• 23 Dekabr 2024

Üç dində Qurban

09b87d8495c8cf32b64735c816312dfe_LQurban sözü ərəb dilində “yaxınlaşmaq, Allaha yaxınlaşmağa vasitə” mənasına gəlir. Qurbanın dini mənası isə Allah təalaya yaxınlaşmaq üçün qurban niyyəti ilə müəyyən vaxtda kəsilən xüsusi heyvanın adıdır. Qurban bayramı günlərində kəsilən qurbanlıq heyvana və ya bu heyvanı kəsməyə “udhiyyə” deyilir. Cəmi “ədahidir”.

Yəhudilərdə qurban:
Xristianlarda qurban:
İslamda qurban və əsaslandığı dəlillər

Tarix boyunca demək olar ki, bütün dinlərdə qurban fəaliyyəti nəzərə çarpmaqla yanaşı aralarında şəkil və məqsəd baxımından bəzi fərqliliklər var.

Tövratda qeyd edilən ilk qurbanlar, Qabil və Habilin hədiyyə təqdim etmələri (minhə) və Nuhun yandırılan qurbanıdır. Buna görə başlanğıcda yəhudilikdə qurban bir heyvanın kəsilməsi və ya yandırılması mənasını daşıyarkən, qurban yeyinti və ya əşya ola bilərdi.[1]

Yəhudilərin yazdıqları Tövrat mətnindəki “Ey İbrahim! İndi oğlunu, sevdiyin yeganə oğlun İshaqı götür və Moriya diyarına get; orada sənə deyəcəyim dağların biri üzərində onu yandırılan qurban olaraq təqdim et!”[2] ifadəsinə əsaslanaraq, qurban edilmək istənilənin İshaq (ə.s) olduğunu irəli sürmüşlər.[3] Halbuki istər müsəlmanların, istərsə də əhli-kitabın mənimsədiyi “ilk və yeganə oğlunu qurban et” sözü ilə bu ifadə ziddiyyətlik təşkil edir. Çünki Hz. İbrahimin ilk oğlu İsmayıldır (ə.s). Yəhudilər bu şərəfdən ötrü İsmayıl oğullarını qısqanmışlar və onun özlərinə aid olmasını istəmişlər.[4] Tövratın ilk və orijinal mətni əldə olmadığı üçün mətn üzərində tədqiqat aparma imkanı qalmamışdır.

Hz. İbrahimlə başlayan bu qurban fəaliyyəti, əsli ona söykənən yəhudilikdə uzun müddət tətbiq edilmişdir. Hz. Musa dönəmində İsrail oğullarının Misirdən çıxmaları və qurtuluşlarını simvollaşdıran və buna bir şükür kimi 15-22 apreldə qeyd edilən pasxa bayramında bir yaşında qoyun və ya keçinin qurban edilməsi fəaliyyəti başladılmışdır. Eyni zamanda həmin bir həftə boyunca mayasız çörək yemə əsası da bayrama əlavə edilmişdir.[5] Yəhudiliyin “dövlət dini” elan edildiyi (e.ə. 500-400) dövrdə, artıq məbəddə yalnız quzular deyil, inək, qoç və təkələr də qurban edilmişdir.[6]

Həmçinin Tövrat və Quranda oxşar ifadələrlə qeyd edilən Hz. Musanın İsrail oğullarından qurban etmələrini istədiyi “inək” hadisəsi[7], Tövrata görə Hz. Musanın Tur (Sina) dağından qayıdarkən əhd qurbanı kimi kəsdiyi öküzlər[8], Harun və oğullarının Rəbb üçün təqdim etmələri istənilən inək, qüsursuz iki qoç[9], diqqət edildikdə bunların dəvə istisna olmaqla islamdakı qurbanlıq heyvan növləri ilə eyniliyi nəzərə çarpır. Bundan başqa yoxsullar üçün qumru və göyərçinin təqdim edilməsi, həmçinin təqdim etmək üçün Hz. Musa dönəmində icra edilməsi istənilən qızıl, gümüş, bürünc və tünd-göy, çəhrayı, qırmızı və incə kətan, keçi tükü, qırmızı rəngli qoç dəriləri, delfin dəriləri, akasiya ağacları, qəndil üçün yağ, xoş ətirli ədviyyat, əqiq daşları, döşə taxılan nişan üçün qabartma daşlar kimi pul və mallarla[10], ilk məhsuldan verilən yeyinti maddələri, kəsmiklə yoğurulmuş xəmirdən bişirilən çörək[11], bəzi vergi, yardım, sədəqə və ikramlar islamdakı zəkat, üşr və sədəqələri ağla gətirsə də, İsrail oğullarında ibadət sistemi ortaya qoyulduqca həmin şeylər xaxamların dolanışıq mənbəyinə çevrilmişdir.[12]

Bununla birlikdə yəhudilikdə doğum, ölüm, cüzam kimi xəstəlikdən xilas olma, toy-büsat, sevinc və şadlıq kimi mühüm zamanlarda təqdim edilən qurbanlar, nəzir və ya bir günahdan xilas olmaq üçün kəsilən kəffarə qurbanları kimi xüsusi qurbanlar da vardır.[13]

Qüdsdə Süleymanın (əs) məbədinin tikintisi qurtardıqda, bu şəhər qurbanla əlaqədar dini ayinin də mərkəzi olmuşdur. Bununla birlikdə yüksək mövqelərdə qurban kəsməyə icazə verilsə də, axırda Kral Hizkiya bu yerlərdən əksəriyyətini ləğv edərək, Məbədi (Məscidi-Əqsa) yenidən qurban kəsmə mərkəzi etmişdir.[14]

İsrail oğulları e.ə. 70-ci illərdə Qüdsdən sürgün edilib Süleyman məbədi yıxıldıqda, qurban kəsilən yerdən uzaqlaşdıqlarını irəli sürərək, qurban ibadətinə son qoydular. Bunun yerini gündəlik edilən müntəzəm dua tutmuşdur. Bununla birlikdə ənənəvi yəhudi düşüncəsinə görə qurban həqiqətdə aradan qaldırılmamış və Məbəd yıxıldıqdan sonra qurban ibadəti müvəqqəti olaraq imkansız olmuşdur. Məhz bu səbəblə dindar yəhudilər Məbədin yenidən tikilməsi və qurban ibadətinin yenidən başlaması üçün dua edirlər.[15]

Hz. İsa İsrail oğullarına göndərilən və yəhudi bir anadan dünyaya gəldiyi üçün yəhudilərin digər etiqad və əməlləri kimi qurban mövzusundakı əməllərini də bilən bir peyğəmbərdir. Onun 12 yaşını bitirdikdən sonra hər bir İbrani kişi kimi, ailəsi və dostları ilə birlikdə Qüdsə gedərək qurbanların kəsildiyi pasxa bayramında iştirak etdiyi və qurban ətlərindən yediyi bildirilir.[16]

Bununla birlikdə Hz. İsanın cüzam xəstəliyinə tutulmuş şəxsdən onu sağaltdığı üçün qurban təqdim etməsini istədiyi[17], qurban kəsmək üzrə kəsilən mövqeyə yönələnə də, küsdüyün insan varsa əvvəlcə onunla barışmağını tövsiyə etdiyi bildirilir.[18] Habelə Hz. İsanın “qonşunu özün kimi sevmək, bütün yandırılaraq təqdim edilənlərdən və qurbanlardan üstündür”[19], “mən qurban deyil, mərhəmət istəyirəm sözünün mənasını bilsəydiniz?”[20] kimi sözləri, insanlara yaxşılığı qurbandan, Allah haqqındakı biliyin, edilən qurbanlardan daha qiymətli olduğu tərzində izah edilərək qurban fəaliyyətindən uzaqlaşmışlar.

Nəticə etibarilə günümüzdəki xristianlıq anlayışına görə, çarmıxa çəkilməklə özünü fəda edən Hz. İsa, həm baş rahib, həm də qurban olaraq, əbədi nicatı təmin etmiş və özünün arxasınca getmək istəyən hər bir dindar üçün Tanrının hüzuruna gedən yolu açmışdır. Bu “ilk və son qurban” təkrarı lazım bilməz. Bu səbəblə İsa artıq tərk edilməli olan Köhnə Əhddəki qurban sistemini aradan qaldırmışdır.[21] Odur ki, xristianlar Hz. İsanın yeni bir qurban tətbiqatı da gətirmədiyini irəli sürərək qurban ibadətini tərk etmişdirlər.

İslam dinində qurban ibadəti, zəkat və bayram namazları kimi hicrətin ikinci ilində əmr olunmuşdur. Kitab, Sünnə və İcma dəlillərinə söykənir.

Qurani-kərimdə qurbanla bağlı tarixi məlumatlar da mövcuddur. Belə ki, Hz. Adəmin iki oğlu, Habil ilə Qabilin Allaha qurban etdikləri və bunlardan yalnız Allahdan çəkinənin qurbanının qəbul edildiyi bildirilir.[22] Başqa bir ayədə də qurban hökmünün islamdan əvvəlki ilahi dinlərin hamısında mövcud olduğu bildirilir.[23]

Bu mövzudakı əsil tətbiqat Hz. İbrahimlə başlamışdır. Məhz bu səbəblə qurban, Hz. İbrahimdən gələn köklü sünnələrdəndir. Saffat surəsində qeyd edilən məlumatlardan anlaşıldığına görə Hz. İbrahim Allahdan bir uşaq istəmiş, duası qəbul olub bir övlad bəxş edildikdə də onu qurban etməklə imtahan edilmişdi. Quranda adı qeyd edilməməklə yanaşı islam alimlərinin əksəriyyətinə görə, qurban edilmək istənən İsmayıldır. İbrahim (ə.s) oğlu İsmayılı kəsməyə başladıqda, ona imtahandan müvəffəqiyyətlə keçdiyi bildirilmiş və oğlunun əvəzində böyük bir qurban verilmişdir. Salehlərdən bir peyğəmbər olaraq da ilk xanımı Saradan dünyaya gələcək İshaq (ə.s) müjdələnmişdir.[24] Qurani-kərimdə İbrahim və oğlu İsmayılın Allahın əmrinə tabe olduqları belə bildirilir: “Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.”[25]

Qurani-kərimdə möminlər üçün qurban kəsməyi əmr edən açıq bir hökm yoxdur. Bu səbəblə qurbanın hökmü fərz deyil, Əbu Hənifəyə görə vacib, digər əksər islam hüquqşünaslarına görə isə sünnə olduğu təsbit edilmişdir. Kövsər surəsindəki, “Rəbbin üçün namaz qıl və qurban kəs!”[26] ayəsindəki “namaz”, ən məşhur fikrə görə bayram namazını, “qurban kəsmək” də, qurban bayramı günlərində kəsilən qurbanları ifadə edir. Başqa bir ayədə də qurbanlıq dəvələrdən belə bəhs olunur: “Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik.”[27] Ayədəki “şəair” kəlməsi Allahın dininin nişanə və simvolları mənasına gəlir.

Qurbanla bağlı bir çox hədis rəvayət edilmişdir. Zeyd İbn Əkrəmdən rəvayətə görə qurbanın nə olduğunun soruşulması ilə Nəbi (səs); “O, atanız İbrahimin sünnəsidir” buyurmuş, səhabə qurbandakı savab haqqında soruşduqda, “qurbanın hər bir tükü üçün bir həsənə (savab) veriləcəyini” bildirmişdir.[28] Hz. Aişədən (r.ənha) rəvayət edilən bir hədisdə də belə buyurulur: “Adəm oğlu üçün Allah dərgahında qurban bayramı günündə qurban kəsməkdən daha istəkli bir əməl yoxdur. Bu heyvan qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələcəkdir. Şübhə yoxdur ki, qurbanın qanı yerə düşməzdən əvvəl Allaha vasil olur. Odur ki, qurbanlarınızı səmimi-qəlbdən kəsin.”[29]

Uca Allahın kəsilən qurbanların nə ətinə, nə də qanına ehtiyacı yoxdur. Ona çatan sadəcə qurban kəsənin niyyət, ixlas və təqvasıdır. Ayədə belə buyurulur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).”[30]

Ənəsin (rə) rəvayət etdiyi bir hədisdə də belə buyurulur: “Rəsulullah (səs) ağı qarasından çox olan buynuzlu iki qoç qurban etdi. Onun ayağını heyvanların yanına qoyduğunu, bismillahla təkbir dediyini və əli ilə onları kəsdiyini gördüm.”[31]

Qurban kəsməyin hikməti hədsiz nemətlərə qarşı Allaha şükür etmək və günahların bağışlanmasını istəməkdir. Qurban kəsilməklə həm kəsən ailə, həm də yoxsullar əsas qida məhsullarından olan ət baxımından bolluq tapar. Bu səbəblə fitrə sədəqəsində qiymətini vermək mümkün olasa da, qurbanda qiymətinin yoxsullara paylanması kifayət deyil.

Düzdür hər gün insanların ət ehtiyacı üçün yer üzündə yüz minlərlə heyvan kəsilir. Ancaq bunlardan yalnız almağa gücü çatanlar istifadə edirlər. Qurban ətlərindən isə ümumiyyətlə möhtac olanlar faydalanır.

Anar Qurbanov

(fiqh elmləri üzrə mütəxəssis)

sunna.az

[1] Tövrat, Təkvin, 4/3, 4, 20; Ahmet Güç, Çeşitli Dinlerde ve İslamda Kurban, s. 144, 146.

[2] Bax. Tövrat, Təkvin, 22/1-19.

[3] Ömer Faruk Harman, “Hz. İbrahim və Kurban”, Hz. İbrahimin izinde, s. 102, 103.

[4] İbn Qəyyim əl-Cövzi, Zadul-Məad, I, 15, 16; Qəstalani, Məvahib (Zürqani şərhi kənarında), I, 92.

[5] Bax. Tövrat, Çıxış, 12/1-14, Levililər, 23/4-8.

[6] Hezekiel, 45/18-24; Ahmet Güç, Çeşitli Dinlerde ve İslamda Kurban, s. 173.

[7] Bax. Tövrat, Saylar, 19/1-10; Quran, Bəqərə, 2/67-73.

[8] Tövrat, Çıxış, 24/2-8.

[9] Tövrat, Çıxış, 29/1-3.

[10] Tövrat, Çıxış, 25/1-7.

[11] Levililər, 2/1-3; Güç, eaə, s. 232, 233.

[12] Bax. Tövrat, Saylar, 18/12; Güç, eaə, s. 178.

[13] Tövrat, Levlililər, 7/11-21, 12/6-8, 14/10 vd.. 15/13, 29, 30, 19/21, 22.

[14] Güç, eaə, s. 246, 247.

[15] Bax. Werblowsky-Wigoder, DJR, 598, 599; Henninger, “Sacrifice”, ER, XII, 556; Güç, eaə, s. 261.

[16] İncil, Luka, 2/7, 8, 14-16, 41-43; Matta, 26/2, 17-19; Markos, 14/12-16.

[17] Levililer, 13/49, 14/2-9; Matta, 8/4.

[18] Matta, 5/23, 24.

[19] Markos, 12/33.

[20] Matta, 9/13, 12/7.

[21] Bax. İbranilərə Məktub, 9/11, 12, 1/5-10; Güç, eaə, s. 296.

[22] Bax. Maidə, 5/27-31.

[23] Bax. Həcc, 22/34.

[24] Bax. Saffat, 37/102-113.

[25] Saffat, 37/103-107.

[26] Kövsər, 108/2.

[27] Həcc, 22/36.

[28] İbn Macə, Ədahi, 3; Əhməd İbn Hənbəl, 368; bax Saffat, 37/107.

[29] Tirmizi, Ədahi, 1; İbn Macə, Ədahi, 3; Əhməd İbn Hənbəl, V, 239.

[30] Həcc, 22/37.

[31] Buxari, Ədahi, 9, 14, Tövhid, 13; Müslim, Ədahi, 17; Tirmizi, Ədahi, 2; İbn Macə, Ədahi, 1; Darimi, Ədahi, 1; Əbu Davud, Ədahi, 4.

mənbə:
sunna.az

Read Previous

Kəbədə gecə ibadəti – VİDEO

Read Next

Qurban əti yoxsa ibadəti!?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.