldürülən hər hansı bir şəxs dünya hökmü ilə şəhiddir. Birinci qrupdakı şəhidlərə göstərilən münasibət onlara da göstərilər. Ancaq bunlar axirət hökmü ilə şəhid sayılmaz.
3. Axirət hökmünə görə şəhid olanlar.
Bu qrupda olanlar birinci qrupdakı kamil şəhidlərdən bəzi şərtlər baxımından əksik olduqları üçün onlar yuyulub, kəfənlənib dəfn edilərlər. Məsələn döyüşdə aldığı yaradan o an ölməyib yeyib içdikdən, dərman qəbul etdikdən və üstündən bir namaz vaxtı keçdikdən sonra həyatını itirənlər bura daxildir. Buna misal olaraq Hz. Öməri göstərmək olar. Abdullah ibn Ömər rəvayət edir ki, “Ömər ibn Xəttab şəhid olduğu halda yuyuldu, kəfənləndi, üzərinə namaz qılındı” Eyni zamanda suda boğulan, odda yanan, vəba, taun, ishal, qızdırma kimi xəstəliklərdən ölənlər, qürbətdə elm öyrənərkən həyatını itirənlər, hamilə olaraq və ya doğuş zamanı ölənlər, zülmə məruz qalaraq, canını, malını, namusunu, torpağını qoruyarkən öldürülənlər əgər dinlərinə bağlı insanlar olmuşlarsa bunlar da axirət şəhidi sayılır.
Şəhidlərin kimliyi haqqında Rəsulullahdan (səs) xeyli rəvayətlər vardır.
Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah (səs) soruşdu: “İçinizdən kimə şəhid deyirsiniz?” Səhabələr cavab verdi: “Ya Rəsuləllah, Allah yolunda öldürülən şəhiddir” Rəsulullah (səs) buyurdu: “Elə isə ümmətimin şəhidləri azdır”. Ya Rəsuləllah, elə isə kimlər şəhiddir” – deyə səhabələr soruşdu. Rəsulullah (səs) belə cavab verdi: “Allah yolunda öldürülən şəhiddir, Allah yolunda ölən şəhiddir, taun xəstəliyindən ölən şəhiddir, qarnı səbəbi ilə ölən şəhiddir”
Bu hədisdə keçən “qarnı səbəbi ilə” ifadəsi alimlərə görə qarında mövcud olan bəzi xəstəliklər və eyni zamanda hamiləlik səbəbi ilə ölümlərə aiddir. Hədisdən, göründüyü kimi Rəsulullah (səs) şəhidliyi Allah yolundan başqa ölümlərə də aid etmiş və şəhadətin çərçivəsini daha da genişləndirmişdir. İmam Malik və Tirmizinin nəql etdiyi bir rəvayətdə də “Bu beş adam şəhiddir – deyərək yuxarıda keçənləri zikr etdikdən sonra – dağıntı altında qalan da şəhiddir” – deyə əlavə etmişdir.
Cabirdən (r.a.) rəvayət edilən bir rəvayətdə də Rəsulullahın (s) “Qarnında uşağı olduğu halda ölən qadın da şəhiddir” deyilməkdədir.
Said bin Zeyd rəvayət edir ki, Rəsulullahı dinlədim belə dedi: “Kim malını müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim qanını müdafiə edərkən öldürülərsə şəhiddir. Kim dinini müdafiə etdiyi zaman öldürülərsə şəhiddir. Kim ailəsini müdafiə etdiyi zaman öldürülərsə o da şəhiddir.”
Əziz möminlər, yuxarıdakı hədislərdə allah yolunda deyil fərqli yönlərdə həyatlarını itirənlərin şəhidliyindən bəhs edilməkdədir. Bütün bunlarla yanaşı unutmamaq lazımdır ki bu insanların bu məqamı qazanarkən müsəlman olması və dininə bağlı olması əsas şərtdir.
Xütbəmə bir ayə ilə son verirəm:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər.

Shedlik

19 Avqust 2011 / 19 Ramazan 1432

Read Previous

RAMAZANDA QURAN OXUMAQ

Read Next

Ramazan Bayramı.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.