• 25 İyun 2019

Qədər və insan

  

      Qeder ve insan
 

   Əziz müsəlmanlar, Bu günkü  xütbəmizin mövzusu “taleyim qədərim belə imiş mən nə edim ki,” deyib hər şeyi Allahın üstünə  ataraq özünün heç bir məsuliyyət daşımadığını irəli sürən insanlar haqqında olacaqdır. Əsasən başına gələn hadisələri qədərinə taleyinə bağlayaraq özünü heç bir şəkildə cavabdeh hiss etməyən kimsələr tənbəl kimsələrdir. Başına xeyir bir iş gəlsə özündən, xoşlamadığı bir iş gəldikdə isə Allahdan qədərindən taleyindən bilir.

 Bunu misal verərək bir az daha açıqlamağa çalışaq. Hal-hazırda istifadə etdiyimiz təqvimlərdə bir il ərzində günəşin nə zaman doğub və nə zaman batdığı saatına-dəqiqəsinə kimi göstərilir. İndi öz-özümüzə sual verək: “Məgər günəş təqvimdə yazıldığı üçün filan saatda çıxıb filan saatda batır?” Əlbəttə ki, yox. Günəş təqvimə görə hərəkət etmir. İnsanlar günəşin hərəkətini təyin edib təqvimə yazdıqları kimi, Allah da insanların əməllərini öz əzəli elmi ilə bilib yazır. Dilimizə düşən və tez-tez eşitdiyimiz belə bir ifadə var: “Bəxtim və ya taleyim belə imiş”.

Oxumadan imtahan verib kəsilən, yol qaydalarını pozub qəza edən, adam öldürüb həbsə düşən hər kəsin ağzından bu ifadə eşidilir. Nə edim bəxtim qara imiş, taleyim belə yazılıb, və s. Əslində onların tale və bəxt adı altında ittiham etdikləri qədərdir. İmanın şərtlərindən biri. Doğurdanmı ətrafımızda baş verən bütün hadisələr taleyin oyunlarıdır? Bəs insan iradəsinin bu baş verənlərə bir az da olsa təsir gücü yoxdurmu?
Bir çoxları taleyin və ya bəxtin nə olduğunu tam dərk etmədikləri üçün bu cür ifadələri işlətməkdən çəkinmirlər. Doğrudur insanın qədərində bütün bunlar yazılı şəkildə mövcuddur və Uca Allah bütün bunları öz əzəli elmiylə bilib təqdir etmişdir. Hətta bu barədə bir çox ayələr var. Bu ayələrdən bəziləri aşağıdakılardır:

 “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.”[1]

“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!”[2]

“…Allah hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir etmişdir.”[3]

Ancaq bütün bunlarla yanaşı yenə də baş verənlərə görə insan özü cavabdehdir. Çünki qədər (tale) Allahın olacaq şeyləri əzəldən bəri bilib təqdir etməsi, Qəza isə bütün bunların zamanı gəlincə baş verməsidir. Bunu bir neçə misalla belə izah etmək olar:

Məsələnin daha yaxşı başa düşülməsi üçün yuxarıda qeyd etdiyim misalı bir daha diqqətinizə çatdıraram:  Hal-hazırda istifadə etdiyimiz təqvimlərdə bir il ərzində günəşin nə zaman doğub və nə zaman batdığı saatına-dəqiqəsinə kimi göstərilir. İndi öz-özümüzə sual verək: “Məgər günəş təqvimdə yazıldığı üçün filan saatda çıxıb filan saatda batır?” Əlbəttə ki, yox. Günəş təqvimə görə hərəkət etmir. Günəşin hərəkəti təyin edildiyi üçün təqvim yazılır. İnsanlar günəşin hərəkətini təyin edib təqvimə yazdıqları kimi, Allah da insanların əməllərini öz əzəli elmi ilə bilib yazır. Amma unutmaq olmaz ki, baş verənlər Allah yazdığı üçün olmur. Hadisələrin olacağını Allaha öz əzəli elmiylə bildiyi üçün yazır. İndi insafla danışaq. Necə olur ki, insan günəşin və başqa səma cismlərinin illər sonra hərəkət dairəsini təyin edə bilir, amma Allah öz yaratdığı qullarının başına nə gələcəyini bilmir?…

Başqa bir misal: Müəllim sinifdəki tələbələrin hansının zəif hansının güclü olduğunu təcrübəsi ilə bilir. Əgər o müəllim kağıza “filan tələbə imtahandan kəsiləcək” cümləsini yazsa, o kağız həmin tələbənin imtahanına nə dərəcədə təsir edə bilər? Əlbəttə ki, heç bir təsir etməz. Tələbə əgər doğurdan da imtahandan kəsilsə, “sən kağıza yazdığın üçün mən imtahandan kəsildim” deməsi və bu uğursuzluğu müəllimin üzərinə atması çox səhv olar.

Ümumiyyətlə, qədər (tale) və insanın cüzi iradəsi arasında heç bir ziddiyyət yoxdur. Allah öz qullarının harda, nə vaxt və nə edəcəyini öz əzəli elmi ilə bilməkdə və hadisələrin pis və ya yaxşı olmasından asılı olmayaraq insanın cüzi ixtiyarına buraxaraq baş verməsinə öz rizasını göstərməkdə və ya göstərməməkdədir. Ən nəhayət tale və ya qədər insan iradəsinə qarşı çıxmır, əksinə onu tam olaraq dəstəkləyir.

Əziz möminlər, bütün bunlarla bərabər həqiqi müsəlman başına gələn hadisələrdən dolayı qədərini günahlandırmayan və  qədər haqqında mübahisə etməyən kimsədir.

Xütbəmi bu barədə  bir hədislə yekunlaşdırıram:

 Əbu Hüreyrə (r.a.) belə rəvayət edir: “Bir gün biz qədər haqqında danışırkən (Hz.) Peyğəmbər çıxıb gəldi. Bizə çox hirsləndi. Hirsindən üzü qızardı. Hətta nar kimi qızardı. Və dedi  ki: “Siz bununlamı əmr olundunuz? Və ya mən bunun üçünmü peyğəmbər olaraq göndərildim? Bunu bilin ki sizdən əvvəlki ümmətlər bu cür mübahisələrə başladıqları zaman həlak olmuşlar. Qətiyyən belə mübahisələr etməyin”[4]


[1] Qəmər, 49.

[2] Hədid, 22.

[3] Furqan,2.

[4] Tirmizi, Qədər, l.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 134 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Sələm (Faiz)

Read Next

Xalqa görə deyil Haqq görə yaşamaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.