• 23 Dekabr 2024

Qurban əti yoxsa ibadəti!?

123Qurban həcc ibadətinin içində olub, onun rüknlərindən biridir. Müsəlmanların qurban bayramında kəsdikləri qurban, hacıların minada kəsdikləri qurbanla eyni gündə eynizamanlı olaraq kəsilir. Sanki bunun mənası belədir:

“Ey Rəbbim mən Məkkəyə gəlib minada qurban kəsib hədiyyə edə bilmədim, amma bunu çox arzu etdim. Burada kəsdiyim qurbanı da İbrahimin (ə.s) minaya oğlunu qurban etmək üçün apardığı təslimiyyət imtahanını qazandığı, onun yerinə bir qoç göndərilmək surəti ilə mükafatlandırıldığı qurbanın dərəcəsinə çatdır”.

Qurban dünyəviləşməyə qarşı ilahi bir xəbərdarlıqdır. Qurbandan məqsəd Uca Allaha yaxınlaşmaqdır. Allahın insana bəxş etdiyi dünyalıqların insan ilə Rəbbi arasına daxil olmasına mane olmaqdır. Yəni sərvətə aid olmayıb sahib olmağın doğru yolunu öyrədir. Çünki insan, malı özünün mülkiyyəti hesab etdikdə onu verə bilməz. İnsan verə bilmədiyi sərvətə də sahib ola bilməz. Allah üçün verə bilmədiyi malın, sərvətin köləsinə çevrilir, ona aid olur. İnsan, mal-mülkün əmanətçisi olduğu şuuruna vardıqda isə onu verə bilər; Allah üçün malından verdikdə isə, həqiqətdə ona sahib olur. Böyük mütəsəvvüf Cüneydi Bağdadi “Minada qurban kəsən müsəlman nəfsinin arzularını qurban edə bilməzsə, həqiqi mənada qurban kəsmiş olmaz” buyurmuşdur.

Qurban da bir çox ibadət kimi İslamla başlamış bir ibadət deyildir. Quranın bəyanından anlayırıq ki, öncəki ümmətlərdə də qurban ibadəti var idi.“Biz hər bir ümmətə qurban kəsməyi lazım bildik”. (Həcc, 22/34) ayədə qeyd edilən mənsək kəlməsi qurban kəsmə zaman, məkanı və qurban kəsmək” mənalarına gəlir.

Qurbandan əsas məqsəd heyvanı yerə yatırıb kəsmək deyil, içimizdəki dünya sevgisini, nəfsani arzu və istəkləri kəsməkdir. Daimi İlahi hüzurda olma şüurunu canlı tutmaqdır. Əks təqdirdə qurban bayramı, ət bayramına, ciyər bayramına dönər.

Qurbanın hikməti Həcc surəsinin 36, 37-ci ayələrində açıqlanmışdır. Uca Allah belə buyurur:

وَالْبُدْنَ جَعَلْنَاهَا لَكُمْ مِنْ شَعَائِرِ اللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ فَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهَا صَوَافَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْقَانِعَ وَالْمُعْتَرَّ كَذَلِكَ سَخَّرْنَاهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

“Biz qurbanlıq dəvələri də sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz”.

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ كَذَلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَبَشِّرِ الْمُحْسِنِينَ

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)”.

Bu ayələr bizə qurbanın hikmətini əti, qanı kimi maddi şeylərdə deyil, onun mənəvi tərəfində axtarmağın lazım olduğu göstərilir.

Cahiliyyə zamanında kəsilən qurbanın qanları Kəbənin divarına sürtülərdi. Uca Allah ayədə bildirir ki Allah çatacaq olan qurbanın əti, qanı deyil, sizin ixlasınız, təqvanızdır.

Həcc surəsinin 36-cı ayəsinin sonunda “saxxara ləkum” (sizin əmrinizə verdi) ifadəsi yer üzündəki hayvanların insanlar üçün yaradıldığının açıq dəlilidir. Varlıq mərtəbəsinin ən yüksək mərtəbəsi insandır. Tarix boyunca bu sistem pozulmuş insanlar özlərini qarşısnda zəif hiss etdiklər səma, od, daş, heyvan, su kimi varlıqlara tapınmağa başlamışlar və onlara qurbanlar kəsmişlər. Bəzən bu qurbanlar insan da olurdu. Məsələn Misirdə Nil çayının daşıb ətrafına zərər verməməsi üçün hər il bakirə bir qızı onun içinə atırdılar. Qurban ibadəti varlıq ierarxiyasını göstərən mühüm bir ibadətdir.Hər şeyin insan üçün yaradıldığı, insanın isə Uca Allah üçün yaradıldığını vurğulayır.

Qurban ibadətinin tarixinə nəzər saldıqda onun insanlıq tarixi ilə yaşıd olduğunu görürük.

Quran qurbanla əlaqədar “Maidə” surəsinin 27, 29 ayələrində Habil və Qabil qissəsini qeyd edir:

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

“Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!”

Qeyd edildiyinə görə Qabil xəsislik edərək məhsullarının çürüklərindən Habil isə, heyvanların ən yaxşısını qurban etdi. Uca Allah Habilin qurbanını qəbul etdi, Qabilinkini isə, qəbul etmədi.

Burada diqqət çəkən odur ki, Qabil burada nəfsinə məğlub oldu, dünya sevgisi onu aldatdı məhsullarının yaxşılarını qurban edə bilmədi. Habil isə, ondakı malın həqiqi sahibinin Uca Allah olduğunu bildi. Buna görə də heyvanlarının ən gözəlini qurban etdi. Uca Allahda onun səmimi niyyətini, qurbanını qəbul etdi. Demək ki Rəbbimizə təqdim etdiyimiz qurbanları heyvanların ən yaxşılarından seçmək lazımdır.

Qurban kəsən insan Hz. İbrahim və İsmayıl arasında baş verən hadisəni xəyalında yenidən canlandırır. Beləcə, özünün də Hz.İbrahim və İsmayıl kimi Allaha itaət, təslimiyyət sınağına hazır olduğunu göstərər.Bu əhvalat Quranda təfərrüatı ilə nəql edilir:

“Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!”(Saffat, 102).

O, son mərhələyədək Allahın göstərişini yerinə yetirdi, Öz əli ilə oğlunu Minaya apardı. Bıçağı İsmayılın boğazına qoyub sıxdı. Lakin bıçaq kəsmədi. Bu, təqvanın, təslimiyyətin, fədakarlığın yüksək dərəcəsi idi! İbrahim can imtahanına tabe tutulub oda atıldıqda, Rəbbindən başqa kimsənin yardımını qəbul etməyərək, Uca Allaha olan təvəkkülünün sonsuz olduğunu isbatlamışdı. Allahın xəlili, dostu olduğunu göstərmişdi. İndi də o can parçası olan oğlu ilə təslimiyyət imtahanına tabe tutulmuşdu. Uca Allah “Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq”. (Saffat, 105) buyuraraq onların təslimiyyətlərinin, ixlaslarının müqabilində qoc hədiyyə etmişdir.

Allah Rəsulu (s.ə.s) qurban kəsməyə təşviq etmiş və belə buyurmuşdur:

“Adəmoğlu qurban bayramı günü Allah qatında qurban kəsməkdən daha sevimli bir iş etməz. Şübhəsiz ki, kəsilən qurban qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələr. Heç bir şübhə yoxdur ki, kəsilən qurbanın qanı yerə axmadan əvvəl Allahın dərgahına çatar. Elə isə könüllərinizi qurbanla xoş eləyin”.“Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurban kəsməkdən daha sevimli bir iş görmüş olmaz. Hələ qanı yerə düşmədən Allah onu hifz edər. Оnunla nəfsinizi təmizləyin, onu sevə-sevə kəsin.” (Tirmizi, Ədahi, 1; İbn Macə, Ədahi,3 )

Qurban hikməti, məqsədi və hökmü səbəbi ilə İslamda rəmz, simvol olmuş mühüm bir ibadətdir. İmkanı olduğu halda qurban kəsməyənlər haqqında, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:

“Kim imkanı olduğu halda qurban kəsməzsə, bizim namazgahlarımıza yaxınlaşmasın” (ibn Macə Ədahi, 2; Ə. ibn Hənbəl, II,321)

Hz. Peyğəmbər (s.ə.s) Uca Allahdan başqası adına kəsilən qurbanın isə batil, haram olduğunu bildirmiş və “Allahdan başqası adına qurban kəsənə Allah lənət etsin” buyurmuşdur. ( Müslim, Ədahi, 43-45; Nəsai Dəhaya, 34; Ə. ibn Hənbəl, I, 108)

Qurban etmə ictimai birliyi və ünsiyyəti canlandırır. Qurban ibadəti sadəcə qurbanı kəsməklə bitmir, qurban ətlərini yaxınlığımızda və bizdən uzaqda olan, hətta dünyanın o biri ucundakı ehtiyac sahiblərinə göndərərək, bu yolla da müsəlmanlar arasında sevgi və qardaşlıq əlaqələrini gücləndirmiş oluruq. Beləliklə, dini qardaşlıq duyğuları inkişaf edər. Kasıbların, yetimlərin qayğısına qalmaq, acları doyurmaq İslamın təməl qayələrindən və Allahın ən xoş gördüyü davranışlardandır. Müsəlman bu davranışı ilə Rəbbinə yaxınlaşmağı ümid edər ki, qurbanın bir mənası da bunu ifadə edir. Nəticə olaraq qurban kəsən adam belə deyər:

“Mənim namazım da, qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur.” (Ənam, 6/162, 163)

Vüqar Səmədov

(Hədisşünas/İlahiyyat üzrə fəlsəfə doktoru)

Mənbə:

sunna.az

Read Previous

Üç dində Qurban

Read Next

Peyğəmbər əfəndimizin son vəsiyyəti

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.