• 09 Noyabr 2024

Zəif Hədislə Əməl Etmək Olarmı?

İslam aləmində, dinin təməl qaynaqlarının Quran ve Sünnədən ibarət olduğunu, məzhəbindən asılı olmayaraq bütün alimlər qəbul edir. Quranın sübutunun və dəlalətinin kəsin olması onun qaynaq olması məsələsində şübhə yaratmır. O, heç bir dəyişikliyə məruz qalmadan qiyamətə qədər qorunub mühafizə ediləcəkdir. Allah onu muhafizə ettiyini “Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”[1] ayəsi ilə ifadə edir.

 Ancaq Quranın təfsiri mahiyətində olan Peyğəmbərin (s) hədislərinin dəyişikiliyə məruz qalmayacağına heç kim zəmanət verməyib. Məhz buna görə də hədislər mərtəbələrinə əsasən,[2] qaynaqlık məsələsində alimlər arasında mübahisələrə səhnə olmuşdur.

Azərbaycanda dinin inkişaf etməsi və dinə olan ehtiyacın artması dinin qaynaqlığı məsələsində də bəzi mübahisələri bərabərində gətirmişdir. Dinin ikinci qaynağı olan hədislər də bu mübahisələrdən nəsibini almışdır.

Bu məqaləni yazmaqdakı məqsədimiz hədis elmin tanıtmaq və ya hədisin qaynaq dəyəri hakkında dəyərləndirmələr etmək deyil. Bunlar daha geniş prespektivdə ələ alınacaq mövzulardır. Əsas məqsədimizi qaynaqlıq məsələsində şübhə edilən və hər kəsin öz düşüncəsi yönündə qəbul və ya tənqid etdiyi zəif hədislər hakkında İslam alimlərin görüşlərini incələməkdir.

Zəif hədisin qaynaqlığı məsələsi hər nə qədər klassik mövzulardan qəbul edilsə də ümumilkdə İslam aləmində, xüsusən də Azərbaycanda aktuallığını mühafizə etməktədir. Çünkü hərdən dini mövzularda mübahisələrə şahid olduqda birisinin “belə bir hədis var”-dedikdə, digərinin də “bu hədis zəifdir. Bununla əməl edilməz”-dediyini görür və eşidirik. Elmi əsaslara görə də bu belədir?. Alimlər bu mövzu haqqında nələr söyləyiblər?. Məqaləmizdə bu sualların cavabını verməyə çalışcayıq. Hər nə qədər texniki mövzu olsa da,  imkan nisbətində elmi əsaslara və obyektivliyə riayət edilməyə səy göstəriləcəkdir. Bir müsəlmana və elm adamına yaraşan, fikir və düşüncələrini elmi əsaslar çərçivəsində isbat etməkdir.

I. ZƏİF HƏDİSİN TƏRİFİ

Mövzunu daha yaxşı anlamaq və doğru görüşü müəyyənləşdirmək üçün ilk öncə zəif hədisin nə olduğunu bilmək bizə yol göstərəcəkdir. Hədis üsul kitablarından yola çıxaraq zəif hədisi belə ifadə etmək olar

A.  Leksik mənası

Zəif kəlməsi lüğətdə güclünün ziddi mənasında işlənir. Bu zəiflik maddi və ya mənəvi ola bilər. Ancaq buradakı zəiflik mənəvi zəiflikdir.[3]

B. Termin mənası

 Hədis termini olaraq zəif hədis, səhih və həsən[4] hədisin şərtlərindən birini və ya bir neçəsini daşımayan hədisdir.[5] Zəif hədis, hədis mərtəbələri arasında üçüncü mərtəbədən qəbul edilir. [6] Bu tərifə əsasən zəif hədisin əlamətlərini belə sıralamaq mümkündür:

  1. Hədisin ravilərindən biri və bir neçəsi ədalət[7] vəsfinə sahib deyil.
  2. Hədisin ravilərindən biri və bir neçəsinin zəbti[8] güclü deyil.
  3. Hədisin sənədi müttəsil deyildir, belə ki, hədisin sənədindəki ravilərdən biri və ya bir neçəsi qeyd edilməmişdir.
  4. Hədisin ravilərindən biri və ya bir neçəsi məçhuldur, yəni bu ravilərin ədalət və zəbt bахımındаn vəziyyətləri bilinmir.
  5. Hədis şəzdır, yəni səhih və muhkəm rəvayətlərə müxalifdir.
  6. Hədis müəlləldir, yəni gizli bir qüsuru vardır və onun bu qüsuru da sübut edilib açığa çıxarılmışdır.[9]

Bu əlamətlərdən birini, və ya bir neçəsini daşıyan hədis, zəif hədis qəbul edilir. Əlbəttə ki, nöqsan vəsiflərin artması hədisin zəiflik dərəcəsini də artırır. Bir qisminin zəifliyi şiddətli ikən, digər bir qismininki isə xəfifdir. Bu hal zəif hədislə əməl məsələsində önəm kəsb edir. Çünkü bir az sonra da görəcəyimiz kimi bəzi alimləri zəifliyi şiddətli olmayan hədislə əməl etməyi uyğun görür. Həmçinin zəifliyi şiddətli olmayan bir zəif hədis başqa bir –zəifliyi şiddətli olmayan- hədislə dəstəkləndikdə həsən liğeyrihi mərtəbəsinə çıxar. Beləliklə o hədislə əməl etmək mümkün hala gəlir. Zəifliyi şiddətli olan hədislər isə onu dəstəkləyən təriklər nə qədər olarsa olsun zəiflik mərtəbəsindən qurtulmaz.[10]

 Məhz  buna görə də alimlər zəif hədisləri müxtəlif dərəcələrə ayrıblar. Hədislərdəki zəiflik sənədlə əlaqəli olduğu kimi mətnlə də əlaqəli ola bilər.  Fərqli sayılarla ifadə edilən zəif hədis dərəcələrini İbn Hibban 50, İbn Salah 42, Münavi nəzəri olaraq 129 tətbiqi olaraq 81 növ[11] olduğunu ifadə etsələr də bunların çoxu nəzəridir. Tətbiqi olaraq heç birinin faydası olmadığı üçün də çoxunun adı belə bilinmir. Nəticə olaraq, zəif hədislərin dərəcələri 49 dan 510 qədər fərqli rəqəmlərlə ifadə edilmişdir. Bu növləri saymaq və ya haqqında məlumat vermək mövzumuzun əhatəsi xaricindədir. Həmçinin mövzunun lazımsız olaraq uzanmasına səbəb olacaqdır.[12]

II. ZƏİF HƏDİSİ RƏVAYƏT ETMƏK

Uydurma hədisi rəvayət etmək İslam alimlərinə görə haramdır. Ancak uydurma olduğunu ifadə edərək, tədris və tanıtma məqsədiylə rəvayət etmədə heç bir problem yoxdur.

Hədisşünas və İslam alimlərinə görə uydurma hədislərin əksinə zəif hədisləri rəvayət etmək bəzi şərtlər daxilində caizdir. Əgər zəif hədis əqaid ve ehkama aid, yəni halal və haram kimi məsələlərlə əlaqəli deyilsə, əməllərin fəziləti və ya qissələr haqqında isə -zəifliyi ifadə etmədən- rəvayət etmək olar. Bu kimi mövzularda alimlər təsahülü caiz görürlər. Məsələn, Abdurrahman ibn Mehdi (vəfatı h. 198), Əhməd ibn Hənbəl (vəfatı h. 241) və Abdullah ibn Mübarək (vəfatı h. 181 ) bunlardandır. Rəvayətə görə Abdullah ibn Mehdi, “Rəsulullahdan (s) halal və harama aid bir şey rəvayət etdikdə sənəd və ricalına diqqət edər, cox ciddi incələyərdik. Fəzilət, səvab, günaha dair bir şey rəvayət etdikdə isə təsahül göstərir ricalını şiddətlə tənqid etməzdik”-demişdir. Əhməd ibn Hənbəl də, Məğazi yazarı İbn İshaq haqqına : “İbn İshakdan Məğazi və bu timsalda hədislər alıb yazmaq olar. Ancaq halal və haram hədislərə gəlincə (əlini yumruq vəziyətinə gətirərək) bu cür adamlar axtarılır”-demişdir. Abdullah ibn Mübarək “Ədəb, moizə, və zühd mövzularında zəif ravilərdən rəvayət etmək olar”– demişdir. [13] Bu və buna bənəzər alimlərin göruşlərinə istinadən ratalıqla ifadə etmək olar ki, siyər, məğazi, fəzail kimi mövzularda  zəif hədisi rəvayət etmək olar.

Yuxarıda da ifadə etdiyimiz kimi sələf alimləri zəifliyi açıqlayaraq rəvayət edənlərə səs çıxarmayıblar.  Təbii olaraq insanın ağlına belə bir sual gəlir, “Görəsənə zəif hədisi rəvayət etməsək olmazmı?”. Bunun cavabı əlbəttə ki, “daha yaxşı olar”dı. Amma bu növ hədislərin mənbələrdə yer almasi bizi bu işə məcbur edir. Sələf alimləri də zəif hədisləri rəvayət etməkdən uzaq dura bilməmişlər. Məsələn, Əməş, Haris əl-Avər`dən həm rəvayət edir, həm də onun yalançı olduğunu söyləyir.[14] Alimlərin bu növ hədisləri, qaynaq dəyəri olmadığını bilə-bilə  rəvayət etmələri belə açıqlanmışdır:

1. Zəif hədislər tanıyıb zəifliklərini bəyan edə bilsinlər və sonrakılar da o hədislər haqqında gümanda galmasınlar deyə rəvayət etmişlər

2. Zəif hədis tək başına qaldığı zaman önəm kəsb etməməklə yanaşı etbar[15] və istişhad [16] üçün yazılıb istifadə edilə bilər.

3. Bir ravidən həm səhih həm də zəif hədislər rəvayət edilmişdir. Buna əsasən bu rəvayətlərin hamısı yazılır. Daha sonra da alimlər bunları layıq olduğu qrupa qeyd edərək məqbul və ya mərdud olduğunu bildirmək üçün rəvayət edirlər. [17] Əlbəttə ki buradakı dərəcələndirmə ancaq mütəxəssislər tərəfindən edilməlidir.

Nəticədə alimlər uydurma olmadığı üçün zəif hədisləri rəvayət etməkdən çəkinməyiblər. Sadəcə əgər bir mövzuda səhih hədis varsa artıq zəif hədisi rəvayət etmənin –tədris məqsədi xaric- bir mənası yoxdu. Zəif hədis ancaq özundən daha güclü hədis olmadıqda dəyər qazanır. Xüsusən günümüzdə bir adamın öz görüşü ilə əməl etməkdənsə -əgər səhih hədis yoxsa- zəif hədislə əməl etməsi və hədisi başqalarıyla paylaşması məqsədə uyğundur. Bəlkə də həmən hədis bizə qədər çatmayan başqa bir təriqlə səhih dərəcəsindədir. Unutmamaq lazımdır ki, hər zəif hədis səhih ola biləcəyi kimi, hər səhih hədis də zəif ola bilər. Bir ravinin zəif rəvayətləri varsa bütün rəvayətləri zəifdir demək doğru deyil. Onun da məqbul rəvayətləri vardır.  Buna görə də bir hədis haqqında son qərarı vermək üçün mütləq çox ciddi şəkildə incələmək və bütün rəvayətləri topladıqdan sonra qərar vermək lazımdır.

Yeri gəlmişkən cox önəmli bir nöqtəyə diqqət çəkmək yerində olacaq. Zəif hədisləri rəvayət edərkən diqqət ediləcək bəzi xüsuslar vardır. Bunları da burada qeyd etmək məqsədə uyğundur.

Zəif hədislər qəti surəttə həzrət Peyğəmbərə (s) aid olan hədislər kimi, qətiyyətinə tam etibar edilərək rəvayət edilməməlidir. Buna görə də heç bir hədis cəzm[18] sigəsi ilə rəvayət edilməməlidir. Əksinə “ruviyə”, “nuqilə”, “bələğəna ənhu” və bənzəri rəvayət terminləri ilə rəvayət edilməlidir. [19]

Sənədi zəif hədisə təsadüf edildikdə “bu hədis bu isnadla zəifdir”-deyilməlidir. “Mətni zəifdir” və yaxud qəti surəttə “zəif”dir deyilməməlidir. Çünkü başqa bir təriqlə səhih olma ehtimalı var. Ancaq hədis mütəxəssisləri “bu hədis heç bir surəttə səhih deyildir” və ya “onu isbat edəcək heç bir isnad yoxdur” deyərlərsə qətiliklə zəif qəbul edilir.

III. ZƏİF HƏDİSLƏ ƏMƏL ETMƏNİN HÖKMÜ

Zəif hədislə əməl etmə məsələsi İslam aləmində olduğu kimi Azərbaycanda da aktuallığını mühafizə edən mövzulardan biridir. Bu mövzu haqqında daha ilk alimlərdən etibarən mübahisələr öz əksini tapmışdır. Həm fəqih həm də hədis alimləri zəif hədisin dəyəri haqqında fikirlərini bəyan etmişlər. Önəmi qədər əhatəsi də geniş və dərin olan bu mövzu haqqındakı alimlərin görüşlərinə və dəlillərinə təmas etmək istəyirik.

Mərdud hədislər qismində dəyərləndirilən zəif hədislə əməl etmə mövzusunda alimlərin görüşləri belədir [20]:

 1.Qətiyyən əməl etmək olmaz.

İstər halal və haramla əlaqəli mövzularda, istərsə  də əməllərin fəzilətləri ilə əlaqəli mövzularda zəif hədislə əməl etmək caiz deyil. Yəhyə ibn Məin (vəfatı 233/847 ), Buxari (vəfatı256/869), Müslim (vəfatı 261/869), Əbu Şamə,[21] Əbu Bəkir ibn əl-Ərəbi (vəfatı 543/1148), İbn Həzm (vəfatı 456/1148), Cəlaləddin əd-Dəvani (vəfatı 918/1512) kimi alimlər bu görüşü müdafiə edirlər.

2. Əməl etmək olar.

Haram və halal xaricində müstəhəb və məkruh, gözəl əməllərə təşviq və pis əməllərdən uzaqlaşdırmaq (tərğib və tərhib)  və s. mövzulardan hansında olursa olsun heç bir şərt qoşmadan zəif hədislə əməl etmək olar. Bu fikri mənimsəyənlər arasında Ebu Davud (vəfatı 275/888), Əhməd ibn Hənbəl (vəfatı 241/855) kimi alimləri qeyd etmək olar. Bunlara görə zəif hədis rəydən daha yaxşıdır.[22]

Əhməd ibn Hənbəldən belə rəvayət edilir: “Əgər zəif hədisdən başqa hədis yoxdursa o zaman onunla əməl edilər.” Başqa bir rəvayətdə də “Zəif hədis bizə görə şəxsi göruşdən daha dəyərlidir.”- demişdir.[23]

İbn Həzmin ifadə etdiyinə görə, Əbu Hənifə və əshabı da əgər başqa rəvayət yoxsa, zəif hədisin qiyas və rəydən daha dəyərli olduğunu qəbul edirlər.[24] İmam Şafei də, başqa rəvayət yoxsa mürsəl hədislə əməl etməyin caiz olacağını söylər.[25]

3. Bəzi şərtlərə görə əməl edilər.

Alimlərin əksəriyyəti isə fəzailə dair mövzularda əməl edilə biləcəyini söyləmişlər. Süfyan əs-Səvri (vəfatı 161/777), Əbdürrəhman ibn Mehdi (vəfatı 198/813), Əhməd b. Hənbəl (vəfatı 241/ 855), İbn Əbi Hatim (vəfatı 327/938), Səxavi (vəfatı 902/1496), Əli əl-Qari (vəfatı 1014/1605) kimi alimlər bu görüşü müdafiə edirlər.

Bu görüşləri dəyərləndirən Ləknəvi (vəfatı 1304/1886) belə deyir: “Zəif hədislər əməl etməyi kəsin qadağan edən görüş zəifdir. Heç bir şərt qoşmadan əməl etməyi caiz görənlərin görüşündə də qəbul edilməsi mümkün olmayan bir genişlik var. Əməl etməyi bəzi şərtlətə bağlayan görüş isə məqsədə ən uyğun olanıdır. [26]

İbn Həcər əl-Əsqalani (vəfatı 852/1448), fəzail, tərğib və tərhib, ədəb mövzularında zəif hədislə əməl edə bilmək üçün bəzi şərtləri əsas görür.

  1. Hədis çox zəif olmayacaq. Səndində yalancı, yalanla ettiham edilmiş və çox xəta edən ravilərin olduğu hədislər, zəfiliyi şiddətli olaraq qəbul edilir. Bu şərtlər barəsində alimlərin ittifaqı mövcuddur.[27]
  2. Mötəbər mənbə və dəlillərlə qoyulmuş bir hökm və qaydanın içinə girəcək, yeni bir hökm qoymaycaq.
  3. Belə bir hədislə əməl edərkən Peyğəmbərimizə (s) aid olduğuna ehtiyatla yanaşmaq lazımdır. Yəni Peyğəmbərə (s) aid olduğu dəqiq deyildir.

Son iki şərti İzz ibn Əbdüssəlam və İbn Dəqiq əl-İyd tərəfindən qeyd edilib.[28]

Zəif hədislərlə əməl məsələsindəki əsas görüşləri qeyd etdikdən sonra, bu növ hədislərdən istifadə edərkən alimlərin diqqət çəkdikləri bəzi fikirləri də burada bəyan etmək istəyirik.

Zəif hədislərlə bir əməlin müstəhablığını müəyyənləşdirmə  məsəlsində ixtilaf edilmişdir. Bir qrup alimə görə şəri`liyi səhih və ya həsən bir dəlillə dəqiqləşən bir davranışa nə qədər səvab verələcəyi mövzusunda zəif hədislərdən istifadə etmək olar. Həmçinin haram olduğu dəqiq dəlillərlə müəyyənləşdirilən bir hərəkətə qarşılıq veriləcək cəza haqqında da zəif hədisə etibar etmək olar.[29] Bu görüşə görə bir şeyin məndub və ya caiz oluduğunu zəif hədislə müəyyənləşdirmək olmaz. Ancaq şər`i əsaslara və səhih dəlillərə tərs olmamaq şərtiylə, zəif hədisə istinadən bir əməlin caiz və ya məndub olumasının müəyyən edilməsinə imkan verən alimlərini göruşünün daha səhih olduğu ifadə edilir.[30]

Mühəddislər ümumiyyətlə zəif hədisi ikiyə ayırırlar: Birincisi zəifliyi şiddətli olanlardır. Bunlar, yalancı, yalanla ettiham edilmiş olanlar və çox xəta edən ravilərin rəvayət etdiyi hədislər ilə şəz[31] olan hədislərdir. İkincisi də zəifliyi şiddətli olmayan hədislərdir. Bunlar ravisi doğruluq və ədalət sifətiylə vəsifləndirilimiş olmaqla yanaşı məstur, seyyiu`l-hifz, müxtəlit[32] olan hədislərlə, irsal, tədlis, inqita kimi sənəddəki kəsikliyi səbəbiylə zəif qəbul edilən hədislərdir.[33] Yuxarıda da qeyd ettiyimiz kimi zəifliyi şiddətli olmayan hədislər, bir birini gücləndirərək həsən liğeyrihi dərəcəsini yüksələrək əməl edilməyə əlverişli hala gələbilər. Ancaq zəifliyi şiddətli olan hədislər isə, bir çox təriqləri bir araya cəm edilsə belə yenə də zəiflikdən qurtulmaz.[34]

Zəif və həsən terminləri ilə əlaqəli alimlər arasındaki problemə də nəzər yetirmək bəzi qaranlıq nöqtələrin aydınlanmasına köməklik edəcəkdir.

İbn Teymiyyə və bəzi alimlərə görə Tirmiziyə qədər, hədislər səhih və zəif olaraq iki qrup şəklində dəyərləndirilirdi.  Onlara görə zəif hədis “mətruk zəif” və “qeyrə mətruk zəif”-diyə iki növdən meydana gəlirdi. Həsən hədislər də, səhih dərəcəsinə yüksəlmdikləri üçün zəif hədislərdən sayılırdı. Daha açıq ifadə ilə desək, yuxarıda qeyd etdiyimiz zəifliyi şiddətli olmayan zəif hədislər, Tirmiziyə görə həsən hədis qəbul edilirdi. Hər nə qədər Tirmizidən öncə də həsən terminini istifadə edən mühəddislər olsa da, hədisləri səhih, həsən və zəif olaraq sinifləndirərək ilk kitab yazan mühəddis Tirmizidir. [35]

Bu görüşə əsasən Əhməd ibn Hənbəl və Əbu Davuddan rəvayət edilən, zəif hədisin rəy`dən yaxşı olduğu və onunla əməl etmənin mümkün olduğu görüşdə əsas alınan zəif hədis, həsən mərtəbəsindən aşağı dərəcədə olan zəif hədisdir. [36]

Ehkamla əlaqəli hədislərdə səhih və ya həsən olma şərti əsas qəbul edilirkən, fəzail, zühd, ədəb, tərğib və tərhib mövzularında zəif hədislə əməl edilməsinə imkan verilməsi, alimlərin bu növ hədislərin rəvayətində, tətqiq, diqqət və etinalarını azaltmış, fəzail mövzularında mərduda gedən bir qapının aralanmasına yol açmışdır. [37]

NƏTİCƏ

Zəif hədislər hədis üsulu baxımından üçüncü dərəcəli hədis olaraq qəbul edilir və mərdud hədis sinifinə daxil edilir. Buna görə də sözü gedən hədislə dini məsələlərdə əməl edilib-edilməməsi məsələsində ixtilaflar yaranmışdır. Hətta günümüzdə -bəzi, elimdən az nəsiblənmiş kəslər- bu növ hədisləri uydurma/saxta hədislə qarışdırmaqda və kəsinliklə işə yaramaz hədis olaraq baxmaqdadır. Məqaləmizdə qeyd ettiyimiz alimlərin göruşlərindən yola cıxaraq bu fikrin həqiqətdən uzaq olduğunu ifadə etmək mümkündür. Hər nə qədər zəif hədislərlə hər halda əməl edilə biləcəyini ifadə edən alimlərlə varsa da, heç bir surəttə əməl edilməz deyən alimlələr də vardır. Fəqət bu göruşlərdə ciddi genişliyin və  məhdudiyyətin olduğunu ifadə etmək yerində olacaqdır. Həmçinin, alimlərin zəif hədislə qətiyyən əməl edilməyəcəyi fikrini dəyərləndirərkən, o dönəmdə hədislərin sadəcə səhih və zəif olaraq sinifləndirildiyini göz ardı etməmək lazımdır. Yəni buradakı zəif hədisdən məqsəd zəifliyi şiddətli olan ve heç bir surəttə zəiflikdən qurtulmanın imkanı olmayan hədisdir.

Alimlərin əksəriyyətin tərəfindən qəbul edilən göruş isə müəyyən şərtlərə əsasən zəif hədislərdən rahatlıqla edilməsidir. Bu şərtlər arasında ən önəmlisi hədisini zəifliyini şiddətli olmaması və mötəbər qəbul edilən hədis mənbələrində yer alan sağlam hədislər təzatlıq təşkil etməməsidir. Əgər hədis bu şərtləri daşımırsa onda əməllərin fəziləti, tərğib tərhib kimi ehkam ifadə etməyən mövzularda rahatlıqal istifadə edilə bilər. Hətta Əbu Hənifə, İmam Şafei və Əhməd ibn Hənbəl kimi məzhəb alimləri ehkamla əlaqəli məsələlərdə, zəif hədislə əməl etməyin şəxsi rəylə əməl etməkdən daha yaxşı olduğunu ifadə edirlər. Əlbəttə ki, diqqət edilməsi lazım gələn xüsusların ən önəmlisi də, zəif hədislə bu kimi movzularda əməl etmədən, o movzu ilə əlaqali rəvayətlrin hamısının araşdırılmasıdır. Yəni heç bir araşdırmaya getmədən zəif hədislə əməl etmək akademik etikaya ziddiyət təşkil edir.

Nəticə olaraq təkarar etmək istəyirik ki, zəif hədis heç də uydurma hədis deyildir. Zəif hədislə şərtləri nəzərə alaraq, məqsədinə uyğun yerlərdə istifadə etmək olar.


[1] Hicr 15/9.

[2] Mütəvatir, Səhih, Həsən, Zəif, Uydurma olmasına görə.

[3] Mahmut Tahhan, Təysiru Mustalahi`l-hədis,Riyad 1996, s., 63.

[4] Səhih hədis, Ədalət və zəbt sahibi ravilərin kəsiksiz (müttəsil) bir sənədlə bir-birlərindən rəvayət etdikəri şaz və illətli olmayan hədisdir.  Həsən hədis, Ədalət şərtini daşımaqla yаnаşı zəbt yönündən səhih hədis ravilərinin dərəcələrinə çatmayanların kəsiksiz isnadla rəvayət etdikləri şaz və illətsiz hədislərə deyilir. Həsən hədisin səhih hədisdən fərqi, ravisinin zəbt xüsusiyyətinin mükəmməl olmamasıdır.

[5] İbn Salah, Müqəddimətu İbn Salah, Beyrut 2003, s., 65; İmam Suyuti, Tədribu`r-ravi şərhu Təqribu`n-Nəvəvi, Misir 1307, s. 59; Nurəddin İtr, Mənhəccu`n-nəqd fi ulumil Hədis, Beyrut 1997, s. 286; İbn Kəsir, İxtisaru Ulumi”l-hədis, Beyrut 1989, s. 14;  Ahmed Naim, Sahihi Buhari ve Tecridi Sarih Tercümesi, (müqəddimə), Ankara 1982, s., 270; Sübhi Saleh, Ulumu`l-hədis və mustalahuhu, tərc., Yaşar Kandemir, Ankara 1973, s. 137;  Tahhan, e.a.ə., s. 63;

[6] Sübhi Saleh, e.a. ə, s. 137.

[7] Şəxsin dini qaydalara mütabiq yaşaması, xalqın nəzərində şəxsəyyətini zədələyəcək söz və əməllərdən uzaqlaşması deməkdir

[8] Bir şəxsin öyrəndiyi hədisi başqasına nəql edənə kimi əzbərləyib mühafizə etməsi.

[9] Bax., Ahmed Naim, e.a.ə., s. 270; İtr, e.a.ə., s., 276; Rüfət Şirinov, Hədis Elmi, Bakı 2006, s.

[10] Təhanəvi, Qəvaid fi ülumil hədis, Beyrut 1972, s, 78-82.

[11] Ahmed Naim, e.a.ə. s. 270.

[12] Bax. Şirinov, e.a.ə., s.

[13] Digər rəvayətlər üçün bax., Leknevi, el-Ecvibetu`l-Fadile, Beyrut 1994. s. 36;

[14] Ahmed Naim, e.a.ə. s. 341.

[15] Hədisin bənzərinin və ya eynisinin başqa yollardan rəvayət edilib edilmədiyini müəyyənləşdirmək üçün araşdırma etmək, hədisin başqa sənədini araşdırmaq. Bu araşdırma daha çox zəif hədisi bənzərini taparaq qüvvətləndirmək üçün edilir.

[16] Hədisin başqa bir sənədlə gələn bənzərini qeyd etmək.

[17] Ahmed Naim, e.a.ə, s. 345.

[18] Cəzm siqəsi ancaq səhih və həsən hədislər rəvayət edilirkən istifadə edilir. Bir növ dəqiqlik ifadə edən termindir.

[19] Müctəba Uğur, Hadis Terimleri Sözlüğü, Ankara 1992, “zayıf hadis” maddəsi.

[20] Ləknəvi, e.a.ə. s. 43; Selahettin Polat, Hadis Araştırmaları, İstanbul 2003, s. 134.

[21] Məsələn Əbu Şamə, İbn Əsakiri, Rəcəb ayın fəziləti ilə əlaqəli üç dənə zəif hədisi zəifliklərini qeyd etmədən rəvayət ettiyinə görə şiddətli şəkildə tənqid edərək belə demişdir; “Ancaq bu böyük hafiz bu babda fədailu`l-a`mal hədislərində təsahül göstərən bəzi əhli hədisin adətlərini mənimsəmişdir. Halbu ki bu hədisçilərin mühəqqiqləriylə fiqh və fiqh üsulu üləmasına görə xətadır.” (Təcridi sərih tərcüməsi, I, 343)

[22] Qasimi, Qəvaidu`t-təhdis, Beyrut 1993, s. 116-117

[23] Əhməd ibn Hənbəlin zəif hədis haqqındaki fikir və rəvayətləri üçün bax, Ləknəvi, e.a.ə. s. 47 (Əllamə İbn Alan, Şərhu əzkar, I, 86 dan nəqlən.)

[24] Zəhəbi, Mənaqibu`l- Əbi Hənifə, Misir 1367, s. 21.

[25] Ləknəvi, e.a.ə. s. 51.

[26] Ləknəvi, e.a.ə. s., 53.

[27] Süyuti, Tədrib, I, 298-299.

[28] Süyuti, e.a.ə. I, 299.

[29] İbn Teymiyyə, Külliyat, İstanbul 1986, I, 332.

[30] Ləknəvi, e.a.ə. s. 53-55.

[31] Rəvayət yönündən tək qalmış hədisdir.

[32] Məstur, bəlli olmayan. Seyyiu`l-hifz, hafizəsi bozuq. Müxtəlit, Ömrünün sonuna doğru unutma xislətini düçar qalan.

[33] Mahmut Yeşil, Vaz Edebiyatinda Hadis, Ankara 2001, s. 176.

[34] Ahmed Naim, e.a.ə. s. 338-339.

[35] Teymiyyə, e.a.ə. I, 333; Ahmed Naim, e.a.ə. s. 334.

[36] Yeşil, e.a.ə. s. 177

[37] Yeşil, e.a.ə. s. 177

Read Previous

Zəkat vemək kimə fərzdir?

Read Next

İÇKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.